Qonaq Kitabı
PEYĞƏMBƏR

N ə i m

Yazıq şu Xəttab oğluna,

Peyğəmbərə kin bəsliyor.

Həmşirəsi uymuş buna,

Din içində din bəsliyor.

 

Peyğəmbər dalğın adımlarla məzarlıqda bir daş üzərində oturub düşünür. Bu sırada qız, oğlan bir yığın çocuq aşağıdakı şərqiyi söyləyərək gəlir və hər parça  itdikdə əl çalar, oynarlar.

 

Ç o c u q l a r

Diyor göydə bağçalar var,

Orda çiçəklər nur saçar,

İnsan mələk kibi üçar...

İstəməm, masaldır onlar,

Bən vuruldum yalnız sana

Vətən! Ah, sevgili ana!

Dün bir quş gördüm yaralı,

Düşmüş yurdundan aralı.

Dişlərdi köksünü çalı,

Söylərdi sanki hər halı;

Vəhşi qartal qıydı bana,

Vətən! Ah, sevgili ana!

 

Bir qaç çocuq ıslıq çalaraq yerdən daş parçaları alıb Peyğəmbərə atar, o çəkilib

getmək istərkən Baş kahin yanında birinci, ikinci, üçüncü rəis və iki kahin olduğu halda qarşı tərəfdən çıqarlar.

 

B a ş k a h i n

(Peyğəmbəri göstərir, istehzalı bir tevrlə)

İştə əngin fəzaların

Qəhrəman nümayəndəsi!

İştə Latü Üzzaların

Böhtançı bir xanəndəsi!

 

B i r i n c i r ə i s

Görünür bizdən bıqmış da,

Şimdi başqa yol gediyor.

Diriləri bıraqmış da,

Ölülərə və’z ediyor.

 

İ k i n c i r ə i s

Tuhaf!.. Bən Xəttab oğlunu

Sadiq bilirdim əhdinə.

Hənuz sağ bıraqmış bunu,

Əski keyfindədir yenə.

 

Ü ç ü n cü r ə i s

Qüsur yoq onda, hər kəscə

Bəllidir ki, o pək cəsur...

(Peyğəmbərə işarətlə)

Bəlkə hərif sehr etmiş də,

Yalnız ona görünmüyor.

 

P e y ğ ə m b ə r

Sus! Allahın Peyğəmbəri

Pək uzaqdır o işlərdən.

Onun sehridir sözləri

Varmı qarşılıq söyləyən?!

 

B a ş k a h i n

(son dərəcə qızğın)

Bilməm niçin sarsılıb da

Göylər yerə dökülmüyor?

Bilməm niçin savrulub da

Şu dünya alt-üst olmuyor?

Ah, o mə’budlar ki, bizə

Altın verir, şöhrət verir,

O bütlər ki, ölkəmizə

Həyat verir, qüvvət verir;

Hiç rəvamı dünkü yetim

Onları təhqir etsin də,

Biz kənardan seyr edəlim,

O sağ qalsın yer yüzündə?!

 

Bu sırada ətrafda qadın, çoluq-çocuq toplaşıb dinlər.

 

P e y ğ ə m b ə r

Xayır, aldanma, ey zavallı bəşər,

Səncə qalibmi xeyrə fitnəvü şər?

Əlverir qəflət, istəməz tüğyan,

Səni er-gec həlak edər isyan.

(Yerdən bir avuc topraq alıb havaya savurur)

Sən nəsin? Iştə bir avuc topraq!

Baq, düşün! Kibri at, qüruru bıraq.

Əyri yoldan çəkil, fəsadı unut!

Əvət, ancaq düşün də haq yolu tut.

(Məzarları göstərir, qızğın və həyəcanlı)

Var, səninçin də böylə bir gün var,

Bir gün əldən çıqar şu altınlar.

Həp susar tapdığın sənəmlər, əvət

Yardım etməz güvəndiyin şöhrət.

Həp sönər duyduğun şərəf, iqbal;

Tanrıdan başqa hər nə varsa, xəyal!..

 

Ü ç ü n c ü r ə i s

Arqadaş, söylənmə artıq

Biz dinləməkdən usandıq.

Vaz keç də sən bu sözlərdən,

Qarşılıq hər nə istərsən:

Altın, riyasət, gözəl qız,

Hər şey verməyə hazırız.

 

P e y ğ ə m b ə r

Yoqsulluq ən böyük sərvət,

Qarşımda hiçdir rəyasət.

Xayır, istəməm, gözəl qız,

Sevgilim Tanrıdır yalnız.

Çünki ən son pənah odur,

Ona tapanlar qurtulur.

Hətta günəşi sağıma,

Ayı soluma qoysanız;

Fikrimdən dönəməm əsla,

Bir qul yaşarmı Tanrısız?

(Gedəcək olur)

 

B a ş k a h i n

Getmə, bir dur, ah, nerəyə?

P e y ğ ə m b ə r

Haqq əmrini yetirməyə;

Kim eşitsə nicat bulur.

Kim rədd etsə həlak olur,

Haq sevən arqamca gəlsin;



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info