Qonaq Kitabı
PEYĞƏMBƏR

Həsəb-nəsəbdən müqəddəm...

 

X ə t t a b o ğ l u

Sözlərimi kəsmə, dinlə!

 

Ə b u T a l i b o ğ l u

Dinliyorum, əvət, söylə.

 

X ə t t a b o ğ l u

Bəncə atıb yeni dini,

Əcdadınla öyünməli...

 

Ə b u T a l i b o ğ l u

İnsan deyil əcdadını,

Yalnız haqqı düşünməli.

 

X ə t t a b o ğ l u

Nə istərsiniz əcəba

Gözə görünməz Tanrıdan?

 

Ə b u T a l i b o ğ l u

Görmədiyim bir Tanrıya

Bən əyilməm hiç bir zaman.

 

X ə t t a b o ğ l u

Nerdə gördün onu, nerdə?

 

Ə b u T a l i b o ğ l u

Hər zaman iştə hər yerdə,

Əvət, göstərir hər səda.

Hər hərəkət onu daim,

Bir şey görmədim ki, onda

Tanrıyı görmüş olmayım.

 

X ə t t a b o ğ l u

(yarımistehza)

Sən bu fevqəl’adə yolu

Lütf edib də öyrət bana.

 

Ə b u T a l i b o ğ l u

(eyni ahənglə)

Bir çocuq, ey Xəttab oğlu,

Öyrətəməz bunu sana.

 

X ə t t a b o ğ l u

(mə’nalı təbəssümlə)

Fəqət diyorlar Peyğəmbər

Tapınırkən Tanrısına;

Daim izhari-əcz edər,

Heyrətlə der “ma ərəfna”...

 

Ə b u T a l i b o ğ l u

İzhari əcz edən arif

Ən böyük idrak əhlidir.

 

X ə t t a b o ğ l u

(məğrur və istehzalı baqışlarla)

Dursun! Xaliqini hərif

Bu gün məzarda öyrənir.

 

Ə b u T a l i b o ğ l u

(əli qılıcının qəbzəsində titrər)

Sakit ol, onun məzarı

Deyil yerdə, göylərdədir.

Ona yalnız uca Tanrı

Öz qucağında yer verir.

Həm də onu, inan bana,

Hər yigit qılıcı kəsməz.

Dünya dağılsa da ona

Əsla ölüm yeli əsməz.

 

X ə t t a b o ğ l u

(istehzalı qəhqəhə ilə)

Fəqət rəngin pək dəyişdi,

Könlün qavğamı istiyor?

 

Ə b u T a l i b o ğ l u

Xayır, çünki qan dökməyi,

Böyük Tanrı mən’ ediyor.

 

X ə t t a b o ğ l u

Bu bir yaldızlı hiylə ki,

Həp qorqudan nəş’ət eylər.

 

Ə b u T a l i b o ğ l u

Saqın! O sevməz hiyləyi,

Nə söylərsə doğru söylər.

Abdulla oğlunu əsla

Qorqutacaq bir qüvvət yoq,

Hiç öyünmə, keçmiş ola;

(əlini köksünə qoyaraq)

Onun yardımçısı pək çoq...

 

X ə t t a b o ğ l u

İştə qəhrəman bir çocuq!

Ərəbsin, eşq olsun sana!

Inan, səndəki məğrurluq

Ciddən xoş göründü bana!

Lakin tutub öz əhdimi

Bən məhv etməliyim onu.

(İstehzalı təbəssümlə)

Tanrıdan xəbər gəldimi,

Ararsın Xəttab oğlunu.

(Məğrur və əzəmətli adımlarla uzaqlaşır)

 

Ə b u T a l i b o ğ l u

(sinirli)

Ah, Peyğəmbərin bu helmi

Həp düşmanları güldürür.

Yoq, bu dərd yaqar könlümü,

Çoq sürməz bəni öldürür.

(Kəskin bir əzm ilə)

Xayır, bən Xəttab oğluna

Yüz verməm tüğyan eyləsin.

Bıraqmam şu cəllad ona

Güldən ağır söz söyləsin.

 

(Sür’ətli və kinli adımlarla eyni yolu izlər)

Bu sırada digər tərəfdən azğın yüzlü, canavar gözlü bir ərəb hənuz beş-altı yaşına

varmış qızının qolundan tutub qızğın adımlarla məzarlığa doğru yürür.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info