Qonaq Kitabı
PEYĞƏMBƏR

Məftundur həp gənclik bana.

Könül vermədim kimsəyə

Bir xilqətim iştə nadir...

Düşün, bakir bir qönçəyə

Qadın demək pək xətadır.

 

P e y ğ ə m b ə r

Halbuki o qönçə bikri

Hər gün binlərcə göz əmər.

Öyündüyün bikr, ey pəri,

Sönər, hər gün bir az sönər.

Evlad eşqilə çırpınan

Bir qadın könlü, şübhəsiz,

Sayğısız qızlarınkından

Daha bakir, həm ləkəsiz...

(Peyğəmbər gedər. Şəmsa onu izləmək istər)

 

N ə d i m ə

Bıraq, yüz vermə bir böylə.

 

Ş ə m s a

Ah, əvət məhv olmalıdır.

(Bir az tərəddüd... sonra)

Xayır, o bənim əlimlə

Ölümdən qurtulmalıdır.

(Nədiməyə)

Sən çəkil, bir yanda bəklə!

(Nədimə çəkilir. Kəskin bir səslə uzaqlaşan Peyğəmbərə)

Getmə, dur!

 

P e y ğ ə m b ə r

Nə imiş, söylə?

 

Ş ə m s a

Qandırmış xalqı baş kahin,

Hər kəs səni arar...

 

P e y ğ ə m b ə r

Niçin?

 

Ş ə m s a

Peyğəmbərə ölüm deyə

Gözlər həp atəş saçıyor.

 

P e y ğ ə m b ə r

Sus, inanma hiç kimsəyə,

Peyğəmbərə ölüm yoqdur.

Onun üstündə göylərin,

Yuca Tanrının gücü var.

Daş bütlərə tapan kahin

Bir gün gəlir haqqı anlar.

Əvət, o cansız mə’budlar

Bir gün gəlir ki, qəhr olur.

Qəhr olur, devrilir, batar,

Hər kəs onlardan qurtulur.

 

Ş ə m s a

(usanmış bir halda)

Ah, sən bizim mə’budlardan

Nə istiyorsun, bilməm ki?!

 

P e y ğ ə m b ə r

Çəkil, ey haq yoldan azan

Vəhşi səhralar çiçəyi!..

(Yüzünü çevirib, sinirli adımlarla uzaqlaşır)

 

Ş ə m s a

(iki-üç adım izlər, qarşısına keçib getməsinə mane olur. Məğrur və amiranə bir tevr ilə)

Getmə, dur! Aç gözlərini,

Baq gör bən kimim, bən nəyim?

Hiç düşündürməzmi səni

Vurğun könlüm, gözəlliyim?

 

P e y ğ ə m b ə r

(başını qaldırır, diqqətlə süzər, pərəstişkar bir ahənglə)

Əvət, gözəl!.. Şairlərin

Tatlı xülyasından gözəl.

İlk baharda səhərlərin

Pənbə rö’yasından gözəl!..

Yıldızların sevdasından

Yaratılmış bir çiçəksin.

Gözəlliyin mə’nasından

Daha dilbər bir mələksin.

(Göyə işarətlə)

Fəqət bir Tanrı ki, sana

Böylə bir gözəllik vermiş.

Nədən xor baqarsın ona,

Niçin etməzsin pərəstiş?

 

Ş ə m s a

Ah, bilməm ki, şu qaranlıq,

Şu əngin boşluqda nə var?

O bir dərin hiçlik artıq,

Sağır hiçlikdən nə çıqar?

 

P e y ğ ə m b ə r

Halbuki saysız ışıqlar

O qaranlıqdan parlıyor.

Görüb duyduğun varlıqlar

O hiçlikdən feyz alıyor.

 

Ş ə m s a

Bən istərim qəlbindəki

Tanrı eşqi unutulsun,

Könlümdə çırpınan sevgi

O eşqin yerinə dolsun.

 

P e y ğ ə m b ə r

Çəkil, artıq sərsəmlədin,

Dəf’ ol da sus, ah, uğursuz!

Mərmər köksündəki qəlbin

Daş bütlər qədər şüursuz...

(Çəkilmək istər)

 

Ş ə m s a

(önünə keçərək)

Şimdi mələk derkən bana

Bu təhqir bilməm ki, niçin?

P e y ğ ə m b ə r

Çəkil, bu da azdır sana,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info