Qonaq Kitabı
PEYĞƏMBƏR

Bəncə dünyada ən sevimli dilək

Ona qoşmaq, onunla birləşmək...

 

M ə l ə k

O da mümkün, düşün də haq yolu tut,

Atalardan qalan nə varsa unut!

Yıq xurafatı, əski bütləri qır,

Kim yol azmışsa haqqa doğru çağır.

Mərdivənlər yapıb könüllərdən,

Parla, yüksəl vücudi-mütləqə sən!

 

P e y ğ ə m b ə r

Öylə bir əsr içindəyim ki cihan

Zülmü vəhşətlə qavrulub yanıyor.

Yüz çevirmiş də Tanrıdan insan,

Küfrü haq, cəhli mə’rifət sanıyor.

Dinləməz kimsə qəlbi, vicdanı,

Məhv edən haqlı, məhv olan haqsız...

Başçıdır xalqa bir yığın cani,

Həp münafiq, şərəfsiz, əxlaqsız.

Gülüyor nurə daima zülmət,

Gülüyor fəzlə qarşı fisqü fücur.

Ah, ədalət, hüquq və hürriyyət

Ayaq altında çignənib gediyor.

 

M ə l ə k

Əlverir səndə olsun əzmü səbat,

Şu qaranlıq mühiti, get, parlat!

Haqqı anlat da, olma hiç mə’yus.

 

P e y ğ ə m b ə r

Bəni bir kimsə dinləməz əfsus.

 

M ə l ə k

Tanrı fərmanıdır bu, get söylə!

(Göyə işarətlə)

Söylə ancaq onun lisanilə.

 

P e y ğ ə m b ə r

Hanki mö’cüzlə? Bən ki, pək aciz

Bir qulum kimsəsiz, müdafiəsiz.

 

M ə l ə k

(altın qablı bir kitab verir)

Haqqı təbliğ için sənin ancaq

Rəhbərin sən’əti-kəlam olacaq.

Saçma, həp saçma başqa mö’cüzələr,

Şu kitab iştə ən böyük rəhbər:

Bəhs edər busədən, məhəbbətdən,

İncilər sərpər elmü hikmətdən.

 

Bu sırada bir iskelet gah qorqunc və boğuq, gah müstəhzi və soğuq qəhqəhələrlə,

topraq rəngində bir ridayə bürünmüş olduğu halda Peyğəmbərin qarşısına çıqar.

 

İ s k e l e t

Nə qədər şairanə, tatlı xəyal,

Həp çocuqluq, əvət, xəyali-mühal!

(Ridasının altından sıyrılmış bir qılıc çıqarır)

İnqilab istiyormusun, bana baq!

İştə kəskin qılıc, kitabı bıraq.

Parlayıb durmadıqca əldə silah,

Əzilirsin qanın olur da mübah.

Eyləməz yardım incə hikmətlər,

Həp sönər busələr, məhəbbətlər.

Əvət, ancaq qılıcdadır qüvvət!

Bundadır haq, şərəf və hürriyyət!

(Çəkilmək istər)

 

P e y ğ ə m b ə r

Sən nəsin? Söylə!

 

İ s k e l e t

Bənmi? Piri-nədim,

Rəmzi-tarix, o feyləsofi-qədim.

Qucağım oldu hər dəhayə beşik

Səni bən etmək istərim təbrik.

Əvət, alnında parlayan yıldız

Bəni cəlb etdi, şimdi sən yalnız

Dinləyib dərsi-hikmət al bəndən.

Yoqsa könlündə yapdığın gülşən

Açmadan həp solub xərab olacaq,

Umduğun hər dəniz sərab olacaq...

 

Acı qəhqəhələrlə çəkilir. Peyğəmbər sarsılmış bir halda düşüncəyə dalar.

 

M ə l ə k

(tatlı təbəssümlərlə)

Yenə bilməm niçin-niçin daldın?

Nə düşündün, niçin şaşıb qaldın?

Sevgidən xoşmu səncə atəşi-kin?

Yoq, qılıc söz qadar deyil kəskin.

Tanrı keçmişdə həp qan istərkən,

Şimdi məmnun fəqət məhəbbətdən.

 

P e y ğ ə m b ə r

Bən məhəbbət əsiriyim... hər an,

Hər zaman özlərim bir öylə cihan

Ki, bütün kainatı eşq olsun.

Könül uçduqca e’tila bulsun.

Rəqs edib orda möhtəşəm bir hiss,

Yasa batsın da, ağlasın İblis.

Qandan əsla görülməsin də əsər,

Saçsın al qönçələr şəfəqli səhər.

Orda yüz bulmasın şiəncə, kədər,

Oqşasın ruhu pənbə rö’yalər.

Bana gülsün də həp o nazlı xəyal,

Ah, o, yalnız o qayeyi-amal...

 

*        *        *

 

Onu duymaq, duyurmaq istərkən,

Gəririm hər bəlayə köksümü bən.

Daş, dikən, oq, qılıc, tokat, yumruq

Həpsi xoş, hər nə gəlsə dönmək yoq...

Kin, qərəz fışqırırsa vulkanlar,

Büğz, ədavət saçarsa tufanlar,

Çarpışır, of deməm, əvət bəni sən

Çəkinir sanma hiç mübarizədən.

Çünki həp bənliyim, kəmalım onun,

Hər düşüncəm, bütün xəyalım onun.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info