Qonaq Kitabı
PEYĞƏMBƏR

Yardımı əmr etmiş Tanrım.

Ah, görünür diri-diri

Məzarə gömmüşlər bunu.

 

A n a

Əvət xain bir sərsəri

Məhv etmək istiyor onu.

Səid məzara enər, qızı yuqarı qaldırır, Peyğəmbər yardım edib çıqarır.

Of, yavrum...

 

Q ı z

Ah, annəciyim...

(Qucaqlaşırlar)

 

P e y ğ ə m b ə r

(anaya)

Dur, yüksəltmə fəryadını,

Söylə, bən bilmək istərim

Şu mə’sumun cəlladını.

 

A n a

Cəlladı iştə pək aydın,

Kəndi alçaq babasıdır.

(Yaralı bir ahəng ilə)

Onca bir qız, ya bir qadın

Uğursuz baş bəlasıdır.

 

P e y ğ ə m b ə r

(müztərib və həyəcanlı)

Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən

Yaqar düşüncəmi bir şö’lə, bir zəhərli dikən.

Bütün həyatı çiçəkləndirən fəqət o... niçin,

Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!

Qadın – günəş, çocuq – ay... nuri ay günəşdən alır[iii].

Qadınsız ölkə çabuq məhv olur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olur şu cihan,

O bir mələk... onu təqdis edər böyük Yaradan.

O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət:

Qadın gülərsə şu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək...

 

A n a

Haydı, gəl gedəlim quzum.

 

Q ı z

Ah, babamdan qorquyorum.

 

P e y ğ ə m b ə r

Allah əsirgəsin, aman!

Vəhşiləri keçdi insan.

 

A n a

Qorqma! O hiç görməz səni!

 

Q ı z

Görsə öldürəcək bəni.

 

A n a

Evdə yoq, bizi tərk etdi,

Şimdi yol kəsməyə getdi.

Qorqma, annən dilənir də,

Verməz səni o namərdə.

 

P e y ğ ə m b ə r

Tanrı yardımçınız olur,

Azğın cəzasını bulur.

(Evi göstərir)

Baq, şu evdə yaşayanlar

Pək mərhəmətli insanlar...

Bunlarda qan var, vicdan var,

Yuca Tanrıya iman var.

Burda qalın hər ikiniz,

O cəlladı görməyiniz.

 

A n a

(qızilə bərabər Peyğəmbərin ayaqlarına qapanır)

Allah səndən razı olsun.

Peyğəmbər qollarından tutub qaldırır.

 

S ə i d

Gəlin, bir az rahat bulun.

 

X ə t t a b q ı z ı

Gəlin, hiç məraq etməyin.

 

P e y ğ ə m b ə r

(mə’nalı bir baqışdan sonra)

Məhəbbətdir ən böyük din.

 

İçəri girərlər.

 

X ə t t a b q ı z ı

(Peyğəmbərə)

Aman, buyursanız siz də...

 

P e y ğ ə m b ə r

Xayır, bən getmək istərim...

 

X ə t t a b q ı z ı

Bir az saqlanınız bizdə,

Qəzəblənmiş bəradərim...

 

P e y ğ ə m b ə r

(sözünü kəsərək)

Lakin Tanrının qəzəbi

Onunkindən daha müdhiş...

 

X ə t t a b q ı z ı

Ah, qorqarım, pək əsəbi,

Bəlkə doğar çirkin bir iş.

 

P e y ğ ə m b ə r

Sən get, şu kimsəsizləri

Avut, barındır, əkmək ver.

Böyük Tanrı Peyğəmbəri

Hər an bəladan hifz edər.

 

Qadın onun əlini öpər, müztərib baqışlarla içəri girər və qapıyı qapar. Bu mənzərəyi uzaqdan görünən Nəim ilə Topal seyr edərlər.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info