Qonaq Kitabı
PEYĞƏMBƏR

Yetişir içdiyiniz qanlı şərab,

Bu qadar uydunuz İblisə, yetər,

Ayılın, qəflət ölümdən də betər...

Ayılın, bir baqın aləmdə nə var?

Sizi həp məhv edəcək şürbü qumar.

Sonu hiçdir, uçurumdur bu yolun,

Haq şərabilə bir az sərxoş olun!

Fikriniz parlayaraq incəlsin,

Ruhunuz rəqs edərək yüksəlsin.

Tanrı eşqilə coşan tatlı şərab

Böylə etməz sizi bədməstü xərab.

Şimdi aslan kibi hər kəs qızğın,

Sonra vəhşi canavardan azğın,

Daha az sonra domuzdan miskin;

Budur əhvalınız axırda sizin!

 

İ k i n c i r ə i s

(sinirli və həyəcanlı)

Ah, o bilməm ki, nə sanmış da bizi,

İştə təhqir ediyor cümləmizi.

Ona hər gün beş-üç abdal qanıyor,

Hər nə söylərsə həqiqət sanıyor.

(Qılıcını çəkərək)

Yetişir, xaini məhv etməliyiz,

Sayğısız, həm də müzəvvir, dinsiz.

 

Ü ç ü n c ü r ə i s

(mane olur, yarımistehza)

Dur, təlaş etmə, xayır, bəncə o bir

Dəlidir, bəlkə də sərsəm şair.

 

P e y ğ ə m b ə r

(acı təbəssümlə)

Şairim, bəslədiyim sidqü səfa,

Çırpınıb izlədiyim nuri-dəha.

Daima ruhumu oqşar cəbərut,

Şe’rü ilhamımı dinlər mələkut.

Bən fəqət hüsni-xuda şairiyim,

Yerə enməm də, səma şairiyim.

 

B i r i n c i r ə i s

(istehzalı qəhqəhədən sonra)

Ərəbistanda nə çoqdur şair,

Sana uçmaqda deyil kimsə nəzir.

Qorqarım şəhpərin axırda yanar,

Azacıq sonra düşüncən də donar.

 

P e y ğ ə m b ə r

Bənzəməz şairə peyğəmbərlər,

Onların hər sözü hikmət söylər.

Bana ilham edər ancaq Tanrım,

Onun eşqilə uçar duyğularım.

O olurkən bana munis, rəhbər,

Niyə yansın da qırılsın şəhpər?

 

Ü ç ü n c ü r ə i s

(arqadaşlarına)

Yetişir, bən sizə qaç kərrə dedim,

Xəstədir beyni, tədavi lazim.

 

P e y ğ ə m b ə r

Bana gülməkdəsiniz gərçi bu gün,

Var yarın sizlər için qorqulu gün.

O zaman iştə ölənlər dirilir

Kim nə yapmışsa cəza çəkdirilir.

 

B i r i n c i r ə i s

Yaşamaq, ölmək?! O hər günkü oyun,

Bir də ən sonda dirilmək nə cünun,

Nə də axmaqca yalan, tatlı masal!

Buna iman edər ancaq abdal.

 

Ü ç ü n c ü r ə i s

Səndən arif daha çoqlar var ikən,

Səni seçmiş əcəba Tanrı nədən?

 

P e y ğ ə m b ə r

Çünki bən aşiqi-divanəsiyim,

Bən o hüsnün dəli pərvanəsiyim.

Gərçi tənqid edənim çoq, pək çoq,

Bəni haqqilə duyan yoq, hiç yoq.

 

İ k i n c i r ə i s

Doğrudur bəlkə sözün, lakin biz

Sənin allahını görmək diləriz.

 

P e y ğ ə m b ə r

Ən küçük zərrə, ən böyük aləm

Tanrı eşqilə rəqs edib duruyor.

İncə bir rəmzdir o, pək mübhəm,

Hər böyük qəlb o rəmz için vuruyor.

Yüksələn haqqa yaqlaşır ancaq.

Onu duymaz sürüklənən həşərat.

Bir günəşdir o, möhtəşəm, parlaq,

Nuri hiç dərk edərmi kor, heyhat!

Nerdə parlarsa haq, şərəf, vicdan,

Eyilik, doğruluq, gözəllik, inan,

Orda var sevgi, orda var iman:

Orda var şübhəsiz böyük Yaradan!

 

N ə i m

(açıq bulunan böyük qapıdan baqar, Topala)

İştə seyr et, baş rəisin

Nüfuzlu məğrur hərəmi!

Hiç əskik olmaz xalq için

Onun ehsanı, kərəmi.

 

T o p a l

Gerçəkdən pək böyük qadın!

Əli açıq bir rəisə...

Dün böyük bir büt, saf altın

Hədiyyə etmiş Kə’bəyə.

 

Bu sırada içəridən dört nəfər çıplaq köləyə yüklənmiş bir təxti-rəvan çıqar. Üzərində Rəisə – Baş rəisin hərəmi oturmuş. Təxti-rəvanın sağ və solunda iki gözəl cariyə yürür. Arqada bir zənci əlindəki qırbacla çabuq yürümələri için ara-sıra kölələrin sırtına şatlatıb durur. Rəisə göründükdə hər kəs tə’zim edər. Peyğəmbər isə kəskin baqışlarla onu süzməyə başlar.

 

R ə i s ə

(məğrur və istehzalı təbəssümlə camaata)

Nə var yenə, şu əfsunçu

Yeni bir şeymi söylüyor?

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info