Qonaq Kitabı
PEYĞƏMBƏR

Ümidsiz bir insan, ümidsiz millət

Səfil və bədbəxt olur ən nihayət.

 

P e y ğ ə m b ə r

Lakin bana qarşı həp kin bəslənir,

Ah, münafiqlər həp gülər, əylənir.

 

M ə l ə k

Əvət gözlər kordur, qulaqlar sağır,

Vicdanlar qabadır, tə’nələr ağır.

Fəqət sağır qulaqları açmalı,

Dikənli yollara güllər saçmalı.

Əvət, açmalı kor olmuş gözləri,

Əvət, dinlətməli acı sözləri.

Yıldızlar oynarkən haq qucağında,

Düşün, nə əhd etdin Hira dağında?!

Ey böyük yalavac, inan ki, sussan,

Bəsbəlli tarix görür böyük ziyan.

 

P e y ğ ə m b ə r

(məczub)

O yüksək baqışlar, aman,

Nə tatlı, həm nasıl məsrur!

Ümidsiz könlümə hər an

Qönçə əməllər sərpiyor.

Sənin küçük bir lütfünə

Layiq olan hiç susarmı?

(Göyə doğru)

Bir könül ki, uysun ona;

Gülünc alaydan qorqarmı?

 

M ə l ə k

Hiç qorqma, haq sözü söylə,

Durmuş yürəkləri çarpdır!

İssız ruhları atəşlə,

Yaq, çəkinmə! Yolun haqdır.

Durma, get, acı olsa da

Tanrı buyruğunu anlat.

Hər qonaqda, hər qülbədə

Söylə! Zülməti aydınlat!

 

P e y ğ ə m b ə r

(çəkilib gedən Mələyə qarşı diz çökərək)

Xayır, susmam, gedər haqqı söylərim,

Ölümdən çəkinməm, səni dinlərim.

Çünki sən o şəfəqdən bir parçasın,

O fidandan dərilmiş bir qonçasın.

O günəşdən ayrılmış bir yıldızsın,

Tanrı gülüşündən doğmuş bir qızsın.

 

İ s k e l e t

(bir guşədən qarşısına fırlar, şiddətli və istehzalı qəhqəhələrlə)

Xayır, çəkinmə, get inandır, inan!

İnanmaqla bəxtiyar olur insan.

İnan! Fəqət tapdığın ulu Tanrı

Sən kəndinsin, deyil o səndən ayrı.

Əvət sən o küllün cüz’isin, inan!

Əfsus cüz uzaqdır külli sarmaqdan.

(Göyə işarətlə)

O uzaqdır rənglərdən, sifətlərdən,

Uzaq... həp dinlərdən, təriqətlərdən.

Hər mühit onu bir çeşit yaratmış,

Hər kəs qaranlıq dama bir daş atmış.

Hər kəs ona bir ad qoymuşdur gerçək,

O qaranlıq ışıq fəqət pək yüksək...

Onu göstərmək istəyən də şaşqın.

Rədd etmək istəyən sərsəm də azğın.

Çırpınmamaq istərsən aldan, inan!

Yazıq sana, yazıq, zavallı insan!..

(Acı qəhqəhələrlə çəkilir)

Hava aydınlaşır. Peyğəmbər dalğın baqışlarla düşünür.

 

Ş ə m s a

(Nədimə ilə bərabər geri dönər. Peyğəmbəri o halda görüncə)

İştə o, baq, dalmış yenə,

Ah, nə həşmətli bir sima!

Rəngi mail gül rənginə,

Hər baqışı bir müəmma...

 

N ə d i m ə

Pək gözəl, qaməti mevzun,

Köküs geniş, qollar qalın.

Göz qara, kipriklər uzun,

Böyük başda açıq alın...

 

Ş ə m s a

Çoq zaman diyorlar dalar,

Baş dönmədən bayğın düşər.

Sanki şimdi o halı var,

Başqa aləmdə seyr edər.

 

N ə d i m ə

Nə çoq məraq etməkdəsin

Könlün pəkmi sevər onu?

 

Ş ə m s a

Ah, nə sönük sənin hissin,

Hər qadın onun vurğunu.

 

N ə d i mə

İştə baq, getmək istiyor,

Həp düşünür, o həp dalğın.

 

Ş ə m s a

(yaqlaşır)

Sözüm var sana, getmə, dur!

 

P e y ğ ə m b ə r

(başını qaldırıb baqar)

Nə istərsin, gözəl qadın?

 

Ş ə m s a

(sarsılmış və sinirli)

Qadınmı?! Ah, böyük təhqir...

Hər kəscə bəllidir adım,

Bən bir qızım, həm də bakir

Hənuz kimsəyə varmadım.

İncilər, altın, gümüşlər,

Hər dürlü sərvət bir yana,

Hər kəs məcnun kibi izlər,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info