Qonaq Kitabı
PEYĞƏMBƏR

Gəlsinlər!

 

Xidmətçi bir-iki adım yürür, dışarı tərəfə baqaraq əlilə “gəliniz” işarəti verir. Üç

yəhudi, üç nəsara rəisi ruhanisi daxil olur. Peyğəmbərə tə’zim edərlər.

 

B a ş x a x a m

Yaşa, ey şanlı, böyük Peyğəmbər!

Tanrı versin əbədi fəthü zəfər.

Ordunuz saçdı bütün gözlərə nur,

Musəvilər sizi təbrik ediyor!

 

B a ş p a p a s

İsəvilər daha məmnun, daha şad,

Həpsi hörmətlə edərlər sizi yad.

Çünki dökdürmədiniz zülmilə qan,

Verdiniz xalqa ədalətlə aman.

 

P e y ğ ə m b ə r

Sizi, ey qövmi nəsara və yəhud!

Əski dinlər edəməz pək məs’ud.

Çünki xudkam idi Musayi-bənam,

Məryəmin oğlu da pək digərkam.

Biri güdməkdə mə’nafe, iqbal,

Birinin dutduğu həp şe’rü xəyal.

Biri əzməkdə bulur zevqü səfa,

Biri həp duydu əzilməkdə şəfa.

Bəncə əzmək də, əzilmək də, xəta,

Haqqı sev, haqsızı dəf’ et! Zira

Yaqışır haqqa məhəbbət, hörmət,

Kinli cəllada ədavət, nifrət.

(Bir əlində sıyrılmış parlaq qılıcını, digər əlində həmaildən çıqarılmış kitabı tutar.

Kəskin bir ahənglə bütün camaata)

Şu qılıc! Bir də şu mə’nalı kitab!

İştə kafi sizə... Yoq başqa xitab.

Açar ancaq şu kitab el gözüni,

Siləcəkdir şu qılıc zülm izini.

Haq, vətən, zevqi-səadət, cənnət

Həp qılıc kölgəsi altında, əvət.

O da bilgiylə fəqət qiymət alır.

Bilgisiz bir qılıc er-gec qırılır.

Kəsbi-irfan için erkək və qadın,

Çalışın, qəbrə qədər həp çalışın.

Gərçi xilqətdə bəşər birsə, yenə

Eş deyil bilməyən əsla bilənə.

Kişi irfan ışığından parlar,

Şübhəsiz, bilgidə Allah gücü var.

Əvət, arif düşünür, haqqı bulur,

Aqibət kəndisi bir Tanrı olur.

 

(Bu sırada billurin və ilahi bir ahənglə dışarıda əzan oqunur. Peyğəmbər qılıca

dayanıb əzəmətli bir tevr ilə dinlər və məclisi dərin bir sükut qaplar.)

 

Ə z a n s ə s i

Allahu əkbər... Allahu əkbər...

Allahu əkbər... Allahu əkbər...

Əşhədu ən la ilahə illəllah...

Əşhədu ən la ilahə illəllah...

 

SON

 

Qeyd – Şu əsərdə bə’zi cümlələr tırnacıq arasına alınıb da qailləri göstərilmək icab edərdi. Fəqət məzkur cümlələr bəlli şəxslər – yə’ni əsil qailləri – tərəfindən söyləndiyi için fəzlə izahata ehtiyac görülmədi.

 

H.C.



[i] P a n a y ı r – yılda 1-2 dəfə bir qaç gün dəvam edən böyük bazar.

[ii] Lat və Üzza – iki böyük büt adıdır.

[iii] Yaxud: O bir günəş ki, bəşər zevqi, ruhu ondan alır.

[iv] Yaxud: sərvər.

[v] Qaradaş – Həcər-ül-əsvəd.

[vi] Altın qaplı kitab – Qur’anın rəmzi mə’nasına alınmalı...

 



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info