Qonaq Kitabı
PEYĞƏMBƏR

 

R ə i s ə

Ah, yenə o bayquş səsi,

Bir fəlakət var şübhəsiz!

Ah, yenə göy gürləməsi,

Bunlar deyil təhlikəsiz!

Latü Üzzanın qəzəbi

Dünyaları titrətiyor.

Hiç altın büt çalınırmı?!

(Bayquş ötər)

Ah, yenə bayquş ötüyor.

 

Ş ə m s a

Hər fəlakət ölkəmizə

Yalnız bir yerdən gəliyor.

Əvət, hər nə gəlsə bizə

Həp Peyğəmbərdən gəliyor.

Əcəl qanat gərib onu

Qəhr edərkən bən qurtardım.

Dişləri qırıldı, alnı

Yaralandı da, bən sardım.

Ah, əvət, bir zərbə daha

Vurulsaydı məhv olmuşdu.

Bən razı olmadım, yoqsa

O çoqdan haqqı bulmuşdu.

Acımasaydım bən ona,

Əvət, bu gün sağ qalmazdı.

Bəyəndiyi qadınlarla

Zevqə, cünbüşə dalmazdı...

 

İ k i n c i r ə i s

(əli qılıcının qəbzəsində titrər və hiddətlə bağırır)

Ah, əvət, ar olsun! Bizə

Bütün dost, düşman gülüyor.

Böylə sürüklənməkdənsə,

Qəhrəmanca ölüm xoşdur.

Qureyş evladına yazıq.

Həpsi durub baqmaq istər.

Ya şərəf, ya ölüm! Artıq

Yetər şu miskinlik, yetər.

 

B a ş k a h i n

Ah, şu müqəddəs yurdumuz

Düşmanlara oyuncaqmı?

Üç yüz altmış mə’budumuz

Bir Tanrıdan qorqacaqmı?

 

K a h i n

(yanındakına)

Baş kahin yanıldı sanki,

Nerdə şimdi üç yüz altmış.

Birini çıqmalı, çünki

Böyük altın büt çalınmış.

 

Ş ə m s a

(çılğınca və sinirli)

Vətəndaşlar! Onun qanı

Yalnız bənim boynumadır.

Hiç təlaş etməyin, onu

Bir qız öldürməyə qadir.

İki gənc qardaşım, babam

Onun əmrilə məhv oldu.

Hiç unutmam, bir yıl tamam

Anam saçlarını yoldu.

Əvət, Əbu Talib oğlu

Onun sözlərinə uydu.

Qılıcdan keçirib qutlu

Bir evi erkəksiz qoydu.

Bunca qavğa əl vermədi,

Yenə qan salmaq istiyor.

Gizli hazırlanır şimdi,

Məkkəyi almaq istiyor.

İnsafmı əkinçi, səfil

Mədinə xalqı yüz bulsun.

Cəngavər Qureyşin əsil

Evladına qalib olsun?

Yoq, bən istəməm yurdumda

Uğursuz bayquşlar ötsün.

Qarğa, quzğun yapıb yuva,

Bacalar dərd, ələm tütsün.

Onu ölüm pəncəsindən,

Hər kəs bilir, bən qurtardım,

Yenə bən məhv eylərim, bən,

İstəməm kimsədən yardım.

 

Bu sırada T o p a l , x i d m ə t ç i n i n arqasınca məmnun qəhqəhələrlə daxil olur.

Hər kəs onu şaşqın və məraqlı bir halda dinlər.

 

B a ş k a h i n

Nə var? Baş rəis gəldimi?

 

T o p a l

Xayır, başqa bir xəbər var.

 

B a ş k a h i n

Sən də artırma dərdimi,

Söylə nə var, nə diyorlar.

 

T o p a l

(istehzalı qəhqəhələrlə)

Aydın olsun gözləriniz,

Çıqmış göylərə Peyğəmbər.

Şimdi cənnətdə şübhəsiz

Mələklərlə söhbət eylər.

 

B a ş k a h i n

Bıraq artıq kinayəyi!

Açıq söylə!

 

T o p a l

Mədinədən

Gələn var, o söylüyor ki,

Bu günlərdə düşünürkən

Peyğəmbərin başı dönmüş,

Bir bayğınlıq gəlmiş ona.

Sonra bir mum kibi sönmüş,

Qavuşmuşdur Tanrısına.

(Hər kəs məmnun)

 

Ş ə m s a



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info