Qonaq Kitabı
PEYĞƏMBƏR

Hər nə mevcud isə xilqətdə onun,

 (Şəmsaya işarətlə)

Bu gözəllik, bu lətafət də onun.

 

Ş ə m s a

Bana baq!

 

P e y ğ ə m b ə r

(əlilə rədd edər)

Haydı, çəkil get, yetişir.

 

Ş ə m s a

(məğrur və istehzalı təbəssümlə)

Bir gözəl bunca edilməz təhqir.

 

P e y ğ ə m b ə r

Bən gözəllərdə gözəl ruh ararım,

Ruhu düşkünləri çirkin sayarım.

Bir gözəl levhə ki, yapmış rəssam,

Daha xoşdur ona məftun olsam.

Tanrı eşqilə yanan haq nuru

Səndə yoq, durma, çəkil get!.. Doğru,

Zahirin xoşsa da bədbatinsin,

Bu gözəlliklə, əvət, çirkinsin.

 

Ş ə m s a

(pək fəna sarsılır)

Yoq, bu təhqirə dayanmam əsla.

(Nədiməyə)

Gedəlim.

 

P e y ğ ə m b ə r

İştə açıq yol!

 

Ş ə m s a

(hiddət və nifrətlə ətrafa)

Budala!

(Peyğəmbərə)

İstədim bən səni məs’ud edəyim,

Duymadın qəlbimi, artıq nə deyim?

 

P e y ğ ə m b ə r

Bəni haq düşmanı məs’ud edəməz,

Tanrısız bir qızın eşqində nə həzz?

 

Ş ə m s a

Düşman olsam da sənin Tanrına bən,

Sana hörmət duyarım, ah, bilsən!

 

P e y ğ ə m b ə r

(sözünü kəsərək əli ilə rədd edir)

İstəməm... öylə məhəbbət, hörmət

Doğurur bəndə tükənməz nifrət.

 

Ş ə m s a

(acı təbəssümlə Peyğəmbərə)

Nə könül varmış, əvət səndə, nə hiss.

(Nədimə ilə bərabər uzaqlaşır)

 

P e y ğ ə m b ə r

Saçların pək uzun, əqlin naqis.

 

Ş ə m s a

(dönər, məğrur və sərt bir baqışla)

Naqis olsam da kəmalın bəndən,

Varlığın, həm də zəvalın bəndən.

(Gedərlər)

Hava qararmağa başlar, Mələk nurlar və təbəssümlər içində Peyğəmbərin qarşısına enər.

 

M ə l ə k

Ey ulu Tanrı elçisi!

Göydən sana müжdələr var.

Yüksək mələklərin səsi

Həp birdən səni alqışlar.

Mübarək alnında açan

Eşqin qanlı qönçələri;

Çiçəkləndirəcək, inan,

Ən parlaq səhifələri.

Böyük dahilərin payı

Həp olmuş mızraq, qılıc, oq.

Onlardakı fırtınayı

Susdurmaz daş, dikən, yumruq.

Qorqma, söylə! Şəfəq sökər,

Bir gün qaranlıq sıyrılır;

Hər kəs qarşında diz çökər,

Xain silahlar qırılır.

İzlədiyin pənbə yıldız

İssız bir hiçlikdən gülər.

Səndən insanlara yalnız

Sevgili, tatlı busələr.

(Çəkilir)

 

İ s k e l e t

(boş məzardan çıqar, qorqunc və istehzalı qəhqəhələrlə)

Busə, həp busə! Iştə şe’rü xəyal,

Busə, həp busə! Daima bu sual?!

Busə pək tatlıdır mələklər için,

Sevgi xoşdur duyan yürəklər için.

Busədən həzz edərmi bir qaplan?

Sevgi anlarmı hiç zəhərli yılan?

Qaniçən, kinli, möhtəris qartal

Kirli dırnaqlarilə bulsa məcal,

Qoparıb parçalar, didər, əsəbi

Şu məhəbbətlə çırpınan qəlbi.

Busədən xoşlanırmı hiç canavar?

Vəhşi insan da öylə həp qəddar!

(Əlindəki sıyrılmış qılıcı oynataraq)

Boş xəyal... Əldə parlamazsa silah,

Tanımaz haqqı sayğısız gümrah.

İştə hər ölkə, iştə hər millət

Həp qılıcdan alır şərəf, qüvvət.

Parlar ancaq onunla izzəti-nəfs,

Qaplar onsuz həyatı hüznilə yə’s,

Son sözüm: boş düşüncədən ayrıl,

Busə istərmisin, silaha sarıl.

(Sürəkli qəhqəhələrlə çəkilir)

 

P e y ğ ə m b ə r

(yalnız)

Ah, nə dəhşət, nədir bu sisli xəyal?



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info