Qonaq Kitabı
PEYĞƏMBƏR

yazılı bir parça dəriyi həmən qoltuğuna saqlar.

 

X ə t t a b o ğ l u

(Səidə)

Bana baq, doğrumu, əcdadımızın

Bıraqıb dinini oldun xain?

 (Sükut)

Niyə susdun, niyə susdun böylə?

Şaşırıb durma, cəvab ver, söylə!

 

X ə t t a b q ı z ı

Fəzlə israr ediyorsun, yetişir.

 

X ə t t a b o ğ l u

(Səidə)

Səni zənn etməz idim bunca həqir.

(Qılıc parlar)

İştə, al!

 

(Araya girən həmşirəsinin başı yaralanır, fışqıran qan alnını və köksünü boyar)

 

X ə t t a b q ı z ı

Ah, yaralandım, eyvah!

 

X ə t t a b o ğ l u

Söylə, həmşirə! Bu söz doğrumu, ah?!

 

X ə t t a b q ı z ı

Doğru, pək doğru, əvət, Peyğəmbər

Bizcə ən şanlı, böyük bir rəhbər…[iv]

Onun Allahına iman etdik,

Duyğusuz bütlərə isyan etdik.

Qorqumuz yoq, eyi bil, hər ikimiz

Haq için can ilə başdan keçəriz.

(Köksünü açar)

İştə öldür! Acıdan qurtuluruz,

Qavuşub Tanrıya məs’ud oluruz.

 

X ə t t a b o ğ l u

(əvvəlki mətanəti söndüyü halda, həmşirəsinə)

Bir taqım ayət oqurdun da dəmin,

Onu göstər bana!

 

X ə t t a b q ı z ı

Olmaz!

 

X ə t t a b o ğ l u

Bu niçin?

 

X ə t t a b q ı z ı

Etmədin bəlkə riayət, hörmət.

 

X ə t t a b o ğ l u

Edərim.

 

X ə t t a b q ı z ı

And iç!

 

X ə t t a b o ğ l u

İnan!

 

X ə t t a b q ı z ı

İştə!

(Yazılı dəri parçasını çıqarıb verir)

 

X ə t t a b o ğ l u

Əvət!

(Şaşqın və vurulmuşcasına oqur)

“Ulu Tanrı, o görünməz yaradan

Əmr edər yalnız ədalət, ehsan.

O, fəna işləri, föhşiyatı

Nəhy edər, varlığının isbatı

Şu təbiət, şu məhabətli fəza...

Onca birdir: ulu, zəngin, füqəra”.

(Sarsılmış bir halda)

Nə ilahi, nə müqəddəs ilham!

Duyduğum yoq şu fəsahətdə kəlam.

Bəni əfv eylə, mələk həmşirəm,

Doğru din... qalmadı əsla şübhəm.

(Həmşirəsini qolları arasına alır və əlindəki məndil ilə yarasının qanını silər)

Yaranı şimdi sarıb bən gedərim,

O böyük dahiyə iman edərim.

(İçəri girərlər)

 

Azacıq sonra Peyğəmbər qana boyanmış və başı sarınmış olduğu halda Şəmsa ilə Nədimənin yardımı ilə gəlir.

 

Ş ə m s a

(Nədiməyə)

Daha dur, bir qadar etsin rahət.

 

P e y ğ ə m b ə r

(əlini ağzına götürür, acı bir fəryad ilə)

Dişlərim! Ah, qırılıb oldu səqət.

(Böyük bir daş üzərinə oturur)

 

Ş ə m s a

(əlini onun omuzuna qoyaraq)

Ağrıdır, bəlkə bir az sonra keçər,

Ölmədin, iştə bu dünyayə dəyər.

 

P e y ğ ə m b ə r

Səni pək başqa tanırdım, lakin

Bir mələkdən daha munis qəlbin.

Duyğusuz bütlərə vurğun cühəla

Daha xoşdur sana aciz qul ola.

 

Ş ə m s a

Latü Üzza səni qurtardı dəmin,

Yenə təhqir ediyorsun, bu niçin?

 

P e y ğ ə m b ə r

(sinirli)

Latü Üzzamı? Çəkil, sus, dəf’ ol!

 

Ş ə m s a

Uçurum – izlədiyin qorqulu yol.

 

P e y ğ ə m b ə r

Qorqu yoq, izlədiyim haq yoludur,

Yaradan, öldürən ancaq bir odur.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info