Qonaq Kitabı
PEYĞƏMBƏR

Hazırız cəngə, gəlsə həp dünya,

Bu təlaş anlamam niçin əcəba?!

 

P e y ğ ə m b ə r

Tanrıdan çünki böylədir fərman,

“Köç!” Əvət “köç” diyor böyük Yaradan.

Göy gürlər, qaranlıq çökər.

 

İ s k e l e t

(acı qəhqəhələrlə Peyğəmbərin qarşısına fırlar)

“Köç!” Əvət “köç!” Fəqət unutma, saqın,

Ərəb evladı şimdi pək çılğın...

Rəhbərin əldə həp kitab olsa,

Sana olmaz zəfər nəsib əsla.

(Ridasının altından çıqardığı parlaq qılıcı Peyğəmbərə uzatır)

İnqilab istiyormusun, bana baq!

Şu qılıcdır o fikri parlatacaq.

Xəstə bir üzvə bənzər amili-şər.

Kəs də, bulsun şəfa vücudi-bəşər.

 

P e y ğ ə m b ə r

(qılıcı alır, mə’nalı və kəskin bir ahənglə)

Əvət, ən doğru, ən gözəl ayin:

Əhli-vicdanə – busə, xainə – kin!..

 

NÜSRƏT

 

Səkiz yıl sonra. Məkkədə baş rəisin evi, altın şamdanlarda rəngarəng mumlarla

donatılmış, Mısır və Şam qumaşlarıyla süslənmiş, sandaliya və xalılarla göşənilmiş böyük bir qəbul odası... Sağda və solda birər qapı, qarşıda girilmək için basamaqlarla enilir geniş bir qapı və iki böyük pəncərə... Gecə... Iştirak edən əşxasın sima və qiyafətlərində səkizyıllıq bir dəyişiklik gözə çarpar. Iki xidmətçi – qara qul – ötəyi-bəriyi düzəltərək qonuşurlar.

 

B i r i n c i x i d m ə t ç i

Bana baq, arqadaş! Nə var, nə xəbər?

Yeni mö’cüzmü yapdı kahinlər?

Bu tədarik niçin, nədir bu təlaş?

Söylə, anlat, deyilmiyiz sirdaş?

 

İ k i n c i x i d m ə t ç i

Yolçu varmış Mədinədən, əl’an

Gəliyor baş rəis Əbu Süfyan.

Məkkə əşrafı həp qadın, erkək,

Onu bəsbəlli görməyə gələcək.

 

B i r i n c i x i d m ə t ç i

Şu səfərdən nədir murad əcəba?

Görünür bunda var böyük mə’na.

 

İ k i n c i x i d m ə t ç i

Ya, səbəbsiz deyil əvət, bu səfər,

Bir düşün, qaç yıl oldu Peyğəmbər

Gündə bir hərb için qiyam ediyor,

Gündə bir başqa macəra güdüyor.

Qurtulub qaçdı Məkkədən, o zaman

Ona bir çoqlar etdilər iman.

Oldu yardımçı həp mədinəlilər,

Bütün ətrafa şimdi hökm eylər.

Baş rəis iştə ehtiyat edərək

Getmiş, etsin onunla bir dərnək.

Yapa ta öylə bir müahidə ki,

Qalqa düşmanlıq ortadan, bəlki...

 

B i r i n c i x i d m ə t ç i

Çoq yazıq baş rəis əfəndimizə,

Yüz verir hər zavallı kimsəsizə.

Bu tənəzzül rəvamı sanki ona,

Gediyor, gör, kimin ayaqlarına.

 

İ k i n c i x i d m ə t ç i

Saqın, aldanma, kimsəsiz deyil o,

Var onun arqasında bir ordu.

Hər nə əmr etsə cümlə baş vuruyor,

Bütün ətrafı titrədib duruyor.

 

B i r i n c i x i d m ə t ç i

(yarı açılmış sağ qapıdan baqar)

Pək mükəddər, fəqət, rəisə xanım,

Gəliyor iştə, baq!

 

İ k i n c i x i d m ə t ç i

Bıraq, a canım!

Nəmə lazım, həmən vəzifənə baq,

Çabuq ol haydı!.. Yoqsa çoq qızacaq.

(Hər ikisi məşğul olur. Rəisə gəlir, əyilirlər)

 

R ə i s ə

(birinci xidmətçiyə)

Bana baq, sən bulun fəqət burada,

Hər nə lazımsa, yap, baqıb durma!

 (İkinci xidmətçiyə)

Sən də çıq, bəklə, gör nə var, nə xəbər,

Hər misafir gəlirsə ol rəhbər.

Bir də Şəmsa gəlirsə ixbar et,

Bana gəlsin...

 

İ k i n c i x i d m ə t ç i

Pəki, baş üstünə...

 

R ə i s ə

Get!

Xidmətçi çıqar. Dışarıda bayquş ötməyə başlar. O ötdükcə rəisənin halı dəyişir,

getdikcə həyəcan və qorqusu artar.

O nə? Hər an ötüb durur bayquş...

Söylüyorlar o pək uğursuzmuş.

Şu yaman səs bəni xərab ediyor,

Bənliyim sanki məhv olub gediyor.

(Bayquş təkrar ötər)

Ah, nə dəhşətli səs, nasıl mənhus,

Bəni daim bu səs qılar mə’yus.

(Sağ qapıdan çıqarkən)

Baş rəisdən gəlirsə bir müjdə,

Vaqtı qeyb etmə, gəl, həmən bana de.

 

Xidmətçi itaətlə tə’zim edər. Rəisə çıqdığı kibi, öndə ikinci xidmətçi olaraq birinci,

ikinci, üçüncü rəis daxil olur, otururlar. Xidmətçi yenə geri dönər, digəri isə şərbət

gətirir.

 

B i r i n c i r ə i s

Nə qaranlıq! Aman, nə yaslı gecə!

Sanki göy bir siyah ipəkli peçə...

Saqlıyor bizdən öz çiçəklərini,

Süzülüb parlayan bənəklərini.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info