Qonaq Kitabı
PEYĞƏMBƏR

Öylə ya, ən doğru xəbər

Hiç şübhə yoq ki, ondadır.

Baş rəis gəlir, hər kəs kəndisinə qarşı ehtiram ilə əyilir.

 

Sükut...

 

B a ş r ə i s

Bilin, agah olun, ey əhli-vətən!

Sizə bir müjdə gətirdim həqdən.

Bəni kim dinləsə izzət bulacaq,

Kim ki, rədd etsə peşiman olacaq.

(Ətrafı saran atəşi göstərir)

Şu böyük yanğını bir seyr ediniz,

İştə bir ordu ki, hiç görmədiniz.

Həpsi “qan”, “qan” deyə müştaqi-zəfər,

Onların rəhbəridir Peyğəmbər.

Onun ilk əmri budur: xaricdə

Dolaşıb durmayacaq bir kimsə.

Çəkilib evlərə, ya Kə’bəyə biz

Dini-islamı qəbul etməliyiz.

Kim inad etsə həmən məhv olacaq,

Mal və evladına həsrət qalacaq!..

 

R ə i s ə

(son dərəcə həyəcanlı)

Sana yas tutsun anan, sus, daha sus!

 

B a ş r ə i s

Sən bağır, haq budur, əfsus, əfsus...

 (Camaata)

Çarə yoq, çünki iş-işdən keçmiş,

Seyr edib gördüyüm aləm müdhiş...

Gecə-gündüz o hazırlıq yaparaq

Bir böyük ordu çıqarmış parlaq.

Yedi gündür yola çıqmış... birdən

Şəhri sarmış həpimiz qafil ikən,

Şimdi təhdid ilə “Haq bəndə”... – diyor

Hər nə təklif olunur, rədd ediyor.

 

R ə i s ə

Ah, nə dəhşətli, fəlakətli xəbər!..

 

B a ş r ə i s

Sən hərəmxanəyə get, haydı, yetər!

 

R ə i s ə

(Topala çılğın)

Hanı uydurduğun abdalca yalan?!

 

T o p a l

(kəkələr)

Qomşumuz söylədi, and olsun, inan!

 

B a ş r ə i s

(onun sözünü kəsər, camaata)

Fəzlədir bəncə tərəddüd, yalnız

Çalışın məsələ bitsin qansız!

 

B i r i n c i r ə i s

Qan dökülməkdə, əvət, yoq məntiq.

 

Q a d ı n l a r

(Rəisə və Şəmsadan başqa)

Ah, aman istəyəlim...

 

İ k i n c i r ə i s

(əli qılıcının qəbzəsində, onlara)

Qorqaqlıq...

Etməsin sizləri əsla mə’yus.

(Camaata kəskin)

Başqa yol yoq, ya ölüm, ya namus!

 

Ü ç ü n c ü r ə i s

Pək böyük qüvvət ikən şimdi ona

Qarşı qoymaqda, xayır, yoq mə’na.

 

Ş ə m s a

Hiç məraq etməyin, əl’an gedərim

Bən... onun şərrini bən dəf’ edərim.

(Məclisi tərk etmək istər)

 

B a ş r ə i s

(mane olar)

Xayır, aldanma qızım, ən eyi yol:

O böyük dinə inan, təslim ol!

 

R ə i s ə

(çılğın)

Sən inandınmı? Dilin lal olsun!

 

B a ş r ə i s

(sinirli)

Əvət... öl, çatla! Canın qurtulsun.

(Kəndi-kəndinə dalğın)

Ah, siyasət bunu icab etmiş.

 

R ə i s ə

Baş rəis, iştə rəzalət, getmiş,

Gör kimin dinini bulmuş məqbul,

Latü Üzza bunu eylərmi qəbul?

 

B a ş k a h i n

Ah, demək Kə’bəyə – bütlərdən iraq!

Başqa bir Tanrı müsəllət olacaq...

 

B a ş r ə i s

(baş kahinə)

İxtiyar! Sən də mi uydun qadına?

Açayım həpsini dur şimdi sana.

Bən onun dininə uydumsa, demək

Bunda bir başqa səbəb olsa gərək.

Bəlli ya, pək sevərim bən vatanı,

İstəməm məhv edə düşmanlar anı.

Sizi qorqutdumu Peyğəmbər adı?

O da əlbət şu vətən evladı.

Burda hiç bir yeni şey varmı? Yenə

Qonacaqdır Qaradaş[v] büt yerinə.

Büt də bir daş, o da, adlar başqa...

(İstehzalı qəhqəhədən sonra)

Dünkü bütxanə bu gün beyti-xuda!..



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info