Qonaq Kitabı
PEYĞƏMBƏR

Yıldırım Kə’bəyi alt-üst eylər.

Devrilib bütlərimiz həp birdən,

Kül olub göylərə savruldu həmən.

 

Sükut...

 

B i r i n c i r ə i s

(ikinciyə)

Şübhəsiz bunda böyük mə’na var.

 

İ k i n c i r ə i s

Bəlkə gördüklərinin əksi çıqar.

 

Ü ç ü n c ü r ə i s

(arqadaşına)

Kim bilir, bəlkə də uydurmuş onu.

(Baş kahinə)

Uyqudur, xeyir olur əlbəttə sonu.

 

Öndə baş rəisin hərəmi və Şəmsa olaraq bir qaç xanım və Nədimə sağ qapıdan girər. Hər kəs əyilir. Sükut... Bu sırada x i d m ə t ç i y l ə bir k a h i n təlaş içində daxil olur. Baş kahinə tə’zim edər.

 

B a ş k a h i n

Nə xəbər? Söylə çabuq, söylə, nə var!

 

K a h i n

Kə’bədən şimdicə büt çalmışlar!

 

B a ş k a h i n

Hanki bütdür? O nasıl büt əcəba?

 

K a h i n

Böyük altın büt, əfəndim, hanya?

 (Rəisəyi göstərir)

Onu yapdırdı xanım qaç sənədir.

 

B a ş k a h i n

(çılğın)

Dilin-ağzın qurusun, sus, yetişir,

O bizim tanrıların ən gözəli...

Onu kim çalsa yaqındır əcəli...

 

R ə i s ə

Bu xəyanət, bu cəsarət, nə ağır,

Xain, əlbət ki, cəza bulmalıdır.

 

B a ş k a h i n

Yarın erkəncə edilsin təftiş,

Kimsənin həddi deyil, bəncə bu iş.

Yenə ondan, yenə Peyğəmbərdən.

Çünki casusları var hər yerdən.

Tam səkiz yıldır o tüyğan ediyor,

Həm də getdikcə müsəllət, məğrur...

Son zamanlar susuyor gərçi, bunun

Sonu bir fırtınadır pək coşqun...

Baqa dursun da Qureyş evladı,

Yarın əlbət yucalır fəryadı.

(Acı təbəssümlə)

Latü Üzzayı bıraqdıq məmnun,

Bizə ar olsun, əvət, ar olsun.

 

B i r i n c i r ə i s

Baş rəis iştə yaqındır, gəlsin,

Baqalım fikri nədir bizlər için.

 

B a ş k a h i n

Ah, kör olsun fələyin gözləri, kör,

Nəyə varmış da Qureyşin işi gör.

Başçımız sülhü səlamət güdüyor,

Gör gedib kimlə müdara ediyor.

İşə baq! Dünkü yetim, dünkü çoban

Saçıyor aləmə dəhşət, həyəcan.

 

Ş ə m s a

(cəsarət və mətanətlə)

Lakin əfsus o deyil dünkü yetim,

Şimdi bir şanlı komandan, hakim!

Hər siyasətdə müdəbbir və müdir,

Bir həkim iştə o, bə’zən şair.

Şər’ü qanunda böyük qüdrəti var,

Güclüdür çünki, nə istərsə yapar.

Ona hər gün gəliyor hey’ətlər,

Yeni mə’budunu təqdis eylər.

Bütpərəstlərmi fəqət? Hər yerdə

Isəvilər də, yəhudilər də

Ona iman ilə ağuş açıyor,

Kimi qorqub da təməllüq saçıyor.

Onu ilk öncə küçük sandıq biz,

Halbuki şimdi təlaş etmədəyiz.

 

Sükut...

 

B i r i n c i r ə i s

(Şəmsayı məftun və möhtəris baqışlarla süzən ikinci rəisə, xüsusi)

Ona az baq...

 

İ k i n c i r ə i s

(məczub)

Nə lətafət!..

 

B i r i n c i r ə i s

Yetişir.

 

İ k i n c i r ə i s

Ah, o artıq bəni etmiş təsxir.

 

B i r i n c i r ə i s

Baqıyor həp sana məclisdəkilər.

 

İ k i n c i r ə i s

Of! Bu aqşam nə gözəl!

 

B i r i n c i r ə i s

Baqma, yetər!

 

İ k i n c i r ə i s

O nə halət, nə məhabət, nə cəmal?

 

B i r i n c i r ə i s

Topla bir kəndini, yahu, bu nə hal?

Bayquş ötər, göy gürlər, sükut...



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info