Qonaq Kitabı
PEYĞƏMBƏR

Ərəbin var-yoqu dün nəysə, bu gün

Olacaqdır daha yüz qat üstün.

Bir Hicaz əhli deyil, hər millət

Tökəcək Kə’bəyə altın, sərvət.

Bıraqıb yurdunu həp ac, çıplaq,

Sizə kor, duyğusuz ellər qoşacaq...

Şimdi kərtənkələ yerkən bir ərəb,

Sürəcək ömrünü püreyşü tərəb.

Yurdumuz başqa səadət bulacaq,

Səbəb ancaq şu böyük din olacaq...

 

R ə i s ə

(sinirli və qızğın)

Şu böyük din?! Əvət ac bir yalavac

Olacaqmış da bütün başlara tac.

Alacaq həftədə bir tazə qadın,

Sən də seyr eyləyəcəksin... şaşqın!

 

Ş ə m s a

Ah, o, “örtün” deyə əmr eyləyəcək,

Həp qadınlıq qara çarşaf geyəcək...

 

B a ş r ə i s

Bu xəta doğdu gözəl Ayişədən,

Ona isnad edilən bir ləkədən.

Söylüyorlar ki, o sapmış da bir az,

Əmr olunmuş ki, açıqlıq yaramaz.

 

R ə i s ə

Nə demək? Ayişə etmişsə xəta,

Həp qadın aləmi batsınmı yasa?

 

B a ş r ə i s

İştə qanun! Nə vəzifən?!

 

R ə i s ə

Məcnun!

 

Ş ə m s a

(acı və istehzalı təbəssümlə ətrafa)

Qəhrəman ol da, nə yapsan, qanun!

 

R ə i s ə

(qızğın)

Zeydə “oğlum” der ikən, Zeynəbini

Boşatıb alma da bir qanunmu?

 

B a ş r ə i s

O da qanun, o da qanun... daha sus!

Şübhəsiz hikməti var...

 

R ə i s ə

(çılğın)

Ah, mənhus!

(Dışarıdan gurultu səsi eşidilir)

 

B a ş r ə i s

(birinci xidmətçiyə)

Bu nə səs? Çıq da sorub anla, nə var!

Görünür Kə’bəyə girmiş onlar.

Birinci çıqarkən, ikinci xidmətçi sür’ətli və şaşqın adımlarla gəlir, əyilir.

Nə için böylə şaşırdın? Nə xəbər?

 

X i d m ə t ç i

İştə təşrif ediyor Peyğəmbər.

 

B a ş r ə i s

Çabuq ol, söylə buyursunlar...

(Xidmətçi tə’zim edib çıqar)

 

R ə i s ə

(sinirli)

Əvət,

Bayquşun ötməsi haqdır əlbət.

 

B a ş r ə i s

(ona)

Sən hərəmxanəyə get, çıq, dəf’ ol!

Rəisə öncə mütərəddid, sonra kinli baqışlarla sağ qapıdan çıqar.

 

B a ş k a h i n

(mə’yus, ətrafa)

Daha yoq qurtulacaq hiç bir yol.

 

Ş ə m s a

(ətrafa kinli)

Yoq, bu mümkün deyil əsla, əl’an

İntiqam almalıyım bən ondan.

 

B a ş r ə i s

(camaata)

Borcumuz yalnız itaət, təslim,

O böyük qüvvətə hörmət, tə’zim...

 

(Dörd-beş adım qapıya doğru yürür) Peyğəmbər belində qılıc, həmailində altın qaplı kitab[vi], sağında Əbu Talib o ğ l u , solunda X ə t t a b o ğ l u , arqada iki mücahid bulunduğu halda daxil olur. Şəmsa ilə ikinci rəisdən başqa hər kəs ikiqat əyilir.

 

B a ş r ə i s

(tə’zim ilə)

Mərhəba, ey ulu, haq Peyğəmbər!

Sana gülsün əbədi fəthü zəfər.

Məkkə səndən şərəf almaqda bu gün,

Yeri var göylərə fəxr etsə bütün.

 

Sükut...

 

P e y ğ ə m b ə r

O böyük Tanrıya binlərcə səna...

Lütf edib əqlü zəka qullarına.

Bəni qılmış sizə ən son rəhbər,

O fəqət haq düşünən xalqı sevər.

Etsə bir ləhzə təfəkkür birisi,

Bəncə bin yıllıq ibadətdən eyi.

Düşünün, oldunuz əvvəl qafil,

Uydunuz bütlərə alim, cahil,

Sarıb atəşli bəla şəhrinizi,

Gəldi haq ordusu tə’dibə sizi.

Qırılıb bütləriniz oldu hədər,

Şimdi yoq Kə’bədə onlardan əsər.

Dəyişib dünkü sənəmlər yatağı,

Oldu Allah evi, vəhdət ocağı.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info