Qonaq Kitabı
PEYĞƏMBƏR

Etsə yardım edəcəkdir əl’an

Sizə yalnız o görünməz Yaradan.

Qapanın səcdəyə hörmətlə bütün,

O böyük eşqilə daim ögünün.

 

Şəmsa ilə ikinci rəisdən başqa hər kəs səcdə edər.

 

X ə t t a b o ğ l u

(hiddətlə onlara)

Əcəba varmı şu kibrin səbəbi?

 

P e y ğ ə m b ə r

Halbuki şəxsə şərəfdir ədəbi.

 

B a ş r ə i s

İştə gənclik, dəlilik... Əfv ediniz!

 

Ə b u T a l i b o ğ l u

Xayır, əsla bu deyil hikmətsiz.

(İkinci rəisə)

Sən cavab ver, nə demək bunca qürur?

 

İ k i n c i r ə i s

(istehzalı təbəssümlə)

Səni bilməm ki, nə etmiş məğrur?

 

P e y ğ ə m b ə r

Bana baq, fikrini aç, söylə bana.

 

İ k i n c i r ə i s

Yoq sözüm, bən nə deyim şimdi sana,

İştə, sözdən daha kəskin şu silah.

 

(Qılıc çəkib Peyğəmbərə hücum edər, Əbu Talib oğlu dərhal biləyini yaqalar və qılıcı Peyğəmbərin ayaqlarına atar, Xəttab oğlu isə onu mücahidlərə təslim edər.)

 

Ə b u T a l i b o ğ l u

Sayğısız! Şimdi qanın oldu mübah!

 

P e y ğ ə m b ə r

Xain er-gec bulur əlbəttə cəza.

 

X ə t t a b o ğ l u

Haydı, çıq! Alçaq, ədəbsiz, budala!

Mücahidlər götürürlər.

 

B a ş k a h i n

(Peyğəmbərin ayaqlarına qapanır, Şəmsaya işarətlə)

Əfv edin, gərçi qəbahətli şu qız.

 

P e y ğ ə m b ə r

(onun qolundan tutub qaldırır)

İxtiyarsın, səni qırmam, yalınız

Sana hörmətlə qanından keçdim.

 

Ş ə m s a

(baş kahinə məğrur və acı təbəssümlə)

Hiç təlaş etmə, əfəndim, şeyxim!

Doğru... borcumdu gözətmək ədəbi,

Şaşırıb durduğumun var səbəbi.

 

P e y ğ ə m b ə r

Nə səbəbdir o, məraq etdim bən.

 

Ş ə m s a

Səni gördükdə qanım dondu həmən,

Qaldım artıq hərəkətsiz, bihal,

Adəta qalmadı tə’zimə məcal,

Nə için gizlətəyim hər kəsdən

Daha ə’la tanıyorsun bəni sən.

Ah, deyil Tanrına, hətta sana da

Hazırım etməyə bu canı fəda!

(Peyğəmbərin ayaqlarına qapanır.)

 

P e y ğ ə m b ə r

(göyə işarətlə)

Səni əfv etdi o hüsni-əzəli,

O, gözəldir, sevər əlbət gözəli.

Şəmsa qalqar, təkrar tə’zim edib geri çəkilir.

 

B a ş r ə i s

(xidmətçiyə)

Haydı, bal şərbəti təqdim ediniz.

 

Ş ə m s a

(Nədiməyə)

Gəl də, yardım edəlim hər ikimiz.

 (Onlar da xidmətçilə bərabər sağ qapıdan çıqarlar.)

 

B i r i n c i r ə i s

(üçüncüyə)

Ah, bu qız iştə bir afət, fitnə...

Uymuyor sözləri hiç bir-birinə,

Gah kin, gah pərəstiş... bu nə iş?!

 

Ü ç ü n c ü r ə i s

Bəlli, Peyğəmbərə dil vermiş imiş,

Gərçi həp gənclər onun məftunu,

O fəqət bəklədi yıllarca bunu.

 

Uzaqdan dəhşətli gurultu və çarpışma səsləri eşidilir, sonra susar.

 

P e y ğ ə m b ə r

(Əbu Talib oğluna)

Bən ki, hərb etməyə əmr eyləmədim,

Bu nə çarpışma, nə səs? Baq gör o kim?

(O çıqmaq istərkən bir mücahid içəri girər, tə’zim edər.)

Nə imiş, söylə, bu hay-huy nə demək?

 

M ü c a h i d

Ordumuz Kə’bə önündən keçərək

Yürüyorkən, bizə qırq-əlli nəfər

Qılıc əllərdə hücum eylədilər.

 

P e y ğ ə m b ə r

Sonra!?

M ü c a h i d

Biz qarşı durub çarpışdıq,

Onların həpsi əzilmiş artıq.

 

P e y ğ ə m b ə r



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info