Qonaq Kitabı
PEYĞƏMBƏR

 

Dram – 4 pərdə 

 

Bİ’SƏT, DƏ’VƏT, HİCRƏT, NÜSRƏT 

 

Bİ’SƏT

 

Aydın və yıldızlı bir gecə. Məkkə yaqınlığında Hira dağı... Ətrafında mağaralar,

yalçın qayalar, sarı enişlər, qorqunc uçurumlar... Peyğəmbər əli alnında dərin

düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, vəqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; saqalı bir tutam, sıq və tam... Biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri kəmikli; kiprikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... Iştə o dalğın və müəmmalı gözlər, gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altın qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.

 

M ə l ə k

Ulu dahi, sən ey böyük rəhbər!

Qalq, oyan! Iştə hər tərəf, hər yer,

Həp təbiət dalıb da rö’yayə,

Cəlb edər ruhu şe’rü sevdayə,

Gecə, yıldızlarilə pürxülya,

Səni dinlər sükut içində fəza...

 

P e y ğ ə m b ə r

(başını qaldırır, heyrət və iztirab ilə)

Yenə rö’yamı gördüyüm əcəba?

Sən nəsin, söylə?

 

M ə l ə k

Bənmi? Hiç sorma!

Əzəliyyət şəfəqlərində açan

Tazə bir qönçə, pənbə bir yıldız.

Əbədiyyət üfüqlərində uçan

Tanrı qoynunda bəslənən bir qız.

Şe’rü hikmət, zəka ilahəsiyim,

Ulu dahilərin nədiməsiyim.

Ayrı olsaq da iştə hər ikimiz

Bir rübabın inildəyən səsiyiz.

 

P e y ğ ə m b ə r

Nə için gəldin, anlamam, yenə sən?

 

M ə l ə k

(göyə doğru)

Ona qaldırmaq istərim səni bən.

 

P e y ğ ə m b ə r

Ah, sən daima gəlir də bana,

Sonra həp göstərirsin istiğna.

Bən kimim, söylə?! Sən nəsin? Göstər!

 

M ə l ə k

Bən mələk, sən də, sən də peyğəmbər.

 

P e y ğ ə m b ə r

(şaşqın, geri çəkilir)

Ya! Demək sən mələkmisin? Heyrət!

 

M ə l ə k

Bən sənim, sən də bən, şaşırma, əvət

Bən sənin əqlinim, fəqət daim

Şu qiyafətlə zahir olmadayım.

 

P e y ğ ə m b ə r

Gəl, yaqın gəl, aman, nə dilbərsin!

Yoq, saqın, gəlmə, dur, nə söylərsin?

Yenə sarsıldı müztərib ruhum,

Dur, aman, sanki qəlbi-məcruhum

Şevqü həsrətlə rəqs edər, sızlar,

Onu bir qəhr xəndə yaldızlar.

Qopuyor ta içimdə bir tufan,

Beynim atəş saçıb durur hər an.

Yanıyor bənliyim, düşüncələrim,

Çarə bul, yoqsa məhv olub gedərim.

 

M ə l ə k

Ən gözəl çarə: iştə əzmü səbat,

Olma əsla əsiri-hissiyyat,

Bıraqıb əczi durmadan yüksəl,

Yüksəl, ey şanlı qəhrəman, yüksəl!

Ərşi-lahutə doğru aç şəhpər,

Daima yüksəl, ey böyük rəhbər!

 

P e y ğ ə m b ə r

Yoq, qanat yoq! Bən iştə bir aciz

Yolçuyum kimsəsiz, təsəllisiz.

Çevrəm ıssız mağaralar, yalçın

Qayalar, sarp enişlər, ah, azğın

Uçurumlar, alev saçan ovalar.

Ruhu qəsvətlə yıldıran havalar...

Bir çəmən yoq, aqar su yoq, heyhat!

Göz, qulaq burda duymaz eşqü həyat.

 

M ə l ə k

(göyə doğru)

Baq, şu əngin fəza, şu quytu dəniz...

Nə qadar xoş, nasıl gözəl, ləkəsiz...

Uçuşur hər tərəfdə yıldızlar...

Rəqs edər sanki nazənin qızlar.

Həp birər şe’r, sən də bir şair,

Hər tamaşası eşqə aiddir.

 

P e y ğ ə m b ə r

Ah, şu elmasparələr sərpən

Gecə pək möhtəşəm... fəqət onu bən

Seyrə daldıqca sanki məhv olurum,

Qəlbim oynar da, çırpınır ruhum.

Anlamam bir şu ölçüsüz, şu dərin,

Şu qaranlıq, çiçəkli pərdə niçin?

Bəni yalnız düşündürən şu məal,

Həp bu, yalnız bu, daima bu sual.

Şu siyah çarşaf ən böyük əngəl,

Uça bilsəydim, iştə ən əvvəl

Onu yırtar da, parçalar da həmən

Qavuşurdum o hüsni-mütləqə bən.

 

M ə l ə k

Onu dərk eyləmək qolay... Ancaq

Ver içindən gələn sədayə qulaq.

Dinlə həp kainatı, seyr eylə,

Hər günəş ondan iştə bir şö’lə...

Hər ufaq zərrə, hər küçük yapraq

Sana söylər bu rəmzi pək parlaq.

 

P e y ğ ə m b ə r



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-30 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info