Qonaq Kitabı
İBLİS

Get, gülüm, sonra məhəbbət edəriz.

(Misafirləri qarşılamaq için qarşıki qapıdan çıqar).

 

İ b l i s

(Rənayə)

Hiç məraq etmə, əmin ol, o bənim

Ən itaətli qulumdur daim.

Durma get, bəklə də fürsət dəmini,

Bəlkə rö’yadə görür bir də səni.

 

İstehzalı qəhqəhə... Rəna sağ qapıdan çıqar. İbn Yəmin ilə bərabər V a s i f ,

arqadaşı və iki-üç zabit daxil olurlar.

 

İ b n Y ə m i n

(öndə olaraq tatlı qəhqəhələrlə)

Hay, hay, buyurun, nə xoş təsadüf!

(Vasiflə küçük zabiti misafirlərinə göstərir)

Bir arqadaşımdır iştə Vasif,

Aylarca əgərçi ayrı düşdük,

Qismət bu, yenə bu gün görüşdük.

 

V a s i f

(İbn Yəminə)

Xoşbaxt olaraq ziyarətindən

Könlüm nə qədər sevindi, bilsən!

 

İbn Yəmin

(misafirlərə)

Bən hərb ediyorkən ordumuzda

Gördümsə beş-on sevimli sima,

Vasif, şu könüllü, şanlı zabit

Bir yıldıza bənziyordu sabit.

 

B i r i n c i z a b i t

Dünyayı saran şu qanlı qavğa

Bir xeyli yigitlər etdi peyda;

Yoq şübhə, bu dürlü nevcavanlar

Olduqca dəyərli qəhrəmanlar.

 

İbn Yəmin

Qavğada qolay müvəffəq olmaq,

Tale və cəsarət olsun ancaq.

Otururlar.

 

B i r i n c i z a b i t

(yarımsərxoş, İbn Yəminə)

Yahu, bu nasıl dügün, ziyafət!?

Məscidmi bu, ya ki, bəzmi-işrət?

 

İ k i n c i z a b i t

Gerçək, bu nə? Oynayıb çalan yoq,

Bir nəş’ələnib də zevq alan yoq.

 

İbn Yəmin

Dur, həp olur, onsuz olmaz əlbət,

İsmarlamışım, gəlir bu saət.

 

Ç a v u ş

(gəlir, əskərcə təmənna edər)

Rəqqasələr əmrə müntəzirdir.

 

İ b n Y ə m i n

Gəlsinlər, əvət, həmən xəbər ver.

 

Çavuş çıqar.

 

B i r i n c i z a b i t

 

Gəlsinlər, əvət, dəyişsin əhval,

Gülsün azacıq pəriyi-amal.

 

İ k i n c i z a b i t

Tam beş sənədir ki, rahib olduq,

Ciddiyyət içində həp boğulduq.

 

Rəqqasələr daxil olur.

 

İ b n Y ə m i n

(çalğıçılara)

Çal, haydı çal, etmə fevti-fürsət!

Çal, durma, sənindir iştə nevbət.

 

B i r i n c i z a b i t

Çal, sızlayıb inləsin o tellər,

Çırpınsın onunla həp könüllər.

 

İ k i n c i z a b i t

Çal, məclisə zevqü nəş’ə gəlsin,

Çal, ta ölülər də rəqsə gəlsin.

 

Çalğı başlar, rəqqasələr aşağıdakı şərqiyi həmahəng olaraq söylər və rəqs edərlər.

 

Şərqi

Hər şey sənindir, ey qafil insan!

Gülgün şəfəqlər, rəngin çiçəklər.

Hər şey sənindir, ey cahil insan!

Parlaq günəşlər, dilbər mələklər.

 

Yalnız sənin, yalnız sənin hər dürlü ne’mət;

Gənclik, gözəllik, eşqü ülfət, hər səadət.

Sür daima zevqü səfa, fevt etmə fürsət,

Bir gün gəlir, əsla səmər verməz nədamət.

 

Beş günlük ömrün rö’yayə bənzər,

Dal eyşü-nuşə, hiç gəlmə huşə.

Daim gül, əylən, olma mükəddər,

İç badə, həp gəl cuşü xüruşə.

 

Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım,

Bir gün gəlir, əldən çıqar zevqi-xərabat.

Al nəş’ə hər şeydən, əvət, qəflət nə lazım,

Bir gün gəlir, əldən düşər peymanə heyhat!..

 

Rəqs bitmək üzrə ikən A r i f l ə bərabər əli silahlı iki k a n u n n ə f ə r i daxil olur.

 

B i r i n c i k a n u n

(kəskin və amiranə bir tevr ilə rəqqasələrə)

Sakit, dağılın!..

 

Musiqi susar, rəqqasələr ikişər, üçər salonu tərk edərlər.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info