Qonaq Kitabı
İBLİS

 

X a v ə r

Sərxoşmu, nəsin? Gəl, iştə əvvəl!

Məhv et bəni, olmayım da əngəl.

 

A r i f

(son dərəcə hiddət və nifrətlə itər)

Dəf’ ol dedim...

 

X a v ə r

Ah, ədəbsiz, alçaq!

 

A r i f

(vəhşi bir hücumla boğazından yaqalayıb boğar, İblisdə alçaq və

məmnun bir qəhqəhə...)

Al!.. Iştə... budur cavabın ancaq...

 

Xavər iztirab və dəhşətlər içində əbədi bir şükutə varır. Arif üzərini həsirlə örtər,

ufaq bir düşüncə və tərəddüddən sonra bodrumun qapağını açar.

 

Rəna

(heyrətlə başını qaldırır)

Sənmisin, Arif?!

 

A r i f

(onun əlindən dutub çıqarır)

Çabuq ol, durma gəl.

 

Rəna

(arqası cənazəyə olaraq)

Nerdə idin?

 

A r i f

(səbirsiz)

Gəl, gedəlim, sorma, gəl!

Gəl, çabuq ol, gərçi sən atdın bəni,

Arif unutmaz səni, atmaz səni.

Gəl gedəlim, gəlmədən İbn Yəmin...

 

Rəna

(bodruma işarətlə)

Gəlsə də zənnimcə bu yer pək əmin...

 

A r i f

Burda durulmaz, çəkilib qaçmalı,

Qaçmalı, vəhşətdən uzaqlaşmalı...

 

Hər ikisi təlaş və iztirab ilə uzaqlaşıb görünməz olur.

 

İ b l i s

(sürəkli və şiddətli qəhqəhələrlə)

Qaçmalı, əlbəttə, uzaqlaşmalı,

Başqa cinayətlərə yaqlaşmalı.

(qəhqəhə)

Siz nə qadar bəndən uzaqlaşsanız,

Yer deyil, əflakə uçub qaçsanız,

Qarşılaşıb birləşiriz daima,

Ayrı deyil, çünki biriz daima.

(İçəri girər, qapağı endirib üzərini həsirlə örtər).

 

İbn Yəmin

(Qara çavuşla bərabər gəlir, alnının tərini silər. Kəndinə işarət edərək qəhqəhə ilə)

Bir qocaman orduyu iğfal edən

Aciz imiş sanki küçük hiylədən.

(istehzalı qəhqəhə)

Həbs edəcəkmiş bəni üç sərsəri!..

 (qızğın)

Dur bulayım bir şu ədəbsizləri,

Anlatırım onlara cür’ət nədir,

(cibindən beş-on altın çıqarıb oynataraq)

Saçdığım altındakı qüvvət nədir.

(dışarı çıqmaqda olan İblisə)

Ey! Bana baq, nerdə bizim ixtiyar?

 

İ b l i s

Şimdi gəlir, yoqsa bir əmrinmi var?

İ b n Y ə m i n

Durma, həmən bul, ona var çoq sözüm.

(qülbəyə girər, Xavərin cənazəsini görüncə)

Ah, o nə? Yanlış görüyormu gözüm!?

(İblisi yaqalayıb əlindəki silah ilə təhdid edər)

Var şu cinayətdə yəqin bir səbəb,

Söylə, onun məhvinə kimdir səbəb?

 

İ b l i s

(kəkələr)

Bilməm, əfəndim, xayır, əfsus, əvət...

(təbdili-tevr ilə)

Həp şu dəni vəhşətə bais fəqət...

 (Sükut və tərəddüd)

 

İ b n Y ə m i n

Kim əcəba, kimdir o xain, rəzil?

 

İ b l i s

İşvəli Rə’nayə uyan bir səfil.

 

İbn Yəmin

Nerdədir onlar?

 

İ b l i s

Savuşub getdilər,

Şimdi, əvət şimdi fərar etdilər.

 

İbn Yəmin

İştə bu dəhşətli xəbər pək fəna...

(düşünür)

 

İ x t i y a r

(gəlir, Xavərin cənazəsini görüncə)

Ah, o nə, eyvah, nə olmuş ona?

(Mə’yus və şaşqın baqışlarla cənazəyə yaqlaşır, qollarını köksündə çapraz edər, titrək və acı bir fəryad ilə)

Söylə, aman söylə, mələk Xavərim!

Kim?.. Sana kim qıydı, aman, söylə, kim?

(qucaqlayıb öpər)

Döndü qaranlıq gecəyə gündüzüm,

Uf, daha fərq etmiyor əsla gözüm.

 (təbdili-tevr ilə)

Tərk edərək biz bütün insanları,

Məskən edindik fəqət ormanları;



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info