Qonaq Kitabı
İBLİS

 

İKİNCİ PƏRDƏ

 

Ərəb zevqinə uyğun süslü bir salon... Qarşıda, sağda və solda birər qapı və bir qaç

pəncərə... İblis xidmətçi ərəb qiyafətində ötəyi-bəriyi düzəltir.

 

İbn Yəmin

(qarşıdakı qapıdan gələrək)

Bana baq, durma, əzizim, çabuq ol,

Durma get, haydı, imamı ara-bul.

Söylə gəlsin də nikah qıymaq için.

 

İblis

Baş çavuş zənn edərim getdi dəmin.

 

İbn Yəmin

Pək gözəl, gəlsə, həmən söylə bana.

 

İblis

Söylərim, lakin əmin ol, Rəna,

Bir qadar göstərəcək istiğna.

 

İbn Yəmin

Nə vəzifən, deyil aid bu sana.

 

İ b l i s

Əmrə borcumdur itaət, heyfa,

Onu məcbur edəməzsin, zira

Böylə bir cəbri hökumət duysa,

Çəkəcəkdir başımız dürlü bəla.

Çünki var başqa günahın da sənin,

Orduya, devlətə çıqdın xain.

 

İbn Yəmin

(mütərəddid, diplomatca bir təbəssümlə)

İştə pək doğru və məntiqli cavab,

Sən vəkil ol, nə dilərsən, onu yap!

(gəldiyi qapıdan çıqar)

 

İ b l i s

(məğrur qəhqəhə ilə, yalnız)

Əvət, İblis, o böyük sənətkar

Həm yapar, həm də yıqar, qüdrəti var.

 

Bu sırada V a s i f ilə küçük zabit sağ qapıdan daxil olur, ətrafı süzməyə başlarlar.

Bu cəsarət nə demək? Ey, bana baq!

 

V a s i f

(istehzalı qəhqəhə ilə)

Bir oteldir deyə sandıq bu qonaq.

 

İblis

Əcəba!? Sahibi kimdir otelin?

 

V a s i f

Bir ərəbdir, adı da İbn Yəmin.

 

İblis

(qızğın)

Sayğısızlıq yetişir, haydı, gedin!

 

V a s i f

(silah çəkərək)

Şımarıq abdala baq, dur! Nə dedin?

 

Küçük zabit

(mane olur)

Vasif! Allahı sevərsən də bıraq!

(geri çəkilməkdə olan İblisə)

Dur, təlaş etmə, əzizim...

 

V a s i f

Alçaq!

Nerdə Rəna, onu göstər!

 

İ b l i s

(istehzalı təbəssümlə)

Nə demək!

Varıyor İbn Yəminə o mələk.

 

V a s i f

Onu qandırmış o xain, lakin

Bən sağ olduqca bu iş namümkün!

 

Küçük zabit

(mülayim)

Arqadaş, gərçi o sərsəm məğrur,

(Vasifi göstərir)

Qızın ən sevgili məşuqu budur.

 

İ b l i s

Ah, ayaq səsləri var, tez çəkilin,

Çəkilin, sonra, bir az sonra gəlin.

 

V a s i f

(arqadaşına, xüsusi)

Gedəlim, ən eyi yol: hər ikimiz,

Azacıq sonra misafir gəliriz,

Şu hərif çünki yaqın dostumdur,

Bəlkə bir rənglə iş həll olunur.

 

K ü ç ü k z a b i t

(çıqarkən İblisə)

Şimdi var bir sana ümmid ancaq,

Çarə bul, yoqsa o qız məhv olacaq.

 

İ b l i s

(məğrur qəhqəhə ilə, yalnız)

Bəndən imdad umuyor cümlə cihan,

Biri zalım, biri məzlum insan.

 

R ə n a

(sol qapıdan daxil olur)

Bu ziyafət nə demək, söylə niçin,

Sana hiç açmadımı İbn Yəmin?

 

İ b l i s

(yarımqəhqəhə ilə)

Bilmiyormuş kibi davranmaq nə!?

Bu ziyafətdir əlamət dügünə.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info