Qonaq Kitabı
İBLİS

Açıvermiş hüdudu bolqarlar,

Kevkəbi-tale, eyləmiş də üful,

İngilislərlə dolmuş İstanbul.

(Hər kəsdə təəssür və heyrət).

 

Y a r a l ı z a b i t

Sus yetər, ah, xain alçaq, sus!

 

Ə r ə b z a b i t i

(istehzalı və məmnun qəhqəhə ilə)

Sanki bən susdum, öylədir əfsus.

 

B i r i n c i z a b i t

Bu hərif iştə daima bayquş.

 

İ k i n c i z a b i t

Zənn edərsəm, o həm də pək sərxoş...

 

Y a r a l ı z a b i t

(sinirli və qızğın)

Ah, ərəb, cismi, ruhu, qəlbi ərəb,

Həm də məmnun... nədir bu halə səbəb?

(acı qəhqəhədən sonra)

Ya! O sərxoşmu? Yoq, inanma, xayır.

İştə!

 

Dərhal qəlbgahindən nişan alır, tabança açılır.

 

Ə r ə b z a b i t i

Ah!

(Deyə sol əli ilə yarasını tutar, sağ əlilə cibindən tabançayı çıqarıb qarşı qoymaq istərsə də müvəffəq olamaz. Silahı hiddətlə bir tərəfə atar və iztirablar içində tərki-həyat edər)

 

Y a r a l ı z a b i t

İştə baq, nasıl ayılır?

 

Bu sırada dışarıdan İblisin məmnun və sürəkli qəhqəhələri eşidilir.

 

İ x t i y a r

Sən nə yapdın, nədir bu hal, oğlum!

 

Y a r a l ı z a b i t

Sadə, bir bayquş ağzı susdurdum.

(zabitlərə)

Bir qüsur iştə, bulsanız haqsız,

Bəni e’dama şimdi haqlısınız.

(Əlindəki silahı təqdim edər)

 

B i r i n c i z a b i t

(silahı rədd ilə)

Bu xəbərdən sevinci çoqdu onun,

Ona layiqdi müжdə bir qurşun.

 

İ k i n c i z a b i t

(istehzalı təbəssümlə)

Pək yorulmuşdu hərbdən, əlbət,

Etmək istərdi bir qədər rahət.

 

Yaralı zabit

Daha durmaq xəta, həmən gedəlim,

Bu xəbər düz də olsa fərz edəlim,

Bir mücahid dönərmi əzmindən?

Ah, bən şimdi ölmək istərkən

Yaşamaq istərim də bir müddət...

 

B i r i n c i z a b i t

Biz yaşarsaq, əvət yaşar millət.

Bu halda dışarıdan aşağıdakı marş eşidilir.

 

M a r ş

Türk oğlu sözündən dönməz,

Məhv olur da sürüklənməz.

Həp yüksəlmək dilər, enməz,

Çarpışır yaşar.

 

Yurdumuzun arslanları,

İzlər durur düşmanları,

Fırtınalı dənizvarı

Hər coşub daşar.

 

Əngin fəza çardağımız

Al şəfəqlər bayrağımız,

Qorqu bilməz oymağımız,

Haq için qoşar.

 

İ k i n c i z a b i t

(marşı dinlədikdən sonra hər ikisinin qolundan tutar)

Gedəlim, yoq gecikmənin səməri.

 

Yaralı zabit

Gedəlim, haqqa doğru, arş iləri!

Gedərlər.

 

İ x t i y a r

(yoldan keçən bir nəfərə cənazəyi göstərir)

Oğlum, bana yardım eylə bir an.

 

X a v ə r

(mərhəmətli və mütəəssir)

Bir hiçlə zavallı oldu qurban.

 

İ x t i y a r

Yoq kimsədə mərhəmətlə vicdan,

İnsanlığı həp unutdu insan.

(cənazəyi qaldırıb götürürlər)

 

X a v ə r

(yalnız)

İblisə uyub da əhli-aləm,

Həp yer yüzü qanlı, cümlə sərsəm...

 

İ b l i s

(bir guşədə ağsaqal abid qiyafətində görünür, yarımqəhqəhə ilə)

İnsandakı nəfsi-şumə daim

İblis olur, ancaq olsa hakim.

 

Bu sırada V a s i f l ə  Rəna təlaş içində gəlirlər.

 

Rəna

Allah için eyləyin inayət,

İzlər bizi bir yığın fəlakət.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info