Qonaq Kitabı
İBLİS

Bulmazsam əgər İbn Yəmin xaini əlbət –

Əlbət qalır üstümdə şu çılğınca təbiət!

Rəna, hələ Rəna!.. Onu iğva nə deməkdir?

Bir alçağa layiqmi o gülqönçeyi-bakir?

 

Küçük zabit

Türk ordusu ətrafə bu gün həmlə edərkən,

İranə və ya Qafqaza imdadə gedərkən,

Rus ordusu durmaz, çəkilirkən önümüzdən,

Vasif! Nə rəvadır ki, şu parlaq günümüzdən

Feyz almayaraq biz olalım qəflətə mail,

Satmaz, satamaz milləti şəxsiyyətə aqil.

 

V a s i f

Əfsus ki, hiçdir sonu, türk ordusu varsın,

Istərsə bütün Hindi də, Əfqanı da sarsın,

Istərsə bütün qarşı çıqan manei yıqsın,

Turanı basıb bağrına Altaylara çıqsın,

Mümkün deyil, əsla olamaz naili-amal,

Etdikcə xəyanət əli bu milləti pamal.

 

Küçük zabit

Lakin saparaq başqası eylərsə xəyanət,

Seyr eyləyərək həp baqa dursunmu şu millət?

 

V a s i f

Türk ordusu daim basaraq ölkələr almış,

Ən sonda siyasətdə basılmış da bunalmış.

Idraki sönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti həp əldə oyuncaq.

(ani bir düşüncədən sonra kəskin və şiddətli)

Turana qılıcdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...

 

Küçük zabit

(geri dönməkdə olan Arifə)

Yahu, buradan kimdi bir az öncə keçənlər?

 

A r i f

Bir atlı ərəb zabiti, bir qızla bərabər...

 

V a s i f

Gördünmü? Gecikdik də qaçırdıq avı əldən.

 

Küçük zabit

İnsan nə qadar qaçsa da qurtulmaz əcəldən.

 

V a s i f

Gəl, durma, hənuz əldə bir az fürsətimiz var.

 

Küçük zabit

(yarımqəhqəhə ilə)

Artıq sən əmin ol, bu gün avcundadır onlar.

 

Hər ikisi yüngül təmənnalarla qülbədən çıqar və sür’ətli adımlarla İbn Yəmin hərəkət

etdiyi tərəfə doğru yürürlər. Arif durduğu yerdə baqa qalır. Şaşqınlıqla qarışıq böyük bir hüzn və kədər ruhunu sarmağa başlar. Bu sırada səhnənin ışığı azalır. İblis istehzalı və şiddətli qəhqəhələrlə qarşısına çıqar.

A r i f

Dəf’ ol, yenə gəldinmi?

 

İblis

... Əzizim, çocuq olma!

Arif! Bana baq, əczi bıraq, hissə qapılma.

Çarpışmaq için lazım ikən mərdə cəsarət,

Bilməm, niçin olmuş sana qalib əsəbiyyət?

Bən həpsini duymaqdayım, inkar nə lazim;

Rəna, o sənin şimdi bütün ruhuna hakim,

Hakim o sənin hissinə, idrakinə... əfsus

Ayrılsan izindən, olur əğyar ilə mə’nus...

 

A r i f

Qandırmaq için Arifi həp nafilə israr,

Hər haldə xainsin, inanmam sana zinhar...

 

İ b l i s

Lakin şu inadınla pərişan olacaqsın,

Bir gün gələcəkdir ki, peşiman olacaqsın,

Əfsus, nədamət sana verməz səmər əsla.

(əlində bir tabança ilə bir kisə altın tutaraq)

Al bunları... bas bağrına, Arif, eyi saxla!

Bunlar edəcək etsə nihayət səni məs’ud,

Al! Iştə bu atəş, bu da ən sevgili mə’bud!

(tabançayı bir kərə havaya boşaltaraq)

Al! Iştə bu atəşlə gəlir qəlbinə qüvvət,

Yalnız bu verir qarşı duran xəsminə dəhşət.

(kisədəki altınları səsləndirib oynadaraq Arifə verir)

Baq, səsləniyor, iştə sədayi-pəri-Cibril!

Bunsuz olamaz kimsə, inan, məqsədə nail.

 

A r i f

(İblisin vermiş olduğu tabançayı və altınları yerə atar, son dərəcə qızğın və usanmış

bir halda)

Dəf’ ol, yetişir, eyləmə əsla bəni təltif!

Möhtac deyil altına, ya qurşuna Arif.

 

İ b l i s

Təkrar edərim, zəfi bıraq, aldanıyorsun,

Həp aldanıyorsun, bana baq, aldanıyorsun!

(qəhqəhələrlə çəkilir)

 

A r i f

(tərəddüd və düşüncədən sonra)

Heyhat, o mələk qəhr edilirkən,

Layiqmi durub seyr edəyim bən?

(kəskin bir əzmlə)

Yoq, getməliyim, həm də bu saət,

Bəndən ona hörmət və məhəbbət...

(ridasını “pelerin” və fəsini alıb həmən dışarı fırlar)

 

İ b l i s

(gəlir, istehzalı qəhqəhələrlə)

Get, lakin o hörmət və məhəbbət

Bir gün doğurur qanlı ədavət.

Get, bəllidir insandakı xislət;

Sizlərdəki ülfət; sonu vəhşət,

Sizlərdəki şəfqət; sonu nifrət,

Sizlərdəki rəhmət; sonu lə’nət!..

(sürəkli qəhqəhələr...)

 

Pərdə

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info