Qonaq Kitabı
İBLİS

Hiç sorma, başımda macəra çoq,

Dərdim, kədərim böyük, duyan yoq.

Bir afətə, bir nigarə uydum,

Bir qəmzəli işvəkarə uydum,

Əfsus, o bənimlə könlü birkən

Bir ləhzədə aldılar əlimdən.

 

İ b l i s

Lakin nə tuhaf, o nazlı afət

Etmiş sana iltica bu saət.

 

A r i f

Ey mürşidi-pir, inayət eylə,

Əylənmə bənimlə sən də böylə.

Bən çəkdiyim iztirabü möhnət

Yetməzmi, bu sözlərə nə hacət!

Heyhat, o mələk, o şe’ri-pərran

Mümkünmü ənisim olsun əl’an?!

 

İ b l i s

Bir yanda durub da bəklə, dərhal

Parlar sana da pəriyyi-amal.

(qülbəyə daxil olur, həsiri bir tərəfə atar)

 

A r i f

(bir guşədə bəklər)

Görsəm onu bir də, bir də görsəm...

 

İ b l i s

Dur, söyləmə!..

(qapağı açar, başını qaldıran Rə’nayə)

Ah, nuri-didəm!

Halın nə qədər də qəmli, küskün,

Bir şey yemək istəməzmi könlün?

 

Rəna

Lütfən azacıq su ver...

 

İ b l i s

(boş dəstiyi alır)

Pək ə’la,

Yoq dəstidə hiç su, yoqmuş əsla.

Saqlan, yenə haydı, görməsinlər,

Saqla, baqalım, nə oldu Xavər.

 

Qapağı endirir və üzərini həsirlə örtər, qülbədən çıqarlar.

 

A r i f

(İblisin ayaqlarına qapanır, son dərəcə həyəcanlı)

Bir Xızrmı, ya mələkmisin sən?

Yalnız bunu bilmək istərim bən.

 

İ b l i s

Hiç sorma, o sirri şimdi sorma!

Gəl, gəl bəri, pək yaqında durma.

 

Arif mütərəddid adımlarla bir qadar çəkilir. İblisin uzaqlaşdığını görüncə təkrar içəri

girər, həsiri qaldırır, bu sırada Xavər gəlir.

 

A r i f

(səndələyərək)

Gəldinmi?

 

X a v ə r

Əvət...

 

A r i f

(sərxoşca və istehzalı qəhqəhə ilə)

Nə xoş təsadüf?

 

X a v ə r

Arif! Nə ararsın orda, Arif?!

 

A r i f

Saqlanmada burda bir mücevhər,

Könlüm onu şimdi bulmaq istər.

 

X a v ə r

Hər söylədiyin birər müəmma...

Yoq orda bir öylə şey, yoq əsla.

 

A r i f

Var, var o məzar içində bir hur,

Zülmətdə yaşar o nəcmi-pürnur,

Qumral saçı sanki şe’ri-mənsur

İnsan oluyor görüncə məshur.

 

X a v ə r

Arif! Nə çabuq dəyişdi halın?

Bilməm ki, nədir sənin xəyalın?

(bodrum qapısının üzərinə çıqaraq mane olmaq istər)

 

A r i f

(sərxoşca bir qabalıqla itər)

Çıq get, yetişir!..

 

X a v ə r

(sinirli)

Xayır, bu evdən

Sən getməlisin fəqət, deyil bən.

 (təbdili-tevr ilə)

Yoq, getmə, əvət qal, ah, lakin,

Lakin onu həp unut!..

 

A r i f

(sərxoşca qəhqəhə ilə)

Namümkün!

 

X a v ə r

Yoq, yoq, onu hiç bıraqmam əsla.

 

A r i f

Sən əski inadın üzrə hala!

 

X a v ə r

Bir kərrə düşün də, ah, qəddar!

 

A r i f

(şiddətlə bağırır)

Dəf’ ol, daha etmə fəzlə israr.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info