Qonaq Kitabı
İBLİS

Ah, sağaldıqca artıyor kədərim,

Bəni məhv eyliyor düşüncələrim

Yadə gəldikcə ailəm, yurdum,

Sarsılır istirahətim, uyqum.

Hələ sən, ah sən! Sənin kədərin

Bəndə bir iz bıraqdı xeyli dərin;

Çünki yalnız bənimlə uğraşaraq,

Aqibət düşdün Arifindən uzaq.

 

X a v ə r

Hiç məraq istəməz, xayır, haşa

Bana sən mane olmadın əsla.

Şu qəza doğdu bir təsadüfdən,

Bəni tale ayırdı Arifdən.

Bu sırada iki türk zabiti gəlir.

 

İ x t i y a r

Mərhəba!

 

B i r i n c i z a b i t

Mərhəba, əfəndi baba!

 

 

İ k i n c i z a b i t

Qülbənizdə su varmıdır əcəba?

 

İ x t i y a r

Vardır, əlbəttə, həm də xeyli sərin,

Buyurun, bir qədər də rahət edin.

 

İçəri girərlər. Ixtiyar su döküb verir. Xavərlə yaralı zabit bir guşəyə sıqılıb durur.

 

B i r i n c i z a b i t

Pək sıcaq, qalmamış təvan artıq,

Ayrılıb ordudan fəna susadıq.

 

Alnının tərini silib sudan içər. İxtiyar ikinci zabit için də döküb vermək istər.

 

İk i n c i z a b i t

Dur, babam, dur, aman, rica edərim.

(kəndisi döküb içər)

 

B i r i n c i z a b i t

(yaralı zabiti süzərək)

Bana baq, ixtiyar, şu zabit kim?

 

İ x t i y a r

Bir əsir, iştə ordudan aralı.

 

X a v ə r

Kimsəsiz bir zavallıdır, yaralı.

 

İk i n c i z a b i t

Bir lehistanlıdır bu, ya bir rus.

 

B i r i n c i z a b i t

Kim bilir, bəlkə, bəlkə bir casus.

 

Yaralı zabit

Əfv edərsin, xayır, nə bir rusum,

Nə lehim bən, nə kirli casusum.

Bir müsəlman, qazanlı bir türküm,

Bəncə bir ya həyat, yaxud ölüm.

 

B i r i n c i z a b i t

Başqa millətdən olmuş olsaydın,

Yenə mümkündü əfvin... Ah, azğın!

Türk olub türkə atəş etmək için

Yalınız bir cəzayə layiqsin.

O da e’dam...

 

X a v ə r

(təlaş və həyəcan ilə)

Aman, əfəndim, inan,

O deyil öylə suçlu bir insan.

 

İ x t i y a r

Xayır, evladım, olmayın əsəbi,

Başqa, pək başqadır onun qəlbi.

 

Y a r a l ı z a b i t

(acı qəhqəhələrlə)

Nə tuhaf! Ta küçük yaşımdan bən

Millətimçin zəfərlər özlərkən,

Iştə tale! Bənim asılmam için,

Şimdi siz hökm edərsiniz, lakin,

Sizə bən vermək istəməm zəhmət...

 

(Dərhal cibindən bir tabança çıqarır və kəndi qafasını nişan alır.)

 

X a v ə r

Ah, aman!..

 

İ k i n c i z a b i t

(onun biləyini yaqalar)

Dur, təlaşə yoq hacət.

 

İ x t i y a r

Ah, çılğın, bütün cihan çılğın!

Bu günün arqasında yoqmu yarın?

 

Bu sırada bir qara ə r ə b z a b i t i gəlir, məmnun və laübali qəhqəhələrlə gülməyə başlar.

 

B i r i n c i z a b i t

Nə imiş arqadaş, nə var, nə xəbər?

Varmıdır yoqsa başqa fəthü zəfər?

 

Ə r ə b z a b i t i

(daha çılğınca qəhqəhələrlə)

Bitdi artıq bütün səfərbərlik,

Bitdi həp qəhrəmanlıq, əskərlik.

İştə rahət zamanı gəldi bizə,

Dönüyor ordu kəndi ölkəmizə.

 

B i r i n c i z a b i t

Niçin, anlat, niçin bu?

(ətrafa)

Ah, canavar!

 

Ə r ə b z a b i t i



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info