Qonaq Kitabı
İBLİS

Səhnə aydınlaşır.

 

A r i f

(şaşqın, sinirli bir tevr ilə saçlarını qarışdırır, içəri girməkdə olan İxtiyara həyəcanlı

bir müztərib)

Gəl, gəl bana! Gəl, eylə bənim dərdimə çarə!

 

İ x t i y a r

Oğlum, yenə dərdin nə imiş, söylə, nə çarə?

 

A r i f

(acı təbəssümlərlə)

Yar beynimi, aç qəlbimi! Eyvah, açamazsın;

Qaç bəndən uzaqlaş, xayır, əsla qaçamazsın.

Bən çılğınım artıq, bana yaqlaşma, kənar ol:

Gəl, qaçma, xayır, dərdimə lütf et də, dəva bul.

 

İ x t i y a r

Oğlum, mədəni aləmi nifrətlə bıraqdın,

Gəldin şu cədəlsiz, bədəvi aləmə çıqdın,

İnsandakı haqsızlığı, zülmü unut artıq,

Qəlbindəki nifrətləri, vəhşətləri yaq, yıq.

Yüz, bin deyil İblisə uyan... həp bəşəriyyət

Etmiş bu gün ev yıqmağa, qan içməyə adət.

Arif! Unut, oğlum, unut artıq, bəni dinlə,

Sən kəndini məhv eyləyəcəksin bu gedişlə.

 

A r i f

(acı qəhqəhələrlə)

Mümkünmü unutmaq?! Dayanılmaz buna əsla,

Əsla dayanılmaz şu böyük vəhşətə... zira,

Yalnız deyil insanlara, vəhşilərə sorsan,

Onlar belə insandakı vəhşiliyə heyran.

(göyə doğru, sinirli və həyəcanlı)

Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət

Bitməzmi, ilahi! Bu qədər səbrə nə hacət?

(çılğın)

Ver, bir buyuruq ver də cəhənnəmlər açılsın,

Coşsun, bütün atəşləri dünyaya saçılsın.

Yaqsın da, şu zalım bəşərin yurdunu yıqsın,

Həp yer yüzü bir ah olaraq göylərə çıqsın.

 

Bu sırada dəhşətli göy gurultusu başlar. Gurultu ilə bərabər İblisin şiddətli

qəhqəhələri eşidilir. Ixtiyar mə’yus və düşüncəli bir halda qülbədən çıqar. Arif əli alnında olaraq gurultu və qəhqəhələri dinlər. Eyni zamanda səhnənin ışığı azalır. İ b l i s Arifin qarşısına keçiverir

 

A r i f

(fəsini qoyaraq, şaşqın)

Kimsin, nəçisin? Söylə, nədir fikrü məramın?

Nerdən gəliyorsun, nə imiş şöhrətü namın?

 

İ b l i s

(məğrur qəhqəhələrlə)

Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim,

Həp Xaliqə təsbih idi, təhlil idi virdim,

İlk öncə mələklər bəni təqdis ediyordu,

Adəm kibi bir sayğısız axır ləkə vurdu.

Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım,

Allah ilə bir zikr edilir namü nişanım.

 

A r i f

Artıq yetişir, anladım, izahə nə hacət,

Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət!

Həp qəhr oluyorkən şu cihan xain əlinlə,

Bilməm nəyə gəldin, nəyə gəldin bana, söylə?!

 

İ b l i s

Baqdım, əziyor ruhunu həp qeydi-əsarət,

Gəldim edəyim ta səni hürriyyətə də’vət.

Baqdım, səni məhv etmədə bin dürlü xəyalət,

Gəldim verəyim qəlbinə bir nuri-həqiqət.

 

A r i f

Uymam sana, hər məl’ənətin bəncə ə’yandır,

Dəf’ ol da, get, azğınları, sapqınları qandır;

Hürriyyətə əsla bəni sən irdirəməzsin,

Bir zülmət ikən nuri-həqiqət verəməzsin.

 

İ b l i s

(istehzalı qəhqəhələrlə)

Lakin bu xəta... Atəşi zülmət sanıyorsun:

Sən arif ikən halbuki pək aldanıyorsun,

Zülmət deyilim, iştə bənim hər sözüm atəş...

Atəş, özüm atəş, yüzüm atəş, gözüm atəş.

 

A r i f

Bən nurə fəqət talibim, atəş nəmə lazim?!

 

İ b l i s

Atəşsiz, inan, nur olamaz sabitü qaim,

Atəş, günəş atəş, bəşəriyyət bütün atəş,

Hər bir hərəkət, məbdəi-xilqət bütün atəş...

Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası

Həp atəşə tapdırmaq idi zümreyi-nası.

Yalnız bunu dərk etdi o əllameyi-məşhur,

Yalnız o böyük baş şu böyük kəşflə məğrur...

 

A r i f

(sinirli)

Məhv olsa da həp bənliyim uymam sana, dəf’ ol!

 

İ b l i s

Durmam, gedərim...

(qəhqəhə ilə çəkilir)

 

A r i f

Haydı, çəkil, iştə açıq yol!..

 

(Fəsini bir tərəfə atıb əsəbi hallar keçirir. Səhnə aydınlaşır)

 

X a v ə r

(gəlir, həyəcan və təlaş ilə)

Söylə, Arif! Aman nə oldu yenə,

Yenə kimlər göründü gözlərinə?

 

A r i f

Sorma, hiç sorma, nazənin Xavər,

Bəni məhv etdi iztirabü kədər.

(onu qolları arasına alır)

Sən, əvət sən də olmasan, heyhat!

Bəni bir gün boğar şu qanlı həyat.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info