Qonaq Kitabı
ARAZ

- İmperializmin əsas xarakterindən biri müstəmləkəçilikdir. O bütün yer üzünə sahib olsa da, yenə də gözü doymaz. Göylərə də əl atıb orada müstəmləkə axtarmağa başlar. Çar imperiyası çoxdan bəri iki müstəmləkəyə göz dikmişdir: birinci Hindistan, ikinci Mancuriya. Bu müstəmləkələri ələ keçirmək üçün ciddi hazırlıq aparırdı. O əvvəlcə ingilis müstəmləkəsi olan Hindistana sahib olmaq istəyirdi. Hətta müəyyən zabitlərə farsca öyrənmək haqqında ayrıca göstəriş verilmişdi. İngilis xəfiyyələri bundan xəbər tutmaya bilməzdi. İngilis siyasətçiləri çar ordusunun ağzını Hindistandan Mancuriyaya çevirdi. Bu gün Yaponiya ilə şiddətli müharibə gedir. Çar ordusunun hər yerdə məğlub olması, Rusiya flotunun yaponlar tərəfindən batırılması çar üsuli-idarəsinin və hökumət başçılarının nə qədər çürük olduğunu meydana çıxardı. Rus-yapon müharibəsi məğlubiyyətlə qurtarmaq üzrədir. Çar hökuməti müharibə ilə ölkədə güclənən inqilabi hərəkatı zəiflətmək ümidində idi. Lakin onun ümidləri, xam xəyalları boşa çıxdı. Peterburq və başqa sənaye mərkəzlərində qüvvətlənən fəhlə tətilləri bunu sübut etməkdədir. Hökumətin gündən-günə zəifləməsindən istifadə edən burjuaziya sərbəstlik və bəzi hüquq almaq məqsədi ilə qanuni-əsasi verilməsini hökumətdən tələb etməyə hazırlaşır. Onun bu tələbinə menşeviklər də səs verir, bu xüsusda fəhlə və kəndlilər arasında indidən ciddi təbliğat aparırlar. Lakin bizim yolumuz aydın, cəbhəmiz məlumdur: biz çar mütləqiyyətini yıxıb fəhlə-kəndli dövləti qurmalıyıq. Buna görə də biz nə etməliyik? Burjuaziyanın öz faydasına hökumətdən tələb etdiyi qanuni-əsasini iç üzünü, menşeviklərin proletariata xain çıxdığını açıb göstərməliyik. Menşeviklər hər yerdə məğlub olur. Müsəlman fəhlələri dəstə-dəstə axıb təşkilata yazılır. Bilirsiniz ki, müsəlman fəhlələri bizim üçün böyük qüvvədir. Onları firqəmizə cəlb etməyincə mədənçilərə qalib gəlmək olmaz! Biz yaxın zsamanda uzun, davamlı tətillərə və nümayişlərə başlamalıyıq.

Azad sonra qəti bir səslə sözünə davam etdi:

- Bakı Komitəsindən aldığım məlumata görə hökumət də bizim tətillərin, nümayişlərin qabağını almaq üçün böyük hazırlıq görür. Inqilabı yatırmaq məqsədi ilə erməni-müsəlman qırğını salmaq üçün tədbirlər görür.

Araz əlini dizinə vurub:

- Vay, şeytan oğlu şeytan, öz başını qorumaq üçün gör nləər düşünür, - deyə heyrətlə Azadın üzünə baxdı. Yoldaşlardan bir neçəsi onun sözünə və hərəkətinə güldülər. Qaraşin, xoşsima gənc:

Məsələnin ciddiliyi hamını düşündürürdü. Arazın qaşları çatılmış, siması bulud kimi tutulmuşdu. Azad düşüncəli halda başını qaldırıb davam etdi:

- Bu faciə kəndlərdən əvvəl şəhərlərdə oynanacaq. Faciənin baş rolları müsəlman qoçuları ilə erməni daşnaqlarına veriləcək. yerli burjuaziya ilə erməni burjuaziyası arasında çoxdan bəri kəskin bir rəqabət davam edir. Erməni kotolikosu Bakıya gəldiyi zaman erməni burjuaziyasına: “ey Bakı erməniləri, Nikolay deyir Tiflis mənimdir, yalan deyir, Tiflis ermənilərindir. Çünki ən böyük, möhtəşəm binalar, ticarət, qısası, şəhərin iqtisadi həyatı bizim əlimizdədir. Mən zənn edirdim ki, siz Bakı erməniləri də Bakını Tiflisə çevirmisiniz. Mən yanılmışam, burada siz mühüm bir iş görə bilməmisiniz. Böyük binalar, torpaq, ticarət əksərən yerli varlıların əlindədir” – deyə söylədiyi nitq bu rəqabət və düşmənçiliyi bir qat daha artırmışdır. Bunu hökumət çox yaxşı bilir. Buna görə də iki millətin burjuaziyasından da istifadə edəcək. arada zərər çəkən yenə hər iki tərəfin zəhmətkeşləri olacaqdır.

Azadın qısa məruzəsindən sonra yığıncaqda iştirak edənlərdən bir neçəsi də çıxış etdi.

Mişanın xəyanəti haqqında isə Vanya özü danışdı. O, Mişanı izlərkən topladığı bütün məlumatı, gördüklərini olduğu kimi nağıl etdi. Qayıqdakılar heyrət və qəzəblə onu diqqətlə dinləyir, arabir Mişanın ünvanına nifrətli sözlər yağdırırdılar. Vanya çıxışını bitirdikdən sonra Mişanın xəfiyyə paltarındakı şəklini iclasdakılara göstərdi. Onun xain olması haqqında artıq heç kimdə şübhə qalmadı. Sonra yenə Azad söz aldı. O özünə məxsus təmkinlə sözə başladı:

- Yoldaşlar, Mişa hadisəsi göstərir ki, mütləqiyyət nökərləri firqəmizə zərər yetirmək, içərimizdə qarışıqlıq salmaq üçün bizim öz aramızdakı adamlardan da istifadə edir. Bu hadisə bizi bir daha ayıq olmağa, sıralarımızı möhkəmlətməyə çağırır. Mişanın özünə gəldikdə isə hələ bir müddət onu özümüzdən hürkütməməli, onun vasitəsi ilə hökumətin görmək istədiyi gizli tədbirləri qabaqcadan öyrənməli, jandarm idarəsində bizim təşkilatın işləri haqqında yanlış təsəvvür oyatmaq üçün ona səhv məlumatlar verməliyik. Başqa yerlərə soxula bilməməsi üçün isə, Mişa haqqında qonşu mədən partiya təşkilatlarına xəbər verilmişdir. O hələlik bizim üçün qorxulu deyil. Onun ifşa olunacaq günü isə təşkilat özü müəyyənləşdirməlidir.

Azadın çıxışı yığıncaqdakıları tamamilə qane etdi. Bu məsələ ətrafında danışmaq üçün söz alan gənc bir fəhlə Azadın fikirləri ilə razı olduğunu bildirdikdən sonra bu işdə son dərəcə ehtiyatlı olmağı, Mişanın şübhələnməsinə yol verməmək üçün möhkəm iradə nümunəsi göstərmək lazım gəldiyini söylədi. Axırda yığlncaq müvafiq qərarlar qəbul etdi.

 

 

DÖRDÜNCÜ  FƏSİL

 

I

 

Bazar günü idi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb fəhlə qışlasına getmək istəyirdi. Əlisəfanın qapısı yanından keçərkən əncir yanında durmuş bir nəfər:

- Ay Araz, hara belə tələsirsən? – deyə onu səslədi.

Araz dönüb baxdıqda kəndlisi Əsədi tanıdı. Görüşdükdən sonra onu evinə dəvət etdi. Əsəd:

-   Yox, evlik işim yoxdur, otur buradaca danışaq, - deyə Arazın təklifini rədd etdi. Hər ikisi oturdu. Araz soruşdu:

-   Kənddə nə var, nə yox? Çoxdan xəbər tuta bilmirəm.

-   Bilirəm başın çox qarışıqdı. Doğrusu, əvvəllər bütün kənd sənin dalınca danışırdı, biri də mən: “buna bax, Balakişinin oğlu gedib nə olub, nə olub, bolşevik olubdur” – deyirdik. Ancaq sizin bu axırıncı çıxışınızdan sonra kəndlilərin fikri yaman dəyişib. Onlar deyirlər ki, bu Nikolaya fəhlələrdən başqa heç kəs bata bilməz. Bir de görüm, işləriniz necədir?

-   Pis deyil, yaxşıdır, - deyə Araz cavab verdi.

Əsəd mənalı-mənalı gülümsəyərək:

-         Təzə xəbəri eşitmisənmi? – deyə soruşdu.

-         Hansı xəbəri?

-         Deyirlər ermənilər bizi qırmaq üçün bərk hazırlaşırlar. Bundan xəbərin varmı? Bu necə işdir?

Araz suala sualla cavab verdi:

-         Bunu sənə kim dedi?

-         Bütün kənd danışır.

-         Axı, bu xəbəri kəndə yayan kimdir?

Əsəd bir az duruxdu. Sonra yavaçca:

-   Əgər aramızda qalsa, deyərəm, çünki o adama mən söz vermişəm, - dedi.

-   Qorxma, de!

-   Sizinlə işləyən Semyon yayır.

Araz bir az düşündükdən sonra dedi:

-         Əsəd, hər kəsin sözünə inanma, sən bilirsən o Semyon dediyin adam kimdir?

-         Yox, yaxşı tanımıram. Ancaq bir həftədir mənimlə yaman dostluq edir.

-         Dediyin adam xəfiyyədir, adı Semyon yox, Mişadır. Semyon adını ona sonradan veriblər. Görürsən, Nikolay cəbhədə basılır, fəhlələr, kəndlilər hər yerdə baş qaldırır, hökumət bunun qabağını almaq üçün ortaya fitnə salmaq istəyir. Sənə dediyi kimi bu sözü ermənilərə də deyir: “ay ermənilər, müsəlmanlar sizi qırmağa hazırlaşır, siz isə yatırsınız!” Ermənilərin də sənin kimi qoçuları bu fitnəkar sözlərə inanıb, bunu xalqın içinə yayır. Başa, düşdün? Get, dediyim sözləri kəndlilərə başa sal. Onları arxayın elə. Semyon məsələsi isə öz aramızda qalacaq. Bunu heç kim bilməməlidir.

Əsəd:

-         Qəribə söz danışırsan, mən gedib xalqın başı altına yastıq qoyum, yatsın? Bəlkə sonra doğru oldu? Ermənilər bizim üstümüzə gələndə biz arvad kimi qaçıb deşiklərə təpilək? – dedi.

-         Erməni sənin üstünə gələndə deşiyə təpil deyən yoxdur; ancaq sən tüfəng götürüb erməni üstünə getmə.

Əsəd ayağa qalxdı. Arazın məsləhətindən razı qalmadığı onun üzündən, gözündən sezilirdi. Qaşlarını çataraq acıqlı bir səslə:

-         Yox, sözlərin beynimə batmadı. Bu it oğlu Nikolay yəni o qədər ölü oldu ki, beş, on ac-lüt fəhləyə də gücü çatmadı? Zalımın qoşunu dünyanı basıb gedir. Burda bir iş var, belə deyil. Kişi bizə silah da boyun olur. Bu fürsəti qaçırmaq olmaz. Silahımızı alarıq. Erməni üstümüzə gələr, cavab verərik, gəlməz, nə itiririk. Hələ sağ ol!

-         Bura bax, heç bilmirəm o Mişa sənə silahı hardan verir?

-         Nəyimə gərək? Mən elə bilirəm sizin təşkilat tərəfindəndir; demək hökumət tərəfindən verilirmiş. Bizim üçün nə fərqi!

Əsəddən ayrıldıqdan sonra Araz bu hadisəni təşkilata tezliklə xəbər vermək üçün fəhlə qışlasına tərəf yönəldi. Mişanın ara qarışdırması onu yaman acıqlandırmışdı. Kim bilir əlinə düşsə ondan necə intiqam alardı. O bu acı düşüncələr altında əzilə-əzilə gedərkən arxadan çiyninə bir əl toxundu. Dönüb baxarkən Mişa gülə-gülə: “hara gedirsən?” – deyə soruşdu. O, Mişanı görüncə başı dumanlandı, qəlbi şiddətlə vurmağa başladı. Nə edəcəyini bilməyən adamlar kimi, kinli gözlərini bir saniyə onun gözlərinə dikib qaldı. Onun bu halı Mişanı da şübhələndirdi. “Bu sadədil adam mənim kim olduğumu yəqin öyrənmiş” – deyə düşünməyə başladı. Çünki hər zaman ona qardaş kimi yanaşan, bütün dərdini, sevincini onunla bölüşən dostu, indi ona bir düşmən kimi baxır, gözlərində kin və heyrət qığılcımları uçuşurdu. O birdən-birə:

-         Nə var, Araz, sənə nə olub? – deyə soruşdu. Bu bir saniyə içində onun zehnindən çox şey keçdi. Yalnız bir xəyal onun bütün düşüncələrini alt-üst etdi. Bütün iradəsini toplayaraq gözlərini yerə dikdikdən sonra:

-         Bu gün eşitdiyim qara xəbər məni çox narahat edir, - deyə cavab verdi.

Mişa heyrətləndi:

-         Nə xəbər?

-         Mən eşitmişdim, inanmırdım. Bu gün dayım oğlu yanıma gəlmişdi. Deyir, ermənilər müsəlmanları qırmaq üçün hazırlaşır. Bu sözü şəhərdə hamı danışır. Təşkilat isə bizim başımızın altına yastıq qoyur. Yox, mən bu məsələdə təşkilatın fikrinə şərik ola bilmərəm. Ancaq söz öz aramızda qalsın, bu iş məni çox qorxudur, - deyə çox mütəəssir bir halda cavab verdi.

Mişa, Arazı saf və sadədil bir adam kimi tanıyırdı. Bu söz onu bir neçə cəhətdən sevindirdi: əvvəla, kənddə əkdiyi zəhərli toxumlar göyərmişdi; ikinci, onun xəfiyyə olduğunu demək Araz bilmirdi; üçüncüsü o, erməni-müsəlman ədavətinə sadədil Arazı da çəkə biləcəkdi. Bu surətdə o həm qırğını şiddətləndirəcək, həm də Arazı təşkilat yanında ləkələyəcəkdi. Bu dadlı xülyalarda məst olan Mişa, Arazın qolundan çəkib yerə oturdu və dedi:

- Əziz dostum, bu əhvalatı mən çoxdan bilirəm. Buna bir məna verərlər deyə, sənə və başqa müsəlmanlara danışmağa qorxurdum. Indi sənə açıq deyirəm: ermənilər siz müsəlmanları qırmaq üçün böyük hazırlıq aparır. Səndən nə gizlədim, mənim qardaşım adi çəkməçi deyil, o həm də monarxist oktyabristlər partiyasında mühüm vəzifə daşıyır. Məsləkcə tamam başqa adamdır, biz başqa adamlarıq. Onu bu yanlış yoldan uzaqlaşdırmaq üçün nə qədər çalışıram, mümkün olmur. Əgər öz məsləkində qalmağa inad etsə, mən ondan uzaqlaşmağa məcburam. Hələlik yanına gedib-gəlirəm. O mənim kimi aciz deyil, dilli, bacarıqlı, cəsur bir adamdır. Onun yanına çəkmə, botin tikdirmək üçün çox daşnaq gəlir. onlar qardaşıma bərk hazırlandıqlarını söyləyirlər. Bu qırğın, çübhəsiz, olacaq. Ancaq mənim müsəlmanlara yazığım gəlir. onların əlsiz-ayaqsız yoxsul təbəqəsi arada qırılıb məhv olacaq. Bu xüsusda təşkilat bizə heç bir kömək edə bilməz. Bunun qarşısını özünüz indidən almalısınız.

Araz onun bu riyakar sözlərini böyük bir səbir və mətanətlə dinlədi. Qəlbini tamamilə ovlamaq və son fikrini bilmək məqsədi ilə dedi:

- Ax, Mişa! Onu mən də başa düşürəm, ancaq lüt bir fəhləyəm. Silah olsa bizim rayondakı bu beş para kəndi əjdhaya döndərərdim, - dedi.

Mişa gülümsəyərək:

-         Mən sənə silah tapsam və verərsən? – dedi.

-         Get, lotunun biri, mənə silah tapana bax. Sən silahı hardan taparsan?

-         Heç bilirsən monarxistlərin nə qədər silahı var? Qardaşım bu işi düzəldə bilər.

-         O, bu köməkliyi etsə, bizə böyük minnət qoymuş olar. Bir az arxayın olaram.

Mişa əlini onun əlinə vurub gülə-gülə:

-         İki günə sənə iki yüz tüfəng, on min patron verərəm, - dedi.

-         Sən bu yaxşılığı etsən, mən də sənin xəcalətindən çıxaram, - deyə Araz öz razılığını bildirdi. Sonra ətrafa boylanıb yavaşca:

-         Ancaq, Mişa, mən ölüm bu işi bizdən başqa kimsə bilməsin. Çox ehtiyatlı olmaq lazımdır. Səsə düşsə, təşkilat yanında sən də, mən də biabır olarıq, - dedi.

Mişa onun qolundan tutub qaldırdı, gedə-gedə:

- Sən dostunu o qədər də avam bilmə. Bu şeyləri az-maz mən də bilirəm, - dedi.

Hər ikisi danışa-danışa gedərkən, Vanyaya rast gəldilər. Vanya gülə-gülə:

- Dostlar, hara gedirsiniz? – deyə soruşdu.

Araz məmnun bir tövrlə:

- Mən fəhlə qışlasına gedərkən Mişaya rast gəldim. Sən hara gedirsən? – deyə soruşdu.

Vanya Arazın sualını cavabsız buraxdı, qolunu hər ikisinin qoluna keçirdikdən sonra Mişadan soruşdu:

- Mişa, sən indi harda işləyirsən?

Mişa işdən çıxarıldığı, çəkməçi qardaşının köməyi ilə yaşadığı və heç yerdə iş ptapa bilmədiyi haqqında Vanyayaməlumat verdi.

Vanya bir qədər düşündükdən sonra başını qaldırıb:

- Yaxşı, sabah tənəffüs zamanı gəl, mən sənə iş taparam, - dedi.

Vanyanın bu vədi Mişanı çiçək kimi açdı. O bir az da yaxınlaşıb:

- Yaxşı, sabah gələrəm, - dedi, sonra təkrar sözə başladı: - Vanya, vəziyyətin nə qədər ağır olduğunu bilirsən. Bizim təşkilat nə üçün susmuşdur, heç bir fəaliyyət göstərmir? O kimi, nəyi gözləyir?

Vanya ona bir şey sezdirməmək üçün təbii bir səslə:

- Bu məsələ bütün fəhlələri düşündürür. Əvvəllər arabir gizli yığıncaqlarımız olurdu. Indi tamamilə susmuş kimidir. Yəqin rəhbərlər fəhlələri qırğına verməkdən qorxur. Əlbəttə, çar kazakı, çar polisi ancaq çar məmurlarını tanıyır, onlar əmr quludur. Nə əmr etsələr ona itaət edirlər. Ona görə də hökumətə qarşı üsyan etmək zənn etdiyimiz qədər asan deyil, ehtiyatlı olmaq lazımdır. Biz bu gün ancaq vəziyyətimizin yaxşılaşmasını tələb edə bilərik, - dedi.

Bu sözlər Mişanı tamamilə qane etdi. Bir az söhbət etdikdən sonra ayrılıb getdi.

Vanya əli ilə Arazın qoluna vurub:

- Dostuna yaxşı azdırma verdinmi? – deyə soruşdu.

Araz gülümsəyərək:

- Azdırmanı yaxşı verdin. Ancaq sən ona harda iş tapacaqsan?

Vanya onun fikrini anlayıb:

-   Bilirəm sən nə deyirsən. Ona Şəmsinin mədənində iş tapacağam. O mədən tamamilə bizim tərəfimizdədir. Qorxma, üstündə otuz göz qoyacağam. O hələlik bizə lazımdır, çünki belə azdırmalarla biz ondan çox istifadə edə bilərik.

-   Mən sənin bu fikrinə tamamilə şərikəm. Bu gün mən də ona belə azdırmalardan vermişəm, - deyə Araz Vanyanın fikrini təsdiq etdi. Sonra Araz Mişa ilə aralarında olan söhbəti olduğu kimi Vanyaya danışdı. Axırda isə dedi:

-   Montaşevin mədənində daşnaqlar arasında təbliğat apardıqdan sonra onlara da belə bir təklif etmişdir. Dünən mənə Qriqor dedi.

Vanyanın halı və rəngi dəyişdi. Birdən-birə dayanıb hiddətli səslə:

- Tfu, alçaq, - deyə bağırdı.

Sonra Arazdan soruşdu:

-         Sən hansı dəstədə manqabaşısan?

-         Üçüncü dəstədə.

-         Mən dördüncü dəstədə. Demək hələlik beş dəstəmiz var.

-         Beş nə üçün? Bibiheybət rayonunda da iki. Hamısı yeddi dəstədir. Hər dəstədə 50 nəfərdən 350 nəfərə kimi əli silahlı fəhlə var. Rus, erməni və müsəlman fəhlələrindən təşkil edilmiş bu dəstələr neft rayonlarındakı iki qardaş xalq arasına salınan ədavətin qarşısını ala biləcək. ancaq şəhərə əlimiz çatmır. Ora da kömək edə bilsəydik...

Vanya:

- Təşkilat şəhərdə də ciddi tədbirlər görmüş və görməkdədir. Sən Mişanın vəd etdiyi silahları tezliklə əldə etməyə çalış. Donuzdan bir tük də qənimətdir. Bu silahların bizə böyük köməyi dəyəcəkdir. Mənsə indi Azad yoldaşla görüşməli, onu məsələdən xəbərdar etməli və göstərişlər almalıyam. Hələlik sağ ol, Mişanı gözdən qoyma.

 

 

II

 

Fəhlələr qum üstündə toplanıb danışırdılar. Qriqor alnının tərini silə-silə onlara yaxınlaşdı. Yoldaşları onu yorğun-arğın görüb soruşdular:

- Hardan gəlirsən, Qriqor?

Qriqor başından furajkasını götürüb:

- Şəhərdən... Kaş getməyəydim, daşnaqlar qoçu Ağarzanı öldürdülər, bunun axırı yaxşı görünmür, - deyə əlinin tərsi ilə üzünün tərini sildi.

Araz onun ətəyindən çəkib:

- Otur, danış, səndə xəbər var, - dedi.

Qriqor oturub gördüklərini nağıl etməyə başladı:

-         Qoy sizə əhvalatı təfsilatı ilə söyləyim. Deyirlər ki, qoçu Ağarza bir erməni qadını ilə yaşayırmış. Qadın olduqca gözəlmiş. Öz ərini sevmədiyinə görə gecə yatdığı yerdə Ağarza ilə birlikdə onu öldürür. Bu hadisədən daşnaq nümayəndələri xəbər tutub Ağarzanı öldürməyə qərar verirlər. Bu gün, bazar günü daşnaqlar kilsə ayinindən sonra dəstə-dəstə küçəyə çıxarkən təsadüfən qoçu Ağarza da o küçədən keçirmiş. Ağarzanı görən kimi onlar hər tərəfdən hücum etmiş və onu öldürmüşlər.

-         Onu öldürənləri sən özün də gördünmü? – deyə Araz maraq və həyəcanla soruşdu.

-         Mən Parapetdə oturub, erməni dostlarımdan biri ilə söhbət edirdim. Birdən atışma davam edirdi. Bunun nə olduğunu heç kəs bilmirdi. Gördüm adamlar erməni kilsəsinə tərəf axır, mən də getdim. Kilsədən çıxan daşnaqlar fayton yanında yerə yıxılmış bir meyitə yanaşıb tapancalarının güllələrini onun başına boşaldır, heç bir şey olmamış kimi uzaqlaşıb gedirdilər. Mən bir nəfərdən öldürülənin kim olduğunu soruşdum. O mənə “Qoçu Ağarzadır” – deyə cavab verdi. Meyitə azından əlli güllə vurulmuşdu. Canında sağ yeri qalmamışdı. Bu hadisənin çox pis nəticə verəcəyini bildiyim üçün onu ətraflı öyrənmək istədim. Deyirlər Ağarzanın qardaşları meyiti soyundurub açıq bir arabada küçələri gəzdirə-gəzdirə “Ay müsəlmanlar, bir görün ermənilər bizim qardaşımızı necə öldürüblər” – deyə xalqı ermənilərə qarşı qaldırmağa çalışırlar.

-         Bu işə polis qarışmırdımı?

-         Polis nəfərləri sevindiklərindən küçələrdə bığlarını eşirdilər. Bu fitnəni törədən elə hökumətin özüdür! Bunun axırı yaman olacaq. Bir tərəfdən hökumət, bir tərəfdən də bizim burjuylar, qoçular bunu şişirdib gör bir nə fitnə çlxaracaqlar. Arada hər iki tərəfdən yenə əlsiz-ayaqsız adamlar tələf olacaq.

Araz axşama qədər yoldaşı ilə dərdləşdi. Bu hadisə ona çox təsir etmişdi. O, Vanyanın yolunu çox gözlədi, lakin Vanya gəlib çıxmadı. Araz axşamüstü yorğun və pərişan halda evə qayıtdı.

Son günlər evə gec-gec gəldiyi, həmişə fikirli və pərişan olduğu üçün Günəş onu xeyli məzəmmət etdi:

- Yenə evdə-eşikdə tapılmırsan. Bu təşkilat sənin başına təzədən bir bəla açmasa yaxşıdır.

Araz:

- Sən mənim işlərimə qarışma, - dedi, - kişinin başı qalda gərək.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info