Qonaq Kitabı
ARAZ

-   Sağ ol, ruhum, qəlbim, sən məni arzuma çatdırdın! – dedi. Bu söz Varislə bu şıltaq qız arasında olan pərdəni tamamilə yırtıb parçaladı. Qız yorğanı açıb sevə-sevə yatağın üzərinə çəkdi, sonra dodaqlarını Varisin dodaqlarına yaxınlaşdırdı. Onlar beşyüzlüklərin xışıltısı altında məhəbbətlə öpüşdülər. Varis ehtirasla parlayan gözləri ilə qıza baxaraq:

-   Gözəlim, daha nə istəyirsən? – dedi.

Qız cavab əvəzinə lampanın işığını azaltdı... Sönük sarımtraq lampa işığında inləyən otağın sükutunu yalnız beşyüzlüklərin xışıltısı və bucaqda ölümlə pəncələşən milçəyin vızıltısı pozurdu...

Varis ertəsi gün mehmanxanada Qənbəri çox gözlədi, lakin o gəlib çıxmadı. Əhvalatı ona təfsilatı ilə danışmaq və əldə etdiyi qələbəni bildirmək üçün qalxıb getdi. Qənbərin vaxtilə “mən burada yaşayıram” – deyə ona göstərmiş olduğu möhtəşəm bir binanın qapısını döydü. Qapıya xidmətçi bir qadın çıxdı.

Varis nəzakətlə:

- Qənbər evdədirmi? – deyə soruşdu.

Xidmətçi heyrətlə ona baxdıqdan sonra:

- Qənbər kimdir? – dedi. – Burda Ali məhkəmənin sədri Lukyanov yaşayır.

Varis o gün axşama qədər Qənbəri axtardı, ondan bir xəbər tuta bilmədi. Axşam qızın evinə getdi. Qapıya yaxınlaşdıqda yerindəcə qaldı. Qapı açıq, otaq bomboş idi. Oba köçmüş, yurdu qalmışdı. Varis bu sirli əhvalatdan çaşıb qaldı. Heyrət və iztirab içində oradan geri dönərkən, dalandara rast gəldi, ondan:

- Xanım hara köçmüşdür? – deyə soruşdu.

Dalandar onu şübhəli baxışla süzdükdən sonra dəmir bir qab içinə toplamış olduğu zibili darvaza ağzında qoyulmuş böyük qutuya boşalda-boşalda:

- Kim bilir hara köçmüşdür! Hər halda buradan qazanclı bir yerə! – deyə cavab verdi.

Varisin bütün vücudu titrədi. Əsəbi bir səslə:

- Necə qazanclı yerə? Sən nə deyirsən? – deyə ona bağırdı.

Dalandar acıqla:

- Canım, çıx get, bir fahişənin hara köçdüyünü mən haradan bilim? – deyə cavab verdi.

Varis qızıb özündən çıxaraq:

- Sus! – deyə çığırdı, - doğrudanmı o fahişədir?

Dalandar dönərək, gedə-gedə:

- Ən adisi, - deyə cavab verdi.

Varis oradan başıodlu çıxdı. Lakin dalandarın sözlərinə hələ inanmaq istəmirdi. Hər necə olsa Qənbəri tapmalı, əhvalatı ona danışmalı idi.

Oradan restorana gəldi. Restoran sahibinə yanaşıb:

- Hər gün mənimlə yemək yeyən adamın evi haradadır? – deyə soruşdu.

Restoran sahibi, bir şey duymuş kimi, mənalı-mənalı gülümsəyərək:

-       O cibkəsənimi deyirsən? Onun harada yaşadığını mən bilmirəm, - dedi.

-       Sən nə danışırsan? O cibkəsəndir?

Restoran sahibi yenə gülərək:

- Həm də ən məşhurudur, - deyə cavab verdi.

Həştərxanda var-yoxu əlindən çıxdıqdan sonra Varis kor-peşman Bakıya qayıtmışdı. Bir dəfə Nikolayevski küçəsindən keçərkən keçmiş sinif yoldaşı Şamilə rast gəldi. Şamil Peterburq Tibb İnstitutuna imtahan vermək üçün latıncadan hazırlaşırdı. Köhnə yamaqlı geyiminə baxmayaraq, başındakı tələbə furajkası ona çox gözəl yaraşırdı.

Varis Şamili istehzalı bir baxışla süzdü. Onun Peterburq Tibb İnstitutuna girmək istədiyini öyrəndikdən sonra dərindən içini çəkdi:

- Gərək adamda bəxt olsun... – dedi. – Mən varlı olduğum halda orta məktəbi bitirib bu şapkanı qoya bilmədim. Sən Peterburqa oxumağa hansı pulla gedirsən? – Varis sonra acı-acı gülərək yenidən təkrar etdi: - doğrudan, adamın gərək bəxti olsun.

Şamilin orta məktəb diplomunu nə qədər zəhmət və əziyyət əldə etdiyini Varis çox gözəl bilirdi. Onun belə qaba hərəkəti və ona bir düşmən kimi yanaşması Şamili çox qəzəbləndirdi. O özünü toplayaraq ciddi bir tövrlə:

- Taleyi hər kəs özü yaradır. Sən öz taleyini kor qoydun, ona mən neyləyim? Hansı pulla Peterburqa oxumağa getməyimə gəlincə, o mənə aid bir məsələdir, - deyə cavab verdi.

Şamilin ciddi söylədiyi bu sözdən Varis çox pozuldu. Əli ilə onun çiyninə vurub:

- Oho! Diplom və doktorluq xülyası səni yaman qudurdubdur. Bir yerdə oxuduğumuzu, dərs kitablarını almaq üçün dilənçi kimi atalar şurasına əl uzatdığın günləri yadına sal! – deyə üzünü ondan çevirib, cavab almadan sürətli addımlarla uzaqlaşıb getdi.

Şamil yerindəcə donub qaldı. Onun dalınca bağırmaq, onu dayandırmaq və cavab olaraq bir neçə kəsərli söz demək istədi. Lakin deyə bilmədi. Boğazına sanki ağır bir şey tıxanmış, gözləri dumanlanmışdı. Heç bir pislik etmədiyi halda bu adamın yersiz təhqirindən daxilində müdhiş bir fırtına baş qaldırmışdı. O fırtına Şamilin gözləri qabağında ictimai quruluşun o vaxta qədər görə və duya bilmədiyi bir çox yarğanını açdı. Dodaqlarını gəmirərək biixtiyar:

- Ah, alçaq, - deyə bağırdı.

Varislə Şamilin görüşündən tam beş il keçdi. Şamil Peterburqda ali təhsilini bitirib Bakıya qayıtmış, özünə yoxsul bir kabinə düzəldərək, xəstə qəbul etməyə başlamışdı. Bir gün növbəti xəstə qəbulu zamanı skeletə bənzər bir adam içəri girdi. O, qapının ağzında durub:

-   Məni qəbul edərmisiniz? – deyə soruşdu. Şamil tanımadığı bu adama diqqətlə baxdıqdan sonra:

-   Buyurun! – dedi.

Həmin adam içəri gəlib:

- Məni ya tanımırsınız, ya da tanımaq istəmirsiniz, - dedi. – Sizi bu gün həm təbrik etməyə, həm də sizdən üzr istəməyə gəlmişəm.

Şamil ancaq diqqətlə baxdıqdan sonra incə, sarı göz qapaqları içində sönük şüşə kimi parıldayan gözlərindən onun Varis olduğunu bildi. Az zaman içində onun bu qədər dəyişildiyinə heyrət etdi. İyirmi beş bahar görmüş bu adam altmış xəzan keçirmiş qoca kimi yorğun, xəstəhal və ölgün görünürdü. Şamil Varisin vaxtilə söylədiyi acı sözləri unutmamışdı. Lakin özünə doğru uzanan əlləri tutub, onu yanındakı skamyaya oturtdu.

Varis Şamili nəzərdən keçirtdikdən sonra:

- Şamil, uşaqkən sən məndən zəifdin, indi yaxşısan, - dedi.

Şamil onu bir də diqqətlə süzərək:

- Ancaq, Varis, sən çox dəyişmisən, - dedi.

Varis stolun üstündəki qələmi əli ilə oynada-oynada:

-           Dəyişilmək təbiətin qanunudur, neyləyim ki, bu qanunu durduracaq, dəyişdirəcək qüvvətim yoxdur.

-           Lakin sən çox tez dəyişilmisən.

-           Doğrudur, mənim həyatımın təkərləri çox sürətlə hərlənir!

Şamil gülərək:

-       O halda yağını az sürt!

-       Onun təkərləri yağ sürtmədən hərlənir. “Alışmış qudurmuşdan yaman olur” – deyirlər.

Hər ikisi susdu. Varis bir az sonra dilləndi:

- Şamil, mən xəstəyəm, xəstələr xəstəsiyəm, - dedi, - anam xəstə, atam xəstə, demək olar ki, həyatımı bütünlüklə xəstəxanada keçirirəm. Bu gün ancaq səni görmək üçün gəldim. Sabah səni evimizə aparacağam. Hamımızı müayinə et!

Varis bu sözləri deyərkən Şamil papirosunu tüstülədə-tüstülədə məktəbdə keçirtdikləri uşaqlıq çağlarını, məktəbi bitirdiyi il küçədə görüşərkən Varisin ona söylədiyi zəhərli sözləri xatırlayır, bununla belə Varisə qarşı olan kin və nifrətini unutmağa çalışırdı. Çünki Varis artıq yaşamır, sürünürdü.

- Doktor, bilirsənmi ki, adımı nə üçün Varis qoymuşlar? – deyə soruşdü və cavab almadan sözünə davam etdi: - Atam yaşı xeyli ötmüş ikən anamla evlənmişdi. Dörd-beş il uşaqları olmamışdı. “Bu dövlət, sərvət kimə qalacaq” – deyə atam dərdlənirmiş. Mən dünyaya gəldiyim zaman atam torpağa yıxılıb: “Çox şükür, mənim də bu gün artıq varisim var!” – demişdir. Ona görə də adımı Varis qoymuşdular.

Ertəsi gün Varis Şamili evlərinə apardı. Onlar geniş bir küçədə, yeni üslubda tikilmiş dörtmərtəbəli uca bir binada yaşayırdılar; pəncərələri yarımqapalı böyük bir otağa keçdilər. Varis cəld pəncərələri açıb xəstələri gətirmək üçün getdi. Şamil otağı diqqətlə nəzərdən keçirtdi. Otaqda hər cür zəngin ev müxəlləfatı vardır. Divarda mahir bir rəssam fırçasından çıxmış, qışı, xəzanı və dəniz fırtınasını göstərən üç tablo asılmışdı. Şamil hər üç tablonu böyük bir maraq və diqqətlə seyrə başladı. Ən çox diqqətini cəlb edən dəniz fırtınasının təsviri idi. Buludlu göydən yağış tökülür, ildırım çaxır, coşub qaynayan köpüklü dalğalar fırtınaya tutulmuş gəmini bir top kimi atıb-tuturdu. Dəli dalğalar üstündə dağ təpəsi kimi görünən gəmi digər bir dalğa arasındakı uçurumlu dərələri andıran boşluqlar arasına yuvarlanacaq bir vəziyyət almışdı. O, tablonun təsvir etdiyi dəhşəti təhlil edərkən qapı açıldı. Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi. Varis Şamili göstərərək:

- Sinif yoldaşım doktor Şamildir, tanış ol! – dedi.

Aslan bəy Şamilin əlindən tutub:

- Xoş gəlmisən, - dedi.

Oturdular. Aslan bəy Şamili diqqətlə süzdükdən sonra Varisə:

- O zaman oxusaydın, indi sən də adam olmuşdun – dedi.

Varis yerindən sıçrayıb əsəbi bir səslə:

- Kişi, mən oxuya bilməzdim, xəstə idim. Bu sözü sən həmişə elə yerli-yersiz deyirsən, doktorun vaxtını alma! – deyə qapını çırparaq getdi. Aslan bəyin boz və ətli üzündə, yanları qalın qırışlarla bürüşmüş qoyun göyun gözlərində hiddət qığılcımı parladı. Ağ təsək qoyduğu başına hərəkət verərək:

- Görürsən, doktor? – dedi. – Bu da oğul! Zəhmət çək, böyüt, boya-başa çatdır, bir söz deyəndə it kimi qapsın.

Bir qədər sükutdan sonra təsəki başından götürdü, arxalığının düymələrini qısa, qalın barmaqları ilə aça-aça:

- Eh... bu arxalığı da səhər-axşam geyib çıxarınca adam hövsələdən düşür, - deyə şikayətləndi. – Bu həyatın hər şeyi zəhmətlidir, hər şeyi çalpaşıqdır.

Arxalığını çıxarıb, stolun üstünə atdı. Ancaq bir köynəkdə qaldıqdan sonra soruşdu:

-       Doktor, o Peterburq necə yerdir?

-       Gözəl yerdir.

-       Adamları da gözəldirmi?

-       Gözəldir!

-       Demək, lotu, orada yaxşı kef çəkmisən?

Şamil yuxarıdan-aşağı onu nifrətli baxışlarla süzdükdən sonra müayinə etməyə başladı. Aslan bəyin siması dərhal dəyişildi, onda ağır və ümidsiz xəstələrdə görünən bir hal doğdu. Zəif bir səslə:

- Bədənimdə ağrımayan yer yoxdur, - dedi. – Bu əl, bu ayaq, bu baş, bu gövdə, elə bil mənim deyil.

Şamil onu diq        qətlə müayinə etdi. Təcrübəsinin az olmasına baxmayaraq onda köhnəlmiş və sümüklərinə qədər işləmiş beş-altı xəstəlik tapdı. Sonra Varisin anası Qəmər xanım gəldi. O da qarnından, ayaqlarının ağrısından şikayət edirdi. Varisə növbə çatanda anası Qəmər:

- Doktor, biz heç, ona çarə elə, - dedi.

Hər üçünün əsas xəstəliyi eyni idi: əsəb xəstəliyi!

Yalnız vücud və təbiətlərindəki fərqdən asılı olaraq hər birində bu xəstəlik ayrı-ayrı şəkillərdə özünü göstərirdi. Dərman yazarkən Varis soruşdu:

- Şamil, biz xəstələnərkən doktora gedirik, bəs doktorlar xəstələnərkən hara gedirlər?

Şamil gülümsəyərək:

- Təbiətin geniş qucağına – deyə cavab verdi.

Varis gülə-gülə:

- Anladım, bu yay hara getsən, səndən əl çəkən deyiləm, - dedi.

 

 

 

II

 

Dondurucu və sərt bir qış idi. Səhər erkən paltosuz və qaloşsuz buzları ayaqları altında xışırdada-xışırdada mədənə gələn Araz soyuğun iliyinə qədər işlədiyinə baxmayaraq səylə işləyirdi. Nahar fasiləsini bildirən fit çalındığı zaman Araz qızğın işdən bərk tərlədiyi halda yoldaşları ilə birlikdə öz yoxsul süfrəsini açıb yeməyə başladı. Fəhlələr deyir, danışır, Araz isə kefsiz adam kimi dinib-danışmırdı. Buruğun qırıqtaxtaları arasından vıyıltı ilə içəri soxulan külək onun tərini soyutmuş, vücudunu dondurmuşdu. Axşam evə döndüyü zaman bədənində bir ağrı hiss etdi. Sanki hər tərəfdən qabırğalarını iynələyirdilər. Araz bunlara əhəmiyyət vermidri. Günəş Arazın simasından, hərəkətindən onun xəstələndiyini bildi:

- Səni deyəsən soyuq alıb, gəl bir belinə küpə qoyum – dedi.

Araz razı olmadı, xörəyini yeyib yatdı. Səhər yenə adəti üzrə qalxıb işə getdi. Külək yenə şiddətlə davam edirdi. O gün Araz axşama qədər qızdırma içində od tutub yana-yana işlədi. Axşam özünü zor-güclə evə sala bildi. Ayaq üstə durmağa taqəti qalmamışdı. Evə yetişər-yetişməz yatağa sərildi. Günəş Arazı bu vəziyyətdə heç görməmişdi. Araz soyuqdəyməni həmişə ayaqüstə keçirərdi. Heç bir xəstəlik bu vaxta qədər onu yatağa sərməmişdi. Günəş o gücə onu küpələdi. Keçi piyi ilə bədənini ovuşdurdu. Sarıçiçək çayı dəmləyib içirdi. Bütün bu tədbirlərə baxmayaraq Arazın qızdırması get-gedə artırdı. Günəş bunu duyunca dərin bir iztirab və həyəcan içində çırpınır, nə edəcəyini bilmirdi. Səhər tezdən öz balaca qardaşı Nuruşun yanına qaçdı. Nuruş çox düşündüsə də bir şey edə bilmədi. Kənddə nə doktor var idi, nə aptek, nə də xəstəxana. Arazı şəhərə aparmaq da mümkün deyildi. Şəhərdən doktor gətirmək, aptekdən dərman almaq çətin bir məsələ idi. Bacısı Günəşin “qardaş” – deyə onun üstünə gəlməsi, onun isə bacısına heç bir kömək edə bilməməsi Nuruşun qəlbini neştər kimi dəlirdi. Nuruş çox düşündükdən sonra gedib, kənddə həkimlik edən Mirzə Rzanı çağırdı. Mirzə Rza Araza həcəmət qoymağı tövsiyə etdi. Tərləmək üçün ona aspırın də verdi. Arazı bərk tərlətdilər, lakin halı yenə də yaxşılaşmadı, qızdırması da aşağı düşmədi. Mirzə Rza daha sonralar onun qolundan qan aldı, bir sıra başqa tədbirlər gördü, ancaq bunların da faydası olmadı. Arazın xəstəliyi uzanıb daha da ağırlaşdı. O bərk öskürürdü. Günəşingecə-gündüz rahatlığı kəsilmişdi.

Bir bazar günü qardaşı Nuruşla birlikdə Arazı arabaya qoyub şəhərə, təcrübəli bir doktorunyanına apardılar. Doktor xəstəni diqqətlə müayinə etdikdən sonra üzünü Nuruşla Günəşə tutub:

- Bu neçə gündür xəstələnmişdir? – deyə soruşdu.

Günəş:

- Bu gün iki həftədir ki, yatır, - deyə cavab verdi, - iki dəfə qan qalıblar, iki dəfə də küpə qoymuşam.

Doktor başını buladı. Sonra xəstəyə baxıb:

- Bunun canı polad imiş, nə imiş ki, o qədər qan itirməyə tab gətirib, - deyə təəccüblə qaşlarını çatdı. – Başqası buna tab gətirməzdi. Ikitərəfli bərk sətəlcəm imiş. Düzgün müalicə olunmadığından xəstəliyi daha da ağırlaşmışdır, ciyərlərinin qorxusu var, ciddi müalicə lazımdır.

Doktorun verdiyi dərmanlar Araza yaxşı təsir edirdi. Xəstə yatarkən yoldaşlarının, xüsusən Vanya ilə Qriqorun tez-tez onun yanına gəlmələrinə, təşkilatın işlərindən onu xəbərdar etmələrinə baxmayaraq Arazın bütün canı yenə mədəndə, yoldaşlarının yanında idi. Odur ki, on gün sonra özünü bir qədər yaxşı hiss etcək ayağa qalxdı və Günəşin bütün təkid və etirazlarına baxmayaraq bərk darıxdığını bəhanə edib, birbaş mədənə getdi.

Araz xeyli arıqlamış və zəifləmişdi. Şəhər doktorunun verdiyi dərmanları yenə hər gün qəbul edirdi. Bir ay sonra həmin doktor onu sonuncu müayinə edərkən dedi:

- Xəstəlik bir qədər getmişdir. Ancaq bu yay ciyərlərini tamamilə sağlamlaşdırmaq üçün ab-havalı bir yerə getməlisən. Yoxsa gələn qış ciyərlərini bir də soyuq alsa, çətin sağalar.

Araz gülümsəyərək doktorun bu sözünə əhəmiyyər vermədi.

Günəş tez:

-                      Hara aparsaq yaxşıdır? – deyə soruşdu.

-                      Havası təmiz, saf olan bir yerə.

Günəş atası evindən gətirdiyi qızıl üzüyü, sırğasını satdı. Qardaşı Nuruş da bir qədər pul əldə etdi. Onlar Arazı mütləq Qarabağ kəndlərindən birinə aparmağa qərar verdilər.

Araz getməyə razı olmurdu. O bilirdi ki, elə yerlərdə istirahət etmək Araz kimi fəhlələrin işi deyil, Günəş onun bu fikrini anlayıb:

- Qorxma, pulumuz var, - deyə əldə etdiyi pulları çıxarıb ona göstərdi. Sonra bu pulları necə əldə etdiyini Araza danışdı:

İsti iyun günlərindən birində Araz Günəşlə bikrlikdə Qarabağ tərəfə hərəkət etdi. Onları yola salanlar arasında Vanya ilə Qriqor da vardı. Araz onlarla görüşüb ayrılarkən əllərini bərk-bərk sıxıb tezliklə qayıdacağını bildirdi. Sonra oğlu Poladı qucaqlayıb öpdü. Onu dayısı Nuruşun yanında qoydular.

gəldikləri yerin təbiətindəki gözəllik Arazla Günəşi məftun etmişdi. Uca, yaşıl dağlara, gur suların axdığı dərələrə, meşələrə baxdıqca heyran olub: “dünyada nə gözəl yerlər varmış” – dedilər.

Onlar Qarabağın kəndlərindən birində, gözəl mənzərəli yerdə kiçik bir otaq tutdular. Pəncərələrinin qarşısında başını göylərə dayamış qollu-budaqlı iki qocaman çinar vardı. Arazla Günəş bütün günlərini bu iki çinarın sərin kölgəsi altında keçirirdilər.

 

 

III

 

Həmişə ehtiyac içində yaşamaq, xüsusən son dövlət imtahanı Şamilin əsəblərini pozmuş olduğundan istirahətə böyük ehtiyac hiss edirdi. Təbiətcə zəngin ab-havalı və sakit bir yerə getmək qərarına gələn Şamil də Arazla Günəşin olduğu həmin kəndə gəlib çıxdı və orada qalmağı qərara aldı. Təsadüf elə gətirdi ki, o, Arazla Günəşin yaşadığı evin qonşuluğuna düşdü və gəldiyi gündən onlarla tanış oldu. Arazla Günəşin sadə və səmimi həyatı gənc doktoru maraqlandırmağa başladı. Əvvəlləri onlar Şamilə isinişə bilmirdilər., ancaq uzaqdan-uzağa dostluq edirdilər. Lakin çox çəkmədi ki, onların dostluğu möhkəmləndi, səmimi bir şəkil aldı. Şamil hər gün onların yanında olur, evlərinin qarşısındakı iki çinar ağacının sərin, məftun edən mənzərəsinə baxıb zövq alır və gözlərini kiçik bir küləkdən yarpaqları daimi hərəkətdən olan bu iki çinardan ayırmırdı. Pəncərələrin qarşısında yan-yana ucalmış bu iki qollu-budaqlı qocaman çinarın yaşıl başları boşluqlarda geniş-geniş nəfəs alırdı. Təbiət bu iki uca və nəhəng çinarda heç bir nöqsan yaratmamışdı. Onların arasından qaynayan sərin bir çeşmə yol açdığı kiçik çınqıl daşları üzərindən xoş ahəngli bir şırıltı ilə böyük çayırlara doğru axıb gedirdi. Bu iki ağacdakı sağlamlığı nəzərə çarpdıra bilmək üçün təbiət sanki qəsdən bir az uzaqda xəstə və cılız iki söyüd ağacı yaratmışdı. Hər səhər şəfəq söküldükcə bu mənzərə tamamilə başqa bir şəkil alırdı: ilk şəfəq selləri hücuma başlayınca bu iki çinar başdan-başa titrək çəhrayı sədəflər içində parıl-parıl yanırdı.

Sizə təqdim etdiyim iki bəxtiyar, pəncərələri bu gözəl mənzərəyə açılan doktorun otağı ilə yan-yana olan o biri otaqda yaşayırdı. İri gövdəli, vücudca sağlam və xoşsima olan bu iki nəfərin qıpqırmızı yanaqları gəncliklərindən bir şey itirməmiş kimi saf və parlaq idi; geyimləri, həyat və rəftarları da çox sadə və səmimi idi. Həyatın acılarını ifadə edən simalarında həm də həyata ayaq basdıqları ilk gündən onlarla bərabər doğmuş nəşəli bir təbəssüm oyanırdı.

Şamil hər səhər oyandığı zaman onları həmin iki çinar arasındakı çeşmə başında görürdü. Ağır və məşəqqətli həyat onları ailə həyatının tökmə qayalardan daha möhkəm lan sağlam təməlinə zərrə qədər rəxnə vura bilməmişdi. Onlar bir-birini elə mehriban və səmimi bir səslə çağırırdılar ki, insan qibtə etməyə bilməzdi. Şamili hər şeydən çox maraqlandıran onların həyatlarındakı sadəlik və səmimiyyət idi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info