Qonaq Kitabı
ARAZ

-         Dostun Vanya. O gün bizə gəlmişdi. Şəklini çəkdirməyi söz verdi, amma bu vaxta qədər gəlib çıxmayıbdır.

-         Sən onu hardan tanıyırsan?

-         Nevə hardan? O bizim kəndlidir. Gənclik günlərimizi bir yerdə keçirmişik. Hələ səndən nə əcəb bizə gəldin?

-         Sənə bir zəhmət verəcəyəm. Mənim müxtəlif qiyafələrdə çəkdirdiyim şəkilləri görmək istəyirəm. Mümkünsə onları göstər.

Vasya qalxıb getdi.

Bir az sonra əlində şəkillər içəri girdi. Gülə-gülə:

- Bağışla, - dedi, - səndən izinsiz bunları dostun Vanyaya göstərmişəm.

Mişa cavab vermədi. O artıq bu oxun ona hardan və nə cür atıldığını gözəlcə anlamışdı. Şəkilləri alıb, diqqətlə bir-bir nəzərdən keçirtdi. Sonra üzünü Vasyzyz tutub:

- Mənim xəfiyyə paltarında çəkdirdiyim şəkil hanı?

Vasya:

-         Burdadır, - deyə şəkilləri bir-bir yoxladı. Şəkil yox idi. O çox axtardı, şəkil tapılmadı.

-         Yoxsa Vanyaya vermisən?

-         Yox, ona şəkil vermədim. Bəlkə xoşuna gəldiyindən özü götürüb aparmışdır.

Mişa ayağa qalxıb:

-         Sən yaxşı tanımadığın adama mənim şəkillərimi nə üçün göstərirsən? – deyə əsəbi bir halda soruşdu.

-         Necə tanımadığın adam? O kimdir ki?

-         O bolşevikdir, bolşevik təşkilatının ən fəal üzvlərindən biridir.

Vasya yerində donub qaldı. Mişa ona nifrət və qəzəblə xeyli baxdıqdan sonra çıxıb getdi. Vasya dalısınca çıxıb, onu çox çağırdı. O qayıtmadı.

Mişa birbaş jandarm idarəsinə gəldi. Bütün əhvalatı və fəhlələr tərəfindən ifşa edildiyini naçalnikinə açıb söylədi. Naçalnik acı-acı gülümsəyərək:

- Sən bizə fəhlələr üçün lazım idin, - dedi, - madam ki, ifşa edildin, indi eyni məqsəd üçün səndən istifadə etməyimiz çətin olacaq.

Mişa qızardı, bozardı, bulaşıq gözlərini naçalnikin stoluna dikib qaldı. O öz üzərindəki şübhəni aradan qaldırmaq, jandarm idarəsində yenidən mövqe və etibar qazanmaq istədiyi bir vaxtda naçalnik onun artıq işə yaramadığını açıq-açığına üzünə söylədi. O çox düşündü, lakin cavab verməyə bir söz tapmadı. Naçalnik kargüzarı çağırdı. Mişanı ona göstərib:

- Buna axırıncı dəfə şərti olaraq töhmət verib işinə tik, - dedi.

 

 

 

BEŞİNCİ  FƏSİL

 

I

 

Tətil və nümayişlər gündən-günə canlanırdı. Hər gün təşkilat rəhbərləri və fəal fəhlələr tutulub həbsə atılırdı. Buna baxmayaraq, tətil və nümayiş bütün qüvvəti ilə davam edirdi. Bir çox qurban verən bu davamlı tətil və nümayişlər yatdığı zaman Doqquz yanvar hadisəsi baş verdi. Proletariatın inqilab ruhu ilə coşub-daşdığı bir zamanda Putilov zavodundan bir neçə fəhlənin qovulması böyük bir həyəcan doğurdu. Peterburqda ümumi tətillər başlandı. Fəhlələr keşiş Qaponun məsləhəti ilə çarın yanına gedib özü ilə görüşməyə və dərdlərini açıb ona söyləməyə qərar verdilər. Yanvarın 9-da böyük bir izdihamla əllərində xaç və çarın rəsmi Qış sarayına doğru hərəkət etdilər. Dəstə içindən bir neçə səs eşidildi:

-                      Saraydan fəhlələrə çarə olmaz!

-                      Azadlıq verilməz, alınar!

Keşiş Qaponun riyakar sözünə və çarın mərhəmətinə inanmış fəhlələr arasında tərəddüd və həyəcan doğdu. Bir neçə nəfər ucadan bağırdı:

-                      Qovun bu dinsizləri!..

-                      Qovun bu üsyançı şeytanları!

Kütlə irəliyə doğru dalğalandı. Bir az sonra sarayın yaxınlığında durub çardan cavab gözlədilər. Mərhəmət umduqları saray onlara yaylım atəşi ilə cavab verdi. Minlərcə günahsız fəhlə qanına qəltan oldu. Bu atəş səsi bütün Rusiyaya yayıldı. Hətta məğrur, dik başlarını göylərdəki buludlara dayamış Qafqaz dağlarını belə aşıb onun ən qüvvətli dalğası Azərbaycanın fəhlə mərkəzi olan Bakı neft rayonlarını bürüdü. Hər yerdə çarın və xaçın qanlı mərhəmətini görmüş və anlamış fəhlələr bütün qüvvəti ilə inqilaba sarıldı. Sürətlə coşub-daşmaqda olan inqilab kəndlilər üzərində də böyük təsir buraxdı. Hər yerdə kəndli hərəkatı genişləndi, bütün Rusiyanı bürüdü, mülkədar əmlakı zəbt olunmağa başladı. çar, inqilab şöləsini söndürmək məqsədi ilə məclisi-məbusan layihəsini nəşr etdi. Layihədə məclis üzvlərinə yalnız iştirak hüququ verilir, fəhlələr seçki hüququndan məhrum edilirdi. Bolşeviklərin Mərkəzi Komitəsi seçkini və məclisi-məbusanı boykot etdi.

Fəhlələr fəhlə qışlası həyətinin qapısı ağzında topa-topa durub bu haqda danışırdılar. Ucaboy, skelet kimi quru olan Vanya yumruğunu havada oynadaraq:

- Bəsdir, biz bu aclığa, qıtlığa son verməliyik, - deyirdi, - bizə heç bir faydası olmayan müharibələr açan, ölkələrin həyat damarını soran çar hökumətini kökündən devirmək lazımdır!

Onun kimi arıq, ortaboylu sarışın bir fəhlə:

-         Ey, Vanya, sən həmişə tərs danışırsan, - deyirdi, - vəziyyətin belə ağır zamanında sən bizi hara çəkirsən?

-         Acından it kimi gəbərməkdənsə, namusla düşmənlə çarpışıb ölməyə!

-         Vətənin bu vaxtında bizi də üsyanamı çağırırsan?

-         Bunu ancaq vətənin xain və namussuz oğulları edər!

-         Ey Petka, mən sizi yaxşı tanıyıram. Namusdan hər kim danışsa, siz danışmayın! Mən sizi üsyana yox, inqilaba çağırıram. Bu müharibədən biz nə qazandıq? Torpağımızmı azdır? Bu biabırçı məğlubiyyət çar üsuli-idarəsinin nə qədər çürük və yaramaz olduğunu isbat etməyirmi? Bu qanlı müharibə üzündən pullar dağıldı, çalışqan, işlək əllər səfərbərliyə alınıb müharibədə məhv oldu; təsərrüfat tamamilə pozuldu; ərzaq birə-iki bahalandı; xalq içinə aclıq və xəstəlik yayıldı. Məmləkət aclıq və ehtiyac içində çırpınır. Bunu hökumət görə-görə bu fəlakətin qarşısını almaq əvəzinə gündən-günə xəfiyyələrini artırır, xalqı sürgün və qorxu altında saxlamağa çalışır. Bax, budur müdafiə etdiyi vətən və onu əlində oyuncaq edən hökumət! Bax, budur xainlik və namussuzluq! Çarın və burjuaziyanın quyruğunda sürünən monarxistlərin nə qədər namuslu olduğu meydandadır. Siz namusdan heç bir zaman danışmayın! Namuslu oğul vətənimizi və xalqımızıbu azğın canavarın qanlı pəncəsindən qurtarmağa çalışar!

Fəhlələr Vanyanın sözünü təsdiq etdilər. Araz özünü saxlaya bilməyib gurlayan səslə söhbətə qarışdı:

- Vanya doğru deyir, çox doğru deyir. Mən bu petkalara təəccüb edirəm. Bunlar çarın nəyinə aşiqdir? Proletariat o azğın çarın, o xain kadetlərin gözünə ox kimi batdığı və onu bütün vətəndaşlıq hüququndan məhrum edib heyvan kimi yaşadığı halda, bunlar yenə burjuaziyanı, onu hamisi olan çarı dördəlli tutmaq istəyir. Bu riyakarlıq deyilmi? Sizcə, namus bu isə, bizə lazım deyil! Qoy o riyakar namus sizin olsun!

Petka dodaqaltı mırıldandı:

- Əlbəttə, Vanya kimi vətən xainlərinin sözü siz müsəlmanlar üçün əlverişlidir. Siz nə itirirsiniz?

Bunu eşidincə Araz barıt kimi partladı:

- Ey Petka, sən dodaqaltı çox mrııldanma, sözün var, kişi kimi açıq söylə. Bilirəm, sən demək istəyirsən ki, bu azğın çarın yırtıcı pəncəsi altında inləyən bədbəxt ölkələr bizim müstəmləkəmizdir. Ona görə də əhalisini gecə-gündüz heyvan kimi işlətmək, özünü inək kimi sağıb bütün məhsullar və istehsalatını daşımaq bizim haqqımızdır! Hanı? Bəs neçin sən və sənin kimi kəndini, torpağını atıb başqa ölkələrə dağılan ruslar da mənim kimi acdır?! Sən bunu heç düşünürsənmi? Xalqlar düşməni olan siz monarxistlərin kəlləsini sıldırım qayalara çırpa-çırpa bu murdar fikirləri başlardan çıxarmalıyıq.

Qriqor gülə-gülə əlini onun çiyninə vurdu:

-         Haqqın var, Araz, bunların dar beyninə bizim geniş mənada düşündüyümüz vətən kəlməsi sığa bilməz! Xalq düşmənləri olan bu millətçi ruslar başqa xalqlara təhkimçilik dövründə yaşayan kölə kimi baxır. Onlar bizim sıramızda olan şüursuzları da öz təsirləri altına almışlar. Görmürsən, ac Petka özünün də kölə olduğunu düşünüb anlamır.

-         Bir buna bax, acından sapsarı saralıb, bizim ac bəylər kimi fikrindən ağalıq keçir, - deyə Araz fikirlərini davam etdirdi. – Quru xülyadan insanın qarnı doymaz!

Qriqor:

-   Bu sözlərin heç biri onun başına girmədi. Qoy bir az düşünsün.

-   Hələ bizim içimizdə öz gücünə inanmayan, simasını itirmiş belə fəhləələr az deyil, - deyə Banya üzünü Araza tutub təzədən söhbətə qarışdı. – Bunlara öz sinfini, dost-düşmənini tanıtmaq bizdən nə qədər iradə, səbir və mətanət istəyir. Bax, təşkilatın qarşısında belə mühüm məsələlər durur.

Sərkis əlində qəzet fəhlələrə yanaşdı:

- Yoldaşlar, yeni xəbəri eşitmisinizmi? Çar canını dişinə tutub məclisi-müəssisan layihəsini nəşr edib. Layihədə biz fəhlələrə seçki hüququ verilmir.

Vanya qəzeti acıqla dartıb Petkanın üstünə atdı:

-         Buyur, Petka, buyur, bu da sənin sevimli və mərhəmətli çarın! O səni insan yerinə qoymayıb hər bir hüquqdan məhrum edir, sən onu dördəlli tutursan.

-         O bizi suyu kəsilmiş dəyirmana döndərdi, yenə əl çəkmir.

-         Mərkəzi Komitə bu seçkini və məclisi, şübhəsiz boykot edəcək. firqəmizin götürdüyü əsas xətt çox doğrudur: inqilabı dərinləşdirmək, sinfi mübarizəni kəskinləşdirmək, fəhlə və kəndli bilriyi ilə çarlığı kökündən yıxıb dağıtmaq.

-         Yaşasın inqilab!..

Yığıncağa toplanan fəhlələr get-gedə çoxalırdı. Bundan xəbər tutan menşeviklər də öz nümayəndələrini və tərəfdarlarını yığıncağa göndərmişdilər. Menşevik nümayəndələri iqtisadi tələblərlə kifayətlənməyi, burjuaziya ilə əlbir hərəkət etməyi tələb edirdilər. Çıxış edən fəhlələrin çoxu onların bu fikirlərini tənqid edir, bolşeviklərin xətt-hərəkətini müdafiə edirdilər.

Vanya ondan qabaq çıxış edən və fəhlələr arasında həmişə menşevik fikirləri yayan İmranı tənqid etdikdən sonra dedi:

- Biz acından ölsək də inqilabı axıra qədər davam etdirməliyik. Mütləqiyyəti yıxmayınca proletariata, xalqlara azadlıq, həyat və səadət yoxdur. Çar bizi müharibə zamanı qurşun qabağına göndərir, dinclik vaxtı acından öldürür.

Araz onun sözünü kəsərək:

- Menşeviklərin ikiüzlü siyasəti bizi aldada bilməz! – dedi. – Onlar çarın ikibaşlı qartalına bənzəyir. Ancaq bir fərqi var: onun hər iki başı bir-birinə bənzədiyi halda, bunların bir-birlərinə bənzəməyən iki başı, iki qəlbi var. Həm proletariatı əldə tutmaq, həm də çar quyruqları ilə yollaşmaq istəyir. Bu ikiüzlü siyasət proletariatın davam etdirdiyi inqilabda böyük zərbə deyilmi?

Arazın sözləri İmranı bərk əsəbiləşdirdi:

- Ey, bura bax, özündən çox çıxırsan, - deyə o tərs-tərs Araza baxdı. – Biz hələ qatıq kimi uyuşmaqda olan proletariatı çarın qurşunlarına qurban verə bilmərik. Bizim üçün hər bir proletar qiymətlidir.

Vanya əli ilə İmranı sakit edərək, sözünə davam etdi:

- İmran, bilirəm, səni menşeviklərə sarı çəkən onların yağlı dili, yalan vədləridir. Onlar dənizdə qopan fırtınadan qorxub sahillərə sığınan, kiçik dalğacıqlarla oynayan qorxaq şamayı balıqları kimidir. Inqilab dənizinin dərinliklərinə cummaq üçün nəhəng gərəkdir, nəhəng!

Yığıncaqdakı münşeviklərdən biri kinayə ilə:

- Çox öyünməyin, sizin də necə nəhəng olduğunuzu, bilirik! – deyə qışqırdı.

Bir başqası isə Vanyaya belə cavab verdi:

-         Biz inqilabın tədriclə inkişaf etməsi tərəfdarıyıq. Sizin kimi kal meyvəni ağacdan silkələyib yerə tökmürük.

-         Sizin üçün meyvələr həmişə kaldır. Bunlar bəhanədir. Qorxaqsınız, qorxaq. Siz proletar inqilabına əngəlolursunuz. Inqilab hər tərəfə qol-budaq atıb canlandığı bir vaxtda siz zalım bir cəllad kimi onun sağlam qollarını kəsib, çılpaq buraxmaq istəyirsiniz. Siz proletariatın üzdə dostu, ürəkdə düşmənisiniz.

Araz Vanyanın sözlərinə qüvvət verib:

- Bizi heç bir şey qorxuda bilməz! – deyə ucadan qışqırdı. – Bu, aslan müydanıdır, kim qorxur, gəlməsin, biz başladığımız inqilabı böyük rəhbərimiz Lenin yoldaşın başçılığı ilə sona qədər davam etdirəcəyik! Yaşasın inqilab!

 

 

İnqilab bütün şəhərlərə, kəndlərə, ordu və donanma içərisinə qədər yayıldı. Poçt-teleqraf və dəmiryolçular tətili də başlandı. Başını tamamilə itirmiş hökumət manifest elan etdi, siyasi azadlıq, ümumi seçki hüququ və başqa hüquqlar vəd olundu. Hökumətin bu manifesti varlı sinif və zümrələri bir qədər təmin etdi.

Ölkədə böyük bir canlanma vardı. Hər yerdə nümayişlər, mitinqlər keçirilir, siyasi dustaqlar azad edilirdi: yeni qəzetlər, məcmuələr və kitabçalar nəşr edilir, vərəqələr paylanır, hər firqə öz məfkurəsini yaymağa, öz proqramını qəbul etdirməyə çalışırdı.

Azərbaycanda yerli fəhlələrin əksəriyyətlə inqilabi hərəkatda iştirak etməsi və yerli ziyalıların müəyyən hissəsinin inqilaba rəğbəti hökuməti acıqlandırdığı kimi yerli burjuaziyanı da yaman qorxutdu. Onlar özlərini hökumətə sadiq göstərmək üçün küçə alverçilərini başlarına toplayıb rus monarxistlərinin Böyük kilsə həyətində etdikləri mitinqlərə soxulur, onlarla bilrikdə küçələrdə nümayiş edir, hər yerdə inqilabçı ziyalıları hədələyib təhqir edirdilər. Bu gedişlə xeyir gözlədikləri inqilabın nəhayət onlara məzar olacağından qorxub burjuaziya və liberal ziyalılar çar tərəfinə keçdilər. Çar İkinci dumanı açılmamış buraxdı. Inqilabçılar tutulub həbsə atıldı. Müvəqqəti olsa da inqilabı yatırmaq və istisində qızınmaq üçün xain çar quyruqları erməni-müsəlman arasında yenidən yanğın törətdilər.

Əksinqilabın hücuma keçməsinə baxmayaraq inqilabi hərəkat genişlənirdi. Bolşeviklər liberal burjua görüşləri ilə, eləcə də barışdırıcılıq siyasəti yürüdən menşeviklərlə qəti mübarizə aparır, bütün mitinq və yığıncaqlarda onları ifşa edirdilər. Fəhlələr arasında sinfi görüş və firqə mübarizəsi o qədər bərkimişdi ki, bəzən mübahisələr, deyişmə və sözləşmələr vuruşmaya çevrilirdi.

 

 

II

 

Nümayiş, dənizin göbəyindən qopub gələn və sahilə yaxınlaşdıqca genişlənən dalğalar kimi şəhərin baş küçəsinə doğru ağır-ağır irəliləyirdi. Ətraf dilsiz bir şübhə  və qorxu içində sakit-sakit inləyir, bomboş küçələrdə polis və kazak izi görünmürdü. Arabir səkilərlə keçənlər mühüm bir işi olan adamlar kimi küçələrdən tez sovuşub gedir, keçidlərdə baş-başa verən adamlar isə əlləri ilə aşağıları göstərərək, bir-birlərinə nə isə deyirdilər. Qorxunc bir hadisə eşitmiş kimi hamının gözündə həyəcan və kədər qığılcımları uçuşurdu. Bir dükançı qapı ağzında durub qorxa-qorxa qonşusuna:

-         Bu tərəflər sakitlikdir, - deyirdi.

-         Tələsmə, bir dənə salamat dükan qalmayacaq. Bu talan dalğası şəhərin hər tərəfini bürüyəcək.

Qonşu sözünü bitirməmişdi ki, o biri küçənin tinində başıpozuq bir dəstə göründü. Onlar qoltuqlarında top-top bazar malı yuxarıya doğru yeyin addımlarla gedirdilər. Hamının nəzəri onlarda idi. Kimsə əli ilə onları göstərib:

- Talançılar, talançılar – deyə bağırdı

Dükançılar bir-birinə dəydi, dükanlar bir anın içində bağlandı. Hamı küçə keçidlərinə yığışıb, bu hadisənin nə ilə qurtaracağını gözləməyə başladı. müxtəlif peşəli adamlardan təşkil edilmiş bu başıpozuq dəstələr şəhərdə qarışıqlıq törətmək və bu yolla inqilaba zərbə vurmaq məqsədi ilə hökumət tərəfindən düzəldilən bir fırıldaq idi. Bu zaman əllərində ling və çəkic olan ikinci bir başıpozuq dəstə göründü. Onları acıqlı bir baxışla süzən bir dükançı qonşusuna:

-         Bura bax, mənim dükanıma əl vursalar dayana bilməyəcəyəm, - dedi.

-         Neyləyəcəksən? Əlindən nə gələr?

-         Nə qədər gücüm var vuruşacağam, ölüb-öldürəcəyəm.

Başıpozuq dəstə fəhlə nümayişini görüncə başqa bir küçəyə buruldu. Fəhlələr əllərində qırmızı bayraqlar və üzərində “Rədd olsun mütləqiyyət!” sözləri yazılmış plakatlarla geniş küçəni n ortası ilə Marselyoza oxuya-oxuya irəliləyirdi. Silahlı qoruyucular bir-birindən aralı, nümayiş dəstəsinin ətrafında divar dibi ilə gedirdilər. Bu zaman qarşı tərəfdən başqa bir nümayişçi dəstəsi göründü. Nümayişçilərin əllərində iri xaç və çarın şəkli vardı. Onlar “Boje, tsarya xrani!” himnini oxuya-oxuya gəlirdilər. Bu dəstədəkilərin çoxu padşahpərəst və çar məmurları olan kadetlər idi. Onları arxadan, sağdan və soldan atlı kazaklar və polislər araya almışdı.

Fəhlə nümayişi fırtınalı dəniz kimi dalğanaldı. Açılan ilk güllə çarın şəklini dəlib keçdi. Padşahpərəst nümayişçilər qara bulud kimi ətrafa səpələndilər. Kazaklar və polislər də atış açdı. Hər iki tərəfdən qızğın atışma başlandı.

Iki saat çəkən bu qanlı vuruşmadan sonra yenə hər yerə bir sükut çökmüşdü.

Bu iki saat atışma içərisindəçox şey olmuşdu. Hər iki tərəf böyük tələfat vermiş, nümayiş rəhbərlərindən bir neçəsi tutulub həbsə atılmış, Araz sağ qabırğasından bərk yaralanmışdı. O, aldığı yaradan büdrədi, tez özünü doğruldub divar dibinə çəkildi. Güllə sağ böyrünü bərk yaralamışdı.

Kazaklar fəhlələrlə atışa-atışa onları Qaraşəhərə doğru çəkilməyə məcbur etmiş, küçələr boşalmış, həyat elə bil dayanmışdı; fəqət Arazın aldığı yaradan axan qan dayanmırdı. Özünü xəstəxanaya çatdırıncaya qədər qanı saxlamaq üçün əlini yarasının ağzına qoyub yavaş-yavaş gedirdi. Iki-üç kvartal getdikdən sonra küçədə iki nəfərə rast gəldi. Onlar Arazın üst-başında qan görüb ondan soruşdular:

- Sənə nə olub?

Araz əöhvalatı qısaca danışdı. Onlar Arazı xəstəxanaya apardılar. Xəstəxana müdiri onları şübhəli nəzərlə süzdükdən sonra bir müstəntiq kimi: “Bu güllə sənə harda dəydi? Siz orda nə edirdiniz?” kimi suallarla uzun-uzadı sorğu-suala başladı. yoldaşları məsələni bildiklərinə görə müdiri aldadaraq:

- Biz yol ilə vağzala gedirdik. Qarşımıza bir fəhlə dəstəsi çıxdı. Bir tərəfə çəkilib onlara baxırdıq. Birdən atışma qopdu. Kazaklar fəhlələrə, fəhlələr kazaklara atmağa başladı. Bu zaman biz qaçıb qurtarmaq istərkən yoldaşımız yaralandı, - deyə cavab verdilər.

Müdir istər-istəməz Arazı qəbul etdi. Tez doktor çağırdılar. Doktor Arazın yarasını açıb müayinə etdikdən sonra əməliyyata başladı. sonra heyrətlə yanındakı şəfqət bacısına:

- Çox ürəkli və sağlam adamdır, əməliyyat zamanı heç gözünü də qırpmadı, - deyə şəfqət bacısına baxaraq təəccüblə çiyinlərini çəkdi. Sonra o, xəstəni ikinci palataya keçirmək haqqında göstəriş verdi. Arazı doktorun müşayiəti ilə xərək üstündə ikinci palataya gətirib, boş bir çarpayı üzərinə uzatdılar. Doktor onun nəbzini yoxlayıb:

- Tərpənmə, o tərəf-bu tərəfə çevrilmə, yaran dərin və ağırdır. Ehtiyatlı ol! – dedi və üzünü şəfqət bacısına tutub, xəstəyə qayğı ilə yanaşmasını, tez-tez termometr qoyuub hərarətini ölçməsini, qızdırması artdıqda mütləq ona xəbər verməsini tapşırdı.

Xəstəxanaya gəldiyini ikinci günü Arazın qızdırmalı gözlərinə bir adam dəydi. Bu adam bir top mavi rəngli ipək parçanı şəfqət bacısı Dusyaya uzadaraq:

-           Bundan sənə gözəl bir don çıxar, - deyə gülümsədi. Dusya ipək parçanı alıb məmnun baxışlarla onu süzdükdən sonra:

-           Neçə arşındır? – deyə soruşdu.

-           Doqquz arşındır, sənə gen-bol paltar çıxar, hələ artıq da qalar.

Bu zaman o biri şəfqət bacısı Marusya əlində termometr keçərkən Dusyanın əlindəki parçanı görüb dayandı, qadınlara məxsus bir maraqla əli ilə parçanı sığallayıb baxdı. Sonra şübhəli nəzərlə bir Dusyanı, bir də yanındakı adamı süzüb:

- Bilirəm talan malıdır, - dedi. – Vicdanı olan adam bunu geyməz, qaytar özünə!

Parçanı verən adam Marusyanın bu sözündən bərk pozulıdu, qaşlarını acıqla çataraq:

- Burnunu niyə bizim işimizə soxursan? Get öz işinə, - deyə bağırdı.

Marusya dayana bilməyib, ondan da acıqlı bir səslə:

- Sənin kimi talançı və oğrular namuslu adamların da adını batırır, - deyə cavab verdi. – Heç bilmirəm oğru köpəklər birdən-birə bu qədər hardan çıxdı.

Marusya onlardan ayrılaraq, əlində termometr Araza yanaşdı. Araz talançı adamı yaxşı tanımışdı. Bu, Mişa idi. Mişa onu görməsin deyə, Araz yorğanı başına çəkmişdi. Marusya termometr qoymaq üçün yorğanı qaldırmaq istərkən Araz əli ilə yorğanın yanlarından bərk-bərk tudu. Onun bu hərəkəti Marusyanı qorxutdu. O, Arazın nəbzini yoxlamaq istədi. Araz bu vaxt yorğanın altından başını azca qaldırıb baxdı. Mişa arxası ona tərəf durub, Dusya ilə danışırdı. Araz termometri Marusyanın əlindən alıb qoltuğuna qoydu. Mişanı göstərib səs çıxarmamasını işarə ilə ona anlatdı. Lakin Marusya bundan bir şey anlamadı. Ağzını açıb nə isə demək istədikdə doktor içəri girdi. Araz doktorun səsini eşidən kimi işin daha da xarablaşdığını görüb, üzünü divara sarı çevirdi. Indi həm Mişa onu görüb tanıyacaq, həm də doktor onun inqilabçı fəhlə olduğunu biləcəkdi. Doktor içəri girərkən Mişa ilə Dusyanın otaqdan çıxdığını Araz bilmirdi. Doktor Araza yanaşıb:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info