Qonaq Kitabı
ARAZ

- Doğrudur, o yerlər neft xəzinəsidir. Bilirsənmi, sənin yerinin dörd tərəfi qonşu buruqlarıdır. Hamısı da sənin yerinin neftini çəkib aparır. Bir-iki il belə keçsə, o yerə bir nəfər də müştəri çıxmaz!

Həsənin kiçik, qara gözləri qalın qapaqları içində birdən-birə parıldadı. Gövdəsini irəli verib:

- Bəs mən nəyi deyirəm? Vaxt ikən satıb başdan eləmək lazımdır! Müştərisi də başı üstündə, sizin qonşu Dadaşovdur, - dedi.

Bu vaxta qədər sükutda iki qardaşın çəkişmə deyişməsini dinləyən Əlisəfa nəhayət, dilə gəldi:

- Gec-tez o yeri satıb, ya qazdırıb siz də varlanacaqsınız. Hamballıq Arazla mənə qalacaq.

Araz əli ilə Əlisəfanın dizlərinə vurub dedi:

- Düz demirsən, keçən ildən sən də qazanc yolunu tapmısan. Bizim alın təri ilə qazandığımız qəpik-quruş hara gedir? Hamısı sənin dükanında ərimir? Qoyun kimi hər yerdə soyulan ancaq bizik.

Əlisəfa qaşlarını çataraq, boğuq bir səslə:

-       Nə üçün soyulursuz? – deyə soruşdu. – Ət verirəm, qənd verirəm, şay, çörək verirəm, qiymətini alıram.

-       Bilirəm, bilirəm, o elə bir tələdir ki, ehtiyac bizi öz ayağımızla o tələyə salır.

Qulu mənalı baxışlarla Arazı süzərək söhbətə qarışdı:

- Siz kimsiniz?

Araz əli ilə ətrafı göstərərək:

- Bax, bu ətraf kəndlərdə yaşayan, yaxın, uzaq ölkələrdən öz zəhmətini satmaq üçün bura gələn minlərlə mənim kimi kasıb, ac fəhlə...

Qulu Araza etiraz etdi:

-           Elə demə, Allaha xoş getməz. Diş verən çörəyini də verəcək. Hər kəsin alnına nə yazılıb o olacaq. Hamı varlı olmaz ki... Elə olsa bəs bu qara işləri kim görər? Bunların hamısı Allahın hökmüdür. Araz Qulunun bu sözlərinə qəhqəhə ilə güldü. Qulu qəhqəhədən pozuldu.

-           Yalan deyirəm? Nə üçün gülürsən?

-           Hələ mədən sahibi olmamış ac fəhlə olduğun halda bir sahibkar kimi danışdığın üçün!

-           Bu gün ac olsam da, gec-tez mədənçi də olacağam, milyonçu da. Bilirəm ki, hər xəzinə üstündə bir ilan yatır. Mən o ilanlardan özümü qorumağı bacarıram.

Bu söz Quluya pis təsir etdisə də, Arazın təbiətini bildiyi üçün ağır cavab verməkdən qorxaraq:

- Allah o ilanlara bərəkət versin, onlar olmasa biz acından ölərik! – dedi.

Araz istehza ilə güldükdən sonra başını tərpədərək:

- Doğrudur, sənin kimi öz gücünə, zəhmətinə inanmayanlar ölər, - dedi.

Əlisəfa məsələnin başqa şəkil alacağnı görüb, söhbətin mövzusunu dəyişdirmək fikri ilə Arazın sözünü kəsdi:

- Qulu, sən bu işi gəl uzatma! – dedi. – Həsən yaxşı deyir, ya bu neft yerini sat, vaxt ikən başdan elə, ya da şərikli qazmağa tez bir müştəri tap. Yoxsa dörd tərəfdən qazılan qonşu buruqları o yerin neftini elə əmər ki, südü sağılmış inəyə dönər. O vaxt nə alan olar, nə də şərikli qazdıran.

Bu sözdən elə bil Həsənin yarasının üstünə köz basıldı:

- Ay camaat, siz də şahid olun, neçə ildir bu sözü ona deyirəm, amma sözümü heç saymır. Daha bəsdir, mənim torpağımda xəzinə yata-yata uşaqlarım acından ölür, özüm də it günü keçirirəm. Xalq mənə töhmət etsə də, mən öz hissəmi ayırıb satıram. Qulu öz hissəsini neylirsə özü bilsin. Buna nə deyirsiniz?

Əlisəfa barışdırıcı bir əda ilə Həsəndən soruşdu?

-       İşdir, torpağı bölüşməli olsaz hansı tərəfi Quluya verərsən?

-       Gün çıxan tərəfi...

Qulu yerindən kükrədi:

-           Xeyr, o yeri özünçün saxla, sonra deməzsən ki, aldatdım?

-           Yaxşı, qoçaq, sən hansı tərəfi istəyirsən?

-           Sən böyük qardaşsan, həm də mömin, Allah bəndəsi bir adamsan. Mən o tərəfi sənə verirəm...

Həsən bu sözdən hiddətləndi:

-           Ədə, səni böyüdən mən, bu yerə çatdəran mən, indi isti aşıma soyuq su qatırsan?

-           Soyuq su nə üçün qatıram, o bir parça torpağın, o da sən, kimə istəyirsən sat!

-           Ay nadürüst, sən bilmirsən ki, bu torpağın yaxşı müştərisi Dadaşovdur, o öz mədəninə səmt olan tərəfi istəyir.

-           Onu da bilirəm, bizim torpağın dörd bir tərəfində qazılan hər buruğun nə qədər neft verdiyini də bilirəm. Məni aldada bilməzsən. Arazdan soruş, o sənə hamısını desin.

Iki dizi üstə oturub onların çəkişmələrini dinləməkdə olan Araz varlanmaq həvəsində olan bu qardaşların aqibətini görürmüş kimi başını mənalı-mənalı tərpədərək cavab vermədi. Iki qardaş arasında torpaq üstündə olan mübahisə getdikcə qızışıb, axırda bir dava şəklini aldı. Əlisəfa onları güc-bəla ilə sakit etdi.

Bu əhvalatdan üç gün sonra Qulunun əkin yerinə taxta-şalban tökülüb, sürətlə buruq quruldu. Qulu bunu eşidib-bilincə başı alovlu mədənə gəldi. Podratçı Şeydanı görüncə üstünə kükrədi:

- Mənim torpağımda nə deyib buruq salırsan? Bu ixtiyarı sənə kim verib?

Onun ağzı köpüklənə-köpüklənə söylədiyi sözlərə Şeyda əsla əhəmiyyət verməyib, fəhlələrə əmr verməkdə davam edirdi. Qulu bundan daha da hiddətlənərək səsi çıxdığı qədər bağıra-bağıra:

- Bu saat taxta-şalbanları buradan götürün! – dedi. – Od vurub yandıracağam! Yoxsa elə bilirsən dünya dərəbəylikdir?

Qulu atılır-düşür, çağırır. Şeyda isə ona heç əhəmiyyət də verməyib öz işinə davaç edirdi. Acığından Qulunun bütün vücudu titrəyir, daralmış köksünə sığmayan qəlbi az qala partlayırdı. O nə edəcəyini bilmirdi. Birdən çəkici götürüb, yeni vurulmaqda olan taxtaları söküb dağıtmağa başladı. Şeyda artıq susa bilmədi. Onun qolundan tutub hiddətlə:

-       Çıx buradan! Çıx deyirəm! – deyə bağırdı.

-       Çıxmayacağam! Sən çıx mənim yerimdən! Atalar yaxşı deyib: yersiz gəldi, yerli qaç!

-       A kişi, bu yer sənindir, kimindir, mən ona qarışmıram. Aslan bəyin əlində notariusdan verilmiş kağız var. Sən ha de mənimdir, sənin ağzına baxan kimdir?

Bu sözlərdən Qulu donub qaldı, sonra əvvəlkindən daha şiddətli bir səslə qışqırdı:

- Mən bilmirəm, get özüylə danış!

Qulu qızardı, bozardı, daş kimi donub hərəkətsiz qaldı. Başını aşağı dikib düşünərkən həyatın ağırlığını bütün vücudu ilə hiss etdi. O çox gözəl bilirdi ki, çar hökuməti ancaq bəylərin torpağına dəyməmişdir. Hökumət özü isə əkin yerlərinin bir hissəsini götürüb buruq qazdırmaq üçün icarəyə verir. Kəndli torpaqlarını da bəylər yavaş-yavaş öz adlarına keçirib mənimsəyirlər. O ancaq əli əkin yerindən çıxmış kəndlilərin halına düşdü. Arazın “Qoyun kimi hər yerdə soyulan ancaq bizik” sözlərinin mənası ancaq indi anladı. Quluda alverçilik damarı vardı. O, xəsis, tamahkar, heç bir şeyə güzəştə getməyən tərs bir adam idi. Yumruğunu havada oynadaraq:

- Şeyda, bu hayıfımı mən yerdə qoymayacağam, Allah ya sizə verər, ya mənə, - deyərək çıxıb getdi.

Qulu əl çəkmədi. Aslan bəylə görüşmək üçün dəfələrlə şəhərə getdi. Aslan bəy onu qəbul etmədi. Qulu qapıdan əl çəkmədi. Aslan bəy evdən çıxarkən onu küçədə yaxaladı. Əvvəlcə yumşaqlıqla əhvalatı ona anlatdı. Aslan bəy gülümsəyərək:

- O torpağı hökumət mənə veribdir, - dedi.

Qulu şəriətə əl ataraq:

- Bəy, sən özün bilirsən ki, o yer ata-babadan bizim yerimizdir, - dedi, - sən ona necə sahib dura bilərsən? Buna şəriət yol verməz axı!

Aslan bəy vəziyyətini pozmayıb:

-       Şəriətin buna dəxli yoxdur, - dedi. – Hökumət mənə torpaq verir, mən necə qəbul eləməyim?

-       Yox, belə deyil! Hökumət çağırıb sizə torpaq paylamır. Siz özünüz əlləşib min bir yolla özgə adamların əkin yerlərinə yiyələnirsiniz.

-       Hər yolla olur-olsun, torpaqdan kim əl çəkir? Rusların bir məsəli var: verirlər al, döyürlər qaç!

Qulunun bütün ümidi qırılıb, qolları yanına düşdü. Nə edəcəyini, nə deyəcəyini bilmədi. O özünü toplayaraq:

- Bəy, bu işin axırı yaxşı olmayacaq, ölsəm də ata-baba torpağımdan əl çəkməyəcəyəm! – deyərək ondan uzaqlaşdı.

 

II

 

Çar üsuli-idarəsi bütün xalqlar kimi Azərtürk xalqını da iqtisadi, mədəni cəhətdən öldürmək, ona canlanmaq, dirçəlmək imkanı verməmək üçün min bir şərait hazırlayırdı; kəndlərdə, şəhərlərdə təsərrüfat, sənaye və mədəniyyət işlərini tərəqqi və inkişaf etdirmək yerinə zülm və istibdad qurdları olan pristav, naçalnik, qubernator və qradonaçalniklər təyin edir, rüşvət düşkünü olan bu cür çar quyruqları yerli burjuaziya ilə əlbir olub, xalqın başına bəlakəsilirdi. Buna görə də hər tərəfdən əzilməkdə, boğulmaqda olan və heç bir yandan ümid və qurtuluş yolu görməyən kütlə cana doyub bəzən əsaslı, mütəşəkkil mübarizə əvəzinə yanlış yollara sapırdı. Bu surətlə cinayət, oğurluq və qoçubazlıq gündən-günə artır və güclənirdi. Xalqı iqtisadi və siyasi cəhətdən öldürmək və mədəniyyətdən uzaqlaşdırmaq işində rüşvət və cinayət yuvası olan kənd və şəhər məhkəmələri də az rol oynamırdı. Bunların hamısı müəyyən bir plan daxilində görüldü.

Yavaş-yavaş ayılmağa, öz hüququnu düşünüb anlamağa başlayan xalqın, fəhlə sinfinin gələcəyi çar hökumətinin qorxudurdu. Siyasət və mədəniyyətdən məhrum olan yerli bəy və sərvətdarlar da öz şəxsi mənafeləri üçün bu azğın siyasəti həyata keçirməkdə, düşmənin yandırmış olduğu bu yanğını yelpikləyərək alovlandırmaqda ona kömək edirdilər.

Belə bir mühitdə yaşayan Qulu Aslan bəydən ayrıldıqdan sonra çox düşünüb-daşındı, lakin bir ümid və qurtuluş yolu tapmadı. O bilirdi ki, haqsızlıq və rüşvət yuvası olan məhkəmələr də ona kömək etməyəcəkdir. Ümidi hər tərəfdən qırıldıqdan sonra qəlbində kin odu alovlandı, intiqam almağa qərar verdi. Ancaq bu intiqamı necə almalı idi? Ailə, çoluq-cocuq var. Həm də məhkəmə qurdları ağzını iri-iri açıb rüşvət istəyəcək. bütün bunları düşündükdən sonra: “ah, yoxsulluq” – deyə dərindən inlədi. Intiqam almaq üçün başqa bir yol düşündü. Axtardığını tapan adamlara məxsus bir sevinclə üz-gözü işıqlandı. Artıq ona ümid və qurtuluş hissi verən bir yol tapmışdı. Bu ümidlə üç-dörd arşın ağ bez alıb, onu kəfən kimi biçdi. Axşamüstü birbaşa qəssab Daşdəmirin evinə getdi.

Daşdəmir qoçuluqda şöhrət qazanmış varlı bir qəssab idi. Son zamanlar qardaşını dükanda qoyub özü sallaqxananı icarəyə götürmüşdü. Üç qardaşından başqa bir çox əlaltı qoçuları da vardı.

Qulu qapını döydü. Qapını təxminən qırx yaşlarında olan xidmətçi bir qadın açdı. Onun önlüyündən xidmətçi olduğunu bilib:

- Ağan Daşdəmir evdədirmi? Onu görəcəyəm! – dedi.

Xidmətçi qadın qapını örtüb xəbər üçün getdi. Qulu tez çuxasını çıxartdı. Biçdiyi kəfəni əyninə geydi. Bu zaman qadın cavab üçün qayıtdı. Qulunu kəfən içində görüncə qorxub geri-geri çəkildi və şübhəli baxışlarla onu süzərək:

-   Ağa buyurur içəri gəlsin, - dedi. Qulu pillələri basa-basa dəhlizə və oradan zala girdi. Daşdəmir stol yanında ayaq üstə, əlini mauzerinin üstə qoyub qonağı gözləyirdi. Qulu içəri girər-girməz iki əlini yuxarı qaldırdı, titrək və yalvarıcı bir səslə:

-   Qapına gəlmişəm, Daşdəmir, ölümü yerdən götür! – deyə başını sinəsinə dikib durdu.

Daşdəmir ona heyrətlə baxaraq:

- Nə var? Nə olub? – deyə soruşdu.

Qulu başını qaldırıb, yenə yalvarıcı bir səslə:

-       Daşdəmir, ya məni öz evində öldür, ya mənim dərdimə bir çarə elə! Ürəyim partlayır, ciyərim parçalanır! – dedi.

-       Axı, bir de görüm, nə var?

-       Mənim ata-babamdan qalma bir parça əkin yerim var. Aslan bəy rüşvətlə o yeri notariusda öz adına saldırıbdır. Indi gözüm baxa-baxa mənim yerimi qazdırır. Başına dönüm, Daşdəmir, mənə çarə! Ya öldür, ya qurtar! Mən bu dərdə dözə bilmərəm.

Daşdəmir gözlənilməz bir vəziyyətdə qaldı. Onun evinə kəfən geyib gələn bu qonağın xahişini yerə salmaq olmazdı. Daşdəmir ayaq üstə, əli mauzerdə olduğu halda üz-dörd dəqiqə dayanıb düşündü. Sonra üzünü Quluya tutub:

- Yaxşı, get üç gün sonra sənə cavab verərəm, - dedi.

Qulu qapıdan çıxarkən:

- Başına dönüm, Daşdəmir, bu yaxşılığı eləsən, sənə satınalma qul olaram, - dedi.

 

 

III

 

Qyly Aslan bəyi, onun atası Rəhim bəyi çox yaxşı tanıyırdı. Rəhim bəy bu kəndin adlı-sanlı bəylərindən sayılırdı.

Azərbaycan bəyləri ruhanilərin kafir adlandırdıqları yeni dövlətə bir müddət isinə bilmədilər. Vəziyyəti belə görən Rusiya dövləti bəyləri öz tərəfinə çəkmək məqsədi ilə bir sıra tədbirlər gördü. Azərbaycan bəyləri öz sədaqətlərini bildirmək üçün o zaman bir teleqraf vurdu və öz aralarından seçmiş olduqları dörd-beş bəyi, o cümlədən Rəhim bəyin atası Mahmud bəyi Peterburqa göndərdilər. Mahmud bəy hökumətə sədaqət göstərdikdən sonra onun qapısında dar ağacı asıldı. O, hökumətə asi olan, böyük cinayət yapan adamları asdırır, bundan böyük zövq alırdı. Mahmud bəyin vəfatından sonra oğlu Rəhim bəy sərvət və əmlakı öz əlinə aldı.

1861-ci ildə təhkimçilik üsulu dəyişdikdən sonra başqa yerlərdə olduğu kimi Azərbaycanda da hökumət öz siyasətini dəyişdirdi; bəylərin nüfuzunu qırmaq, öz üsuli-idarəsini möhkəmləndirmək fikri ilə bəylərin ixtiyarını aldı, kəndlərə, qəzalara koxa, kəndxuda, pristav və naçalniklər təyin etdi, xalq çar məmurlarını tanımağa başladıqdan sonra, bəylərin keçmiş nüfuz və hörməti gündən-günə azalmağa, ticarət işləri canlandıqca əmlak və sərvəti əlindən çıxmağa, gəlir mənbələri getdikcə qurumağa başladı.

Bu vəziyyət xalqın əməyi ilə yaşamağa alışmış olan bəyləri istər-istəməz yaşadığı mühitə uyğun bir ticarətə girişməyə məcbur etdi. Abşeron yarımadasında neft yerləri meydana çıxdıqdan sonra başqa bəylər kimi Rəhim bəy də fürsətdən istifadə edərək, ümid verən sahələri mənimsəməyə başladı. Lakin buruq qoymağa əcəl ona aman vermədi. Rəhim bəy öldükdən sonra oğlu Aslan atasının mülkünə sahib oldu. Özünün buruq qoymağa gücü olmadığından bir-iki parça neft yerini satdı. Sonra ən etibarlı yerdə buruq qazdırdı. Sel kimi axmaqda olan qara qızıl sayəsində Aslan bəy böyük dövlət və saman[1] sahibi oldu. Kənd həyatı onun zövqünü təmin etmədiyindən, kənddəki evini bacısı Humaya verib, özü şəhərdə yeni aldığı mülkə köçdü. Başqa mədənçilər kimi şəhərdə kontor açdı, yavaş-yavaş şəhər həyatını, burjuazıyanın adət və təbiətini mənimsəməyə başladı. Kluba və bələdiyyəyə üzv olmaq sərvətdarlar arasında böyük bir şərəf sayılırdı. Qumar, əyyaşlıq və sairə onları ən çox məşğul edən əyləncələr idi. Aslan bəy şəhər varlıları ilə sız əlaqə yaradıb, yaxşı münasibətə girdikdən sonra bunların hamısını əldə etməyə müvəffəq olmuşdur.

Daşdəmir Quluya kömək etməkdə bir şey itirmirdi. Hər iki tərəfdən əldə edəcəyi qazancı zehnində ölçüb-biçirdi. Əlavə olaraq, bir tərəfdən onun evinə kəfən geyib gəlmiş Qulu hər yerdə bu işi açıb söyləyəcək, digər tərəfdən Aslan bəy kimi əjdaha ilə pəncə-pəncəyə çarpışaraq nəhayət, onu məğlub etməklə şəhərdə və kəndlərdə şöhrəti bir qat daha artacaqdı.

Daşdəmir işi əvvəlcə sülh yolu ilə həll etmək istədi. Öz kiçik qardaşı Zamanı Aslan bəyin yanına göndərdi. Aslan bəy: “Bir parça əkin yerini hökumət mənə veribdir, geri qaytarsam, yaxşı düşməz. Hökumət məndən narazı qalar” demişdi.

Zaman qayıdıb Aslan bəyin cavabını söylədikdə Daşdəmir körük kimi qızarıb:

- Sən bir buna bax, mənə də yalan satır, heyvan özünsən! – deyə bağırdı.

Daşdəmir qardaşını bir də göndərdi. Bu dəfə Aslan bəy demişdi: “Kəndliyə neft yeri nə gərək? Daşdəmir nə üçün belə işlərə qarışır?”

Daşdəmir bu işin sülh yolu ilə həll olmadığını görüncə başqa bir yol seçdi. Əlaltı qoçulardan üç nəfəri çağırıb əmr etdi:

- Bu gecə Aslan bəyin mədənə tökdürdüyü taxtalar oğurlanacaq!

Səhər mədəndə hamı bir-birinə dəymişdi. Podratçı Şeyda qarovulçunun üstünə bağırıb deyirdi:

- De görüm, gecə sümsük it kimi harda sülənirdin? Taxtalar hanı?

Qarovulçu and içib deyirdi:

-       Ay Şeyda, bu gücə səhərə qədər əlimdə tüfəng mədənin dörd tərəfini gəzib qarovul çəkmişəm. Bir dəqiqə də gözümə yuxu girməyib.

-       Necə qarovul çəkmisən ki, bu qədər taxtanı daşıyıb aparıblar, xəbər tutmamısan?

-       Mən də ona təəccüb eləyirəm. Bu zalım oğlu cindir, şeytandır, nədir?

Aslan bəyə xəbər getdi. Aslan bəy bu daşın kimi tərəfindən atıldığını bildiyi üçün səsini çıxarmadı.

Sabahı günü axşam Aslan bəyin quyularından birinin motoru yox oldu. Şeyda acığından dil-dodağını çeynəyir, qarovulçuya ağzından gələni deyir və “motorun qiymətini sənin maaşından çıxacağam” – deyə onu hədələyirdi.

Şeyda oğrunu axtarmağa başladı. Bu xüsusda Aslan bəylə görüşərkən şeyləri Qulunun oğurladığına hökm verdi. Aslan bəy qaşlarını çataraq:

- Yox, mən oğrularımı tanıyıram. Sən ehtiyatlı ol, mən özüm bu işə əncam çəkərəm, - dedi.

O gecə Aslan bəy Daşdəmirin dayısı Kərimi onun yanına minnətə göndərdi. Daşdəmirdayısının nə üçün gəldiyini dərhal duydu. Onu çox hörmətlə qəbul etdi, Kərim öz fikrini ona açmamış Qulunun qapısına kəfənlə gəldiyini təfsilatı ilə söylədi, sonra əlavə edərək dedi:

- Mən o gecə özümə söz verdim ki, atam da minnətə gəlsə sözünə baxmayacağam. O kişinin torpağı özünə çatmalıdır.

Kərim Daşdəmirin təbiətini bildiyi üçün Aslan bəy haqqında bir kəlmə də söz açmadı. Dayı ilə bacı oğlu bir qədər danışdıqdan sonra Kərim qalxıb getdi.

Üçüncü gün mədəndə Şeydanın səsi yenə ətrafı bürümüşdü. Qarovulçunun kölgəsinə bağıra-bağıra söyüb deyirdi:

- Bu zalım oğlu hardadır? Gəlsin mənim itiyimə cavab versin. Fil boyda dəzgah oğurlanır, onun xəbəri olmur. Yəqin bu oğurluqda özünün də əli var.

O çox çağırdı, bağırdı, qarovulçu tapılmadı. Axırda acığa düşüb:

- Bu saat onu tapıb gətirin, bu dəfə mən onunla başqa cür danışacağam! – dedi.

Qarovulçunun çox axtardılar, tapılmadı. Oğrular gecə onu da dəzgahla bərabər götürüb getmişdilər. Onu ancaq üç gün sonra buraxdılar.

Şeyda yeni qarovulçu tutmaq məqsədi ilə Arazın yanına getmiş, onun bu xam xəyalı da baş tutmamışdı.

Aslan bəy bu qədər təhqir və təhdidə dayana bilmədi. Məhkəməyə şikayət etdi. Daşdəmir ona: “Məni məhkəmə ilə qorxutmasın, məhkəmələrdə o bildiyi yolları mən ondan da yaxşı bilirəm. Hələ bunlar nədir? Onu evində yatdığı yerdə döşəyi ilə oğurlayacam!” – deyə xəbər göndərdi.

Aslan bəyin hər yandan çarəsi kəsildi. O, məhkəmələrin qoçularla da əlbir olduğunu gözəl bilirdi. Daşdəmirlə bacara bilməyəcəyini, nəhayət, başına bəla açacağını düşünərək Qulu ilə barışmağa qərar verdi. Ertəsi gün səhər tezdən mədənə getdi. Qulunu kənd mollası axund Mirzə Mehdinin evinə çağırmağı Şeydaya tapşırdı.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info