Qonaq Kitabı
ARAZ

- Xəstə, necəsən? – deyə soruşdu.

Araz cavab vermədi. Marusya gülə-gülə:

- Dmitri Zaxaroviç, bizim xəstə Dusyanın yanına gələn talançını görüncə yorğanı başına çəkib ondan gizləndi, mənə də işarə ilə: “Sus, səs çıxarma” – dedi. Bilmirəm burada nə sirr var? – deyə bildirdi.

Dmitri Zaxaroviç bir qapı tərəfə, bir də Araza baxdı, sonra üzünü Marusyaya tutub:

- O adam kim idi? – deyə soruşdu.

Marusya gülümsəyərək:

-         Dusyaya talan malı gətirmişdi. Kim olduğunu mən də bilmirım. Deyəsən Dusyanı almaq istəyir, - dedi.

-         O bilmir ki, xəstə olan otaqlara başqa adamları buraxmaq olmaz?! – deyə doktor acıqlandı. – Mən onunla yaxşıca danışaram. Talançılarla əlbir olan şəfqət bacısı mənim palatamda işləyə bilməz.

Bu söhbətdən Mişanın artıq çıxıb getdiyini bilən Araz yenə arxası üstə çevrildi. Doktor termometri Arazın qoltuğundan aldı. Marusyanı başqa bir iş üçün göndərdikdən sonra termometrə baxıb:

- 38,5 – dedi. Sonra üzünü Araza tutub: - Sənə hərəkət etmək olmaz, - dedi, - o tərəf-bu tərəfə çevrilmə, yaran ağırdır, ehtiyatlı olmalısan.

Araz cavab vermədi. Doktor diqqətlə ona baxıb gülə-gülə:

- Sən o adamdan nə üçün gizləndin? – deyə soruşdu.

Araz bir an susdu, sonra:

-       Bunu siz bilməsəniz də olar, - deyə cavab verdi.

-       Sən qorxma, de, məndən sənə ziyan toxunmaz.

Araz ona Mişanın jandarm xəfiyyəsi olduğunu söylədi.

-       Bəs sən özün kimsən?

-       Mən adi bir fəhlə.

-       Çox yaxşı, sənin ondan gizlənməyinin nə mənası var?

-       O məni görüb müdirə xəbər verib xəstəxanadan çıxardar, sonra jandarm idarəsi vasitəsi ilə məni tudura bilər.

Həkim:

- Qorxma, mən onun ayağını burdan kəsərəm! – deyərək çıxıb getdi.

Arazın yarası qorxulu idi. Gecələr qızdırması 39, bəzən 40 dərəcəyə qalxırdı. Şəfqət bacısına tapşırdığına baxmayaraq, doktor özü də tez-tez Arazı yoluxur, yarasını açır, bağlayır, qızdırması artdığı vaxt başına, ürəyinə kompres, lastik torbada buz qoyurdu.

Bir həftə sonra Araz özünü bir qədər yaxşı hiss edirdi. Qızdırması kəsilmiş, yarası yavaş-yavaş bitişməyə başlamışdı.

Doktor xəstə olan otaqlara başqa adam gətirdiyi və talançı adamlarla əlaqə saxladığı üçün Dusya bərk acıqlanmışdı. O gündən Mişa xəstəxanada görünmürdü. İndi Arazı düşündürən, narahat edən ancaq son nümayişin müqəddəratı idi. O günkü atışmada daha kimlərin yaralandığını, həbs edildiyini düşünür, bunları bilmək üçün xəstəxanadan tez çıxmağa can atırdı. Buna görə də lap yaxşı olduğunu doktora bildirib, xəstəxanadan buraxılmasını xahiş etdi. Doktor qəti surətdə etiraz etdi:

- Sən hələ bir həftə də yatmalısan, - dedi. – Hələ yaran tamam sağalmamışdır. Bir balaca ehtiyatsızlıq səni daha yaman hala sala bilər. Hələ səni buraxa bilmərəm.

Bu söhbətdən iki gün sonra axşam Dusya Araza çay gətirərkən dedi:

- Xəstə, daha yaxşılaşmısan, durub çay içmək üçün özün gələ bilərsən.

Araz:

- Doktor icazə vermir, - deyə cavab verdi.

Bu vaxt kimsə qapını aralayıb:

- Dusya, bura gəl! – deyə səsləndi. Araz boylanıb qapıya baxdıqda hər ikisinin gözü bir-birinə sataşdı: hər ikisi bir-birini tanıdı. Qapı ağzında dayanan Mişa idi.

Dusya:

- Sənə deməmişəm ki, içəri girmə, koridorda dayan! – deyə ona acıqlandı. Sonra gülə-gülə koridora çıxıb, onunla birlikdə getdi.

Bir qədər sonra xəstəxananın müdiri içəri girdi. O, Araza acıqlı-acıqlı baxıb:

- Ey xəstə, sən həm fəhlə, həm də inqilabçı fəhlə olduğun üçün xəstəxananı tərk etməlisən! – dedi.

Araz:

- Sizə doğru xəbər veriblər. Mən fəhləyəm, həm də inqilabçı, xəstəxananı tərk etməyə gəlincə buna lap ürəkdən razıyam, - deyərək uzandığı çarpayıdan qalxdı.

Müdir deyinə-deyinə çıxıb getdi. Araz paltarlarını almaq üçün Dusyanı gözlədi. Dusya isə gəlib çıxmırdı. Indi xəstəxana Araza bir zindan kimi, hər dəqiqə isə bir saat qədər uzun görünürdü. Başında min bir düşüncə və xəyal pəncərəyə yanaşıb, küçəədn keçənləri seyr etməyə başladı. lakin bu da onun ürəyini sıxmaqda olan dərdlərini unutdura bilmədi. “Ah, bu ölkənin hər tərəfi, hər yeri zindandır! – deyə dərindən ah çəkdi. Bu zaman doktor içəri girdi. Arazı ayaq üstə görüncə, gülə-gülə:

-       Araz, necəsən, gəzəndə yaran ağrımır ki? – deyə soruşdu. Araz gülümsünərək:

-       Yox, ağrımır, məni xəstəxanadan çıxarırlar, - dedi. Doktor heyrətləndi:

-       Nə üçün?

-       Dusyanın yanına gələn adam bu gün qapının ağzında məni görüb müdirə xəbər vermişdir. Müdir isə mənə xəstəxananı tərk etməyi əmr etmişdir.

Doktor bir an düşündükdən sonra başını qaldırıb, dodaqlarını çeynəyə-çeynəyə:

-   Mən o alçaq Dusyanı buradan qovaram... Madam ki belədir, get, ancaq bir həftə gəzib-dolanma!.. Bu dərmanı da alıb hər gün iki dəfə, bir səhər, bir də axşam yarana sürtərək təmiz sarğı ilə bağlarsan, - deyə Araza bir resept uzatdı. Elə bu vaxt otağa adi geyimdə iki adam daxil oldu. Onlardan biri:

-   Araz kimdir? - deyə Araz cavab verdi.

-   Mənəm! – deyə Araz cavab verdi.

-   Siz bizimlə getməlisiniz!

-   Hara?

-   Dövlətimizin düşmənləri gedən yerə!

-   Sizin düşmənləriniz fabrik və zavodlara gedir, işləmək üçün mədən və şaxtalara gedir, hətta məktəblərə, idarələrə də gedir. Siz məni bunların hansına aparırsınız?

-   Sən əsaslarını unutdun. Zindanlarda, süngülərdə çürüməyə də gedir. Səni ora aparırıq.

Araz qürurunu pozmayaraq:

- Azadlıq yolunda bizi heç bir şey qorxuda bilməz, gedək! – deyə bağırdı. Düsya, tez ol mənim paltarımı ver!

Arazın belə mərdliyi doktoru çox mütəəssir etmişdi. O, həyəcan və heyrət dolu gözlərini Araza dikib qalmışdı. Araz cəld paltarını dəyişdirdi. Doktor ona:

- Yavaş geyin, yaraların ağzı açılar! – dedi.

Araz:

-         Dmitri Zaxaroviç, məndə elə yaralar var ki, bu yara onların yanında heçdir! – deyə cavab verdi. Sonra ona təşəkkür edib xudahafizləşdi, üzünü o iki adama tutub kinli bir səslə:

-         Gedək! – dedi.

Arazı xəstəxanadan birbaş həbsxanaya apardılar.

Qapıdan içəri girdikdə həbsxana rəisi Kok onları qarşılayıb, istehza ilə Araza:

- Oho, yenə gəlib çıxdın? Sənin üçün çox darıxmışdım, - dedi.

Araz onu acıqlı baxışlarla süzərək, kinayə ilə:

- Sizin o mərhəmətiniz məni bura gətirmişdir, - deyə cavab verdi.

Kok Arazı başdan-ayağa süzərək, üzünü nifrətlə ondan kənara çevirib növbətçiyə:

- Götür, bunu lazım olan yerinə təslim et! – deyə əmr etdi.

Növbətçi Arazı apardı. Onlar koridordan keçərkən qoca Andrey koridorda divara söykənib xidmətçi Tanya ilə söhbət edirdi. O, Arazı gördükdə tanıdı, dərindən bir ah çəkdi, pıçıltı ilə Tanyaya:

- Bax bu da onlardandır, yazığı yenə kameraya salmağa apardılar, - dedi.

Tanya bir az da ona yaxınlaşaraq lap yavaşca:

- Mənim rəhmətlik atam kənddə müəllim idi; bu sosialistləri çox sevərdi. Onlar ürəkli olur, heç nədən qorxmurdular, - dedi.

Bu zaman rəisin otağının qapısı açıldı. Mişa sürətlə çıxıb getdi. Andrey onu görüncə tez divar dibinə çəkildi və öz-özünə: “Ah, xain, görünür, bu yazığın ipini yenə sən eşmisən” – deyə söyləndi.

Andrey başını aşağı salıb, bir az fikirləşdikdən sonra:

- Heç bilmirəm sən nə üçün öz ixtitarınla bu qan və zülm ocağına girdin? – deyə Tanyadan soruşdu, - Səni nə məcbur etdi?

Tanya bir an yerindəcə donub qaldı, sonra kədərli gözlərini Andreyə çevirib, titrək bir səslə:

- Aclıq və ehtiyac! – deyə köksünü ötürdü. – Kənddə bizim özümüzə görə az-çox dolanacağımız vardı. Ərimi yapon cəbhəsinə göndərdilər. Gedərkən qayıtmayacağını elə bil özü də bilirdi. Vidalaşıb ayrılarkən ürəyi kövrəlib ağladı. Sonra mənim əlimi sıxaraq: “Tanya, uşaqlardan muğayat ol!” – dedi.

Tanyanın gözləri yaşardı. Əlinin tərsi ilə göz yaşlarını silərək sözünə davam etdi:

- Yazıq bir daha qayıtmadı. Kənddə bir köməyim olmadığından ac qaldı. Uşaqlarımı götürüb Bakıya gəldim. Bakıda da ac və işsiz qaldım. Aclıq insanı hər şeyə vadar edər. Küçə başında oturub dilənməyə başladım.

Tanya qəmli-qəmli Andreyə baxdı. Onun bu yanıqlı sözləri və kədərli baxışı qocanın qəlbinə neştər kimi sancıldı.

Qoca Andrey:

- Tanya, sən mənim yaralarımı təzələmə, mən səndən nə soruşuram, sən mənə nə danışırsan, - dedi.

Tanya:

- Sənə dərdlərimi söyləməklə bir az təsəlli tapıram, - deyə cavab verdi. – Sən mənim bu qanlı zindana nə vasitə ilə gəldiyimi soruşursan. Bir gün mən küçə tinində oturmuşdum. Kiçik qızım küçədən keçən bir türkə doğru əlini uzadıb pul istədi. O adam dayandı. Diqqətlə bir mənə baxdı, bir də ona tərəf uzanan kiçik əllərə. Üzünü mənə tutub: “İşləmək istəyirsənmi?” – deyə soruşdu. Mən: “İşlərəım, ancaq bu yetimlər necə olsun” – deyə cavab verdim. O bir diqqətlə bizə baxıb: “Sənə elə iş verrəm ki, uşaqlarının da qarnı doyar” – dedi.

Mən razı oldum. O məni oradan götürüb, kiçik bir restorana apardı. Bufetçi ilə danışdıqdan sonra üzünü mənə tutub dedi: “Sənin işin qab-qacağı yumaq, restoranı süpürüb təmizləmək olacaq. Özün də, uşaqların da burada yeyib-içəcəksiniz”. O bu yolla məni dilənçilikdən qurtardı. Mən onun əlini sıxıb razılıq etdim. Həmin gündən restoranda işləməyə başladım. Mənə bu yaxşılığı edən adamın kim olduğu, bu yaxşılığı nə üçün etdiyi mənə qaranlıq idi. Yalnız bir aydan sonra onu bir nəfərlə stol dalında oturub yemək yeyən gördüm. Məni yanına çağırdı. Özümün, uşaqlarımın necə keçindiyini soruşub öyrəndikdən sonra kim olduğumu soruşdu. Atamın kənd müəllimi olduğunu bilincə əlini acıqla stola çırparaq: “Müəllim qızı dilənçi” – deyə yoldaşının üzünə baxdı. Bufetçini çağırıb, mənə təzə bir iş verməsini tapşırdı. Uşaqlara xərclik üçün 10 manat da pul bağışladı. Sabahdan mənim işim yüngülləşdi. Stol başında oturan müştərilərə yemək verirdim. O adam yenə günəş kimi batdı. Onu bir daha restoranda görmədim.

Andrey:

-           Dünyada yaxşı adamlar da çoxdur. Sən onun kim olduğunu bilmədinmi?

-           Yox, bilmədim. Ancaq yoldaşı iki dəfə onu “Azad” – deyə çağırarkən adını öyrəndim.

-           Aha! Tanıyıram. O da burada dustaq idi. Yaxşı bəs sonra?

Tanya yenə sözünə davam etdi:

- Bir gün restorana Semyon adlı bir adam gəldi. Ona yemək gətirdiyim zaman, mənim haralı və kim olduğumu soruşdu. Kəndimizin adını və atamın müəllim olduğunu eçidincə gülə-gülə: “Səni yaxşı tanıyıram. Bizim kənddən İvan Fyodoroviçin qızı, Seryojanın arvadısan, - dedi. – Rəhmətlik Seryoja mənim yaxın dostum idi. Sənin burda işləməyinə razı olmaram, sabahdan sənə başqa, yaxşı vəzifə verdirəcəyəm”. Mən bu görüşdən çox razı qaldım. O məni oradan çıxarıb, bura gətirdi.

Tanya danışarkən Andrey başını aşağı salıb, dərin-dərin düşünürdü. Birdən başını qaldırıb:

- O hansı Semyondur? Arıq, üzü çilli adam olmasın? – deyə soruşdu.

Tanya:

- Odur, odur, sən onu hardan tanıyırsan?

Andrey Tanyanın sualına cavab verməyib soruşdu:

-         Sən restorandan nə üçün çıxdın?

-         Son zamanlar bufetçi uşaqlarımın yeməyini azaltmışdı. O Azad dediyim adamı da görmürdüm. Mən elə bildim ki, bura ordan yaxşı olar. Bir həftə sonra mən o restorana gedib, orada xidmət etmək istəmədiyimi bufetçiyə söylədim. Bufetçi daha qəbul etmədi.

Andrey əli ilə onun çiyninə vuraraq:

- Öz əlinlə öz evini yıxmısan, - deyib ondan uzaqlaşdı.

Bundan bir həftə keçdi. Mişa həbsxana müdiri Kokun yanına gəldi. Yarım saat danışdıqdan sonra çıxıb getmək istərkən, Tanya qapının ağzında Mişanı yaxalayıb:

Kəndlim, mən öz qulluğumdan razı deyiləm, burdan çıxmaq istəyirəm, - dedi.

Mişa əlini onun çiyninə qoyub, yumşaq bir səslə:

- Bir az da səbir elə, sən savadlı qadınsan, bu yaxın zamanda sənə yaxşı maaş olan bir vəzifə verdirəcəyəm, - deyərək getdi.

O gecə Kokun əmri ilə qoca Andrey tutuldu. Onu həbsəmi aldılar, sürgünmü etdilər, ya öz vəzifəsindənmi çıxarıb qovdular, bunu kimsə bilmədi. Artıq qoca Andrey həbsxana koridorunda görünmürdü. Bu hadisə hər kəsdən çox Tanyaya təsir etmişdi. Onu həbsxananın qalın divarları, ala-qaranlıq koridorları sıxır, azad nəfəs almağa qoymurdu. Buradan qaçıb qurtulmağa çarələr düşünürdü. Bir gün Mişa yenə Kokun yanına gəldi. Bir az keçməmiş Tanyanı da ora çağırdılar. Kokla Mişa onu hörmətlə qəbul etdilər. Mişa Tanya haqqında tanışlıq verdikdən sonra:

- O vəzifə, məncə Tanyaya layiqdir, - deyərək Kokun üzünə baxdı.

Kok Tanyaya baxaraq gülümsündü. Tanya pul kimi qızarmışdı, ürəyi vururdu. Mişa Tanyaya yaxınlaşaraq:

- Tanya, - dedi, - sənin bir qadın və müəllim qızı olduğunu nəzərə alaraq, hökumətimiz sənə şərəfli bir vəzifə verir.

Kok isə əlavə etdi:

- Sən hökumətimizin əleyhinə işləyən düşmən təşkilatları və tək-tək adamları axtarıb tapmaqla məşğul olacaqsan.

Tanyanın gözləri dumanlandı:

-   Yox, mən bunu bacarmaram, - deyə etiraz etdi.

-   Bu iş hər halda restoranda səhərdən axşama qədər qab yumaq və həbsxanada otaqları, koridorları süpürüb təmizləməkdən çox-çox asandır... Savadlı qadınsan, bu işi sən bacarmayanda kim bacarar? – deyə Mişa Tanyanı razı salmağa çalışdı.

Tanya başını bulayaraq:

-   Yox, kəndlim, bu mənim işim deyil, mən özümə başqa iş taparam, - dedi.

-   Özün bilərsən, ancaq mən bu işi sənə çox məsləhət görürdüm. Ayda beş manat alacaqsan.

Tanya onların təklifini qəbul etmədi.

Ertəsi gün Tanyanı həbs edib, kiçik bir kameraya saldılar. Tanya on beş gün orda qaldı. Müstəntiq arabir çağırıb qoca Andreylə olan əlaqəsi haqqında ona suallar verir, müxtəlif yollarla onu ittiham etməyə çalışırdı. Tanya onların fikrini çox gözəl anlamışdı. O bilirdi ki, xəfiyyəliyi qəbul etməsə ona nicat yoxdur. Kiçik, kimsəsiz balalarının küçələrdə ac, susuz qalması onun ana qəlbini dəlir, gecələr səhərə qədər yatmağa qoymurdu.

On altıncı gün Kok onu yenə öz yanına çağırdı. Tanya içəri girdiyi zaman Mişanı da orada gördü. Mişa gözlərini otağın bir küncünə dikib durmuşdu. Tanyanı ilk dəfə Kok danışdırmağa başladı.

- Düşmən təşkilatı tərəfindən sənin həbsxanaya soxulmağın haqqında bir çox materiallar vardır, - dedi, - Söylə görüm, sən hansı təşkilatda çalışırsan?

Bu sözdən Tanyanın bütün vücudu titrədi. O özünü saxlaya bilməyib, hönkür-hönkür ağlayaraq:

- Mən üç yetim anası, yoxsul bir qadınnam, - dedi. – Bakıya gəldiyim də üç aydır, heç bir təşkilatla əlaqəm olmadığı halda məni bədbəxt etmək istəyirlər. Heç olmasa o kiçik yetimlərə yazığınız gəlsin.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info