Qonaq Kitabı
ARAZ

Araz o gün bərk yorğun idi. Yemək yedikdən sonra uzanıb yatdı. Gecəyarısı Günəş onu oyadıb:

-   Qalx, qalx, səni qapıda çağırırlar, - dedi. Araz yuxulu gözlərini ovuşdurub:

-   Kimdir? – deyə soruşdu.

-   Sənin dostun urusdur, gör nə deyir.

Araz yataqdan qalxıb tez qapıya yüyürdü. Mişanı görüncə:

- Ədə, Mişa, sənsən? Gecə vaxtı xeyir olsun, nə var? – deyə soruşdu.

Mişa yavaşca:

- Tüfəngləri gətirmişəm. Iki yüz vəd vermişdim, yüz əlli tüfəng ala bildim, - deyə onun üzünə baxdı.

Araz başını qapıdan çıxarıb baxdı. Qapı ağzında yüklü bir araba durmuşdu. Mişa onun qolundan tutub çəkdi:

- Gəl, gəl, tez ol arabanı boşalt! Ancaq sən bunları hara qoyacaqsan?

Araz arabaya yaxınlaşıb:

-         Sən qorxma, əncir ağacının altına yığacam. Səhərə qədər ona əncam çəkərəm. Arabanı içəri çək! – deyə böyük darvazanı açdı. Arabanı həyətə çəkdilər. Böyük brezenti üstündən götürüb tüfəngləri və patronları əncir ağacının altına yığdılar. Mişanın rəngi qaçmış, qorxudan əl-ayağı titrəyirdi. Araba həyətdən çıxarkən Arazın əllərini əlləri içində tutub:

-         Dostum, amandır, çox ehtiyatlı ol! Məni işə salsan, sonra özün bil, - dedi.

Araz əli ilə onun arxasına vuraraq:

- Qorxaq olma, arxayın ol! – dedi.

Mişa arabaya atılıb getdi. Araz tüfənglərin yanında oturub onları tez başdan etməyi düşünürdü. Günəş yatmamışdı. O hər şeyi görür, hər şeyi bilirdi. O indi qapı ağzında durub qaranlıqda zor-güclə seçə bildiyi Araza baxırdı. Onun nə düşündüyünü anlamışdı. Yavaşca:

- Araz, Araz! – deyə çığırırdı.

Araz qaranlıqda ona yaxınlaşınca:

- Bura bax, onları evin enli böyük taxçasının dal tərəfindən yığmaq olar. Mən də qabağından qorğan-döşəyi yığaram, heç görünməz, - dedi. Araz, Günəşin məsləhətini çox bəyəndi.

- Ay qoçaq arvad, bu hardan sənin fikrinə gəldi? Bax, həmişə belə qoçaq və iradəli ol! – dedi.

Günəş taxçanı boşaltdı. Tüfəngləri qucaq-qucaq daşıyıb taxçanən arxa tərəfindən bir-birinin üstünə səliqə ilə yığdılar. Taxça doldu. Qırx tüfəng yerdə qalmışdı. Onları harda gizlətməyi düşünərkən, zehnində bir fikir doğdu. Araz tez həyətə yüyürdü. Qapını açıb dişarı çıxdı. Əlini qaşları üstünə qoyub diqqətlə uzaqlara baxdıqdan sonra evə tərəf yüyürdü. Patron qutusunun üst taxtasını aslan pəncəsi ilə qoparıb açdı. Cibini güllə ilə doldurdu. Tüfənglərdən birini götürüb həyətdən çıxmaq istərkən onu diqqətlə təqib edən Günəş birdən-birə yaxasından tutub:

-         Ey, bu gücəyarısı hara gedirsən? Səni təkbaşına qoymaram, - deyə geri çəkdi. Araz üç-dörd addım geri çəkildi. Günəş hələ onun yaxasını əlindən buraxmamışdı. Sağ əli ilə möhkəm tutub:

-         Tüfəngi yerə qoy, gülləni cibindən çıxar, gəl get, yat, səni təkbaşına bu gecəyarısı buraxmayacağam! – dedi.

Araz:

- Burax, Günəş, bu saat qayıdıram! – deyə öz yaxasını Günəşin əlindən çıxartmaq istədikdə yaxında ayaq tappıltısı və danışıq səsi eşidildi. Araz səs gələn tərəfə qulaq asdı. Kimsə deyirdi:

- Bu zaman onu yuxudan oyatmaq çətin olacaq.

O birisi deyirdi:

- Çarə yoxdur, hər necə olsa oyatmaq lazımdır.

Araz:

- Ey, kimsiniz? – deyə ucadan qışqırdı.

Vanya onu səsindən tanıyıb:

- Oyaqsan? Tez ol, gəl, - deyə ona yaxınlaşdılar.

Qriqor hamısından əvvəl:

- Tez ol, Araz, daşnaqların əlindən tüfəngləri almaq lazımdır. Arabanı dayandırmışıq, - dedi.

Cavab olaraq Araz həyətə girdi. Içəridən qucağında on tüfəng çıxdı.

- Götürün gedək, tüfəngsiz yoldaşlara paylayarıq, - dedi.

Sonra patron qutusu gətirdi. Yoldaşları ciblərini doldurub yola düşdülər. Günəş durduğu yerdə donub qalmışdı. Onların işlərinə, sözlərinə diqqət edirdi. Ağzını açıb Araza bir kəlmə söz də demədi. Onlar getdikdən sonra qapı yanında atılmış patron qutusunu götürüb həyətə apardı. Bir çuxur qazıb onu orada basdırdıqdan sonra həyətdən çıxıb yaxındakı qum təpəsi üstündə oturdu.

Əhvalat belə idi: Mişa içi tüfənglə dolu araba ilə Keşlə kəndinə qədər gəlmiş, orada arabanı daşnaqların təyin etdiyi iki nəfərə təhvil verib onlardan ayrılmışdı. Daşnaqlar arabanı Sabunçu döngəsinə qədər gətirib mədənlərə dönmək istərkən pusquda duran qarovulçu fəhlələr səngərlərə girib arabanı dayandırmış, arabadakı iki nəfərlə aralarında atışma başlamışdı. Vəziyyətin ağır olduğunu görən iki nəfər arabanı buraxaraq daşnaqlara xəbər vermək üçün qaçıb getmişdilər. Fəhlələr arabaçını Bülbülə yolu ilə sürməyə məcbur etmək istədikdə on nəfərə qədər əli silahlı daşnaq özlərini onlara çatdırmışdı. Fəhlələr tez yerə yatıb onları qorxutmaq üçün havaya güllə atmış, aralarında atışma başlamışdı.

Məsafə uzaq olduğundan hər iki tərəf bir-birini aydın görməyib, yalnız qarasına güllə atırdı. Atışma belə davam edərkən Araz arxa tərəfdən bir dəstə silahlı fəhlə ilə ora yetişmişdi. Bu zaman qarşı tərəfdən ermənicə:

- Paqos, sən qaç, köməyə adam çağır! – deyə bir səs eşidildi.

Qriqor onların daşnaq olduğunu Araza bildirdi. Fəhlələr bir-birindən aralı, kiçik, təbii səngərlərə girib hamısı birdən, onların başı üstündən atəş açdılar. Daşnaqlar arxa tərəfdən də atışma başlandığını görüb başlarını itirdilər. Araz səngər arxasından onlara xəbərdarlıq etdi.

- Qaçmasanız vuracağıq. Bax, bu üçüncü xəbərdarlıqdır, qaçmasanız vuracağıq!

Daşnaqlar qaçmağa aşladılar.

- Yoldaşlar, arabanı sürün gəlsin, düşmənlər qaçdı, - deyə Araz əlində tüfəng arabaya tərəf irəlilədi.

Qarovulçu fəhlələr onu səsindən tanıdılar. Araz tez geri dönüb, dəstəsi ilə bərabər daşnaqları təqib edərək Sabunçu qayalarından dərəyə qədər qovdu. Arabanı Bülbülə kəndinin yanında saxladılar. Orada tüfəngləri boşaldıb, arabanı buraxdılar. Arabaçı arxasına baxmadan yel kimi getdi. Kənddən araba gətirdilər. Sonra oturub kiçik bir iclas edərək tüfəngləri Sabunçu qayalarına yaxın, etibarlı bir yerdə basdırmağa qərar verdilər.

Araz geri döndüyü zaman dan yeri ağarmaq üzrə idi. Günəş onu qapı yanında qum təpəsi üstündə qarşıladı. Araz onu burda görüb:

- Ay dəli, sən hələ yatmamısan? – deyə soruşdu.

Günəş deyinə-deyinə:

- Gəl, gəl tez ol, yat, bu gün səni işə getməyə qoymayacağam, - dedi. – Gündüz on iki saat işlə, gecə də səhərə qədər atışma qabağında ölüm ayağında ol, buna can davam eləməz.

Araz dinməz-söyləməz soyunub yatağa girdi. Gözünə yuxu getmirdi. Bir az sonra yataqdan qalxıb geyinməyə başladı. Günəş nə qədər təkid edib onu evdən bayıra buraxmaq istəmədisə, Araz:

- Günəş can, mən mədənə getməsəm, məndən şübhələnərlər, - deyə cəld çıxıb getdi.

Saat onda fəhlələr buruğun yanında oturub qəlyanaltı edirdilər. Araz da onların arasında idi. Bu vaxt Azad hövlnak onlara yanaşıb:

-         Deyirlər şəhərdə vəziyyət yaxşı deyildir, - dedi. - Qatillər öz məqsədlərinə nail olmaq istəyirlər. Deyin görüm siz nə iş fgörürsünüz? Manqalar hazırdırmı? Tüfəngləri gətirdinizmi?

-         Yoldaş Azad, sizin tapşırığınıza görə yeddi manqa təşkil etmişik, - deyə Araz cavab verdi, - hər manqada 50 atıcımız var. Tüfəngləri gətirməyə də adam göndərmişəm, bu saat gətirəcəklər.

Bu vaxt yoldan keçən bir kəndli:

- Şəhərdə yaman qarışıqlıqdır, atışmadan qulaq tutulur, - deyə fəhlələrə baxdı.

Onun bu sözlərindən fəhlələr bir-birinə dəydi.

- Ay qardaş, bu sözü sən kimdən eşitdin? – deyə fəhlələrdən biri soruşdu.

Kəndli başını oynadaraq:

- Necə kimdən eşitdin? Şəhərə getmişdim. Atışmanı görüb vaqzaldan qayıtdım. Vağzalda adam qarışqa kimi qaynaşır.

Kəndli sözünü bitirməmişdi ki, bir beşaçılan gülləsi havada vıyıldayıb keçdi. Kəndli özünü tez buruqların arasına verdi.

Fəhlələr ayağa qalxdılar. Azad qəzəblə:

- Bu, hökumət adamları tərəfindən atılan ara qarışdırma gülləsidir, - dedi, - diqqət edin, görün hardanatılır?

Bu zaman müxtəlif tərəflərdən daha dörd-beş güllə atıldı. Hamı həyəcan içində bir-birinin üzünə baxdı. Birdən Azadın lap ayaqları ucunda bir güllə partladı. Azad diksinib geri çəkildi. Sonra acı-acı gülümsəyərək Arazla Vanyanın üzünə baxıb:

- Bu sizin dostunuz Mişanın atdığı güllələrdir, - dedi.

Güllələr yenidən vıyıldayıb keçdi. Bu dəfə milyonçu Montaşevin mədənini nişan almışdılar. Hamı işdən əl çəkmişdi. Bu zaman bir fəhlə gəlib, tüfəngləri gətirdiyini xəbər verdi.

Azad Araza müraciət edərək dedi:

- Mən gedirəm, sən silahlı dəstə başçılarını təyin elə və onlarla sıx əlaqə saxla. 20 tüfəng də mən göndərəcəyəm.

Azad getdi. Araz silahlı dəstə başçılarını təyin etdikdən sonra onlara müəyyən göstərişlər verib, tüfəngləri payladı. Çühafizə dəstələri neft rayonlarına dağılışıb mədənləri və əlsiz-ayaqsız adamları qorumağa başladılar.

Atışma get-gedə şiddətlənirdi. Çar fitnəsinə aldananları birdən-birə sakit etmək mümkün olmurdu. Fəhlələrdən təşkil edilmiş atıcı dəstələri birinci gün lazımi kömək göstərə bilmədilər, onlar ancaq arada qalmış əlsiz-ayaqsızları salamat gətiri, onları xilas edirdilər. Gecəyarısı dəstələr mühüm səngərləri ələ keçirib, aranı bir qədər sakitləşdirə bildilər:

Erməni burjuaziyası ilə yerli mçüsəlman burjuaziyası fürsətdən istifadə edib, rəqabətlərini daha da artırır, bu qanlı hadisələrin təşkilatçısı olan hökumət isə törədilən faciələrə kənardan tamaşa etməklə kifayətlənirdi. Ancaq yeddi-səkkiz gündən sonra hökumət işə qarışmağa, səngərlərə girmiş erməni, müsəlman dəstələrini atlı kazakların köməyi ilə dağıtmağa başladı. sülh və asayişi bərpa etmək bəhanəsi ilə işə girişən vəhşi kazaklar da bir tərəfdən əlsiz-ayaqsızları qırırdılar.

Ikibaşlı şeytanın əli ilə şölələnmiş bu yanğın iki qardaş xalqa olmazın ziyanlar vurdu. Əsrlərdən bəri bir torpaqda qardaş kimi yaşayan, bir yerdə duz-çörək kəsən türk və ermənilər öz dostlarının əhvalından xəbər tutmaq üçün bir-birinin evinə gəlir, öpüşür, ağlaşır, bu qanlı faciəni törədənlərə nifrət yağdırırdılar.

Şəhərdə bir çox gözəl evlər yanmış, yüzlərlə adam cəllad hökumətin vəhşi siyasətinin qurbanı olmuşdu. Nə üçün? Kimin üçün. Azğın çarın yaşaması üçün, vəhşi daşnaq və müsəlman burjuaziyalarının ciblərinin dolması üçün!

 

 

III

 

Hökumət Bakı bolşevik təşkilatının tətil və nümayişlər keçirməyə qızğın hazırlıq görməkdə olduğunu bilir, ona qarşı mühüm tədbirlər görürdü. Bu tədbirlərdən biri də millətlər arasında düşmənçilik toxumu səpmək, onları bir-birinə qırdırmaq və beləliklə tətillərin qabağını almaqdan ibarət idi. Bakı qubernatoru Nakaşidze bu fikri erməni və Azərbaycan burjuaziyasının başına yerləşdirmək üçün gecə-gündüz min bir vasitə ilə çalışıb tər tökürdü. Daşnaqların qoçu Ağarzanı öldürməsi onun əlində belə vasitələrdən biri oldu. Həmin gecə o hər iki tərəfin başçıları ilə gizlicə görüşüb, hər iki tərəfə onların istədikləri qədər silah vermişdi.

Bolşeviklər xalq içində paylanan intibahnamələrdə hökumətin ikiüzlü siyasətini üçıb göstərir, onun oynadığı iblis roluna qarşı tətil və nümayişlərlə cavab verirdilər.

Bu nümayişlərdən biri də Arazın işlədiyi mədənin fəhlələri tərəfindən keçirilirdi. Səhər tezdən Araz yoldaşları ilə nümayişə çıxmaq üçün fəhlə qışlasına getdi. Vanya iki nəfər dostu ilə oturub, yavaş-yavaş danışırdı. Araz onlara yaxınlaşdı. Onlar çox kədərli və həyəcanlı idilər.

Araz dayana bilməyib:

- Nə var? Nə olub? – deyə soruşdu.

Vanya ani sükutdan sonra yavaşca:

-         Azadı bu gücə aparmışlar, - dedi. Sonra əhvalatı olduğu kimi Araza nağıl etdi.

-         Dünən gecə Azad yoldaşın evində təşkilatın mühüm iclası olmuşdur. Iclasda Bakı Komitəsindən də yoldaşlar iştirak edirlərmiş. Iclas vaxtı agentlər evi əhatə etmiş, komitə üzvləri dama açılan pəncərədən çıxıb qaça bilmişlər. Yaxşı ki onlardan heç biri ələ keçməmişdir. Azad yoldaş qapını açdığı zaman onlar otaqda heç kimi görməyib: “hanı iclasa gələnlər?” deyə soruşdular. Azad yoldaş onlara heç bir cavab verməmişdir. Onlar evdə də həyətdə axtarış apardıqdan sonra Azad yoldaşı götürüb getmişlər.

-         Bəs iclasın qərarları necə? Yoxsa...

-         Yox, qaçarkən mühüm kağızları yoldaşlar aparmışlar, - deyə Vanya cavab verdi. – Mən ancaq buna sevinirəm. Lakin son hadisələr göstərir ki, aramızdakı xəfiyyələr çox yaxşı işləyir, sirrimizi öyrənir, sonra gedib lazım olan yerinə xəbər verirlər. Hələ o gecə dənizdə olan iclası da xəbər vermişlər. Agentlər qayığı Qaraşəhər körpüsündə gözləyirmişlər. Qayıq daş körpüyə getməsəymiş, hamı tutulacaqmış. Görünür mişalar aramızda tək deyildir. Bu xainləri tezliklə tapmaq və ifşa etmək lazımdır.

Vanya bir qədər düşündükdən sonra yenə əlazə etdi:

- Doğrudur, biz Mişaya həmişə səhv məlumatlar veririk. Ancaq bu işlərdə hər halda onun da əli vardır.

Mişa adını eşidən kimi Arazın qəzəbindən gözləri parladı. O, acıqlı bir səslə:

- Mənə elə gəlir ki, bu xainin fəhlələr qabağında ifşa olunması vaxtı gəlib çatmışdır, - dedi. – Birdəfəlik onun kim olduğunu hamıya tanıtmaq lazımdır!

Vanya:

- Doğru deyirsən, Araz, - deyə cavab verdi, - onu bu gün nümayişdən əvvəl fəhlələrə tanıtmaq lazımdır!

Bu zaman onlara doğru gələn bir gənc:

- Vanya kimdir? – deyə soruşdu.

O, Vanyanı yanına çağırıb, ona bir məktub uzadaraq:

Bunu həbsxanadan göndərmişlər, - dedi. – Sənə çatacaq, al oxu, tez cavab yaz!

- Məktubu sənə kim verdi?

Oğlan gülümsəyərək:

- Həbsxanada işləyən qoca Andrey verib, özü də tapşırıb ki, tez cavab gətirim. Mən Dəli Xalıqın adamıyam.

Vanya bir az sakit oldu, məktubu oxuyub, yalnız iki kəlmədən ibarət bir cavab yazdı. Oğlan cavabı alıb getdi.

Vanya Azadın məktubunu oxudu. Məktubda ancaq: “Səlamətlikdirmi? Nigaranam” sözləri yazılmışdı.

-                      Sən nə cavab verdin? – deyə Araz soruşdu.

-                      Yazdım ki, “Arxayın ol, səlamətlikdir”.

Hamı dərin bir sükut içində başını yerə dikib düşünürdü. Sükutu birinci olaraq Vanya pozdu:

- Mişa məsələsini həll etmək, onun kim olduğunu fəhlələrə bildirmək vaxtı gəlib çatmışdır. Yoxsa bundan sonra onun bizə çox ziyanı dəyəcək.

Sonra onlar nümayişə çıxmaq üçün Şəmsi Əsədullayevin mədəni yanında toplanmış fəhlələrin yanına getdilər.

Mişanın verdiyi yanlış məlumatlardan jandarm idarəsi şübhələnməyə başlamışdı. Bu məlumatlar jandarm idarəsinin vaxtında lazımi tədbirlər görməsinə mane olurdu. Xüsusilə neft rayonlarında daşnaqlara və qoçulara paylamaq üçün verilən silahın bolşeviklərin əlinə keçməsi Mişanı tamamilə etibardan salmışdı. Mişa indi öz mövqeyini yenidən bərkitmək üçün mühüm tədbirlər düşünürdü. O öz fəhlə dostlarının da ondan şübhələndiyini hiss edirdi. Buna baxmayaraq, mühüm və əsaslı məlumat üçün hər dəfə bacardığı qədər nümayişlərdə və mitinqlərdə iştirak edirdi.

Nümayiş üçün fəhlələr Şəmsi Əsədullayevin mədəni yanında toplanmışdılar. Mişa da onların arasında idi. Bu zaman Vanya, Araz və başqa fəhlələr gəlib onlara qarışdılar.

Vanya hündür bir daşın üstünə çıxdı. Bütün nəzərlər ona dikildi. O, Mişanın ağac başına keçirmiş olduğu xəfiyyə paltarındakı fotoşəklini yuxarı qaldırıb hamıya göstərdi, onun xəfiyyəlik fəaliyyəti haqqında fəhlələrə qısa məlumat verdi və çıxışını: “Rədd olsun çar xəfiyyələri, rədd olsun aramıza soxulmuş Mişa kimi xainlər!” sözləri ilə bitirdi.

Bütün fəhlələr birağızdan Vanyanın son sözlərini təkrar etdilər. Onlar Mişanı didib parçalamaq istəyirdilər.

Mişa sanki yuxu görürdü, gözlərinə inanmırdı. Ağac başında duran, jandarm idarəsində aldırdığı rəsmi idi. Onu görüncə gözləri qaraldı, beyni dumanlandı, söz söyləməyə iqtidarı qalmadı.

Qriqorun qəzəbli səsi eşidildi:

- Bizə düşmən olan çar xəfiyyəsi içimizdən çıxsın, yoxsa biz başqa cür çıxardarıq.

Mişa yerində durub vəhşi, ürkək heyvan kimi dörd tərəfinə döyükürdü. Araz ona tərəf gəldi. Qəzəbdən od tutub yanan gözləri ilə onu başdan-ayağa acıqlı-acıqlı süzərək:

- Alçaq, çıx bizim aramızdan! – deyə bağırdı.

Mişa bir söz demədən sürətlə onlardan uzaqlaşarkən fəhlələrdən bir neçə nəfəri daldan ona fit çaldı.

Mişa öz şəklini haradan və nevə ələ keçirdiklərini bilmək üçün oradan birbaş şəhərə, fotoqrafçı Vasyanın evinə gəldi. Vasya onu nəzakətlə qəbul etdi. Oturar-oturmaz Vasya ondan:

-         Sənin dostun gəlib çıxmadı, bu necə oldu? – deyə soruşdu.

-         Hansı dostum?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info