Qonaq Kitabı
ARAZ

Günəş Arazın ciyərlərindəki zəifliyi tamamilə sağaltmaq fikri ilə var-yoxdan çıxaraq onu bu ab-havalı yerlərə gətirmişdi. Havada bir az duman gördümü, dərhal yerindən sıçrayaraq:

- Araz, səni soyuq alar, - deyə onu yamaqlı yun şalı ilə bürüyür. Araz da məmnun halda itaət edib dururdu. Toyuq öz balalarını hər növ fəlakətdən qoruduğu kimi onlar da zaman və təbiətin hər bir qorxunc və zərərli hadisələrindən bir-birini qoruyurdular.

Günəş hər səhər günəşlə bərabər doğar, günəşlə birlikdə yenə öz otağına çəkilərdi. Sular qaralınca Günəş Arazın əlindən tutub iri, ala gözləri ilə gülə-gülə:

-Havada rütubət var, qalx gedək! – deyərdi. Bir gün Şamil onlarla birlikdə çinar ağaclarının sərin kölgəsində oturub söhbət edirdi. Bu zaman qapı ağzında “Doktor Şamil” – deyə bir səs eşidildi. Şamil dönüb baxdıqda üç adam gördü. Üçünü də tanıdı. Bunlar Aslan bəy, Qəmər və Varis idi. Şamil ayağa qalxıb:

- Siz də bu yoxsul yerlərə gəlib çıxarmışsınız? – dedi. – Xoş gördük, necəsiniz?

Varis:

- Mən özümə söz vermişdim ki, bu il harda olsan, yayı səninlə keçirəm. Burda olduğunu isə məktəb yoldaşımız Həsəndən öyrəndim. Qonşuluqda boş otaq varmı?

Şamil əli ilə qonşuluqda olan otaqları göstərərək:

- Var, ancaq bəyənməzsiniz, - dedi.

Varis əlini havada oynadaraq:

-       Yaxanı bizdən qurtara bilməzsən, - dedi. – Daxma da olsa bizə qəbuldur. Gəl, düş qabağıma, göstər görək necə otaqdır?

-       Iki otaq, bir mətbəxdir. Otaqlar mənim otağımdan həm iri, həm də avadanlıq cəhətindən zəngindir. Pəncərələri isə həyətə açılır.

Şamil qonaqları qonşu evə apardı. Onlar müştəri gözü ilə otaqlara baxdılar. Varis ata-anasının üzünə baxdı. Qəmər dodaqlarını büzərək:

- Xoşuma gəlmədi, - dedi. – Bizə yaraşan otaqlar deyil, yenə pəncərələri ağaclığa olsaydı, bəlkə...

Varis onun sözünü kəsərək:

- Biz bura kef üçün gəlməmişik. Pəncərələri meşəyə oldu, olmadı, doktora qonşu olmaq üçün hələlik bu otaqlarda yerləşərik, - deyə cavab verdi.

Aslan bəylə Qəmər çiyinlərini çəkərək, istər-istəməz razı oldular.

Ertəsi gün səhər Arazı çeşmə başında görüncə Aslan bəy yerindəcə donub qaldı:

- Sən də burdasan? – deyə heyrətlə soruşdu. – Bu yerlərə necə, hansı pulla gəlmisən?

Araz ona məhəl qoymayaraq:

- Alın təri ilə qazandığım pulla, - deyə cavab verdi. – Soruşmaq ayıb olmasın, bəs sən hansı pulla gəlmisən?

Aslan bəy bu cavabdan bərk tutuldu. O, Arazın nə demək istədiyini çox gözəl bilirdi. Ona ciddi cavab vermək üçün bir qədər düşündükdən sonra uca səslə:

-           Arazları işlədib qazandığım pulla gəlmişəm, - dedi.

-           Bunu anlayırsansa, insaflı adamsan. Ancaq ataların bir sözü var: “Özgə atına minən tez düşər”.

-           Arxayın ol, biz elə minməmişik ki, bir də düşək.

-           Ölünü öz başına qoymazlar, səbir elə, sizi ata mindirən oğullar bir gün də düşürər.

Varis hər ikisini acıqlı-acıqlı süzdükdən sonra:

- A kişi, burda da qoymazsan qulağımız dinc olsun? – deyə atasının qolundan tutub çəkdi. – Bəri gəl!

Aslan bəy əlini hiddətlə kənara çəkib:

- Taxsır səndədir ki, bizi gətirib bu gədə-güdəyə tay edirsən, - deyə əsəbi halda evə qayıtdı.

Bir gün Günəş yoxsul süfrəsini yerə sərib Arazla qatıq-çörək yeyirdi. Qəmər çeşmə başına keçərkən onları uzaqdan istehza ilə süzərək:

- Ay qız, yenə kişiyə nə yedirirsən? – deyə soruşdu.

Günəş:

-   Nə yedirəcəyəm, kasıbın qazandığından, - deyə etinasız şəkildə cavab verdi.

-   Kişivin fil boyda cəmdəyi var, yəni çox qazana bilmir?

Günəşin enli qaşları çatıldı, acıqlı gözləri ona dikildi:

- Ey, sən ağzının sözünü bil, mən kasıb Arazın kəsilən dırnağını min Aslan bəy kimi kişiyə dəyişmərəm!

Günəş Arazın ciyərlərini tamamilə sağaltmaq üçün onun başına pərvanə kimi dolanır, soyuqdan, istidən qoruyur, gündüzün isti çağını çeşmə başında keçirir, sərin zamanlardameşədə moruq, böyürtkən, göbələk yığmağa aparır, yağışlı, rütübətli zamanlarda yamaqlı şalına sarıyıb onu artırmadan çıxmağa qoymurdu. Bu sadə, səmimi həyata vurulmuş doktor onların söhbətindən doymurdu.

Birinci gündən üçlər ikilərə düşmən kəsildi. Sözlərinə, hərəkətlərinə dodaq büzdülər, qaş-göz oynatdılar. Ikilər də üçlərdən xoşlanmayaraq mümkün qədər onlardan uzaqlaşmağa çalışdılar. Üçlər bulara “Lüt bəxtəvərlər” adını verdikləri kimi ikilər də onlara, “taun, vəba” adını vermişdi.

Varis arabir istehza ilə gülərək:

- Doktor, bu lüt həriflərin mənasız sözlərinə, gülünc hərəkətlərinə necə səbir edə bilirsən? – deyirdi.

Isti bir yay səhəri idi. Şamil Arazı çağırıb onunla qayıq seyrinə getmələrini xahiş etdi. Araz məmnuniyyətlə razılıq verdi.

Onlar gənc bir şamlığı ikiyə ayıran yaşıl bir təpənin lətif otları və çiçəkləri üzərində iki qocaman dağ arasına sıxılmış gölə doğru irəliləyirdilər. Günəş də onlarla idi. Araz birdən-birə durdu, əli ilə uzaqları göstərərək:

- Bax, dağların dalında yağış yağır, ildırım çaxır! – dedi.

Bu mənzərə onları dayandırdı. Şimşəklər alovlu ilan kimi, bir-birinin üzərinə qat-qat yığılmış buludlar arasında şütüyür, arxasınca göy gurultusu qopurdu.

Günəş tərəddüdlə:

- Araz, bu yağış bizi islatmasın? – dedi.

Araz qəti bir səslə:

- Yaz yağışı uzun sürməz. O bizi yaxalayınca qayıdarıq, - deyə cavab verdi.

Gölə yaxınlaşdıqca ildırımın gurultusu da yaxınlaşır, güclənirdi.

Onlar artıq qayığa minmişdilər. Araz avarları Şamildən almağa çalışdısa da o, razılıq vermədi. Günəşi baş tərəfdə yerləşdirən Araz gülə-gülə:

- Qayıqçı, bizi hara aparacaqsan? – deyə soruşdu?

Şamil barmağı ilə qabaqdakı dağları göstərdi:

-   Təpəsində ildırımların çaxdığı o daima yaşıl dağların təpəsinə!

-   Buludlarla döyüşməyəmi? Aman doktor, o dəhşətli ildırımlardan qorxmuram, ancaq buludların rütubəti Arazı xəstələndirə bilər.

-   O rütubəti atəşli şimşəklərinlə quruda bilməzsənmi? 

Araz gurlayan səsi ilə:

- Onun atəşi kifayət etməsə mən qurudaram, - dedi.

Şamil bütün qüvvəti ilə avar çəkərək qayığı gölün o biri sahilinə doğru sürürdü.

Günəş Arazın açılmış sinəsini şalı ilə örtərək:

- Günün istisi azalır, - dedi. – Havanın rütubəti isə artır.

O, sözlərini bitirməmişdi ki, qarşıdakı dağın təpəsində şiddətli bir ildırım çaxdı. Başlarının üstünə doğru gəlməkdə olan seyrək buludlar get-gedə sıxlaşır, yağış yavaş-yavaş səpələyirdi. Sahil gözəl bir mənzərə almışdı onun yarısından çox hissəsi günəş aşığında parıl-parıl yanır, yarısı isə üzərindən keçən buludlardan kölgəli görünürdü. Təbiətin bu ecazkar gözəlliyindən məst olmuş Araz nəşəli bir səslə:

- Qayıqçı, gücünü artır, sahildə bizi alyanaqlı çiyələklər gözləyir, - deyə bağırdı.

Qayıq sahilə doğru irəliləyir, günəş də parça-parça dağılmaqda olan buludların arasından isti şüalarını gölün lacivərd səthinə yayırdı.

Artıq sahildə idilər. Seyrək dumanlar onlara yol vermək üçün qarşılarından çəkilirdi. Sevincə və məmnuniyyətin nəhayəti yox idi. Onlar şən qəhqəhələrlə islaq otların arasından çiyələk dərib yeyirdilər. Araz Günəşlə yan-yana dağa dırmanmağa başladı. Bir az sonra onlar yaxın bir qaya başında iki canlı heykəl kimi durub üfüqə doğru uzanmış, qövs-qüzehin bu mənzərəyə verdiyi gözəlliyi məmnun baxışlarla seyr edirdilər.

Uzaqdan onlara tamaşa edən doktor bir anlığa üçləri xatərladı, ikilərlə üçlər arasındakı dərin təzad onun ailə, həyat haqqındakı fikirlərini bir daha təsdiq etdi. O, yavaşca: “Həqiqətən bəxtiyarlıq sərvətdə deyil, həyatı qura bilmək və onu dərindən anlamaqdadır!” – deyə pıçıldadı.

Güclü yağışın yağmasından ehtiyat edərək onlar geri qayıtmalı oldular. Qayığa minən kimi Araz avarlara sarılıb:

- Bu dəfə mən avar çəkəcəyəm! – dedi.

Qayıq onun qüvvətli qolları arasında quş kimi qanadlanıb uçurdu. Günəş çox narahat idi. Tez-tez:

- Araz, özünü tərlətmə, - deyə söylənirdi.

Araz, üzünü Şamilə çevirib:

- Doktor, istini soyuğa, soyuğu istiyə qatıb dürmək kimi yeyən bir fəhləyəm. Bu özü mənim xasiyyətimi yaxşı bilir. Bu bir ayda ixtiyarımı onun əlinə vermişəm. O da məni uşaq kimi nazlayır. Yoxsa şəhərdə bu işlər yoxdur, - dedi.

Şamil o gecəni Araz və Günəşlə bir yerdə keçirtdi. O xoşbəxt ailə içərisində keçirdiyi iki-üç saat ona heç duyulmadan keçdi. Yatmaq zamanı gəldiyindən doktor istər-istməəz qalxdı. Ağaclarda yarpaq belə qımıldanmırdı. Təmiz hava almaq üçün çeşmə başına qədər gəldilər. Günəş birdən-birə əllərini xaç kimi havada açaraq heyrətlə:

- Bura baxın, bu iki əlim arasındakı hava bir-birindən nə qədər fərqlidir! Sağ tərəfimdən keçən isti yel əlimi qarsalayır, - dedi.

Araz əlini ona tərəf uzadaraq:

- Hava axıntısı var. Qiblə tərəfindən yel əsir. Böyük bir fırtına qopacaq, - dedi. Sözlərini hələ bitirməmişdi ki, onların üz-gözünü qarsalayıb küçən küləkdən yarpaqlar sarsıldı. Doktor evə döndü. Varisin otağında çıraq yanmırdı. Yatmışlar – zənn etdi, gözlərinə yuxu girmək üçün özünü bir kitab mütaliəsi ilə məşğul etmək istədi. Heç mümkünmü? Zehni, fikri o ailə ilə məşğuldu, o gülüşlər, o dadlı söhbətlər qulaqlarının ucunda saz telləri kimi səslənirdi. Bayırda şiddətli külək ağaclara çarpdıqca bağırır, vəhşi heyvan kimi ulayırdı. Bu mənzərəni yaxından seyr etmək üçün artırmaya çıxdı. Arazın lampası yanır, arabir şən, şaqrar səsləri eşidilirdi. Külək get-gedə şiddətlənirdi, bir-birindən aralı düşməkdə olan damlalar o qədər sıxlaşırdı ki, başlarına minlərcə taziyana dəyirmiş kimi ağaclar kötüklərinə qədər əyilirdi. Birdən-birə başı üstündə şiddətlə çaxan sürətli ildırımdan bütün bina titrədi. Yer ayaqlarının altından qaçdı zənn etdi. Tez otağa girdi. Qonşu otaqda Qəmər deyirdi.

- Görsəən doktor lütlərin qonaqlığından gəldimi?

Aslan bəy:

-       Yox, hələ gəlməmişdir. Özü də elə onların tayıdır.

-       Yedikləri quru çörəkdir, amma di gəl ki, bəxtəvərin yanaqlarından qan damır, - deyə Qəmər gileyləndi.

-       Elə ki, onlar gün keçirir, - deyə Varis köksünü ötürdü.

Aslan bəyin qaşları çatıldı:

-       Onların yediyi-içdiyi nədir? Geydiyi nədir? Mən sənə xərclədiyimin mində birini onlar xərcləmir, o əzizliklə ki mən səni saxlamışam, gərək indi öküzə dönəydin.

-       Elə o cür saxlamaq məni bu günə qoydu, siz nəsiz ki,Ə mən nə olum.

Qəmər dərindən içini çəkərək:

- Elə onu de, oğlum, kiçiklikədn qovruldurn.

Aslan bəy daha da qızdı. Hiddətlə yerindən sıçrayaraq:

-   Sən nə mırıldanırsan? – deyə qışqırdı. – Nə oldu qovruldu? Bunların hamısı Allahın işidir. Adamın alnına yazılan qəzavü-qədərdir: biri kök olur, biri arıq. Allah hamını bir şəkildə yaratmaq ki!

-                      Nə oldu, elə bizi belə yaratdı?..

Aslan bəy Qəmərin ağzını yamsıladı:

-               Nə oldu, bizi belə yaratdı?.. Zalım qızı, elə naşükürlükdən bu günə qalıbsan.

-               Kişi, bəsdir, mən dava demədim ki? Ölü canımdan nə istəyirsən?

Aslan bəy:

- Canına çor istəyirəm, - deyə ayağını yerə çırpdı. – Mən bilmirəm sən nə demək istəyirsən. bir söz deyəndə keçmişi başıma çırpırsan.

Varis:

-       Hə, qıçaqlar, boğuşsaydınız pis olmazdı.

-       Keçmişi... Yalan demirəm ha, otuz ildə sənin xarabanda nə gün gördüm? Qapıdan girəli üzüm gülmədi, top kimi canım da şam kimi əridi.

Get-gedə söz uzanıb ciddi bir şəkil aldı. Hər ikisi otuz il keçirdikləri həyatın ulduzsuz gecələrini xatırladıqca başları dumanlandı, gözləri qaraldı, o sıxıntı həyat dəftərinin qarmaqarışıq yarpaqlarını bir-bir çevirdikcə qarşılarında bir-birindən qaranlıq və qorxunc lövhələr açıldı.

Bu vaxt böyük bir ağacın kötüyündən qopub yıxılmasını andıran bir səs gurladı. Sonra bərk qadın çağırtısı eşidildi. Arazgildən yenicə qayıtmış və öz otağında çarpayısında uzanaraq bu ailə haqqında şirin düşüncələrə dalan doktor tez ayağa qalxdı. Bayıra fırtına bütün qüvvət ilə davam edirdi. Başqalarının ailə işinə qarışmağı sevməməsinə baxmayaraq biixtiyar Varisgilin qapısını açıb içəri girdi. Qarşısında nə görsə bəyənərsiniz? Varis atasının qarşısında durub acıqlı bir səslə: “Sənə yüz kərə deyirəm, anamı vurma!” – deyə kişinin üzərinə xoruzlanır, qadın yerdə oturub saçları əlində ağlayırdı. Aslan bəy isə özündən çıxmış halda otaqda var-gəl edirdi.

Şamil gec-bəla ilə onları sakit edə bildi.

O gecə Şamil çox narahat yatdı. Səhər oyanan kimi həyətə çıxdı. Dünən həyətin bir tərəfinə tökülmüş peyinin içində toyuq-cücə eşələnirdi. Yaşlı, ala-bəzək bir xoruz qanadlarını ayaqları altında sürüyərək, boğazının tüklərini qabardır, toyuqları qabağına qatıb qaçırır, uzun mahmızı ilə peyini eşələyib həyətə dağıdırdı. Şamil otağına qayıtdı. Pəncərələri geniş-geniş açdı. Dan yeri sökülmək üzrə idi. Göy ləkəsiz, hava saf, təbiət canlı idi. Gözləri hər şeydən çox sevdiyi o iki çinara ilişdi. Gecə qopan fırtına tökmə qayalar kimi başlarını dik tutan o iki ağaca bir zərər verməmişdi. Təbiətin bütün yaradıcılıq qüvvəsini işlədərək yaratmış olduğu bu iki çinar bu gün gözünə daha gözəl, daha mətin görünürdü. Yarpaqlar, uclarından sallanan damcıların büllur kimi ətrafa saçdıqları nur içində parıl-parıl yanırdı. Yaşıl başlarını oxşayan nəsimin ətrafa yaydığı gözəl ətri udduqca gecədən bəri otağın ağır və pozuq havası ilə ağırlaşmış vücudunda bir başqalıq hiss edirdi. Bu zaman Araz Günəşlə bərabər çeşmə başına keçərkən onlarla salamlaşdı. Araz Şamilin salamını aldıqdan sonra:

- Doğrusu, dünənki fırtına çox dəhşətli idi, - dedi. – Ancaq...

Şamil onun sözünü yarımçıq kəsərək:

- Qonşularımızın başladığı fırtına isə ondan heç də geri qalmırdı. – dedi.

Zatən gecədən bəri doktorun fikrini yoran da bu məsələ idi. Onların gəlişi hamının nəşəsini pozmuş, sərbəstliyini almış və həyatın təbii axınına bir əngəl olmuşdu. Bu düşüncələr içində üzülərkən qapı ağzında bir fayton durdu. Varis doktoru görüncə uzaqdan gülə-gülə bağırdı.

-           Doktor biz köçürük.

-           Haraya?

-           Elə buraya, kəndin ortasında varlı bir adamın otağına. Ora bizim üçün daha əlverişlidir, içində hər şey var.

Ertəsi gün Şamil oyandığı vaxt yenə Arazla Günəşi hər səhər oturduqları yerdə, qocaman çinarların arasındakı çeşmə başında gördü. Günəş yenicə doğmuşdu. Yaşıl ağacların yarpaqları arasında yuxulu gözlərini təzəcə açmış quşlar şən-şən ötüşürdülər. Xəfif yel çinarların uca başlarını tərpədir, havaya xoş bir ətir yayırdı.

Bu zaman həvəskar bir rəssam da molbertdə yerləşdirilmiş olduğu bir kətan üzərinə bu iki çinar ağacının şəfəq sökərkən almış olduğu rəngi və şəkil çəkməyə hazırlaşırdı. Boyaları sıra-sıra ayırmış, gözlərini yavaş-yavaş qızarmağa başlayan üfüqlərə dikib dururdu. Birdən-birə hər tərəfdən nur çağlayanları axmağa baçladı; mənzərə tamamilə başqa bir şəkil aldı. Ilk şəfəqlər hücuma başlayınca bu iki çinar ağacı titrək, çəhrayı sədəflər içində parıl-parıl yanmağa başladı.

Rəssam böyük bir diqqət və maraqla fırçasına almış olduğu kəskin boyalarla o rəngləri təbii olaraq verməyə çalışırdı. O, gözlərini yaratmaq istədiyi tablodan ayırmaq böyük bir diqqət və maraqla mənzərə ilə tablo arasındakı ahəng və tənasübün bir-birinə nə qədər uyğun olduğunu təyin etmək istəyirdi. Mənzərənin rəngləri get-gedə bir-birinə qarışaraq başqa bir şəkil aldığı zaman rəssam fırçasını yerə qoydu. Boyaları topladı, molbertini qatlayaraq çiyninə alıb getdi.

Şamil başı üstündən göylərə qədər ucalan iki çinara bir də baxdı. əvvəlki titrək, çəhrayı şəfəqlər bir-birinə qarışmış olduğundan çinarlar indi alov rəngli incə bir tül içində qəndil kimi yanırdı. Yavaş-yavaş ucalmaqda olan günəş də bütün qüvvəti ilə ətrafa işıq və hərarət yayırdı. Şamil başı üstündə ucadan o iki çinara, onun geniş və sərin kölgəsində oturan o iki canlı heykələ bir də diqqətlə baxdı. Hər iisinin simasında həyatın acılarını əks etdirən və tez nəzərə çarpan qırışlarla yanaşı, qalın dodaqlarında aşıb-daşan sevin və bəxtiyarlıq şəfəqləri titrəyir; iri, ala gözlərində mətanət qığılcımları uçurdu. O, biixtiyar əyildi, ovuclarını çeşmənin sərin və saf suyu ilə doldurub doyunca içdi, içdi...

Bir ay içində Araz tamam sağalmışdı, Bakıya hərəkət edərkən Şamil onun əlini öz əlləri içində sıxaraq:

-           Mən sizə qəlbdən bağlandım, - dedi. – Sizdən ayrılmaq, bilirsiniz nə qədər çətin olacaq. Uğurlar olsun, ancaq Bakıda məni unutmayın.

Arazla Günəş:

-   Siz bizi unutmasanız, biz də unutmarıq, sağ olun! – deyə onunla çox səmimi görüşüb ayrıldılar.

 

 

 

YEDDİNCİ  FƏSİL



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info