Qonaq Kitabı
ARAZ

Nina onları gülərüzlə qarşıladı. O əvvəlcə Vanyanı tanımadı. Iri, ala gözlərini ona tikib diqqətləbaxdı. Vasya dayana bilməyib, tez tanışlıq verdi. Nina gülə-gülə onun əlindən tutub içəri apardı. Mavleyevka kəndindən, onun öz ailəsindən, qohum-əqrəbasından xəbər tutdu. Sonra vasyaya:

- Sən dostunu məşğul elə, mən bu saat gəlirəm, - deyib bayıra çıxdı.

Şəkil məsələsi Vanyanı çox maraqlandırdı. O, üzünü dostuna tutub:

-   Vasya, mənim bir yoldaşım da bu günlərdə sizin idarəyə işə girmişdir, - dedi.

-   Kimdir? Sən onun bizim idarəyə girdiyini hardan bildin?

-   Özü mənə dedi.

Vasyanın qaşları çatıldı. O, bir saniyə düşündükdən sonra təkrar soruşdu:

-   Adı nədir?

-   Mişa!

-   Mişa! O sarıbəniz, çil-çil, arıq adamdır. Tanıyıram, - deyə dostunun üzünə güldü. Sonra təkrar sözə başlayıb əlavə etdi:

-   Bizim idarədə onun adı Semyondur. Bu gün də gəlmişdi. O nədənsə müxtəlif qiyafələrə girməyi çox sevir. Onu bir neçə qiyafədə çəkmişəm, - deyə Vasya az sonra əlində bir neçə fotoşəkil içəri girdi. Ona dörd-beş şəkil göstərərək:

-   Bax, gör tanıyırsan?

Vanya şəkillərə diqqətlə baxdıqdan sonra daxilindəki həyəcan və nifrəti gizlədərək gülə-gülə dedi:

- Özüdür, zalım oğlu qraf kimi geyinmişdir.

Vasya onun adi paltarda çəkdirdiyi şəkli uzadaraq:

- Aralarındakı fərqə diqqət et! – dedi.

Vanya bu şəkli alıb baxarkən Nina bayırdan:

- Vasya, Vasya, - deyə çağırdı.

Vasya tez koridora çıxdı. Vanya Mişaya ən çox bənzəyən bir şəkili götürüb, tez qoynuna qoydu. Vasya qayıdıb içəri girən kimi Vanyanın qolundan tutub:

-       Qalx, Nina bizə yemək hazırlayıncaya qədər sənin şəklini çəkim, - deyə oni öz otağına aparmaq istədi. Vanya bəhanə gətirib razı olmadı. Vasya çox israr etdisə də o, iki-üç gündən sonra təmiz paltarda gəlib şəklini çəkdirəcəyinə söz verdi. Vasya Mişanın stolun üstündəki şəkillərini götürərkən:

-       Mişa çox istedadlı xəfiyyədir, - dedi. – Deyilənlərə görə olduqca böyük işlər açacağına söz vermişdir.

Vasyanın bu sözləri Vanyanın qəlbinə bir xəncər kimi sancıldı. Həyəcanını gizlətmək üçün Vasyaya tez cavab verməyə məcbur oldu:

- Bilirəm, o, çox istedadlı adamdır.

Vanya artıq axtardığını tapmış, vəzifəsini bitirmiş olduğundan getmək üçün bir bəhanə axtarırdı.

Nina içəri girdikdə Vanya ayağa qalxdı, əlini ona uzadaraq:

-       Bağışlayın, mən getməliyəm, - deyərək onun əlini öz əlləri içində sıxdı.

-       Getmək olmaz. Mən sizə yemək hazırlayıram, qalın, günümüzü bir yerdə xoş keçirək, - deyə Nina qalmağı ondan xahiş etdi. Vanya vacib işi olduğunu bəhanə gətirib, onun xahişini qəbul etmədi. Onlarla çox mehribancasına və nəzakətlə görüşüb qapıdan çıxdı. Pillələri enərkən Vasya onun arxasınca:

-       İki-üç gündən sonra gözləyirik, hökmən gəl, - deyə qışqırdı:

Araz həbsdən azad olduğu günün sabahı işə getdi. Podratçı qoca Əhməd onu çox soyuq qarşıladı, lakin Arazbuna əhəmiyyət vermədi. Işdən sonra birbaş kontora gəldi. Üç manat on beş şahı keçmiş əmək haqqını tələb edib aldı.

O gün Aslan bəy mədənə baş çəkməyə gəlmişdi. Araz keçərkən Aslan bəy onu uzaqdan görüb istehza ilə:

- Kişilər yaxşı deyiblər ki, “nə yaraşır arığa, gedib girsin qoruğa”, - deyə Araza söz atdı. – A kişi xalq günahını təmizləmək üçün Kərbəlaya gedir, Xorasana gedir, sən də dustaqxanaya... Pəh, pəh, pəh!..

Araz qaşlarını çataraq:

- Buna bax, kəsək oturub daş üçün ağlayır, - dedi. – Bilirəm ki, mənim üçün canın yanmır, öz gününə ağlayırsan.

Aslan bəy Arazdan belə cavab gözləmirdi. O elə zənn edirdi ki, Arazın həbs edilməsi onu yumşaldacaq. Odur ki, bu cavab onun qürurla yoğrulmuş vücudunu titrətdi. Qarşısındakı adamın Araz olduğunu görüncə hirsini yeməyə çalışdı, dodaqlarını gəmirə-gəmirə:

- Bilirəm, başın hələ də havalıdır, səni yolundan bərk azdırıblar, - dedi. – Bu yolnan getsən həmişə ac olacaqsan.

Araz qəzəblə:

- Acından ölsəm də sənin kimi namərdlərdən iş istəmərəm, - deyə cavab verdi.

Aslan bəy cavab vermədi. Araz gözlərini yerə dikərək acıqlı halda çıxıb gedərkən, birdən Mişa ilə qarşı-qarşıya çıxdı. Mişa onu görüncə:

-         Oy... Araz, Araz, hardasan? Səni axtarmaqdan yoruldum, - deyə ona yaxınlaşdı. Onlar bir-biri ilə çox səmimi görüşdülər, sonra yaxındakı bir təpədə oturdular. Mişa çoxdan görmədiyi Arazı şən və diqqətli baxışlarla süzdükdən sonra:

-         Çoxdandır səni görmürəm, - dedi, - heç dəyişilməmisən, poladsan, polad. Dustaqxana sənə heç təsir etməmişdir, rəngin üstündədir.

Araz onun sualına cavab vermədən soruşdu:

- Sən indi harda işləyirsən?

Mişa gülümsəyərək:

- Heç bir yerdə, - deyə cavab verdi. – Məni qovdular. Indi neçə gündür ki, işsiz gəzirəm.

Araz heyrətlə:

- Nə üçün? Qovulmuş fəhlələrin hamısını işə qəbul etməyə məcburdular, - dedi.

Mişa onun sözünü kəsdi:

-   Əvvəlcə qəbul etdilər, sonra bir bəhanə ilə yenə çıxarıb qovdular.

-   Bəs necə yaşayırsan?

-   Birtəhər yaşayıram, neyləyim?!

Mişa bu sözləri o qədər yanıqlı bir dillə söylədi ki, Arazın ürəyi yandı, cibindəki pullarını çıxarıb:

- Bu gün maaşımı almışam. Üç manat on beş şahıdır. Al bu bir manat sənin, iki manat on beş şahı mənim ailəmin. Qorxma, ürəkli ol, acından ölmərik! – deyərək manatı ona uzatdı.

Mişa manatı aldı, başını tərpədə-tərpədə:

- Mən heç şeydən qorxmuram, - dedi, - tətildən sonra təşkilatımız çox qüvvətlənmiş, Rusiyadan, Gürcüstandan bilikli, təcrübəli rəhbərlər gəlmiş, yaponların bizimlə müharibə başlaması çox yaxşı oldu. Çar ordusu hər yerdə məğlub olub. Müharibə nəticəsində hökumət zəiflədikcə bizim təşkilatımız güclənəcək. Bu saat yaman çalışırıq.

Araz onu məmnun baxışlarla süzərək dedi:

-       Mən həbsə düşəni təşkilat işlərindən xəbərim yoxdur. Fəhlələr təşkilata çox yazılırmı?

-       Çox yazılır, əvvəllər belə deyildi, indi dəstə-dəstə gəlirlər.

Bu söz Arazı çox sevindirdi. Mişa yerindən qalxaraq:

- Araz, mən bir az xəstəyəm, bir az da işim var. Sən təşkilat üzvləri ilə görüş, çıxarılan qərarları, bizim öhdəmizə düşən vəzifələri mənə də xəbər ver! – deyə xahiş etdi.

Onlar görüşüb ayrıldılar. Mişanın verdiyi məlumat onu çox sevindirdi. Çünki təşkilata üzv yazıldığına görə müsəlman fəhlələri və kənd əhli onu dinsiz, “millət xaini” adlandırıb hörmətdən salırdılar. Indi müsəlman fəhlələri və kəndliləri arasında aparılan təbliğat yavaş-yavaş öz bəhrəsini verirdi. Araz bu dadlı düşüncələr içərisində evə gedirdi. Qapıya yaxınlaşanda qarşıdakı iri püstə ağacının altından bir nəfər ayağa qalxıb:

-           Araz, Araz, bura gəl! – deyə yanına çağırdı. Araz əvvəlcə tanımadığı bu adama uzaqdan diqqətlə baxdı. Yaxınlaşdıqda:

-           Vanya, sənsən? – deyə əlini ona uzatdı. Vanya onun əlindən çəkib, ağacın altında yanında oturtdu. Bir qədər dinməzcə oturduqdan sonra:

-           Mişa ilə çox şirin söhbət edirdin. O sənə nə deyirdi? – deyə soruşdu?

Araz:

-           Elə bir söz demirdi, - deyə cavab verdi, - ordan-burdan danışırdıq.

-           Onun sənə dediklərini danışa bilərsənmi?

Araz Mişanın tapşırdıqlarını və aralarındakı söhbəti təfsilatı ilə nağıl etdi. Vanya acı-acı gülərək:

-   Sən heç Mişanın kim olduğunu bilirsənmi? – deyə soruşdu.

-   Sən ki onu məndən yaxşı tanıyırsan, - deyə Araz təəccüblə cavab verdi.

Vanya Arazın üzünə baxıb, gülərək başını oynatdı, sonra əlini onun çiyninə qoyub:

- O xaindir, jandarm idarəsinin xəfiyyəsidir, - dedi, - Ehtiyatlı dolan.

Araz qulaqlarına inanmadı, heyrət içində:

- Necə, Mişa jandarm idarəsinin xəfiyyəsi? Buna mən heç inana bilmərəm, - deyə bağırdı.

Vanya:

-           Yavaş, çığırma, - dedi, - sən buna inana bilməsən də təşkilat üçün bu isbat edilmiş bir həqiqətdir. Mişa xəfiyyədir. Bunu bilmək səni çox maraqlandırırsa isbat edə bilərəm.

-           Nə ilə isbat edərsən?

-           İndi bunu isbat etmək o qədər də çətin deyil. O sənə deyib ki, bir az xəstəyəm, həm də işim var. Əvvəla o, xəstə deyil, səndən də, məndən də sağlamdır. Işi olduğuna isə inanıram, çünki sabah şəhərə, jandarm idarəsinə gedəcəkdir. İstəsən bərabər gedək, orada onu öz gözünlə gör, inan!

Araz başını aşağı salıb, əsəbi bir halda əli ilə qumu eşələyirdi.

Vanya:

- Nə deyirsən? Getmək istəyirsənmi? – deyə soruşdu.

Araz qara qaşlarını çataraq:

- Yox, isbat olunmuş bir məsələni təzədən yoxlamağa ehtiyac yoxdur, - dedi. – Ancaq bu cındırından cin ürkən Mişa hara, xəfiyyə hara? Adam lap məəttəl qalır.

Vanya gülə-gülə:

- Nə, cındırından cin ürkən? Onu sən şəhərdə xəfiyyə paltarında görəsən. İki gün əvvəl dəniz donanması zabiti forması geymişdi. Onun partiyaya qəbul edilməsinə səbəbə biz olduq. Indi bütün məsuliyyət bizim üzərimizə düşür.

Vanya bu sözlərdən sonra Arazı tamamilə inandırmaq üçün gördüklərini və öyrəndiklərini eynilə nağıl etdi, sonra qoynundan bir fotoşəkil çıxarıb ona uzadaraq:

- Əgər şübhə edirsənsə al, bax, onun jandarm idarəsində çəkilmiş şəklidir, - dedi.

Araz Mişanın şəklinə baxdıqdan sonra:

- Artıq hər şey aydındır, - dedi, - zalım oğlu çulunu yaman dəyişib.

Araz bu sözləri deyib bir an sükut etdi. Vanyanın danışdıqlarını xəyalında bir də canlandırınca aslan qəlbində acı bir ağrı duyub dərindən inlədi. O, ömrü boyu həyatın hər acısını dadmış, hər fəlakətini görmüş, onun ən ağır zərbələrini belə yemişdi. Ancaq onun polad qəlbi, bütün bunlara qarşı göstərdiyi mətanət sayəsində heç bir zaman belə inləməmişdi. Mişa, artıq tanıdığı, öz əməyi, öz alnının təri ilə yaşayan yoxsul Mişa deyildi. O indi öz sinfini, məsləkini satan, onun kimi minlərcə, milyonlarca öz kəndini, ailəsini atıb boz steplər, qalın meşələr aşıb bir parça çörək üçün buralara gələn yoxsul xalqların düşməni, çar xəfiyyəsi idi. Onun heç bir sıxıntı və kədər yol tapa bilməyən qəlbini inlədən bu acı duyğu idi. O bütün nifrəti ilə:

- Tfu, satqın, alçaq! – deyə bağırdı.

Hər ikisi susdu. Sonra Vanya bir şeyi xatırlayırmış kimi, birdən-birə Arazın qolundan tutub:

- Araz, bura bax, - dedi, - yaxşı yadıma düşdü, bizə öz adamımız olan yaxşı bir qayıqçı lazımdır. Bu günlərdə dənizdə, coşqun ləpələr qoynunda mühüm bir iclasımız olacaqdır. İclasda bir çox mühüm məsələlərlə yanaşı xain Mişanın məsələsi də həll ediləcəkdir. Odur ki, növbəti iclas üçün dənizdən etibarlı yerimiz yoxdur.

Araz gülümsəyərək:

- Qayıqçı mən, - deyə cavab verdi.

Vanya sevincək:

- Nə deyirsən? Sən qayıq sürmək də bacarırsan?

Araz ciddiyyətlə:

- Bilirəm, özü də lap yaxşı.

Vanya fərəhlə:

- Bu çox yaxşı oldu, - dedi. – Biz bir dənizçi ilə danışmışıq. Nə zaman istəsək bizə bir-iki saatlığa bir qayıq verəcəkdir.

Onlar xeyli danışıb ayrıldılar.

Araz Vanyadan ayrıldıqdan sonra həyətə girdi. Mişa məsələsi onu bərk qəzəbləndirmişdi. Başıaşağı çox fikirli yeriyirdi. O ancaq otağa daxil olduğu vaxt başını qaldırdı, üz-gözü gülməyə başladı. Araz həmişə belə idi. Xaricdə nə dərdi, nə fikri olsa, evə gələn kimi hamısını unudur, hər kədəri qəlbindən silib təmizləyirdi. Bu dəfə də otağa girən kimi sevimli Günəşin, baxışlarında özünü gördüyü Poladını şən və gülər üzlə qarşıladı.

 

 

IV

Sərin və ulduzlu bir gecə idi. Qaraşəhər körpüsündə qızğın iş gedir, yan-yana durmuş gəmilərə yük vurulurdu. Yalnız körpüdən bir qədər uzaqda durmuş bir qayıqçı qayığı təmir etməklə məşğul kimi görünürdü: arabir alıcı gözlərini sahilə dikib, bir şey axtarırmış kimi baxırdı. O birdən-birə kürəklərə hərəkət verib qayığı sürətlə sahilə doğru sürdü. Sahildə gözləyən on bir adam dərhal qayığa atıldı. Qayıq sahildən ayrılıb sürətlə uzaqlaşmağa başladı. minənlərdən biri şən və gurlayan səslə:

- Qoçağım Araz, sən qayıq sürmək də bacarırsanmış? – deyə heyrətlə ona baxdı.

Araz cavab vermədi. O, gözlərini dənizin sakit səthinə zilləyib düşünürdü. Vanya diqqətlə ona baxıb:

- Araz, nə düşünürsən? – deyə soruşdu.

Araz üzünü onlara çevirib, əli ilə uzaqları göstərərək:

- Bax, o yerlərdə, su altında qalmış köhnə bir şəhər var, - deyə sözə başladı. – Dəniz durğun, hava saf olduğu zaman dənizçilər keçərkən onu su altında görürlər. Deyirlər ki, o şəhərin adı “Səba” imiş. Süleyman padşahın sevgilisi Səba bu şəhərdə yaşayırmış. Bu xüsusda eldə söylənən köhnə bir dastan var. Mən hələ kiçik ikən rəhmətlik babamdan eşitmişəm.

Qayıq göy suları yara-yara irəliləyirdi. Araz üzünü Bibiheybətə, İçərişəhərə tutub “Qırd damcı” qayasını, “Qız qalası”nı göstərərək, onların haqqında qısa izahat verdi və öz biliciyinə məğrur olan adamlara məxsus bir tövrlə əlavə etdi:

- Bu yerlərin hər qayası, hər daşı bir dastandır.

Qayıqdakılardan qarayanız, ortaboylu, xoşsima bir gənc: - Araz, bu yerləri çoxmu sevirsən? – deyə soruşdu.

Araz dərhal cavab verdi:

-         Bir gün sözarası düşmənlərdən birisi mənə dedi ki, “siz fəhlələrdə, bütün yoxsullarda vətən məhəbbəti yoxdur. Siz bu ananın övladı deyilmisiniz? Onu nə üçün sevmirsiniz?” Mən isə cavabında: “Vətəni siz sevmirsiniz, - dedim, - sizin sevdiyiniz yalnız puldur. Vətəni sevən də bizik, onu azad edən də biz olacayıq!”

-         Haqqın var, Araz, qorxma, o gün yaxındır. O günü sənə firqəmizin açdığı geniş yol, izlədiyi milli siyasət verəcək. O zaman sosialist vətənini gənc bir aşiq qəlbi ilə sevəcəksən. Indi yelkəni aç, otur, işə başlayaq.

Qarayanız gənc:

- Bugünküvəziyyət və gələcək fəaliyyətimiz haqqında danışmaq üçün söz Azad yoldaşa verilir, - deyə əlavə etdi.

Qumral gözlü, xoşsima gənc sözə başladı:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info