Qonaq Kitabı
ARAZ

Mişa başını qaldırıb:

-       Tanya, bizim də o yetimlərə yazığımız gəlir, - dedi.

-       Verilən bu materiallara görə səni çox ağır cəzalara məhkum edə bilərlər. Bu fəlakətdən qurtarmaq üçün yalnız bir çarən var.

-       Nədir?

-       Hökumətimizin sənə verdiyi vəzifəni canla-başla qəbul etmək. Yalnız bu vəzifə ilə özünü və yetim balalarını fəlakətdən qurtara bilərsən, başqa heç bir şey səni qurtara bilməz.

Tanya bir an donub qaldı. Bu bir an içində keçmişin bütün fəlakətləri onun xəyalından bir-bir keçdi, sonra yetim, ac və çılpaq balaları gözünün qarşısında canlandı. Onlar sanki onun ətəyindən tutub: “Ana, bizi ölümün, aclığın pəncəsindən qurtar!” – deyə yalvarırdılar. Tanya birdən hönkür-hönkür ağlayaraq boğuq səslə:

- Razıyam! – dedi.

Kok:

- Daha nə üçün ağlayırsan? – deyə güldü. – Biz səni məcbur etmirik. Başqaları bu vəzifəni ələ keçirmək üçün yalvarır, yaxarır, onun-bunun minnətini çəkir.

Tanya göz yaşlarını silərək:

- Yetimlərim yadıma düşdü, - dedi. – Onlar üçün ağlayıram.

Mişa yerindən qalxıb, yeni vəzifəsi münasibəti ilə onu təbrik etdi.

Iki gün sonra Tanyanın jandarm idarəsində xəfiyyəliyə qəbul olunması haqqında əmr verildi.

Araz dörd ay həbsxanada qaldı. Fəqət bu dörd ay dörd il qədər ona uzun göründü. Çünki onu əvvəlki dəfədə olduğu kimi siyasi məhbuslar korpusuna deyil, dar, məzar kimi kiçik va qaranlıq kameraya salmı.dılar. O, işıq və insan üzünə həsrət idi. Hər şeydən çox onu narahat edən təşkilat işlərindən, yoldaşlarından xəbər tuta bilməməsi idi. O ancaq birinci gün həbsxana koridoruna girdiyi zaman qoca Andreyi görmüşdü. Andrey onu görüncə donub qalmış, onunla danışmağa ürək edə bilməmişdi.

Araz Andreyi çox gözlədi. Andrey onunla görüşməyə gəlmədi. Bu hadisə də Arazı bir tərəfdən narahat edirdi. Bir gün hava almaq üçün onu həyətə çıxaran növbətçidən soruşdu.

- Burda qoca Andrey var idi, o necə oldu?

Növbətçi ehtiyatla:

- Onu burdan uzaqlaşdırdılar, - dedi.

Hava almaq üçün onu hər gün on beş dəqiqə həyətə çıxarırdılar. Arazın gözü hava almağa çıxmış dustaqlar içində öz yoldaşlarını çox aradı. Siyasi dustaqlar bir-birlərini görməsinlər deyə onları başqa-başqa zamanlarda çıxarırdılar.

Bir gün yenə hava almaq üçün Arazı həyətə çıxarmı.dılar. həyətə girincə dustaq əlbəsəsində, ayaqlarında dəmir qandal şeyləri ilə bərabər bir çox dustaq gördü. Onların ya yeni gəlmiş, ya da azad edilmək üçün oraya toplanmış olduqlarını zənn etdi.

O, gözlərini dustaqlardan ayırmayıb bir dost və tanış görmək ümidi ilə diqqətlə onlara baxırdı. O qədər dustaq içində gözünə bir tanış belə dəymədi. Araz yanındakı növbətçidən soruşdu:

- Bunları azadmı edəcəklər?

Növbətçi istehza ilə:

- Hə, azad edəcəklər... Onları Sibir çöllərinə sürgün edirlər, - dedi.

Arazın qəlbi yerindən oynadı. Dərin bir iztirab içində onun həyəcanlı gözləri bir tanış axtarırdı. Bu zaman: “Araz” – deyə bir səs eşitdi. Çevrilib diqqətlə baxınca bir az aralı ayaqları qandallı iki dustaq gördü. Saç-saqqal basmış olduğundan hər ikisi tanınmaz simaya girmişdi. Araz onları ancaq səsindən tanıdı:

-       O, Akop, Murad! – deyə onlara tərəf getmək istərkən yanındakı növbətçi qolundan şiddətlə çəkib onu saxladı:

-       Ey, dustaq, burda görüşmək, danışmaq olmaq!

Araz ona əhəmiyyət verməyib irəlilədi. Növbətçi bu dəfə iki əli ilə tutub onu geriyə doğru çəkdi və acıqlı səslə:

- Sənə deyirəm çəkil, haydı, kameraya, tez, tez! – deyə bağırdı.

Araz çırpınır, deyinir, söyür, xahiş edir, ancaq bunların heç biri fayda vermirdi.

Akop:

-                      Araz, inad etmə, yaxşı olmaz, bizim qoca əhvalatı sənə anladacaq, - dedi. Sonraüzünü növbətçiyə tutub:

-                      Ay axmaq, adamı danışmağa nə üçün qoymursan? – deyə soruşdu.

Murad əlavə etdi:

- Bu həbsxana köpəkləri sallaqxana köpəklərindən daha quduzdur. Onlar insanların ayaqlarından qapır, bunlar ürəyindən.

O bu sözləri deyib, Akopun qolundan tutdu və Arazdan uzaqlaşdılar.

Bu hadisədən sonra Arazın sıxıntı və kədəri daha da artdı. Yoldaşları ilə görüşə və söyləşə bilməməsi ona çox təsir etmişdi.

Arazı bir ay sonra istintaq etdilər. Səhəri həbsxana rəisi onu yanına çağırtdırıb möhürlü bir kağız uzadaraq:

- Gedə bilərsən! – dedi.

Araz eşitdiklərinə inanmadı, təəccüblə soruşdu:

- Hara?

Rəis gülə-gülə:

- Evə, arvadının yanına!

Arazla bir gündə həbsxanadan 80-a yaxın inqilabçı fəhlə azad edilmişdi. Azad olunanlar içərisində bir çox görkəmli inqilabçılar, o cümlədən Azad da vardı. Bütün bunlar Arazı çox təəccübləndirdi. O, buraxıldıqdan sonra bunun səbəbini tezliklə öyrəndi.

Son nümayişdə iştirak edən fəhlələrin həbs edilməsinə qarşı etiraz əlaməti olaraq Bakı partiya təşkilatı mədənlərdə siyasi tətillər və əzəmətli fəhlə nümayişləri təşkil etmiş, bu tətil və nümayişlərdə fəhlələr həbsə alınmış yoldaşlarının tezliklə azad edilməsini ciddi surətdə tələb etmişdilər. Bütün Rusiyanı bürüyən tətil və vuruşmalar hökuməti qorxuya saldığından o, güzəştə getməyə, siyasi dustaqların bir qismini azad etməyə məcbur olmuşdu.

Həbsxanadan çıxdığının üçüncü günü gecə Arazın qapısı döyüldü. Araz qapınıı açmaq üçün cəld yatağından qalxdı. Günəş onu buraxmayaraq, özü getdi və qapının arxasından:

-       Kimsən? – deyə soruşdu?

-       Mənə, Günəş bacı, Qriqordur. Arazı görəcəyəm, - deyə bayırdan pıçıltı ilə cavab verdi.

Araz artırmada durub gözləyirdi. Qriqoru səsindən tanıyan  kimi Günəşə macal vermədən irəli atılıb qapını açdı.

Qriqorla çox səmimi görüşdülər. Son hadisələr haqqında xeyli söhbət etdikdən sonra bilrikdə mədən partiya təşkilatının gecəyarısı keçiriləcək iclasına getdilər.

 

 

ALTINCI  FƏSİL

 

I

 

Aslan bəy böyük oğlu Varisi realni məktəbə vermişdi. Varis aşağı siniflərdə ciddi və istedadlı bie şagird kimi görünürdü. Böyüyüb yuxarı siniflərə keçdikcə ildən-ilə dəyişirdi. Yalnız təbiətində deyil, vücud və simasında belə böyük bir dəyişiklik əmələ gəlmişdi. O çox ərköyün böyüdüyündən tərbiyəsi və əxlaqı gündən-günə pozulurdu. Öz sinif yoldaşı Şamilin və onun kimi yoxsul tələbələrin başına bir bəla kəsilmişdi. Onları hər gün, hər saat təhqir edir və bundan böyük zövq alırdı.

Varis hər gün müəllimlər tərəfindən məzəmmət və danlaq almağa başlamışdı. Nəhayət, nə müəllimlər və sinif rəhbəri, nə də müdriyyət onun başı pozuqluğunun qarşısını ala bilmədiklərindən məktəbdən qovuldu. Aslan bəy, evdə dərs oxuması üçün ona müəllim tutdu. Müəllim tamam bir il onunla məşğul oldu. Lakin Varis yenə imtahan verə bilmədi.

Bir başda iki sevda olmaz! Varis indi atasının yolu ilə getdiyindən verilən dərslər, deyilən sözlər zehnindən uçub gedirdi. Atası Aslan bəy böyük pullar sərf etdiyi halda oğlunun yenə imtahan verə bilmədiyindən çox narazı qalmışdı. “Haram olsun sənə çəkdiyim zəhmətlər. Kasıb balaları acqarnına oxuyub bir yana çıxır, sən mənim ətək-ətək tökdüyüm pulu, çəkdiyim zəhməti kor qoydun!” – deyirdi.

Varis iki il avara-avara gəzib dolandı. Nəhayət, atası ona kontora iş verdi. Atasının tapşırığına görə Varis hesabdarların əli altında işləyərək, kontor işlərini öyrənməyə başladı.

Həm köhnə, həm yeni mədəniyyətdən binəsib olan Aslan bəy həyatı yalnız əyyaşlıqdan ibarət bilirdi. Belə bir tərbiyənin nəticəsi olaraq atasının sərvətinə güvənən Varis içki və qumar düşkünü olan bir gənc kimi yetişirdi. O bütün gecələrini qapalı klublarda qumar oynamaqla, yaxud şantan qızları ilə məşhur mehmanxanalarda əylənməklə keçirirdi. Son zamanlar kontorun bütün ixtiyarını ö əlinə almış, qüruru, qudurğanlığı bir qat da artmışdı. O indi şantan qızlarını hovuzda şampan şərabı ilə çimizdirirdi.

Aslan bəy Varisin azğınlığına daha dözə bilmədi. Onu kontordan qovdu. Lakin bir il sonra anasının və dayısının xahişi ilə böyük bir bəzzaz mağazası açmaq üçün ona istədiyi qədər pul verdi. Varis şəhərin ən gurultulu bir küçəsində dörd-beş böyük dükan kirayə edərək, mal almaq üçün Həştərxan yolu ilə Bakıdan Nijni-Novqorodo-Məkərəyə yola düşdü. Ilk dəfə gördüyü Həştərxanda üç-dörd gün qalmağa qərar verdi.

Bir çox araşdırmalar nəticəsində Varisi tanımış olan fırıldaqçılardan birisi bir gün ona yanaşaraq, ən səmimi bir dost kimi əlini sıxdıqdan sonra:

- Xoş gördük, Varis bəy, sən də bizim şəhərimizə gələrmişsən, - dedi. – Ən yaxın dostumun oğlunu görmək mənim üçün böyük səadətdir.

O sonra Varisin atasının, anasının kefini soruşdu, onların xəstə olduqlarını eşitdikdə təəssüf etdi.

Üzərinə almış olduğu rolu böyük bir məharətlə oynamış olan bu adam özünü Aslan bəyin ən yaxın dostu kimi qələmə verdiyindən Varisdə heç bir şübhə oyatmamış və o gündən Varisi öz təsiri altına almağa müvəffəq olmuşdu. Onun Həştərxanda üç-dörd gün qalacağını öyrəndikdən sonra:

- Varis bəy, mən Aslan bəyin çox yaxşılığını görmüşəm, - dedi. – Sizə qulluq etmək üçün belə bir günü çoxdan arzu edirdim. Şəhərimizdən çıxıncaya qədər mənim qonağımsan. Burda sənə göstərmədiyim bir guşə, tanıtmadığım bir adam qoymayacağam. İnsan həyatda hər şeyi görməli, hər şeyi bilməlidir.

Varis nə qədər çalışdısa, atasının ən yaxın dostu deyə özünü təqdim edən Qənbərdən yaxasını qurtara bilmədi. Teatr və kinodan başlayaraq şəhərdə görmədiyi bir yer qoymadı. Bir gün Qənbər Varisi qapalı kluba apardı. Qənbər əvvəlcədən görüşüb sözləşmiş olduğu fırıldaqçı dostları ilə xəlvət bir guşəyə çəkilib qumar oynamağa başladı. Bir az sonra Varisi də oyuna qarışdırdılar. Qənbər Varisə kömək edirmiş kimi onun başı üstündə durub, əvvəlcədən sözləşdikləri müxtəlif işarələrlə əlini öz dostlarına bildirdi. Get-gedə oyun ciddi şəkil aldı. Əvvəlcə Varis bir-iki oyun uddu, sonra isə hər dəfə uduzmağa və pulları əritməyə başladı. Ortaya yemək gəldiyi zaman Varisin artıq cibində bir qəpik pulu yox idi. Qumarbazlardan biri pulları iki əli ilə Varisə doğru uzadaraq:

- Varis bəy! Hər kəsdən çox mən qazandım. Uduzduğun pulu sənə qaytara bilərəm, - dedi.

Varis dili dolaşa-dolaşa:

-   Yox, yox, o sizin haqqınızdır! – deyə cavab verdi.

-   Hey, hey, elə pullar sizin gözünüzə çox görünür, - deyə Qənbər istehza ilə güldü, - Varis bəy üçün isə heç bir şeydir. Ancaq mənim qonağım olduğundan uduzmasını istəmirdim.

Ertəsi gün o, Varisə:

- Bu gün ən adi bir restoranda nahar edəcəyik, - dedi. – Orda sənə qəribə bir qız göstərəcəyəm.

Onlar restorana getdilər. Bir stolun başında oturub yemək sifariş etdilər. Qənbər xəlvət bir guşədə yeməklə məşğul bir qızı göstərib:

- Bax, diqqətlə bax! Sənə dediyim qız budur, - dedi. General qızıdır. Atasından acıq edib evlərindən çıxıb, kiçik bir otaqda tək yaşayır. Bax gör bə gözəldir! Şəhərimizin bütün cavanları onun dəlisidir, ancaq zalım qızı vəhşi ceyran kimi heç kimə ram olmur.

Xörəkpaylayan onlara xörək və çörək gətirdi.

Varis qarşısındakı soyuq şorbanı yeyə-yeyə qızı gözucu süzdü. Qız kimsəyə baxmırdı. Ilk görüşdə qız onu maraqlandırmadığından heç bir cavab vermədi. Qənbər iri gövdəsini stolun üstünə yıxaraq, tülkü gözlərini yandan Varisə dikib dedi:

- Deyirlər, bu qızın böyük bir arzusu var. Kim onu istəyinə qovuşdursa onun malı olacaqdır.

Varis maraqla soruşdu:

-   Arzusu nədir?

-   Onu bu vaxta qədər heç kəsə açmayıb. Deyilənə görə onu öz arzusuna çatdıran adam Həştərxanda yoxmuş. O bir bəladır, onun dərdindən bu günlərdə varlı bir cavan dəli oldu. O, kişilərdən qaçır. Nə qədər çalışırlar, onunla tanış olmaq mümkün olmur.

Qənbərin bu sözləri Varisdə böyük bir maraq oyatdı. Qızı gözaltı bir də süzdü. Bu dəfə qız da ona baxdı. Qızın cəlbedici gözləri Varisdə bir ümid doğurdu. Həştərxanda kimsənin ələ keçirə bilmədiyi bu ürkək ovu özünə ram etmək və bununla böyük bir şöhrət qazanmaq fikri onu yoldan çıxartdı. Varis məğrur bir halda:

- Mən onu ələ gətirərəm! – dedi.

Qənbər başını dikəldib, istehza ilə ona baxaraq:

-       Yox, bacarmazsan! – dedi.

-       Bacararam deyirəm!

-       Heç inana bilmirəm. Sənin kimi özünə güvənib aylarla onun dalınca kölgə kimi sürünənlər çox olmuşdur.

Varis gözlərini qızdan ayırmırdı. Qız isə ona mənalı-mənalı gülümsəyərək, sanki, “qorxma müvəffəq olacaqsan” – demək istəyirdi.

Varis əlindəki qaşığı yerə qoyduqdan sonra qəti bir səslə:

- Tanış olsam nə verərsən? – deyə soruşdu.

Qənbər əlini stola çırparaq:

- Sənə bu şəhərdə bir qonaqlıq verərəm ki, bütün Bakı, Həştərxan tamaşaya gələr, - deyə cavab verdi.

Hər ikisi sözündə möhkəm durmaq üçün bir-birinin əlini sıxdı. Hamı getdi. Restoranda onlardan başqa adam qalmadı. Qız əlinə bir kitab alıb oxuyur və hərdənbir gözlərini kitabdan çəkib, Varisə baxaraq gülümsəyirdi. Varisin səbri-qərarı kəsilmişdi, qalxıb qıza tərəf getmək istərkən Qənbər onun əlindən tutub:

-       Aləmi bizə güldürmə! – deyə onu dayandırmaq istədi. Varis əlini çəkərək qızın oturduğu stola yanaşdı, kitab mütaliəsi ilə məşğul kimi görünən qıza:

-       Madmazel, mən rəsmiyyəti qəlbimin əmrinə qurban edənlərdənəm. Müsaidənizlə tanış olaq, - dedi.

Qız, Varisə heç bir cavab vermədi, hətta başını qaldırıb onun üzünə belə baxmadı. Varis “müsaidənizlə tanış olaq” sözlərini ikinci, üçüncü dəfə təkrar etdi. Heç bir cavab ala bilmədiyindən bütün ümidlərini qırıldığını görüb:

- Hər arzu və istəyinizi yerinə yetirəcəyimə namusla söz verirəm, - dedi.

Bu sözlərdən sonra qız başını qaldırdı. Heyrətli baxışlarla Varisi süzərək:

- Siz kimsiniz? – deyə soruşdu.

Varis:

- Mən Bakı varlılarından Varis bəy Aslanbəyoviçəm, - dedi, - istəyim ancaq sizinlə tanış olmaqdır.

Qız mütaliəsinə davam edərək ona daha heç bir cavab vermədi. Aslan bəy ertəsi gün yenə həmin restoranda o qızdan bir kəlmə belə cavab ala bilmədi. Yalnız onun yaşadığı evi öyrənə bildi. Varis məğrur və inadcıl bir uşaq kimi acığından az qala partlayırdı. Qənbərin istehzalı gülüşləri ona iynə kimi batırdı. Üçüncü gün qız yenə yeməkdən sonra evlərinə dönərkən Varis:

-           Madmazel, rica edirəm lütfən tanış olaq. Hər arzunuzu canla-başla qəbul edirəm, - deyə qızın dalınca düşdü. Qız çevrilərək:

-           Əl çək məndən, sən mənim arzularımı heç bir zaman yerinə yetirə bilməzsən! – dedi.

Varis yerə qədər əyilərək:

- Yetirərəm, madmazel, canla-başla yetirərəm, - deyə cavab verdi.

Qız durdu, ciddi bir vəziyyət aldıqdan sonra iki barmağını onun çiyninə qoydu. Çox mühüm və gizli bir sirr söyləyirmiş kimi:

- Bu vaxta qədər açmadığım sirri açıram, - dedi, - kimsəyə açmamaq şərtilə. Mən general qızıyam. Kiçik ikən anam vəfat etmiş, atam isə bir başqası ilə evlənmişdir. Mən onunla yola gedə bilmədim. Bir gün analığımla vuruşub evdən çıxarkən atam: “Çıx get, acından öl!” – deyə bağırdı. Mən də cavabında “Acından ölməyəcəyəm, astarı, üzü beşyüzlükdən olan yorğan altında yatacağam!” – deyə cavab verdim. Bu söz o zaman necə olmuşsa ağzımdan çıxmışdı. Mənim arzum budur!

Bu sözləri dedikdən sonra qız cavab gözləyirmiş kimi gözlərini Varisin üzünə dikdi. Varis məğrur bir tövrlə gülərək:

-   Elə bu? Baş üstə, sabah yorğan hazırdır! – deyərək qızdan ayrıldı. Mal almaq üçün Nijni-Novqoroda barat etdiyi pulun teleqrafla Həştərxan bankına göndərilməsinə dair bir teleqram vurdu. O gün Qənbərlə görüşüb əhvalatı ona danışdı. Başını oynada-oynada:

-   Hər şey pulun başındadır, - dedi. – Mənim əlimdən qız qurtarar? Sən qonaqlığının tədarükündə ol!

Qənbər:

- Hay, hay, hələ duza gedirsən, sən o qızı ələ keçirsən, dediyim kimi sənə bir qonaqlıq verəcəyəm ki, bütün Bakı, Həştərxan tamaşasına gəlsin, - deyə cavab verdi.

O gecə Varis ilan vurmuş adam kimi səhərə qədər yatmadı. Kimsənin ələ keçirə bilmədiyi bu qızı özünə ram edərsə Həştərxanda böyük şöhrət qazanacaq, bütün varlılar, gözəl qızlar onu hər yerdə barmaqla göstərəcək, hətta bu səs Bakıya qədər yayıılacaqdır, - deyə düşünür, sevincindən yerə-göyə sığmırdı. Səhər erkən qalxıb, birbaş banka getdi. Qapıdan içəri girən kimi xidmətçi:

- Hara vətəndaş? Hələ bank açılmamışdır, - deyə onun qabağını kəsdi, - bir saat sonra təşrif gətirin.

Varis geri qayıdıb, bir saatdan sonra yenə banka gəldi. Lakin pul hələ gəlib çıxmamışdı. O, acığından dil-dodağını çeynəyirdi. Üç-dörd dəfə gəlib-getdikdən sonra, nəhayət, pulun gəldiyini öyrənib, çox sevindi. Bankın müdirinə yanaşaraq:

- Sizdən bir ricam var, - dedi, - əmr edin pullar qatı açılmamış beşyüzlüklərdən verilsin.

Axşam idi. Qız lampasını yandırmış, başını aşağı salaraq kiçik bir stolun üstündə açdığı kitabın mütaliəsi ilə məşğul kimi görünürdü. Kiçik lampanın solğun işığı onun sifətini işıqlandırdığından gizlətməyə çalışdığı həyəcan və sevincini büruzə verirdi. Onun intizar çəkən gözləri gah kitaba, gah da küçəyə açılan pəncərəyə dikilib qalırdı. Vaxt ona çox uzun göründüyündən əsəbiləşir, tez-tez saata baxırdı. Artıq dayana bilmədi. Yerindən qalxıb, yatağın üstünə sərdiyi örtüyün qırışlarını əlləri ilə düzəltməyə başladı. Sonra kiçik qoltuq güzgüsünü çıxarıb üzünə tutdu, saçını bir daha səliqəyə saldı, üzünü yenidən dudraladı, dodaqlarına, yanaqlarına qırmızı sürtdü. Gözləri otağın kirli divarlarına, qapı və pəncərəsinə sataşdıqda nəşəsi qaçdı; çünki onlar bu fövqəladə gecəyə yaraşmırdı. Dərindən içini çəkərək düşünməyə başladı. Otağın bir bucağında hörümçək toruna düşmüş milçəyin vızıltısı onu bu düşüncədən ayırdı. O, tələyə düşmüş milçəyin özünü qurtarmaq üçün çalışıb-çapalamasını və onun başı üstə duran hörümçəyin incə tellərlə tez-tez onun əl-ayağını möhkəm bağladığını seyr edərkən, küçədə bir fayton səsi eşitdi. Tez gəlib öz əvvəlki yerində oturdu. Bir saatdan bəri stolun üstündə tərsinə açılmış olan kitabın sətirlərini yenə gözündən kemçirməyə başladı. Qapı ağzında ayaq səsi eşidildiyi zaman yerindən qalxdı. Pəncərəyə yaxınlaşaraq, onu manikürlü barmaqları  ilə yavaş-yavaş qapadı, pərdəni aşağı saldı, sonra gəlib döyülən qapını açdı. Varis əlində ağ qətfəyə sarılan bir şey içəri girdi. Şən və məğrur bir səslə:

-   Al, gözüm, bu sənin beşyüzlüklərdən tikilmiş yorğanın – deyərək, bağlı şeyi nəzakətlə qızın açılmış qolları üstünə qoydu... Qız sevinclə parıldayan gözlərini ona dikərək titrək bir səslə:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info