Qonaq Kitabı
ARAZ

Anaxanım:

- Başına dönüm, ona bərk acıqdan ki, bir də belə iş görməsin, - dedi. – Həm də soruş görək bu vaxta qədər harda idi?

Arazın evə gec gəlməsi Atabalaya da təsir etmişdi. O bu vaxtadək güldən ağır bir söz demədiyi nəvəsinə bu gün bərk acıqlanmağa qərar verdi.

Araz gülə-gülə yaxınlaşdı. Atabala:

- Bu vaxta qədər harda idin? – deyə soruşdu.

Araz cavab vermədi.

Atabala yerindən tərpənməyərək daha kəskin bir səslə onun üstünə çığırdı:

- Sən harada idin deyirəm, eşitmirsən?

Araz halını pozmayaraq:

- Sən harada idin, mən də orda! – deyə cavab verdi.

Bu cavab Atabalanı təmin etmədiyindən, o:

-       Mən işdə, de görüm sən harada idin? – deyə daha acıqlı halda təkrar soruşdu.

-       Mən də işdə.

-       Necə işdə? Söz soruşuram, cavab ver!

-       Doğru deyirəm, buruqda işləməyə getmişdim.

-       Hansı buruqda?

-       Podratçı Əhmədin buruğunda.

-       Səni ora kim apardı?

-       Heç kim, özüm getdim.

Gözlənilməyən bu cavab Atabalanı dərhal yumşaltdı, o mühribanlıqla soruşdu:

- Səni işləməyə nə vadar etdi, oğlum? Yoxsa ac qalırsan?

Araz cavab vermədi. Atabala sözünə davam edərək:

- Bilirəm, mənim azacıq qazancım səni yaxşı yaşada bilmir, - dedi.

Araz gülümsədi:

- Yox, baba, mən cavanam, daşdan yumşaq hər şeyi yeyə bilirəm. Sən qocalmısan, indi gərək səni mən saxlayam.

Anaxanım Atabalanın üzünə baxdı. Atabala gözlərini heyrətlə iri-iri açaraq:

- Necə? Məni sən saxlayacaqsan? Hələ ona çox qalır, oğlum. Nə qədər mən sağam səni işləməyə qoymaram, - dedi.

Babası nə qədər çalışdısa Arazı fikrindən döndərə bilmədi. Araz:

- Yox, baba, sənin ağır zəhmətlə qazandığın çörəyi mən yeyə bilmərəm, - deyə qətiyyətlə bildirdi.

Araz həmin gündən fəhlə şagirdi kimi mədəndə işləməyə başladı. Axşamlar mədəndən evə döndüyü zaman arabir babası ilə həyətdəki əncir ağacının altında oturub uzun-uzadı danışardı. Babası ona öz cavanlığından, fəhləlik həyatından söz açıb deyərdi:

- Oğlum, keçmişlərdə buruqlar su quyusu tək əl ilə qazılırdı. Bu gün şaxta quyularda olduğu kimi nöyütü quyudan mancanaq, ya da çarxla, öküz gönündən qayrılmış tuluqlarla çəkib çıxarırdılar. Tacirlər nöyütü tuluqlara doldurub dəvələrlə, qatırlarla uzaq şəhərlərə aparır, orada satırdılar. Bakı nöyütünü yaxın, uzaq ölkələr çoxdan tanıyır. Mən özüm köhnə quyularda çox işləmişəm. Səhərdən axşama qədər atı bağaraya qoşub qara mazut çəkərdim. Yazıq atlar qan-tər içində əldən düşürdü. Ayda üç-dörd at çolaq olurdu. Bax, indi işlər dəyişib, quyunun üstündə buruq tikib, yeri iti balta ilə qazırlar. Nöyütü quyudan jalonka deyilən iri dəmir qablarla çıxarırlar. Indi atyerinə maş.ın, dəzgah qoymuşlar. Onun köməyi ilə quyunu həm qazırlar, həm də nöyütünü jalonka ilə quyudan çıxarırlar; indi işlər bir qədər asanlaşıb. Bizim vaxtımızda çox çətin idi. Ancaq, oğlum, həm köhnə quyular, həm də bu gün qazılan quyular bilirsən nə qədər fəhləni məhv etməşdi. Acgöz mədənçilər quyu qazıldıqda yanlarını möhkəm bərkitmədiklərindən çox vaxt quyu uçur, qazmaçılar torpaq altında qalır, ya da aşağıda qaz partlayışından ölürlər. Bu motorlu buruqlar da az fəhlə tələf etmir. Qolunu qayış qıran, quyuya düşüb ölənlər az deyil. Bu işdə çox ehtiyatlı olmaq lazımdır.

Atabala o zaman üçün yeni olan “vurma üsulu” haqqında ancaq bu qədər məlumat verə bildi.

Araz bilirdi ki, ata-baba yurdu olan Abşeron yarımadasında təsərrüfatla məşğul olmaq, xəsis sarı qumdan çörək çıxartmaq iynə ilə gor qazmaqdır. Onun və gələcək ailəsinin həyatı yalnız neft mədənlərinə bağlıdır. Ona görə də qazmaçılığın bir çox sirlərini əsaslı surətdə öyrənməyə çalışırdı. O, çəkildikcə bitib-tükənmək bilməyən neftin yer altında nədən əmələ gəldiyini bilmək istəyirdi.

Araz babasının verdiyi bu qısa və səthi məlumatı dinlədikdən sonra soruşdu:

-       Baba, bu neft yerin altında nədən olur?

-       Oğlum, yerin altında, üstündə nələr yoxdur? Bizim qonşu kəndlərin yanında çıxan duz mədənləri, Suraxanıda gecə-gündüz şölə çəkib yanan alov, yerdən çıxan isti, qaynar su nədən olur? Hələ o ulduzlu, aylı göyləri görürsənmi? Orda da başqa bir aləm vardır! Biz görmürük. Bunların hamısı Allahın hikmətidir.

Arazı bu cavab qane etmədi; gözləri böyük həyat təcrübələrinin mənasını ifadə edən babasının gözlərinə dikilmiş halda fikrə getdi.

 

 

III

 

Aclıq və fəlakət gəncliyin zövq və nəşəsini dadmadan Vanyanı Rusiyanın uzaq və buzlu steplərini, qalın şam meşələrini tərk edib, Bakıya gəlməyə məcbur etmişdi. O, iş axtarmaq üçün mədənləri gəzə-gəzə Qasım bəyin mədəninə gəlib çıxmışdı. Vanya buruğun ağzında durub həzin bir səslə:

- Burada mənə münasib bir iş yoxdurmu? – deyə soruşdu.

Podratçı Əhməd onu başdan-ayağa diqqətlə süzdükdən sonra qəti bir səslə:

- Yoxdur! – deyə cavab verdi.

Vanya məyus bir halda donub qaldı. Sönük, lakin cəsarət və iradə ifadə edən bir nəzərlə fəhlələrə baxdı. Onun görkəmi, hər bir hərəkəti “acam, işə ehtiyacım var” – deyirdi. Vanyanın bu vəziyyəti Araza ilk dəfə mədənə gəlib iş istədiyi zamanı xatırlatdı. O bir Vanyaya baxdı, bir də podratçı Əhmədə, qaşlarını çataraq özünə məxsus kəskin və amiranə bir səslə:

- Əhməd dayı, nə üçün buna iş vermirsən? - deyə soruşdu.

Podratçı Əhməd onu çəpəki süzərək cavab vermədi.

Qazmaçı usta əli ilə Vanyanı göstərərək:

- Onun canına, cəmdəyinə baxmırsan? Gündə on iki saat bu istinin, soyuğun altında işləyə bilər? - deyə cavab verdi.

Vanya onun dediyi sözləri əl-qolunun hərəkətindən başa düşüb:

-       Arıq olduğuma baxmayın, mən işdən qorxmuram! – dedi.

-       Aca nə isti, nə soyuq? Daşdan çörək çıxartmaq üçün hər işə gedər! – deyə Araz ustaya etiraz etdi. Sonra üzünü Əhmədə tutaraq:

-       Əhməd dayı, sən ona iş ver, yazıqdır, mən ona kömək edərəm, - dedi.

-       Bacarmaz, onun işi deyil!

Araz inad etdi:

- Sən nə itirirsən? Bacarmaz, çıxardarsan.

Əhməd bir Araza, bir də Vanyaya baxdı, sonra üzünü Araza tutub:

-       Kişi oğlu, bundan fəhlə olmaz, ancaq sənin sözünü yerə salmıram; yaxşı işləməsə daha məndən incimə, - dedi.

Vanya o gündən Arazla bir buruqda çalışmağa başladı. O, Arazdan iki yaş böyük, xoşsimalı, şirinsöhbət bir oğlan idi. Göy gözlərinin saf, təmiz şəfəqləri qəlbinin aynası idi. Xasiyyətləri tutduğundan hər iki gənc fəhlə birinci gündən dostlaşdılar. Amma nə Vanya türkcə bilirdi, nə də Araz rusca. Əvvəlləri bir-biri ilə çox zaman işarə ilə danışırdılar.

Bu mədəndə türk fəhlələr çox olduğundan Vanya onları dinləyə-dinləyə az bir vaxtda Türk dilini alayarımçıq öyrənmişdi. Günorta yeməyi zamanı Araz öz yoxsul süfrəsini Vanyanın yanında yerə sərib gülə-gülə:

-       Ay Vanya, nə var, nə yox? – deyə soruşduğu zaman Vanya:

-       Vallah bir şey yox... yaxşı... yaxşı, - deyə cavab verdi. Araz yenə soruşdu.

-       Çəpgöz Hüseynlə aran necədir?

-       Hansı? O ... dükançı Hüseyn? Ədə, o yaman julik, yaman adam. Mən ayda bir on altı manat alır, üç manat otaq verir. Üç manat naloq verir. Manda on manat qaldı. Gedir Hüseyn dükana! Ay Hüseyn mən nə apardı? O çotka aldı, şaraq, şaraq: “çörək, pendir, papiros, spiçka, neft, şakar, çay, sud, yumurta, vodka... on dörd manat altı qəpik...” Mən ona dedim: “Ey Hüseyn, mən yumurta aparmadı, sud aparmadı, vodka sovsem aparmadı...” O dedi: “Yox, apardı... çox danışma!”

Araz qəhqəhə ilə güldü, sonra əli ilə onun çiyninə vurub:

-       Qəm yemə, bizimki soyulmaqdan gəlibdir, - dedi.

-       Hüseyndən acıq etdi, getdi o yoğun erməni Ayrapetdən aldı. Paluçka alan gün getdi dükana: ay Ayrapet, mən nə apardı? O da çotka aldı: “çörək, pendir, sud, yumurta, vodka, papiros, spiçka, şakar, çay, neft”. Ay Ayrapet, mən sud aparmadı, vodka heç aparmadı... O dedi: “yox, apardı, danışma”.

Araz yenə qəhqəhə çəkdi:

-                      Heç aparmadı?

-                      Yox, vallah, heç aparmadı.

Araz ciddi bir tövr aldı, əlini Vanyanın çiyninə qoyub dedi:

- Vanya, bizi yaman soyurlar. Gündə on iki saat işləyirik, yenə, acıq; aclıq hələ bir tərəfə qalsın, hər gün ölüm qorxusu var. Bir ayndan quyular ağzını əjdaha kimi açıb, fəhlələri bir-bir udur, bir tərəfdən də bu mədənçilər, qoçular bir-birindən neft, taxta, boru, qayış oğurlayırlar, oğrular, işin üstü açılmasın deyə bəzi vaxt fəhlələri də götürüb özləri ilə aparırlar. Bu xozeyinlər varlandıqca acgöz olur. Dünyanı da qazansalar gözləri doymur.

Doğrudan da mədənlərdə oğurluq, qoçuluq gündən-günə artırdı. Ona görə də mədən sahibləri qoçaq, bacarıqlı qarovulçular tutmağa məcbur olurdular. Günəşin qulağı batdımı, kimsə bir buruğun yanından keçə bilmədi. Qarovulçular onu tutub döyər, səhərə qədər dustaq saxlardılar. Təslim olmayanda aralarında atışma başlardı.

Bir gün Arazın işlədiyi baltası qırılmışdı. Mədəndə buruq alətlərini təmir edən emalatxana olmadığından qırılan alətləri təmir üçün Bakı stansiyasının yanında olan emalatxanaya aparmaq lazım idi. Podratçı Əhməd o axşam Arazı evə getməyə qoymadı. Ona bir tüfəng verdi. Vanyanı da ona qoşub baltanı emalatxanada təmir etdirməyə göndərdi. Qaranlıq çökmüşdü. Araz Vanya ilə üç-dörd pud ağırlığında olan baltanı götürüb emalatxanaya gedirdi. Kasparov qardaşları mədənin yanından keçərkən qarovulçu sarı Musa ona doğru gələn kölgələri görünc.:

- Ey kimsiniz? Durun! – deyə çığırdı.

Araz əhəmiyyət verməyib, gedə-gedə:

-                      Qorxma, bizik, - deyə cavab verdi...

-                      Kimsən? Dur, tərpənmə, vurdum!

Araz vəziyyətin ciddi olduğunu yalnız indi anlayıb, yaxındakı buruğun arxasına keçərək baltanı yerə qoydu, baltanın arxasında daldalanıb tüfəngi əlində hazır tudu. Vanya ona:

- Araz, atma, o bizim nəyimizi alacaq! Görür ki, qırıq baltanı qayırtırmağa aparırıq, - dedi.

Araz qaranlıqları yaran acıqlı gözlərini ona dikdi:

- Necə nəyimizi alacaq, o bizim baltamızı əlimizdən almaq istəyir.

Qarovulçu yenidən bağırdı:

- Ey, kimsən! Yoldan çıx, yoxsa vurdum!

Araz da eyni səslə:

-       Sən çıx yoldan, qoy qolumuzla gedək! – dedi.

-       Ey oğlan, sən kimsən?

-       Mən – mənəm!

-       Adın nədir?

-       Adım? Araz!

-       Hansı kənddənsən?

-       Suraxanı kəndindən. Bir de görüm, sən kimsən?

-       Mən Sarı Musayam!

-       Tanıyıram, de görüm bizim yolumuzu nə üçün kəsirsən?

-       Hara gedirsiniz?

-       Balta qırılıb, onu qayırtdırmağa aparırıq.

-       Kimin buruğundan?

-       Podratçı Əhmədin.

-       Yaxşı, gəlin keçin.

Araz Vanya ilə bərabər baltanı götürüb yola düşdü. Yaxınlaşınca Sarı Musa diqqətlə Araza baxdı, birdən onun tüfəngini dartıb əlindən almaq istədi. Araz onun bu hərəkətindən acırlanıb, tüfəngi elə dartdı ki, Sarı Musa az qaldı ağzı üstə dəysin. Sarı Musa özünü doğrulduncaya qədər Araz onun tüfəngindən tutdu:

- Tüfəngi elə almazlar, bax, belə alarlar, - deyə gücü gəldikcə burub dartdı və onu Sarı Musanın əlindən aldı.

Sarı Musa mədənlərdə ən qoçaq qarovulçulardan biri sayılırdı. Bu vaxta qədər heç kəs cəsarət edib onun qabağına çıxmamış və onu belə təhqir etməmişdi. O bu gecə on səkkiz yaşında bir gəncin qüvvət və cəsarəti qarşısında yarpaq kimi titrəmişdi. Qürur və əzəməti qırıldığı halda yenə də bütün qüvvət və iradəsini toplayaraq heyrətlə bağırdı:

-           Ədə, mənim tüfəngimi alırsan?

-           Canını da alaram! Sən kimdən artıqsan?

Sarı Musa acığından titrəyirdi, çünki o bilirid ki, sabah “Sarı Musanın tüfəngini gecə südəmər bir uşaq əlindən almışdır” sözləri dillərdə dastan olacaqdı. Bunu heç vəchlə öz lovğa mənliyinə sığışdıra bilmirdi. O bir də Arazın üstünə atılıb tüfəngi onun əlindən almaq istədi. Araz tüfəngin qundağı ilə onu elə vurdu ki, o geriyə səndələyərək yerə sərildi. Araz Vanya ilə baltanı qaldırıb gedərək:

- Boş yerə özünü incitmə, sən məndən tüfəng ala bilməzsən, sabah gəl, tüfəngini apar, - dedi.

Sarı Musa bu cavan fəhlədə olan hünərə heyran qaldı. Vücudundakı bütün ağrıları unudaraq, onu məğlub edən bu uşağın kim olduğunu öyrənmək üçün arxadan bağırdı.

-   Ey, qardaşoğlu, de görüm sən kimlərdənsən?

-   Neyləyirsən, sabah bilərsən!

-   Yox, getmə, tanışlıq ver, mənim kimi əjdahanın tüfəngini əlindən alan adamın kim olduğunu bilmək istəyirəm. Sən Allah, de görüm kimlərdənsən?

-   Balakişinin oğluyam.

-   Aha, Balakişinin oğlu, Atabalanın nəvəsi... Belə de... Yoxsa, bir qoşun gəlsə idi, mənim tüfəngimi əlimdən ala bilməzdi. Rəhmətlik atanla duz-çörək kəsmişəm. Əvvəlindən tanısaydım, nə mən sənin yolunu kəsərdim, nə də sən mənim adımı batırardın. Indi ki belədir, gəl mənim tüfəngimi qaytar, qorxma, mən sizin nəslə yüfəng atmaram.

Sarı Musanın sözləri xüsusən onun “əvvəlindən tanısaydım, nə mən sənin yolunu kəsərdim, nə də sən mənim adımı batırardın” deməsi Arazı düşündürdü. O, tüfəngi yerə qoyub:

- Gəl tüfənginmi al, ancaq bizə sataşma, - deyə çağırdı.

Sarı Musa tüfəngi aldıqdan sonra:

- Sənə sataşmaram, arxayın get, bu gecə vaxtında əlinə tüfəng verib, səni buradan vağzala göndərən o it oğlu Əhmədlə sabah yaxşıca danışaram, - dedi.

Araz cavab vermədi. Vanya ona:

- Sağ ol, Araz, mən səni belə bilmirdim, qoçaq oğlanmışsan, - dedi.

Araz:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info