Qonaq Kitabı
ARAZ

Qulu Aslan bəyin mədənində baş verən əhvalatlardan hər gün böyük bir sevinclə xəbər tuturdu. Odur ki, onu axund Mirzə Mehdinin evinə nə üçün çağırdıqlarını o saat başa düşdü. Ona görə də yolda gedərkən hansı şərtlərə razı olacağını əvvəlcədən qərarlaşdırırdı. Aslan bəy və Mirzə Mehdi Qulunu çox hörmətlə qarşıladılar. Mirzə Mehdi riyakar bir əda ilə sözə başladı:

-       Qulu, Aslan bəy əhvalatı mənə müfəssəl bəyan etdi. Atası mərhum Rəhim bəy kimi o da bu məsələni şəriətlə həll etmək fikrindədir. Mən sizi barışdırmaq istəyirəm, sən buna nə deyirsən?

-       Axund, mən Aslan bəyi birinci gün şəriətə çağırdım, o qaçdı.

-       Əlbəttə, əlbəttə, biz müsəlmanıq, kişi rus məhkəməsinə qaçmaz, şəriət qapısına gedər. Indi sən məni öz tərəfindən vəkil edirsənmi?

-       Nə üçün?

-       Sizi şəriət yolu ilə barışdırmaq üçün.

-       Nə şərt ilə?

-       Mən hər ikinizə əlverişli şərt qoyaram.

Aslan bəy qətiyyətlə:

- Axund, mən səni öz tərəfimdən vəkil edirəm, - dedi.

Qulu şübhəli baxışlarla hər ikisini süzərək:

- Burada nə şərt ola bilər? Torpağımı özümə qaytarsın, barışım.

Aslan bəy bu sözdən qaşlarını çataraq cavab vermədi. Axund Mirzə Mehdi bəyin bu sözdən pozulduğunu görüncə:

-                      Qulu, bu barışmaq qaydası deyil, sən haqsızlıq edirsən, - dedi.

-                      Nə üçün haqsızlıq edirəm? Öz torpağımı istəyirəm.

Aslan bəy dayana bilməyib bağırdı:

-           A kişi, sənin torpağın yoxdur, bunu bir kərə qan, torpaq mənimdir!

-           Yox, mənimdir! Heç bir şərtlə razı deyiləm, torpağımı qaytaracaqsan!

-           Bilirəm səni danışdıran nədir. Mənə də Aslan bəy deyərlər, get, gücün varsa al!

Qulu ayağa qalxdı. Ağzı köpüklənə-köpüklənə:

- Mənə də Qulu deyərlər, ya öləcəyəm, ya bu torpağı səndən alacağam, - deyərək getmək istədi.

Mirzə Mehdi iki dizi üstə qalxıb qışqırdı:

- Qulu, Qulu, sən şərti bilməmiş işi pozursan, bu yaxşı iş deyil, kişi beş min manat pul verir.

Qulu acı-acı gülərək:

- Çox sağ ol, altında xəzinə yatan torpağı beş min manata versəm el mənim üzümə tüpürər. Mənim torpağımı qaytarsın, başqa heç bir şərtə razı deyiləm, - deyib qapıdan çıxdı.

Axund Mirzə Mehdi onu çox çağırdı, Qulu dönmədi.

Aslan bəyin ümidi burada qırıldıqdan sonra, hansı şərtlə olursa-olsun Qulu ilə barışmağa qərar verdi. Daşdəmirin: “Onu yatdığı yerdə döşəyi ilə oğurladacağam” sözünün ona çox baha oturacağını bilirdi. Oradan mədənə gəlib, Şeydanı bir də Qulunun dalınca göndərdi. Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. Öz-özünə deyirdi ki, “Naşükürlük edib beş min manatı almaram, ip də gedər, it də”. Aslan bəy onunla görüşən kimi sözü mətləbdən başlayıb:

-       Qulu, gəl tərsliyi burax, - dedi, - mən doğrudan səninlə barışmaq istəyirəm. De görüm bu torpağı nə şərtlə mənə verərsən?

-       Bəy, mənim şərtim budur, ya torpağımı qaytar özümə, ya da şərikli qazdıraq?

-       Şərikli nə şərt ilə qazdıraq?

-       Necə ki başqaları qazdırır. Quyunu sən qazdır, nə qədər neft çıxsa yarısı sənin, yarısı mənim.

Aslan bəy istehza ilə gülərək dedi:

- A kişi, mən ölü eşşək axtarıram ki, ayağından nalını çıxardım, sən mənim dərimi də soymaq istəyirsən? “Yarısı mənim, yarısı sənin” nədir? Ağzın isti yerdədir. Notariusdan əlimdə sənəd ola-ola mən öz torpağımı səninlə əlli faizə qazdırsam, mənə nə deyərlər. Belə görürəm ki, bizim sövdamız baş tutmayacaq. Indi ki, belə oldu, mən o yeri qazdırmıram. Hələlik qoy qalsın. Bir zaman kefim gələndə qazdıraram. Öz torpağımdır, get əlindən nə gəlir, elə!

Qulunun beynində şimşəklər oynadı. Bir az düşündükdən sonra:

- Bəy, sənin şərtin nədir? – deyə soruşdu.

Aslan bəy etinasız:

-           O şərtdən sonra sənin qabağına nə şərt qoyum?

-           Yenə, sən də öz şərtini de!

-           Mənim şərtim budur: sənə ancaq iyirmi faiz verəcəyəm. Mədənin podratçılığını sən öz üstünə götürmək şərti ilə.

-           Podratçılığı mənə nə üçün verirsən?

Aslan bəy ciddi bir tövr alaraq, inandırıcı bir tərzdə:

-           Mal sahibi öz işinin üstündə olsa yaxşıdır, - dedi.

-           Mənim mədən podrata götürüb qazdırmağa pulum hanı? Köpüyə güllə atıram.

-           Sənin ancaq adın podratçı olacaq. Pulu mən verəcəyəm işi sən aparacaqsan. Həm də altı aya quyunu qazdırıb qurtarmalısan.

Uzun çəkişmədən sonra Aslan bəy çıxarılacaq neftin otuz faizini Quluya verməyə razı oldu. Müqavilənamədə Qulunun quyunu altı aya qazdıracağı, bütün işləri öz üzərinə götürəcəyi və Aslan bəyin Quluya on səkkiz min manat buraxacağı qeyd edildi.

Qulu işə başladı. Aslan bəy ona çeklə bankdan hələlik səkkiz min manat pul buraxdırdı. Qulu taxta-şalban aldı usta qazmaçılar, fəhlələr çağırdı, qarovulçu tudu. Lakin iş əvvəlindən düz gətirmədi. Elə birinci gün taxta-şalbanın hamısı oğurlandı. Qulu başı odlu hər yana qaçdısa da, bir şey çıxmadı. Taxta-şalban tapılmadı ki, tapılmadı. Qulu qarovulçunu qovub yerinə başqasını tudu.

Oğurluq yenə əvvəlki kimi davam edirdi. Podratçılıq və mədən işlərinə bələd olmayan Qulu başını tamam itirmişdi. Bu xüsusda Aslan bəylə görüşərkən Aslan bəy: “Quyu qazdırmaq, buruq qoymaq sənə asan gəlir? – deyə soruşmuşdu. – Mən qorxuram ki, sən bu işi başa vura bilməyəsən. Zərərləri isə üstümə götürən deyiləm!”

Qulu işdən daha möhkəm yapışdı. Gecə-gündüz mədəndən ayrılmadı. Motor, şlanq, balta, boru, dəzgah və başqa şeylər üçün Aslan bəy bankda yenidən beş min manat kredit açdı. Qulu həmin şeyləri aldı. Fəhlələr onları quraşdırıb, quyunu qazmağa başladılar. Oğurluq yenidən şiddətləndi. Bir gecə borular, üç gün sonra qayışla motor yox oldu. Qulu oğrunu tapmaq üçün çox çalışdı, bir çox mədənləri gəzdi, lakin faydası olmadı. Təzə qarovulçunu da işdən qovdu. Şeylərin bir hissəsi gündüz oğurlandığından şübhələnib qarovulçunun sayını artırdı. Şeylər isə yenə də yoxa çıxırdı. Oğurlanan şeylərin əvəzinə yenilərini almaq lazım gəlirdi. Amma adına açılan kredit ərimiş olduğundan bu şeyləri almağa kifayət etmədi. Qulu ikinci dəfə Aslan bəyə müraciət etməyə məcbur oldu. Aslan bəy bu dəfə qaşlarını çataraq acıqla:

- A kişi, məgər mən xəzinə üstündə oturmuşam? – dedi. – Bankda mənim nəqd pulum yoxdur. Tacir babayıq, pulumuzu bir yerdə saxlamaq bizə əl verməz. Mən pullarımı neft birjasında aksiya almağa buraxmışam. Qorxuram bu quyunu verəcəyi qazancdan da baha başa gətirəsən?

Qulu düz bir həftə Aslan bəyin yanına ayaq döydü, getdi. Gəldi, axırda birjada satmaq üçün Aslan bəy ona beş min manat aksiya buraxdı. Oğurlanan şüyləri almağa hazırlaşarkən Daşdəmirin qardaşı Zaman Qulunun yanına gəlib:

- Daşdəmirdeyir mənə on min manat pul göndərsin, çox lazımdır, - dedi.

Qulu ona:

-       İndi pulum yoxdur. Buruq hələ qazılıb qurtarmayıb. Neftimiz çıxanda mən özüm Daşdəmirin xəcalətindən çıxacağam, - dedi.

-       Daşdəmir deyir ki, Aslan bəyin bankda onun adına açdırdığı kreditdən versin. Sonra özü Aslan bəylə hesablaşar.

Qulu ağır vəziyyətdə idi. Bir tərəfdən böyük qardaşı Həsən məhkəməyə şikayət edib, ondan öz haqqını tələb edirdi, o biri tərəfdən də Aslan bəy itən şeylərin pulunu Qulunun ayağına yazdırdığından onun adına açdırdığı kredit borc olaraq boynunda qalmışdı. Pul xərclənib gedir, arada isə heç bir şey yoxdu. Oğurlanmış şeylərin əvəzinə yenisini almaq, quyunu yoluna salmaq mümkün deyildi. Aslan bəy də ona daha borc pul buraxmayacaqdı. Bunlardan başqa qazmaçı Rəşidə işlədiyi gündən bəri pul verilməmişdi. Qulu onu bu günə qədər “bu gün-sabah” salıb, başını bir tövr aldatmışdı. Indi Rəşid də öz haqqını tələb edir, quyuda işi dayandıracağını bildirirdi. Qulu bunların hamısını düşündükdən sonra yumşaq bir səslə:

- Zaman, sənin başın üçün, mənim adıma bankda pul qalmayıb. Doğrudur, Aslan bəy mənim adıma kredit açdırmışdı, mən o pullara mədən üçün lazım olan şeyləri aldım. Bu saat özüm məəttələm, - deyə cavab verdi.

Zaman qaşlarını çataraq getdi. Onun acıqlı getməsi Qulunu çox qorxudurdu. Qulu öz-özünə: “Zalım oğlu yaxşılıq elədi, ancaq qılıncını yaman yerdə siyirdi” – deyə düşünməyə başladı.

Qulu çox yaxşı başa düşürdü ki, onun başına gələn bütün bu oyunların hamısı Aslan bəyin kələkləridir. Işi yarımçıq qoymaq, yeni podratçı tutmaq isə mümkün deyildi. Aslan bəy buna heç vəchlə razı olmayacaqdı.

Birja, neft kralı Nobelin əlində bir oyuncaq idi. O istədiyi vaxt neftin qiymətini ucuzlaşdırır, istədiyi vaxtda bahalaşdırırdı. Bir neçə xarici ölkə ilə ticarətə girişdiyindən, ona çox neft lazım idi. Kiçik mədən sahiblərini iflasa uğratmaq və onlardan ucuz qiymətə neft almaq üçün istədiyi vaxt birjada aksiyaları qiymətdən salırdı.

Aksıyaların birjada ucuzlaşdığını Aslan bəy öyrənmişdi. Ona görə də Quluya nəqd pul əvəzinə beş min manatlıq aksiya buraxmışdı.

Qulu birjaya gəldi. Aksiyalar otuz faiz ucuzlaşmış olduğundan Aslan bəyin ona beş min manat əvəzinə verdiyi aksiyaları ancaq otuz beş faiz aşağı satmaq olurdu. Neyləsin? Quyunu tez qazdırmaq lazım idi. Fəhlələr işsiz qalmışdı. Qulu məcbur olub aksiyaları satdı. Mədənə lazım olan şeyləri aldı.

Quyu yenidən qazılmağa başladı.

Pul yenə qurtarırdı. Ustalar, fəhlələr, qarovulçular pul istəyirdi. Həm də mühəndis çağırıb quyunun daha neçə sajen qazılacağını aydınlaşdırmaq lazım idi. Bütün bunlar üçün xeyli pul lazım idi. Müqavilənaməyə görə Aslan bəy 18 min manatı verib qurtarmışdı. Hətta sonuncu beş min manatı Qulu güc-bəla ilə ondan qopardığı zaman Aslan bəy ona: “Borcunu verib qurtardım, bundan sonra pul üçün mənim yanıma gəlmə” – demişdi. Lakin pulsuzluq və ehtiyac Qulunu yenə Aslan bəyə müraciət etməyə məcbur etdi.

Qulu Aslan bəyin yanına getdi. Aslan bəy ona:

- Mənim daha pulum yoxdur. Aksiyalar birjada otuz beş faiz aşağı düşüb. Mən aksiyalarımızı su qiymətinə satıb sənə pul verə bilmərəm! – dedi.

Qulu oradan evə başı lovlu gəldi. Arvadı Dilarə ona bir parça kağız uzadıb:

- Al, bunu sənə gətirdilər, - dedi, - məhkəməyə çağırırlar. Sənin məhkəməlik nə işin var?

Qulu kağızı alıb, o tərəf-bu tərəfinə baxdıqdan sonra bir kəlmə danışmadan evdən çıxdı. Onu üç gün sonra qardaşı Həsənlə aralarında olan torpaq davası üstündə məhkəməyə çağırırdılar.

Qulu məsləhət üçün Aslan bəyin yanına gəldi, məsələni açıb ona söylədi. Aslan bəy bu ahvalatı çoxdan bilirdi. Həsən isə onu qorxutmurdu. Qulunun acgözlüyünü bildiyindən onu qorxutmaq üçün:

-           Qulu, bizim işimiz heç gətirmir, - dedi, - bu quyu lap başımıza bəla oldu. Bir ətək pul tökmüşük, amma hələ heç yüz sajen də qazılmayıb. Bu tərəfdən də qardaşın Həsən dava başlasa quyunun işi, demək Allaha qalır.

-           Mən neyləyim, mənə bir tədbir tök, çarə elə.

-           Məhkəməyə pul basıb Həsənin əlini torpaqdan tamam çıxarmalısan! Bunun üçün saxta sənədlər, vəsiqələr lazımdır. Indi hər şey pulla aşır, dava vəkili Yunis bəyin yanına get, o sənə hər yolu öyrədər.

Qulu dodağını çeynəyə-çeynəyə dedi?

- Dərd pul dərdidir, var ki verəm?

Aslan bəy istehzalı bir əda ilə:

-           Beş yüz məhkəmə, üç yüz də vəkilə bassan, iş qurtarıb gedər, - dedi. Qulunun dinmədiyini görən Aslan bəy:

-           Yəni bir səkkiz yüz manatın da yoxdur? – deyə soruşdu. – daha nə kişisən? Pul basmasan Həsən işi aparar. Get min manat veksel ver, pulunu al, sonra qardaşınla işini qurtarıb gəl mədən haqqında danışaq.

Qulu o gün veksellə nmin manat alıb, Yunis bəyin yanına getdi. Onun vasitəsi ilə məhkəmə işini də gördü. Saxta sanadlər, vəsiqələr hazırlandı. Üç gün sonra hər iki qardaş məhkəmə qarşısında durmuşdu.

Məhkəmə hər ikisini danışdırdıqdan sonra Həsənin şikayətini rədd etdi.

Həsən məhkəmə idarəsinin qapısından çıxarkən Quluya dedi:

- Sən bu ata-baba torpağımızı mənim əlimdən çıxartdığın kimi öz əlindən də çıxartdın. Aslan bəy səni iti qovan kimi qovacaq.

Qulu istehza ilə:

- Mən o yolları bilirəm, sən get öz dərdini çək! – dedi.

İş məhkəmədə qurtardıqdan sonra Aslan bəy Qulunu tanımaq da istəmədi. Onunla heç bir əlaqəsi olmayan yad bir adam kimi görüşdü. Bir gün Qulu yenə mədən məsələsi üçün onun yanına gəldikdə Aslan bəy dedi.

-       Nobelin evi yıxılsın, aksiyaları ucuzlaşdırıb, bir tərəfdən aksiyaları, bir tərəfdən də nefti ucuz qiymətə yığır. Bax, çənlərim dolub-daşır, pullarım da aksiyalarda yatır. Öz fəhlələrimə verməyə pul tapmıram. Sən də bir ətək pulu bu quyuya tökdün, bir şey çıxmadı.

-       Bəs bu quyunun işi nə olacaq? – deyə Qulu Aslan bəyin düz gözünün içinə baxdı. Aslan bəy əllərini havada oynadaraq:

-       Onu heç mən də bilmirəm, - dedi. – O gün fəhlələr hücum çəkib evə gəlmişdi. Onları birtəhər sakit edib yola saldım. Çox həyasızlıq etsən aksiyalar qiymətə minənə qədər quyuda işi dayandırmalı olacağam.

-       Nobel belə gəldi, aksiya belə getdi... Bu sözlərlə mənim qarnım doymaz, Aslan bəy, mən acam, de görüm mən neyləyim?

-       Sənin qarnını da mən boynuma götürməmişəm ki. acsan, get başqa iş tap, mən sənə pul verə bilməyəcəyəm!

-       Mədəni qazdırmaq üçün borc buraxdığın veksellərin də vaxtı yaxınlaşır. Mən onları hardan verəcəyəm!

-       Qulu, kəndlidən tacir olmaz! Sən get yerini ək, inəyivi sağ!

-       Allah sizin evinizi yıxsın, bizdə yer, inək qoydunuz ki, yer əkib inək sağa bilək? Yox, görürəm sən mənimlə başqa cür başlamısan.

-       Necə başlamışam? Sənə iki buruğun pulunu buraxdım, de görüm, neylədin? Oğurlanan şeylərin qiymətini sənin ayağına çıxacağam. Quyunun içindəki şlanqları, baltanı, mədəndəki dəzgahı və alətləri də oğurlatsan atamızın evi qıxılar. De görüm, üstündə qarovulçu varmı:

-       Var, o da pul üçün gəlib-getməkdən məni təngə gətirib, həyasızın biridir. “Acam, mənim pulumu ver!” – deyə yaxamdan əl çəkmir.

Aslan bəy bir az düşündükdən sonra:

- Sən sabah mədəndə ol, mən də gələcəyəm, orda danışarıq, - dedi.

Qulu səhər tezdən mədənin yanını kəsdirmişdi. Qarovulçu Vəli onun başı üstündə durub:

- Bu saat mənim pulumu ver, burax gedim! – deyirdi. – Uşaqlarımı acından öldürməyəcəksən ki? belə də zülm olar?! Sən quyu qazdıracaqsan, mədən sahibi olacaqsan – mənə nə? Gücün yoxdur, qazdırma.

Qulu canını dişinə tutub ona cavab vermirdi.

Aslan bəy gəldi. Vəli onu görüncə fürsəti fövtə verməyib, Quludan şikayətə başladı. Aslan bəy üzünü Quluya tutub:

- Nə üçün bu kişinin pulunu vermirsən? – deyə soruşdu. – Acqarına bu sənə necə qarovul çəksin?

Vəli ürəklənərək diliuzunluğa başladı:

- Sağ ol, bəy, inan ki, üç gündür acıq. Gəlib Quludan pul istəyirəm, mənə yaman deyir. Deyirəm pul vermədiyin bəs deyil, hələ bir mənə yaman da deyirsən? O daha da acıqlanıb: “Sus, köpək oğlu, səni öldürrəm!” – deyir.

Aslan bəy simasını ciddiləşdirərək:

- Yox belə olmaz! Bu kişinin pulunu ver! Yoxsa bu mədəndən sənə mədən olmaz, - deyib getdi.

Qulu Aslan bəyin “sabah mədəndə ol, orada danışarıq” sözünü tamamilə başqa mənada anlamışdı. O elə bilirdi ki, Aslan bəy mədənə baş çəkib, quyunun qazılmasına yenidən pul buraxmaq istəyir. Onun bugünkü hərəkəti Qulunu lap acıqlandırdı. Aslan bəy getdikdən sonra Qulu da qalxıb getmək istədi. Vəli onun başının üstünü alıb:

-   Acam, tez ol, mənim pulumu ver! - deyə haqqını tələb etdi. Qulu nə qədər dil tökdüsə mümkün olmadı. Axırda acığa düşüb:

-   Çəkil deyirəm, yoxsa bu saat meyitini yerə sərərəm! – deyərək çıxıb getdi.

Vəli onun arxasınca:

- Getmə, gəl şeylərini təhvil al, mən qarovulçuluqdan çıxıram, - deyə bağırdı.

Qulu gedə-gedə:

- Ayağını oradan bir yana atsan od vuraram! Nə itsə səndən alacağam, - deyə qışqırdı.

Səhər qonşu mədənlərin fəhlələri bir-birinə dəymişdi. Şeyda o yan-bu yana qaça-qaça:

- Zalım oğlu, öldürrəm deyə-deyə, axırda yazıq qarovulçunu öldürdü, - deyə qışqırırdı. – Onun qanı halaldır.

Vəlinin öldürülməsi fəhlələr arasında böyük həyəcana səbəb olmuşdu.

Polis idarəsinə xəbər verildi. Akt yazıldıqdan sonra polis nəfərləri Vəlinin meyitini götürüb apardılar.

Qulu bu işdən xəbər tutunca özünü başı alovlu mədənə saldı. Fəhlələr ona hücum edib:

- Zalım oğlu zalım, kişinin pulunu vermədiyin bəs deyil, hələ özünü də vurub öldürürsən? Bu sənə baha başa gələcək! – deyə qışqırdılar.

Qulu nə qədər “onu mən öldürməmişəm, xəbərim yoxdur” – deyə and içdi, aman etdisə, inanmadılar. Iş böyüdü, Qulunu həbs etdilər. Bir ay sonra məhkəmə işə baxıb, onu on il müddətinə sürgün etdi. Qulunun veksellərinin vaxtı çatdıqda mədən torqa qoyuldu. Aslan bəy mədəni torqdan götürüb, yenidən işə başladı.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info