Qonaq Kitabı
ARAZ

 

IV

 

Bir gün Araz Aslan bəyin mədəni yanında qazmaçı Rəşidlə danışırdı. Aslan bəy onların yanından keçərkən acıqlı-acıqlı Araza baxdı, birdən nəyi isə xatırlamış kimi ayağını saxlayıb, əmredici bir səslə:

-   A gədə, bura bax, bir də mənim fəhlələrimlə danışma! – dedi.

-   Bu əmri heç sənin dədən Rəhim bəy də verə bilməz! Mən istədiyim zaman, istədiyim adamla danışmışam, danışacağam da, - deyə Araz təmkinlə cavab verib, söhbətinə davam etdi.

-   Mən əmr eləyirəm! Sən mənim fəhlələrimlə danışmayacaqsan! Yoxsa onları da yoldan, dindən çıxarmaq istəyirsən?

-   Mən onları yoldan çıxarmıram, düz yola salıram. Sən iki qardaşı şeytan kimi bir-biri ilə vuruşdurdun, torpaqlarını əllərindən çıxartdın, axırda da qarovulçunu öldürüb Qulunun boynuna atdın. Kişini yurdundan didərgin saldın... Mən sənin bu işlərindən danışıram.

Aslan bəyin gözləri acığından az qala yerindən çıxacaqdı, o, ayaqlarını yerə çırpıb:

-           Çəkil mənim gözümün qabağından! Çəkil deyirəm snəə! – deyə var gücü ilə qışqırdı. – Böhtan demək sənin köhnə adətindir!

-           Sən çox ayaqlarını mənim üçün yerə döymə! Bil ki, mən də sənin üçün yerə döysəm, qabağımda dura bilməzsən, bunu bilirsənmi? Buir də mən yalan demirəm, sən adam öldürən deyilsən, adam öldürdənsən! Pul verib qarovulçunu öldürtdüyün adamı da tanıyıram.

Aslan bəy Arazın fəhlələr arasında böyük hörməti olduğunu bilirdi. Odur ki, məsələni dərinləşdirməmək üçün Araza cavab vermdəən uzaqlaşdı. Araz onun arxasınca hədə ilə:

- Dayan bir, gör sənin başına nə gətirəcəyəm – dedi.

Aslan bəy Qulunun başına gətirdiyi işləri, qaravolçunu öldürməsini Arazın haradan bildiyinə heyrət etdi. Arazı yaxşı tanıdığı üçün onun “dayan bir” – deyə hədələməsi Aslan bəyi yaman qorxutdu. Ona görə də Arazı yox etmək üçün tədbirlər düşündü.

Ertəsi gün Araz əlli-altmış nəfər fəhlənin yanında Aslan bəyin iki qardaş arasında düzəltdiyi düşmənçiliyi, Qulunun əlini mədəndən çıxartmaq üçün qarovulçunu öldürtməsini açıq-açığına danışdı. Onun sözləri fəhlələri bərk həyəcana gətirdi.

Bu əhvalatı Aslan bəyə xəbər o, başlamaq istədiyi işdən qorxub çəkindi. Fəhlələrin həyəcanını yatırtmaq, özünü təmizə çıxartmaq məqsədi ilə yerli polis müdirinə pul basdı: “hökumət və mədənçilər əleyhinə təbliğat aparıb, fəhlələri yoldan çıxarır” – deyə şüytanlayıb Arazı tutdurdu. Bu hadisə fəhlələr arasında böyük həyəcana səbəb oldu. Onlar öz aralarından üç nümayəndə seçib, Arazı buraxdırmaq, onun haqsız tutulduğunu sübut etmək üçün polis müdirinin yanına göndərdilər. Bu xüsusda Aslan bəy ilə də ciddi və kəskin bir Nümayəndələr Arazın işlədiyi mədənin sahibi Qasım bəyin yanına getdilər. Aslan bəyin fitnəsinə qarşı etiraz edib, Arazın azad edilməsini tələb etdilər. Qasım bəy Arazı azad etdirməyə söz verdi. Aslan bəyin ona xəbər vermədən Arazı tudurması Qasım bəyə bərk toxunmuşdu, amma o hələlik səsini çıxartmırdı. Fəhlə nümayəndələrinin Aslan bəy haqqındakı fikirlərini bildikdən sonra, Arazı azad etməyə qərar verdi. O bununla həm fəhlələr arasında hörmət qazanmaq, həm də onun fəhləsi olan Arazı ona xəbər vermədən tutduran Aslan bəyə öz qüvvət və nüfuzunu göstərmək istəyirdi. Qasım bəy həmin gün polis rəisinin yanına gedib, Arazı nə üçün tutduğunun səbəbini soruşdu. Rəis nə qədər səbəb göstərdisə, Qasım bəy qəbul etməyib, o səbəblərin tamamilə puç olduğunu sübut etdi. Sonra əlini stola çırparaq:

- Bu saat mənim fəhləmi azad elə! – deyə qışqırdı. – Yoxsa buradan birbaş şəhər hakiminin yanına gedib, səndən şikayət edəcəyəm!

Qasım bəydə tacırlik damarı daha qüvvətli idi. Var-dövlətini artırmaq üçün gecə-gündüz müxtəlif yollar düşünüb, yeni qazanc mənbələri tapırdı. O, banklarda çox az pul saxlayırdı. Puluna ya neft aksiyası alır, ya buruq qazdırıb işi başa çatdıra bilməyən mədənçilərə ağır faizlə borc pyl buraxırdı ki, bu vaxt mədən də onun yanında girov qoyulurdu. Mədənçilər veksellə aldıqları pulu vaxtında vermədikləri zaman qanun üzrə o, mədənləri öz adına keçirib, onlara sahib olurdu. Onun Sabunçu və Ramanada beş-altı mədəni vardı.

Qasım bəyin var-dövlətinin çoxluğu ona hökumət məmurları yanında böyük hörmət qazandırmışdı. Odur ki, Qasım bəy əlini stola çırpdığı zaman polis idarəsinin rəisi işin böyüməsindən qorxuya düşüb, Arazı azad edəcəyinə söz vermişdi.

Arazın tutulması Günəşi sarsıtmışdı. Dağ gövdali, aslan ürəkli bu qadın on beş gün içərisində çox dəyişilmişdi. “Arazı uzaqlara, Sibir çöllərinə sürgün edərlərsə onsuz necə yaşayaram?” – deyə ağlayır, Aslan bəyə qarğıyırdı. Şiddətli əsən külək incə, kövrək ağacı burub bükdüyü kimi, bu acı düşüncələrdən o ikicanlı qadının qəlbində doğan fırtına da bütün vücudunu sarsıdır, qəlbini yarpaq kimi titrədirdi.

O gün Arazın ailəsində yeni bir üzv də artacaqdır. Hər dəqiqə, hər saniyə yeni uşağın dünyaya gələcəyini gözləyən mama Günəşi kürsüyə oturdub, ona ürək-dirək verirdi. Günəş ağrı çəkərkən belə Arazı unutmurdu. Bütün qohum-qardaş başına toplanmış olduğu halda onun qəlbi açılmır, üzü gülmürdü, sinəsindən daş kimi bərkimiş bir ağrı qabırğalarını məngənə kimi sıxırdı.

Arazın azad olması belə bir günə və saata təsadüf etmişdi. O, qapıdan içəri girincə ilk əvvəl gözlərini dünyaya yeni açan uşağın səsini eşitdi. Mama uşağı əlində tutub ətrafındakılara:

- Gözünüz aydın olsun, oğlandır! – dedi. – Maşallah, buz baltasıdır, poladdır, polad!

Arazın gəlməyindən kimsənin xəbəri yox idi. Araz dayana bilməyib qapının ağzından:

- Gözün aydın olsun, Günəş, oğlumun adını Polad qoydum, - dedi.

Illər keçdikcə Bakıda neft sənayesi sürətlə inkişaf edirdi. Bakı Rusiyanın mühüm sənaye və inqilab mərkəzlərindən birinə çevrilirdi. Zəngin və tükənməz neft yataqlarını öz geniş sahəsində bəsləyən Abşeron yarımadası Azərbaycan kəndlərindən, Rusiyanın yaxın və uzaq guşələrindən, Qarabağdan, Zəngəzurdan, qonşu Dağıstan və Cənubi Azərbaycandan axın-axın fəhləliyə gələn ac və yoxsul adamlara öz qoynunda yer berir, onları gələcək mübarizələrə hazırlayırdı.

1897-ci ilin sakit gecələrindən biri idi. On dörd gecəlik ay, ətrafında şən və oynaq uşaqlar kimi dişlərini ağardan ulduzlar gah parça-parça uçuşan seyrək buludlar arxasında gizlənir, gah da parlaq simalarını yenidən göstərir, sanki yerdəki insanlarla kizlənqaç oynayırdı.

Araz işdən yenicə qayıtmışdı. Bərk yorğun idi. Bununla belə bu gün mədəndə fəhlələrlə mədən sahibi Qasım bəy arasında baş verən toqquşma bir an belə onun xatirindən çıxmırdı. Arazı sevindirən bu idi ki, fəhlələr artıq öz ehtiyaclarını cəsarətlə deməyə, hüquqlarını anlamağa başlamışdılar. Onlar artıq başa düşürdülər ki, əl-ələ vermədən, qasımbəylərə qarşı birgə vuruşmadan qalib gələ, həyatlarını yaxşılaşdıra bilməyəcəklər. Araz bu məsələlər ətrafında çox düşünür, lakin heç bir nəticəyə gələ bilmir, aydın bir çıxış yolu tapmırdı.

O bu düşüncələr içərisində ikən küçə qapısı döyülməyə başladı. Araz qapının döyülməsindən, gələn adamın tanış adam olduğunu yəqin etdi, böyüyüb ərsəyə gəlmiş oğlu Poladı qapını açmağa göndərdi. Çox çəkmədən Polad geri qayıtdı və gələn adamın Vanya əmi olduğunu bildirdi. Araz yerindən sıçrayıb həyətə çıxdı. Nə qədər etdisə Vanya içəri girmədi. Onlar əncir ağacının altında oturdular.

Vanya çox şad görünürdü. Onun üz-gözü gülürdü. Yeni bir xəbərlə gəldiyi aydın hiss olunurdu. Lakin Araz öz təmkinini pozmur, dərin maraq içində Vanyanın gözlərinə baxır, ondan heç bir şey soruşmamağa çalışırdı. Əncir ağacının qalın yarpaqları arasından süzülən ayın parlaq şüaları onların üz-gözünü işıqlandırırdı.

Vanya Arazın sağ əlini iki əli ilə bərk-bərk sıxaraq.

- Dostum, sənə xoş xəbər gətirmişəm, - dedi, - indi səni təbrik etmək olar. Bu gün Sabunçu “Sosial-demokrat” dərnəyinə qəbul olunmaq üçün verdiyin ərizəyə baxdıq. Bütün dərnək üzvləri sənin haqqında çox yaxşı danışdılar. Sənin mərdliyin, düzlüyün və fəhlələr arasında qazandığın hörmət haqqında danışanlara dərnəyin rəhbəri Azad yoldaş böyük maraqla qulaq asırdı. Axırda o sənin haqqında danışdı. Bir səslə səni bu gün öz sıralarımıza qəbul etdik.

Araz birdən-birə nə edəcəyini bilmədi. Sevincindən gözləri parlayır, öz təşəkkürünü bildirməyə söz tapmırdı. Nəhayət, Araz həyəcan içərisində ayağa qalxdı, əlini Vanyanın ovucları içərisindən çıxartdı, onu qucaqlayıb, polad kimi möhkəm qolları arasında sıxaraq:

- Sağ olun, çalışaram ki, sizin başınızı həmişə uca edim, - sözlərini deyə bildi.

Vanya Arazın yanında çox qala bilmədi. Araz nə qədər dil-ağız edib, ondan evə keçməyi, heç olmasa bir stəkan çay içməyi xahiş etdisə də, Vanya razılıq vermədi. Dərnəkdən aldığı tapşırıqları yerinə yetirmək üçün getməli olduğunu bildirdi.

Vanya xudahafızləşib getdikdən sonra Araz çox şad bir halda otağa daxil oldu. Atasının kefini kök görən Polad sevinib, gülə-gülə:

-       Çox şirin danışırdınız, Vanya əmi deyəsən təzə xəbərlə gəlmişdi? – deyə soruşdu.

-       Yaxşı başa düşmüsən. Vanya əmi lap təzə və şad xəbərlə gəlmişdi, - deyə Araz gülümsəyən gözləri ilə oğluna baxdı, lakin bu təzə və şad xəbərin nə olduğunu demədi. O nəisə düşünürdü.

Arazın sosial-demokrat dərnəyində iştirak etməsi onun siyasi şüura malik bir fəhlə kimi inkişaf etməsinə kömək edirdi. O, çarizmi yıxmaq üçün tətil və üsyanlar haqqında dərnəkdə eşitdiklərinin nə qədər doğru olduğunu düşünür, fəhlə tətili və nümayişlərinin gücünü qiymətləndirirdi. Xüsusilə, bir neçə gün əvvəl Bir May münasibətilə Stepan Razin təpəsi yaxınlığında təşkil edilmiş nümayiş ona çox yaxşı təsir bağışlamışdı. Bakı sosial-demokratlarının rəhbərliyi ilə keçirilən bu nümayişdə fəhlələrin göstərdiyi həmrəylik Arazda bu əzəmətli qüvvəyə olan inamı bir qat daha artırmışdı. Odur ki, Araz getdikcə mədən sahibləri və çar məmurları ilə daha sərt rəftar edir, onlara qarşı olan nifrətini büruzə verməkdən çəkinmirdi.

Bir gün Araz, Vanya və onların dostu fəhlə Qriqor mədənin yaxınlığındakı kiçik bir qayanın ətəyində oturub dərnəyin tapşırıqlarını yerinə yetirmək üçün tədbir tökürdülər. Bu vaxt kiçik hesabdar Mixail Mixayloviç oradan keçirdi. Araz gülə-gülə:

- Ey, xozeyin, gəl görək, nə var, nə yox – deyə onu səslədi.

Yoldaşları gülüşdülər. Mixail Mixayloviç onların yanına gəlib:

- Xozeyin sizsiniz ki, padşahla padşahlıq edirsiniz, - dedi. – Bütün işçiləri onunla vuruşmağa çağırırsınız.

Vanya ona dik-dik baxaraq:

- Bəsdir, biz bu aclığa, bu haqsızlığa son verməliyik, - dedi. – Bizi gecə-gündüz acqarına bu insafsız xozeyinlərə işləməyə məcbur edən müstəbid hökuməti kökündən yıxmaq lazımdır.

Mixail Mixayloviç istehza ilə gülərək:

- Vanka, sən həmişə belə tərs-tərs danışırsan, - dedi. – Bu danışıqlardan isə siz çox şey itirir, bir şey qazanmırsınız.

Araz bu söhbətə qarışmaya bilmədi. O, həmişə fəhlələr arasında sazişçi, barışdırıcı bir əhvali-ruhiyyə yaymağa çalışan Mixail Mixayloviçə bu dəfə də cavab verməyi lazım bildi:

- Mixail Mixayloviç, sən səhv edirsən, o gün fəhlələrin yığıncağında gözəl nitq söyləyən bir inqilab rəhbəri məzlumların davasına çox yüksək qiymət verdi. O dedi ki, fəhlələrin dostu Marks demişdir ki, sinfi mübarizədə sizin itirdiyiniz ancaq zəncir, qazandığınız isə azadlıq olacaq. O gündən bu sözlər yadımda qalıb. Ancaq Mişa, bu sözlər sənin başına girməz, çünki sən Qasım bəyin ayda 25 manatına qulluq edirsən.

Qriqor Arazın sözlərini təsdiq etdi:

- Xozeyinlər biz fəhlələrin qanını sorduqları kimi, sənin tək kiçik işçilərin də qanını sorurlar. Ancaq öz haqqınızı düşünməyə və onu müdafiə etməyə sizdə hələ o şüur yoxdur.

Mixail Mixayloviç dodaqaltı mırıldanaraq:

- Əlbəttə, Vanya kimi vətən xainlərinin sözü sizin üçün çox qiymətlidir, - dedi. – Sizləri bunlar yoldan çıxarır.

Araz bu sözləri eşitcək barıt kimi partladı:

- Ey, Mişa! Dodaqaltı mırıldanma, sözün var, kişi kimi açıq de. Bilirəm, sən Vanyanı çarı sevmədiyi, bizim kimi kiçik millətlərlə dost olduğu üçün taqsırkar hesab edirsən. Ancaq səhv düşünürsən. Rusiyada indi bütün fəhlələrin, məzlumların vəziyyəti bir cürdür. Səni, Vanyanı və bir çoxlarını öz doğma yerlərinizi buraxaraq, bu mədənlərə gəlib işləməyə nə vadar etmişdir? Aclıq! Sən bunu düşünürsənmi?

Vanya əlini Arazın çiyninə qoyub:

- Haqqın var, Araz, - dedi. – Bizim düşündüyümüz vətən məfhumu bu padşahpərəstlərin başına girməz!

Mişa bir az düşündükdən sonra:

- Padşahla padşahlıq eləmək olmaz, - dedi. – Axı, dağ kimi bir hökumətə siz nə edəcəksiniz?

Vanya:

-           O sənə elə görünür, - deyə cavab verdi, - onun bütün gücü,qüvvəti səndən asılıdır. Ona qüvvət verən sən özünsən.

-           Vallah, siz özünüz də nə dediyinizi bilmirsiniz, - deyə Mişa başını bulayaraq çıxıb getdi.

Araz onun arxasınca:

- Sən bir buna bax, - dedi, - acından sapsarı saralıb, bizin ac bəylər kimi ürəyindən ağalıq keçir. Xalq içində bir misal var: “Şahqulunun bağı var, heyvası yox, narı yox!”.

Vanya bir qədər düşündükdən sonra:

- Hələ bizim içimizdə öz gücünə inanmayan fəhlələr az deyil, - dedi. Bunlara öz hüququnu başa salmaq, dost-düşmənini tanıtdırmaq bizdən nə qədər səbir, iradə, mətanət istəyir.

Bu əhvalatdan üç gün sonra Vanya ilə Araz tənəffüs zamanı buruğun yanında oturub, qəlyanaltı edirdilər. Bu zaman Mişa gəlib çıxdı. Araz onu görən kimi:

-                      Ey, xozeyin, gəl görək, - deyə yerindən qalxdı.

-                      Xozeyinlikdən istefa verdim, - deyə Mixail Mixayloviç Arazın göstərdiyi yerdə onunla yanaşı oturdu.

Araz:

-           Deyəsən xeyir xəbərlə gəlmisən! – deyə soruşdu.

-           Elədir ki, var. – deyə Mişa cavab verdi. – O gün sizdən ayrıldıqdan sonra mübahisə etdiyimiz məsələ haqqında çox fikirləşdim. Bütün gecəni səhərə qədər yata bilmədim. Sizin fikirlərinizdə bir həqiqət olduğuna inanmağa başlamışam.

-           Demək ağıllanmağa başlamısan!

-           Elədir, gec də olsa, axır ağlım başıma gəlib.

Mişa bir az onlarla danışıb, birlikdə qəlyanaltı etdikdən sonra getdi. Araz mənalı-mənalı Vanyanın üzünə baxaraq:

-           Axır ki, onu da imana gətirdik, - dedi.

-           Araz, sən çox sadədil adamsan, bunlara çox da inanmaq olmaz, - deyə Vanya cavab verdi.

Mişa onların yanına tez-tez gəlib gedirdi. O sosial-demokrat dərnəyinə girmək üçün verdiyi ərizənin cavabını gözləyirdi.

Bir gün tənəffüs zamanı Mişa yenə onların yanına gəlmişdi. Vanya ilə Araz bu dəfə onu böyük sevinclə qarşıladılar; hər ikisi növbə ilə onun əlini sıxaraq, sosial-demokrat dərnəyinə qəbul olunması münasibətilə təbrik etdilər. Mişanın çoxdan bəri intizar çəkən gözləri işıqlandı. O, dostlarına öz minnətdarlığını bildirərək dedi:

- Mən qaranlıqda yolunu azmış bir yolçu idim, siz məni o qaranlıqdan işıqlı bir yola çıxartdınız, çox sağ olun, təşəkkür edirəm.

Bundan sonra Mişa dərnəyin qapalı iclaslarında, fəhlə tətili və nümayişlərində fəal iştirak etməyə başladı.

 

 

 

ÜÇÜNCÜ  FƏSİL

 

I

 

1904-cü ilin əvvəlində başlanmış rus-yapon müharibəsi bütün dəhşəti ilə davam etməkdə idi. Çar ordusunun cəbhələrdə məğlubiyyəti, Uzaq Şərq ən möhkəm qala sayılan Port-Arturun yaponlar tərəfindən alınması, xüsusən çarın böyük ümid bəslədiyi donanmanın Susima boğazında darmadağın edilməsi çar tərəfdarlarını böyük matəmə batırmışdı. Rus ordusunun göstərdiyi qəhrəmanlığa baxmayaraq bu müharibə çar üsuli-idarəsinin nə qədər çürük və zəif olduğunu da ortaya çıxarmışdı.

Bu illər bütün Rusiyada olduğu kimi, Bakıda da bolşevik partiyasının sıraları sınanmış inqilabçı fəhlələr hesabına genişlənmiş, bir-birinin ardınca əzəmətli nümayişlər, tətilər keçirilməyə başlanmışdı. 1904-cü ilin dekabrında keçirilən tətildə fəhlələrin böyük qələbə, qazanması, onları gələcək mübarizəyə həvəsləndirmiş, qələbəyə inamı artırmışdı.

Bu dəfə də Bakı Komitəsi neft mədənlərinin tətil etməsini qərara almış və bu işə rəhbərlik etmək üçün Azad yoldaşa bir neçə mühüm tapşırıq verilmişdi. Ala-qaranlıqdan bir-bir, iki-iki gələn fəhlələr Şorgöl ətrafında birləşir, bir-birindən aralı topa-topa oturub, söhbət edirdilər. Saat 7-də mitinq başlandı. Mitinqdə türk fəhlələrin çoxluq təşkil etməsi tətil rəhbərlərini olduqca sevindirdi. Inqilab rəhbərləri və fəhlələr odlu, həyəcanlı nitqlər söylədilər. Bakı partiya təşkilatının ümumi tətil haqqında çıxarmış olduğu qərar maddə-maddə oxunub, fəhlələr tərəfindən müzakirə və təsdiq edildi. Sabah Stepan Razin təpəsinə yığışıb, oradan mütəşəkkil surətdə nümayişə çıxmağa qərar verildi. Hökumət məmurlarını azdıqmaq məqsədilə o gün fasilə ilə bütün mədənlərdə fit çalınması qərara alınmışdı. Fəhlə tətilindən xəbər tutan polis, atlı kazaklar hər tərəfə baş soxur, ancaq fəhlə yığıncağının yerini tapa bilmirdilər. Yığıncağın birinci fit çalınan yerdə olduğunu zənn edən atlı kazak və polislər mədəni dörd tərəfdən bürüdülər, lakin yığıncaqdan bir əsər görmədilər. Bu zaman başqa mədəndə fit həyəcanlı bir səslə çalmağa başladı. Bir anda kazaklar və polis nəfərləri həmin mədəni üzük qaşı kimi araya aldı. Bu dəfə də yığıncağın yeri müəyyən edilə bilmədi. Düşməni azdıran bu fitlər o gün kazakları və polisləri hey ora-bura qaçmağa məcbur etdi. Lakin yığıncağın harada keçirildiyi yalnız saat birdə fəhlələr Marselyoza oxuya-oxuya Şorgöl dərəsindən qayıtdıqları zaman məlum oldu.

Sabahı gün fəhlələr mütəşəkkil Stepan Razin təpəsinə toplaşdılar. Orada yenidən mitinq başlandı. Mitinq iştirakçıları nümayiş üçün oradan hərəkət etmək istərkən, kazak dəstəsi onları araya aldı. Kazak zabitləri fəhlələrə dağılışmağı əmr etdi, lakin onlara əhəmiyyət verən olmadı. Kazaklar hücuma keçərək fəhlələri tüfəng qundağı və şallaqla vurub dağıtmağa başladılar. Fəhlələr inad edib müqavimət göstərir, arabir kazakları daşa basırdılar. Kazaklar fəhlələrin başları üzərindən yaylım atəşi açdılar, sonra da fəhlələri öz atlarının qabağına qatıb, nümayiş sıralarını dağıtmaq istədilər. Bir kazak zabiti Vanyanı yaxaladı. Vanya onun əlindən dartılıb qaçmaq istərkən, kazak tüfənginin qundağı ilə onun çiynindən elə vurdu ki, o üzüqoylu yerə sərildi. Bu zaman Mişa özünü onun yanına yetirib, qolundan tutaraq yerdən qaldırmaq istədi. Zabit atını Vanyaya tərəf sürüb, tüfənginin qundağı ilə onu vurmaq istədi. Uzaqdan bunu görən Araz özünü saxlaya bilmədi. O qaçıb gələrək zabitin tüfənginin qundağından yapışdı. Kazak tüfəngi özünə tərəf çəkərkən Araz tüfəngi onun əlindən özünə tərəf elə bərk çəkdi ki, zabit atdan yuvarlanıb yerə sərildi, başı partladı, Araz tüfəngi yerə atıb, fəhlələrə qarışdı.

O gün nümayiş rəhbərindən bir neçəsi polis tərəfindən həbs edildi.

Iki gün sonra Arazın qapısı ağzında bir araba dayandı. Üç nəfər polis arabadan düşüb, həyətə girdi. Araz həyətdə əncir ağacı altında yenicə uzanıb yatmışdı. Onu oyadıb, həbs edildiyini bildirdilər. Araz geyinib polislərlə getməyə hazırlaşırdı ki, Günəş onun qabağını kəsib:

- Mən arvadlığımla bunların hər üçün şil-küt edib yola salaram, sən bunların qabağına düşüb hara gedirsən? – deyə həsrət və heyrətlə Araza baxdı.

Araz cavab verməyib, polislərlə birlikdə qapıdan çıxdı..

Araba karvansara kimi geniş bir heyətə girdi. Onlar arabadan düşüb, həyətin sol tərəfində yerləşən kiçik qapını açaraq böyük bir zala daxil oldular.

Otaqda yeddi-səkkiz yazı stolu qoyulmuşdu. Stolların arxasında müxtəlif rütbəli polis məmurları oturmuşdu. Arazı gətirən polislərdən biri stol başında oturan şişman bir məmura yaxınlaşıb, nə isə soruşdu, sonra üstündə “Naçalnik” yazılı lövhə olan bir qapını açıb içəri girdi.

Araz dərhal buranın cinayət axtaran polis idarəsi olduğunu bildi. O bir neçə polis nəfərinin bir gənc tələbəni necə sorğu-suala tuduğuna qulaq asır, aralarında gedən danışıqları eşitməyə çalışırdı. Tələbə çox təmkinlə cavab verir, üstünə yıxmaq istədikləri cinayəti boynuna almaq istəmirdi. Bu zaman qapı açıldı, Arazı bura gətirən ucaboy, arıq polis pörtmüş bir halda oradan çıxıb, əli ilə işarə edərək Arazı içəriyə, naçalnikin yanına apardı. Naçalnik nəzakətlə:

- Buyurun, buyurun! – deyə Araza yer göstərdi.

Araz oturdu. Naçalnik əvvəlki vəziyyətini pozmayaraq sözə başladı:

- Bağışlayın, zəhmət verdik, sizdən bir neçə şey soruşacağam. Ümidvaram ki, cavab verməkdən boyun qaçırmazsınız?

Araz dinmədi. Naçalnik:

-         Siz hansı mədəndə işləyirsiniz? – deyə soruşdu.

-         Sabunçu, Qasım bəyin mədənində.

-         Çox gözəl. Adınız nədir?

-         Araz.

-         Çoxdanmı mədəndə işləyirsiniz?

-         On beş yaşından işləyirəm.

Naçalnik ayağa qalxıb, bir qədər ona yaxınlaşaraq:

-         Elə siz bu işdə mənə kömək edə biləcəksiniz, - dedi, - Deyin görüm, o günkü tətilə rəhbərlik edənləri tanıyırsınızmı?

-         Tanımıram.

-         Nümayişdə nitq söyləyənləri necə?

-         Orada hamı danışırdı. Bəzilərini sifətdən tanıyıramsa da, adlarınıbilmirəm.

-         Yaxşı, heç olmazsa kazaklar hücum etdiyi zaman nitq söyləyən adamın kim olduğunu deyə bilərsinizmi?

-         Yadımda deyil, bir də o zaman mitinq dağılmışdı.

-         Bəs o zaman siz harda idiniz?

-         Fəhlələrin arasında.

Naçalnik ciddi vəziyyət alaraq soruşdu:

-         Kazaklarla fəhlələr arasında olan toğğuşmaya dair nə deyə bilərsiniz?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info