Qonaq Kitabı
ARAZ

-         Fəhlələr vuruşmaq fikrində deyildilər. Onların silahı yox idi.

-         Kazaklardan, fəhlələrdən ölən və ya yaralanan oldumu? Onları tanıyırsınızmı?

-         Mən ancaq dünən eşitdim ki, bir kazak atından yıxılıb ölmüşdür.

-         Bunu sizə kim dedi?

-         Kazakların ölüsünü aparanda görüblər. Adamlar danışırdılar.

-         Kazak atdan yıxılanda siz onu gördünüzmü?

-         Yox, mən görmədim?

-         Bəs kim görmüşdür?

-         Bilmirəm.

-         Deyirlər siz görmüşsünüz?

-         Yox, görməmişəm. Mən bu xəbəri ancaq dünən eşitdim.

Naçalnik qaşlarını çataraq zəngi basdı. Həmin ucaboy, arıq polis içəri girdi. Naçalnik əli ilə ona işarə edərək:

- Götürün bunu! – deyə əmr etdi.

Polis Arazı həyətə çıxararaq oradakı iki nəfər başqa polisə tapşırıb, başı ilə nə isə işarə etdi. Onlar Arazı müstəntiqin yanına gətirdilər. Müstəntiq acıqlı baxışlarla Arazı süzdükdən sonra:

- Hə, de görüm, ey qatil, kazak zabitini sən nə üçün öldürdün? – deyə soruşdu.

Araz etinasız durub cavab vermədi. Müstəntiq onun bu etinasızlığından hiddətlənərək ağzı köpüklənə-köpüklənə:

- Ey, cavab ver, sən müstəntiq qarşısında hər suala cavab verməyə məcbursan! – deyə bağırdı:

Araz laqeyd bir tövrlə:

- Heç kim məni məcbur edə bilməz! – dedi.

Müstəntiq əlini stola çırpdı:

- Mən səni məcbur edərəm!

Araz yenə cavab vermədi. Müstəntiq bir də əlini stola çırparaq, Arazı söyməyə, təhqir etməyə başladı. Araz əlini onun stolu üstündəki iri mürəkkəb qabına uzadaraq:

- Ağzını dağıtma, - dedi, - yoxsa bu mürəkkəbqabı ilə başını yararam. Svoluç da sənsən, svinya da sənsən, sukinsın də.

Müstəntiq onun bu hərəkərindən heyrət edib, bir qədər çaşıb qaldıqdan sonra:

-         Bu dəlidir, axmaqdır, nədir? Bilmir ki, müstəntiq qarşısında cavab verməlidir? – deyə bir nəfərdən soruşur kimi söyləndi. Araz cəsarətlə:

-         Boş yerə zəhmət çəkməyin, mən sizə cavab verməyəcəyəm! – dedi.

Müstəntiq zəngi basdı. Arazı gətirən polis nəfərlərindən biri içəri girdi. Müstəntiq ona:

- Bu vəhşini sakit etmək lazımdır! - deyə əmr etdi.

Araz onun üstünə kükrəyərək:

- Vəhşi sənsən! – deyə var səsi ilə qışqırdı.

Polis nəfəri müstəntiqə təzim edərək:

- Ağa, mən onu sakit edərəm, ancaq yaman həyasız adamdır! – dedi.

Arazı həbsxanaya apardılar. O, həbsxana qapısından içəri girdikdə cinayət axtaran polis idarəsində naçalnikin qapısı ağzında rast gəldiyi gənci gördü. Onun yanında əli tüfəngli iki soldat durmuşdu. Elə bu vaxt həbsxana rəisi əlində bir kağız öz otağından çıxaraq həmin gəncə yaxınlaşıb:

- Gəl! – deyə bağırdı.

Gənc onun dalınca getdi. Araz dəhlizdəki ayağı qandallı dustaqlara baxırdı. Həbsxana rəisi qapı ağzında duran xidmətçiyə nə isə deyib, yenə içəri girdi. Xidmətçi yan otağa keçib, yırtıq, kirli bir köynək və şalvar gətirərək qapının ağzında yerə qoydu. Həbsxana rəisi yenə otağından çıxıb Araza:

- Paltarlarını soyun! – deyə əmr etdi.

Araz paltarlarını soyunub, yalnız bir alt paltarında qaldı. Rəis həmin kirli paltarında qaldı. Rəis həmin kirli paltarları ayağı ilə ona tərəf itələyərək:

- Al, bunları geyin! – dedi.

Araz köynəyi və şalvarı iki barmağı ucunda yuxarı qaldırıb, diqqətlə baxdıqdan sonra tüpürüb yerə atdı. Sonra üzünü həbsxana rəisinə tutub qəzəblə:

- Mən bu it çulunu geymərəm! – dedi.

Həbsxana rəisi onu başdan-ayağa süzərək:

- Geyərsən, çox mırıldanma, dalımca gəl, - deyə qışqırdı.

Araz qürurunu pozmayaraq onun arxasınca getdi. Rəis növbətçiyə bir kamera göstərib:

- Aç! – deyə əmr etdi.

Kameranın qapısı açıldı. O, Arazı kameraya salıb, xidmətçinin gətirdiyi həmin kirli paltarları ardınca içəri ataraq çığırdı:

- Bu buzluqda donduğun zaman bu paltarlar sənə lazım olar!

Içəri girən Arazın ardınca qapı bərk bağlandı. Kameranın içi payızın son gecəsindən qaranlıq, qışın dondurucu səhərindən soyuq idi. Araz əli ilə kameranın içini yoxlamağa başladı. Kamera böyük bir anbar idi. Görünür bina tikildiyi zaman burada palçıq tutulduğundan döşəməsiz yerdə palçıq daş-kəsək kimi bərkimişdi. Araz əli ilə kameranın içini axtara-axtara getdiyi zaman əlinə odun parçaları toxundu. Bu bir adam boyu hündürlüyündə yığılmış odun parçaları idi. O yenə qapıya tərəf gəlib, divara söykənərək düşünməyə başladı. Cavab verən olmadı. Araz bu dəfə qapını təpikləməyə başladı. Növbətçi kameranın balaca deşiyini açıb:

- Ey, üsyançı, nə səs-küy salmısan? Bu həyasızlıqda davam etsən kötək yeyəcəksən! – deyə çığırdı.

Araz:

- Ey, aç qapını, sözüm var! – deyə səsi gəldiyi qədər bağırdı. Növbətçi cavab verməyib deşiyin ağzını örtdü.

Üz-dörd saat sonra qapının deşiyi yenə açıldı. Növbətçi içəriyə heyva boyda yumru bir şey atıb:

- Ey quıldur, al ye! – deyə çığırdı.

Araz acmışdı. Içəri atılan daş kimi bərk şeyin nə olduğunu bilmək üçün onu əli ilə axtarıb, nəhayət tapdı. Girdə, quru cad çörəyi idi. Araz onu əli ilə zor-güc parçalayıb dişinə saldı. Sonra bir az rahatlanmaq üçün yerə uzandı. Vücuduna yapışan buz kimi soyuq və kölə-kötür palçıq onun böyrünü, arxasını deşirdi. Çox uzana biməyib qalxdı, ayağı ilə anbarda yumşaq bir yer axtardı. Bu zaman növbətçinin atmış olduğu köynəklə şalvar ayağına toxundu. Tez əyilib onları yerdən götürdü, şalvarı yumurlayıb başının altına qoydu, köynəyi də altına sərib üstünə uzandı. Həbsxana rəisinin “bu buzlaqda donduğun zaman bu paltarlar sənə lazım olar” sözlərini xatırladı. Sonra bu havasız, qaranlıq və rütübət yerdə nə qədər mərd insanların çürüyüb məhv olduğunu düşündü. O gecə səhərə qədər gah bu, gah da böyrü üstə dönərək birtəhər yuxuya getdi. Ayılarkən kameranın içərilərinə uzanan sarımtraq bir işıq zolağından səhər olduğunu bildi. Növbətçi qapının deşiyini açaraq, yenə bir parça quru cad çörəyi atıb:

- Ey, qatil, al ye! – deyə bağıraraq, yenə deşiyi örtdü.

Araz qalxdı. Daş-kəsək, qurumuş palçıq, buz kimi soyuq yer onun vücudunu sarsıtmışdı. Əli ilə axtarıb çörəyi tapdı. Bərk ac idi. Çörəyi dişinə salıb yeməyə başladı. Kəsək kimi quru cad çörəyi onu doyurmadı. Günortaya qədər gözlədi. Günorta yenə deşik açıldı. Növbətçi adəti üzrə bir cad çörəyi atdı, sonra kiçik bir kasada kartof, kələm suyundan ibarət olan şorbanı uzadaraq:

-         Sevdiyin donuz şorbasıdır, al ye! – dedi. Araz donuz adı eşidər-eşitməz:

-         Onu apar ver atan yesin, - deyə kasanı deşikdən əli ilə növbətçiyə sarı itələdi. Kasa dönüb növbətçinin üstünə töküldü. O, Arazı söyə-söyə üst-başını təmizlədi, sonra “Quldurun biri, elə zənn edir ki, burada ona plov verəcəyəm, əy sən öləsən” – deyə mırıldanıb deşiyi hiddətlə bağladı.

Pəhləvan gövdəli Araza hər şeydən çox aclıq təsir edirdi. Hər dəfə verilən iki yüz qram cad çörəyi onu doyurmurdu. Axşamüstü növbətçi ona bir şey uzadaraq:

- Ey, bunu sənə qonşun göndərdi, al, kefindir, - dedi.

Araz əlini uzadıb yeməyi aldı. Növbətçi pıçıltı ilə:

-         Heç kəs bilməsin, bundan sonra hər gün sənə bu yeməkdən gətirəcəyəm, - deyərək deşiyi örtdü. Göndərilən pay bir parça çörək və iki böyük kotletdən ibarət idi. Bunu kim göndərmişdi? Bir an düşündükdən sonra ilk dəfə polis idarəsinə və həbsxanaya girdiyi zaman rəisin otağının qapısı ağzında gördüyü gənc dustağı xatırladı. Onun simasında nəciblik, mərdlik və cəsarət əlamətləri dərhal bu işin həmin gənc tərəfindən görüldüyünü güman etməyə əsas verirdi. Bəs o bu çörəyi və kotleti haradan alır? Bunu ona kim gətirir? Bunlar Araza qaranlıq idi. O, çörək və kotletləri böyük bir iştaha yeyib yatdı. Həmin gündən etibarən hər gün səhər, günorta, axşam cad çörəyindən başqa hər dəfə növbətçi ona iki yüz qrama qədər çörək və iki kotlet uzadıb:

-         Al, bu dadlı kotletləri ye! – deyirdi.

Bir gün Araz ondan soruşdu:

- Bu kotletləri mənə kim göndərir?

Növbətçi boğuq bir səslə cavab verdi:

-         Səninlə yan-yana yaşayan bir cavan oğlan. Bilirsən o necə oğlandır?.. Pulu da çoxdur. Hayıf bu oğlana.

-         Onu nə üçün tutublar?

Növbətçi ətrafına baxdıqdan sonra:

-         Məhkəmə sədri Şmalinskini öldürübdür. Işi çox xarabdır. Onu yəqin ki, edam edəcəklər. – Sonra ətrafına bir də nəzər salıb, - bilirəm, sən də kazak zabitini öldürmüsən, - dedi, - oğlana demişəm.

-         Yox, mən zabit öldürməmişəm.

Növbətçi şübhəli nəzərlə koridora baxdıqdan sonra:

-                      Pulun varsa, ver, sənə nə istəyirsən alım, - dedi.

-                      Mənim pulum yoxdur, kasıb bir fəhləyəm.

Növbətçi üzünü turşudaraq, deşiyi bərk örtdü.

Araz on gün kamera adı verdikləri bu qaranlıq və soyuq anbarda qaldı.

Bir gün qapı şiddətlə açıldı. Növbətçi gülə-gülə:

- Ey dustaq, çıx, - dedi, - dalımca gəl!

Araz dəli kimi özünü koridora atdı. On gün işıq görməyən gözlərini koridorun işığı qamaşdırdı. O, əlləri ilə gözlərini ovuşdurduqdan sonra növbətçinin arxasınca getdi. Onu ali məhkəmənin üzvü Vasilyev danışdıracaq idi. Araz yalnız tuman-köynəkdə kabinetə girdi. Vasilyev onu heyrətlə süzərək:

- Bu nədir, nə üçün çılpaqsan? – deyə bağırdı. – Hanı sənin dustaq paltarın?

Araz əli ilə həbsxana rəisi Koku göstərərək:

- Bundan soruşun! – dedi.

Kok qızardı, bozardı, dili dolaşa-dolaşa:

- Cənab Vasilyev, mən ona paltar vermişəm, - dedi.

Araz hər ikisini kinli nəzərlə süzdükdən sonra:

- Xahiş edirəm bir gedib bunun məni saldığı kameraya, verdiyi paltara baxasınız, - dedi.

Vasilyev yerindən qalxdı, hər üçü kameraya gəldi. Vasilyev kameranı və paltarı gözdən keçirtdikdən sonra acıqlı bir səslə:

- Bu gün dustağı səyyar korpusa köçürəcəksən! Ona yeni paltar ver! – deyə əmr verdi.

Araz yeni paltar geydikdən sonra Vasilyev onu kabinetə çağırıb ondan kazak zabitinin ölümü və nümayiş haqqında  məlumat almaq istədi. Araz onun suallarına cavab vermədi. Vasilyev çıx çalışdı, onu danışdıra bilmək üçün bir çox yağlı vədlər verdi. Araz yenə bir şey demədi.

Onu səyyar korpusa köçürdülər.

- Məni siyasi korpusa köçürməlisiniz! – deyə Araz etiraz etdisə də bir nəticə vermədi.

Korpusda yaşayan dustaqlar başına toplanıb onun kim olduğunu, nə üçün həbsə düşdüyünü öyrənməyə çalışırdılar. Bir az sonra başqa korpuslardan xəbər tutan dustaqlar: Qaçaq Məcid, Dəli Xalıq öz dəstəsi ilə, Qoçu Teymurbəy, Əliheydər və başqaları bir-bir Arazı görməyə gəldilər. Qaçaq Məcid ona deyirdi:

- Ayağımdakı qandala baxma, dörd dəfə sürgündən qaçmışam, yenə qaçacağam. Qorxma, sənə heç bir şey olmaz. Atalarını yandıraram!

Qoçular, qaçaqlar həbsxana içində hökmranlıq edirdi. Onların xariclə əlaqəsi olduğundan müdir və məmurlar onlardan qorxurdu. Araz həbsxana içindəki bu hökmranlığın əsas səbəblərini düşünür, çar hökuməti və çar məmurlarının yürütdüyü siyasətə qarşı qəlbində kin və intiqam hissi daha şiddətlə alovlanırdı. Iqtisadi və siyasi vəziyyətin ağırlığı ölkənin ən igid və qoşu oğlanlarını qaçaqlığa, quldurluğa məchur etmişdi. Bu vəziyyət özü elə mövcud üsuli-idarənin yerində fəhlə və kəndli hökuməti qurmağın ən doğru bir yol olduğunu təsdiq edirdi.

Bu zaman ortaboylu, xoşsimalı bir gənc içəri girdi. Araz onu görüncə tanıdı. Bu, Arazın polis idarəsində rast gəldiyi tələbə idi. O, Arazı və onun oturduğu stolu şübhəli baxışlarla süzərək:

- Səni nə üçün buraya köçürmüşlər! – deyə soruşdu.

Araz ona tərəf gedə-gedə:

-   Məni ümumi səyyar korpusa köçürmüşlər. Mən orada yaşayıram, - deyib cavab verdi.

-   Yox, sən bizim korpusa keçməlisən. Kokla bu xüsusda danışmışam, gəl gedək! - deyə o cəld çıxdı.

Arazı siyasi korpusa köçürdülər. O, korpusun dəmir qapısından içəri girən kimi mədən partiya təşkilatının katibi, Azad, Vanya, Qriqor və Mişa onu üzük kimi araya aldılar. Vanya onu qucaqlayıb öpdü:

-                      Araz, necəsən, biz hey səni düşünürdük, - dedi.

-                      Bir de görək, sənin başına nə oyun gətiriblər?

Araz başına gələnləri təfsilatı ilə danışdı. Azad əlini stola çırpıb:

- Alçaqlar, bu ağalıq çox sürməyəcək! – deyə bağırdı.

Bu zaman Azadın gur səsini eşidən qoca xidmətçi Andrey başını qapıdan içəri uzatdı. Bir qədər diqqətlə baxdıqdan sonra üzünü Azada tutdu. Arazı göstərərək:

- Görünür bu da sizdəndir, - dedi. – Bu yazığa çox əziyyət verdilər. O anbarda üç gündən artıq qalmaq olmaz, bu yazıq isə orada on gün qaldı. Eh, bu qanlı zindan nə qədər canlar yemiş, nə qədər insanlar çürütmüşdür! Sizin bu korpusa elə adamlar gəlib-gedibdir ki, insan kədərlənməyə bilmir. Nə üçün? Yoxsulları qaranlıq quyudan çıxarmaq istədikləri üçün.

Qoca Andrey sözünü qurtarmaq üçün yenə atrafına baxdı, nə gördüsə, tez özünü toplayıb, qapıdan uzaqlaşdı. O, məmurlardan kimi isə görmüşdü. Vanya cəld ayağa qalxıb, qapıya tərəf baxaraq:

- Sən bu qoca şeytana bax, bizdən söz almaq istəyir, - dedi. – Buranın rəisindən tutmuş qapıçısına qədər hamısı xəfiyyədir. Onlarla ehtiyatlı olmaq lazımdır!

Araz burada bir qədər rahat idi. Onlar hər gün gizli olaraq ümumi tətil və təşkilat haqqında məlumat alırdılar. Tətil və nümayişlər bütün qüvvəti ilə davam edir, həbsə alınan fəhlələrin və rəhbərlərin azad edilməsini tələb edirdi. Hətta bir-iki dəfə fəhlələr silaha da əl atmış, kazaklarla aralarında atışma da olmuşdu.

Tətilin müvəffəqiyyətlə davam etməsi siyasi korpusdakı dustaqları çox sevindirirdi. Tətil və silahlı çıxışlardan ruh almış siyasi dustaqlar başqa dustaqlar içində gizli təbliğat aparırdılar. Azad yoldaşın sözləri dustaqlara, bəzən qaçaqlara da çox təsir etdiyindən, ona qarşı böyük hörmət bəsləyirdilər. Hətta Dəli Xalıq, Qaçaq Məcid: “buradan qaçdığımız gündən biz də sizinlə bərabər işləyəcəyik” – deyirdilər.

 

II

 

Həbsxana rəisi Kok arabir Mişanı çağırır, saatlarla kabinəsində danışdırırdı. Bu hadisə Azadı çox narahat edirdi. Bir gün yenə Kok Mişanı öz kabinəsinə çağırdı. Bir saat sonra korpusa döndüyü zaman Azad ondan soruşdu:

- Mişa, Kok səndən nə istəyir?

Mişa acı-acı gülümsəyərək:

-       Quduz it adamdan nə istəyər, - deyə cavab verdi. – Bizim təşkilatda kimlərin olduğunu soruşur.

-       Sən nə cavab verdin?

-       Mən təşkilatda malışıram, ona görə də onun nə üzvlərini, nə də başçılarını tanımıram, - deyə cavab verdim.

Azad susdu.

Iki gün sonra Kok Mişanı yenə çağırdı. Mişa getdi. O gün onu çox gözlədilər, ancaq qayıtmadı. Üç gün keçdi, yenə qayıtmadı. Mişa məsələsi bütün korpusu qəmgin etmişdi. Onu hara və nə üçün aparmış.dılar: Hamı bu barədə düşünürdü. Bu hadisə hər kəsdən çox Araza təsir etmişdi. O, acığından dil-dodağını çeynəyirdi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info