Qonaq Kitabı
ARAZ

- Mən hələ heç bir qoçaqlıq göstərməmişəm. Mənim ata-babam xalqı talayan bu quldurlarla ömrü uzunu qoç kimi döyüşmüşdür. Bizi talayan azdırmı? Mən isə onlara heç bir şey etməmişəm.

Hər ikisi qaranlıq gecənin dilsiz sükutu və çiyinlərini əzən baltanın ağırlığı altında uzaqlaşıb gözdən itdilər.

 

 

IV

 

Araz çalışqan, zəhməti sevən, öz qüvvət və məharətinə inanan ciddi və iradəli bir cavan fəhlə idi. Onu heç bir iş qorxuda bilməzdi. Hər zaman iş üstünə bir atlı kimi çapar, işin bağrını yarardı. Mədən işlərinə olan böyük həvəsi sayəsində o artıq ən təcrübəli bir usta olmuşdu.

Araz hər zaman könlünü xoş tutar, kədər və sıxıntıya əsla yol verməzdi. Evdə daş oynadır, qarşısına çıxan olursa güləşir, arabir tay-tuşu ilə birlikdə dovşan, quş və balıq ovuna gedirdi. Onun boru kimi gurlayan səsini, pərdə-pərdə yüksələn şən qəhqəhələrini eşidənlər heyrətlə: “Kasıblıq sənin ürəyinə yol tapmayıb” – deyirdilər.

- Mənim ən böyük düşmənlərimdən biri elə kasıblıqdır. Kişi düşməninə öz ürəyində yer verməz. Ölüncəyə qədər nə kasıblığın, nə də onu mənə calayanların qabağında əyilməyəcəyəm, - deyə cavab verirdi.

Lakin babası Atabalanın faciəli ölümü və anası Anaxanımın vəba xəstəliyindən vəfat etməsi Arazın şən simasına dərin bir kədər pərdəsi çəkmiş, onun daxili aləmində bir fırtına doğurmuşdu. İndi o, mehriban ana nəvazişindən, ana qayğısından məhrum olmuşdu. Ona atalıq edən adam yanında deyildi.

Atabalanın ölümü lap qəflətən oldu. Bir axşam o, evə arabasız qayıtmışdı. Araz təəccüblə:

- Baba, araban hanı! – deyə ondan soruşdu.

Atabala gülə-gülə:

- Oğlum, arabaçılığı atdım, - deyə cavab verdi. Bu hadisə Arazı çox sevindirdi; çünki babası yüz yaşını çoxdan keçmiş, sağlam və çalışqan olduğuna baxmayaraq ömrünün xəzan yeli onun vücudunu qurutmağa, qocalıq nişanıləri özünü göstərməyə başlamışdı. Araz dəfələrlə babasına: “Baba, sən qocalmısan, daha sənin işləməyinə razı deyiləm, otur evdə, bir az rahatlan” – deyə yalvarmışdısa da, babası razı olmamışdı. Indi onun öz razılığı ilə işdən çıxması Arazı çox sevindirdi.

Arazı bu qədər sevindiyini görən Atabala əsl həqiqəti ona nağıl etdi:

- Oğlum, mənim canım işlə bərkiyib, mən işsiz qala bilmərəm. Yay, qış bu mədənlərdən şəhərə arabayla nöyüt daşımaq zəhmətli işdir. Gəlirim ancaq heç özümü də görmür. Dünən qamanalı Süleyman yanıma gəlmişdi. Ramanada şaxta quyu qazdırır. Yaxşı da haqq verir. Bu gündən onun quyusunda işləyirəm.

Araz atası Balakişinin neft quyusunda qaz partlayışından öldüyünü eşitmişdi. Babasının şaxta neft quyusunda işləməsi ona atasının qaz partlayışından öldüyünü xatırlatdı. Onun üz-gözü dumanlandı, qaşları çatıldı. Kəskin bir səslə:

- Baba, mən səni şaxta quyularda işləməyə qoymaram, - dedi. – Bu qoca vaxtında sənin başına bir iş gəlsə, mənim ürəyimdə sağalmaz bir yara açar. Mən buna razı deyiləm.

Atabala bir an düşündü, sonra başını qaldırıb:

- Oğlum, - dedi, - su qabı suda sınar. Mənim canım Balakişinin canından artıq deyil ki! Sən heç dərd çəkmə.

Araz babasının əlini əlləri içinə alıb, çox yalvardı, fayda vermədi. Uzun sürən danışığın nəticəsi bu oldu ki, Atabala bu quyunu qazıyıb işə saldıqdan sonra əl quyularında işləməyəcəyinə söz verdi. Araz istər-istəməz razı oldu.

Atabala quyunu iyirmi metrə qədər qazmışdı. O gün quyunun orta tərəfi əyilib qarın salladığını gördü. Quyu sahibi Süleymana: “Quyunun yanlarını taxta ilə bərkitmək lazımdır” – deyə xəbər verdi. Süleyman əyilib quyuya diqqətlə baxdıqdan sonra:

- O qədər əyilməyib, qorxusu yoxdur, ehtiyat edirsənsə, bərkidərik, - dedi.

Süleyman öz sözündə durmayıb günü-günə satırdı.

 Atabala bu gün yenə Süleymanla sözə gəlib, quyunun bərkidilməsini ondan ciddi surətdə tələb etdi. Onların səsinə, yaxındakı qonşu fəhlələr və qazmaçılar da toplandı. Atabala onlara tutub:

- Ay adamlar, insafla deyin, indi bu quyuya düşüb işləmək olar? – deyə soruşdu.

Qazmaçılar əyilib quyuya baxdıqdan sonra:

- Bu quyu qarın sallayıb, indicə uçacağam, deyir. Ancaq canından keçən adam girib burda işlər, - deyə birağızdan cavab verdilər.

Atabala:

- Mən canımdan keçməmişəm! – deyə qəti etiraz edib, işləmək istəmirdi.

Süleyman dil-dodağını çeynəyərək:

-   Müftə işləmirsən ki, şərtimiz var, pul alacaqsan, - deyirdi. Çarəsi kəsildikdən sonra Süleyman arabaçıya üç-dörd araba gil gətirmək üçün pul verdi. Sonra üzünü Atabalaya tutub:

-   İndi arxayın oldunmu? – dedi. – Sabahdan quyunun yanları bərkidiləcək. bir günümüz itməsin, əgər kişisən, sözümü yerə salma, bu gün də işlə!

Süleyman ona çox minnət etdi. Atabala istər-istəməz quyuya düşüb, qazmağa başladı. O, acıqlı olduğu zaman çox sürətlə işləyirdi. Hətta o qədər sürətlə işləyirdi ki, torpağı quyudan çarxla çıxardan fəhlə onunla ayaqlaşa bilmirdi, alnından axan təri silə-silə:

- Atabala, yaman acıqlanmısan, acığını qara torpaqdan alırsan, - deyirdi.

Iş qızğın surətdə davam edirdi. Fəhlə ağzına qədər basa-basa doldurulmuş bağaranı quyudan çıxarırkən şiddətli bir gurultu qopdu. Gurultunun şiddətindən o, qorxu içərisində sürətlə geriyə çəkildi.

Bağara, üstünə enən torpağın təzyiqi ilə sürətlə quyuya doğru gedir və bağaranı çəkən atı geriyə çəkə-çəkə çarxın altına tərəf sürükləyirdi. Özünü itirmiş fəhlə qabaqca arxası çarxın altına girmiş əlləri havada oynayan atı çarxın altından çəkib çıxardı. Sonra tez quyuya tərəf qaçdı. Quyu uçmuş, heç qazılmamış kimi ağzına qədər torpaqla dolmuşdu. Fəhlə gözləri yaşarmış halda boğuq bir səslə:

- Yazıq Atabala!.. O da oğlu kimi torpağın altında qaldı. Elə bil ürəyinə dammışdı... – deyə başını aşağı saldı.

... Atabalanın faciəli ölümündən bir neçə həftə sonra Bakı kəndlərində vəba xəstəliyi başlandı. Həkim üzü görməyən bu yerlərdə yoluxucu xəstəlik sürətlə yayılıb, çoxlu qurbanlar aldı. Anaxanım da bu qurbanlardan biri oldu.

 

 

V

 

Araz 25 yaşına çatmışdısa da, həyatda çox mühüm məsələ olan evlənmək haqqında hələ düşünməyə tələsmirdi. Yaxın tanışları, qohumları, onunla qapıbir qonşu olan köhnə dostu Əlisəfa dəfələrlə ona evlənməyi məsləhət gördükləri halda, Araz heç birinə qəti cavab verməyib: “hələ tezdir” deyirdi. Kiçiklikdən öz əməyi ilə yaşaması, yoxsulluq, ehtiyac ona həyat hadisələrini ölçüb-biçmək, onun müsbət və mənfi cəhətlərini duymaq vərdişini öyrətmiş, onda həyata qarşı tənqidi münasibət oyatmışdı.

O, evlənmək əleyhinə deyildi. Ailə həyatını o hər kəsdən çox sevir, onun bütün insanlar üçün mühüm bir vəzifə və təbii bir qanun olduğunu bilirdi. Ancaq o öz təbiətinə, vəziyyətinə uyğun bər həyat yoldaşı axtarırdı.

Kənddə Günəş adlı bir qız vardı. Onu yaxın, uzaq kəndlər də tanıyırdı. Ata-anası Günəşi ərköyün böyütmüşdü. O, kişi təbiətli, dəlisov, ətli-canlı qız idi. Hər gün iri darvazalarının üstünə çıxıb ayaqlarını sallar, əlindəki iri dəyənəyi darvazanın çərçivəsinə çırpar, yoldan keçənləri seyr edərdi. Dəvəçilərin, arabaçıların haradan gəldiyini, şəhərə nə apardıqlarını soruşar, sonra amiranə bir səslə: “Atam, atam, Allah xeyir versin!” – deyərdi. Tanıyan cavanlar onu söylətmədən keçməzdilər. O da lovğa cavanları acı-acı iynələr, hər birinin ayıbını üzünə deyərdi. Onu təhqir edən olursa, ildırım kimi yerə atılaraq əlindəki dəyənəklə hücum edərdi. Ona görə də hər kəs onu acıqlandırmadan sevişib getməyə çalışırdı. Günəşin bu xasiyyətləri hamıya qəribə görünsə də, təmiz əxlaqı, mərdliyi ilə çoxlarında rəğbət oyadırdı. Odur ki, hərdənbir ona elçi gələn də olurdu. Ancaq yaşı iyirmini keçməsinə baxmayaraq, qapısına gələn elçilərin hamısına rədd cavabı vermişdi. Evdə onun bu hərəkətlərindən əsəbiləşir, cəza verir, ancaq heç bir şey ona təsir etmirdi. Anası arabir ona:

- Başın batsın, dəli olduğun üçündür ki, qapımızı elçi tanımır, gələnləri də üzü üstə qaytarırsan. Sən bu evdə qurdnan yaşayıb qiyamətə qalacaqsan, - deyərdi.

Günəş isə bu sözləri cavabsız buraxmazdı:

- Elçini neyləyirəm, mən özüm də bir kişiyəm.

Yoldan keçən cavanlar onu qızışdırmaq üçün:

- Günəş, Günəş, bax hansımızı bəyənirsən, de, sabah sənə elçi göndərək! – deyəndə, onları yuxarıdan acıqlı baxışlarla süzərək: “Atam, atam tayınızı tapın, mən it-qurd yoldaşı deyiləm” – deyə acıqlanar və əlindəki ağacı qapıya çırpa-çırpa etinasız bir halda fit çalmağa başlardı.

Bir gün kəndin adlı cavanlarından olan Teymur qapılarının ağzından keçərkən onu görüb:

- Ay qız, sən ata evində qalmaqdan bezikib qorulmadınmı? – deyə soruşdu.

Günəş üzünü yana çevirib cavab vermədi. Teymur sözünə davam edərək:

- Boş-boş oturub fit çalmaqdansa, toy tədarükündə ol, könlümüz aş istəyir, - dedi.

Günəş:

- Atam, atam, get tayını tap, - deyə cavab verdi.

Teymur gülərək:

- Tayımsan, məndən artıq oğlana gedəcəksən? – deyə kəkələndi.

Günəş əlindəki dəyənəyi havada oynadaraq bağırdı:

- Ey gözlərini yaxşı aç, itə gedərəm, sənin kimi başı papaqlıya getmərəm! Yolunu düz get, yoxsa...

Teymur yerə mıxlanmış kimi donub qaldı. Qız onu həm təhqir, həm də təhdid edirdi. Teymur acığını yemək istəməyib, ona ağır bir cavab verməyə hazırlaşarkən arxadan yaxınlaşan Araz gülə-gülə əlini onun çiyninə vurub:

- Doğru deyir, yolunu düz get! – dedi.

Teymur şikayətçi bir səslə:

-   Sözlərini eşitdin? Bu həyasıza nə cavab versəm yaxşıdır? – deyə soruşdu.

-   Eşitdim, eşitdim, çox yerində deyir, - dedi. – Payın idi, aldın! Paltarı yırtılmaq istəməyən meşəyə girməz. Mənə nə üçün demir?

Araz kənd qızlarından yalnız Günəşi bəyənmiş, onu sevmişdi. Arabir qapılarından keçərkən müştəri gözü ilə ona baxır, qız da onu görüncə başını aşağı dikərək gözaltı onu süzərdi. Hər ikisinin arasında başlanan bu gizli məhəbət gündən-günə artmaqda, alovlanmaqda davam edirdi.

Günəş gələn elçilərə rədd cavabı verdiyindən Araz ona elçi göndərməyə cəsarət etmirdi.

Gedərkən yolda Araz Teymura:

-       Bu qızdan çox xoşum gəlir, - dedi.

-       Nəyindən?

-       Xasiyyətindən.

Teymur istehza ilə gülərək dedi:

-           Onda yaxşı heç nə yoxdur, onunki dəlilikdir!

-           Dəlilikləri var, onu əvvəlindən əysəydilər belə olmazdı.

-           O elə tərs kötükdür ki, onu heç fələk də əyə bilməz.

-           Insan əyə bilər!

-           Yoxsa öz gücünə güvənirsən? Çətin bir iş deyil, istəyirsən bir təcrübə elə.

-           Əymək mümkün olsa, bu kənddə onun kimi qız yoxdur.

Teymur qəhqəhə çəkib güldü, sonra əlini Arazın çiyninə qoyub:

-           Zövqünə maşallah, - dedi, - yoxsa bu dəliyə bənd olmusan?

-           Yox doğrudan belədir.

-           Səhv edirsən, bu dəlidən heç bir şey çıxmaz, quru odun parçasıdır.

Araz cavab vermədi. Adilikdən xoşlanmayan bu gənc fəhlə, o qızda bəyəndiyi, təqdir etdiyi bir çox gözəlliklər duyurdu. Onun Teymura: “İtə gedərəm, sənin kimi başı papaqlıya getmərəm” – dediyi sözlərdə bir həqiqət görür, silinməmiş, işlənməmiş bir paslı gövhərə haqq verirdi. Bir tərəfdən Teymurun: “Yoxsa öz gücünə güvənirsən? Çətin iş deyil, istəyirsən bir təcrübə elə”, “Bu dəlidən heç bir şey çıxmaz!” – deyə istehza ilə söylədiyi onu iynələyir, fikirlərində yanılmadığını isbat etmək istəyirdi. O bilirdi ki, onu istədiyi kimi dəyişdirə bilsə, gözəl bir həyat yoldaşı qazanmış olacaqdı.

Bu fikirlər üç-dörd gün Arazı rahat buraxmadı. Ancaq o, məsələnin başqa tərəfini də düşünürdü: əgər Günəşi istədiyi kimi islah edə bilməsə, yaxud göndərdiyi elçilərə rədd cavabı verilsə, o zaman gülünc bir vəziyyətdə qalacaq, hər kəsin ağzında dastan olacaqdır. Bu acı düşüncə bir qurd kimi onun qəlbini gəmirir, tutmaq istədiyi işdən onu uzaqlaşdırırdı. Ancaq, Günəşdə təqdir etdiyi xüsusiyyətləri, ona qarşı hiss etdiyi hörmət və məhəbbəti ölçüb-biçdikdə bu tərəddüd və şübhə bir anda silinir, qəlbində doğan işıqdan gözləri məşəl kimi yanırdı.

Bu iki fikir arasında davam edən çırpışma uzun sürmədi. Araz yumruğunu oynadaraq: “kişinin sözü bir olar” – deyib, ürəyini açmaq üçün Əlisəfanın yanına getdi.

Əlisəfa Arazın ata-baba qonşusu və uşaqlıq yoldaşı idi. Onun kiçik bir evi, bağı və kəndin yanında bir parça əkin yeri vardı. Öz sənətini sevən, son dərəcədə qənaətkar, ağır təbiətli bir kəndli idi. Az danışmağı, çox qulaq asmağı sevərdi. Bəzən söz arasında qəhqəhə çəkib gülmək lazım gələrkən o sadəcə gülümsərdi. Hətta öz evində də onun bərkdən güldüyünü, ya uzun-uzadı danışdığını kimsə görməmiş və eşitməmişdi. Kənd içində az-çox hörməti olduğundan kəndlilərin ümumi işlərinə də qarışırdı. Arazla uşaqlıqdan başladığı dostluğu davam edirdi.

Əlisəfa Arazı səmimi bir dost kimi qəbul etdi. Bir qədər söhbətdən sonra Araz məsələni açdı. Günəşə elçi getməyi ona təklif etdi. Əlisəfa bu sözü eşidən kimi yerindən dik atılıb təəccüblə:

-         Bu nədir? – dedi. – Atanın ocağını söndürmək istəyirsən?

-         Söndürmək yox, yandırmaq, işıqlandırmaq istəyirəm.

-         Atam, ondan ocaq yandıran olmaz. O elə bir bəladır ki, beş gündə ocağını kor qoyar. Bu fikirdən əl çək!

Araz başını sallayaraq, bir az düşündükdən sonra birdən-birə qətiyyətlə:

- Yox, sözüm sözdür! – dedi. – Bu fikrimdən dönən deyiləm!

Araz bu sözləri o qədər qəti dedi ki, Əlisəfa susmağa məcbur olub, artıq bir söz demədi. Arazı bu qərarından döndərməyin mümkün olmadığını gördükdən sonra:

- Yaxşı, gedərəm! – dedi.

Səhəri Əlisəfa elçi getmiş və Günəşin fikrini soruşdurmuşdu. Günəş razılıqla başını yerə dikib: “Araza gedərəm” – demişdi. Qızın ata-anası Əlisəfanı məmnun yola salmışdılar.

Bu söhbətdən on gün sonra kiçik bir toy məclisi Arazı Günəşlə qovuşdurdu.

Araz indi yalnız bir şey haqqında düşünürdü: Günəşi islah etmək. bu xüsusda o bir çox tədbir tökmüş, çarələr düşünmüş və tədricən onları həyata keçirməyi qərara almışdı. Günlər, həftələr, aylar keçdi. Araz Günəşində nə cüzi bir qüsur, nə də qaba bir hərəkət gördü. Günəş büsbütün dəyişmiş, qılıqlı, nəzakətli və idarəçi bir qadın olmuşdu. Bu ani dəyişiklik hamıda heyrət doğururdu.

Günəşi yaxından tanıyanlar:

-       Ay qız, o tutduğun işlər nə oldu, yazıq İsgəndərin evində daşa-divaradırmanırdın, - deyə soruşarkən Günəş cavabında:

-       Ata evi başqa, ər evi başqadır, - deyirdi.

Günəş evin bütün işlərini öz əlinə almış, Arazı hər zəhmətdən azad etmişdi. Işdən dönərkən Günəş onu gülərüzlə qarşılayır, paltarını dəyişdirir, başını, ayaqlarını təmiz yudurur, yeməyini verir, xörək olmayan günlər şən görünməyə çalışırdı. Sonra bir az rahatlanmaq üçün yatağını hazırlayır, onun üstündə bir uşaq kimi əsirdi. Araz yorğunluğunu aldıqdan sonra Günəş sazı ona uzadıb: “Al, bir az çal, oxu, ürəyimiz açılsın” – deyirdi. Sazın, Arazın səsini eşidincə qonşusu Əlisəfa arvadı Pakizə ilə bu yoxsul ailənin keçirdiyi sadə həyata heyrət edirdilər.

Hər gün Arazı işə yola salandan sonra Günəş öz yoxsul daxmasında səhərdən-axşama kimi çalışırdı. Onun yaradan əlləri kiçik, alçaq otaqların quruluşunda, çılpaq və tənha əncir ağacından ibarət olan bağçada böyük bir dəyişiklik əmələ gətirmişdi. Otaqların üst tərəfini götürüb, divarları bir arşına qədər ucaltmış, küçəyə iki pəncərə açdırmışdı. Bağçaya tut, əncir, püstə ağacları, qızılgül, yasəmən fidanları əkmiş, evi, həyəti nizama salmışdı. Araz bunları gördükcə fərəhlənib, “doşab almışam, bal çıxıb” – deyirdi.

 

 

İKİNCİ  FƏSİL

 

I

 

Üfüqü narıncı rəngə boyayan günəşin aşıq və hərarəti azalmağa başlamış, axşam sərinliyi çökmüşdü. Qonşular Əlisəfanın qapısı yanındakı narın qum təpəsinin üstünə yığışıb söhbət edirdilər. Iki qardaş – Qulu ilə Həsən arasında çəkişmə davam edirdi. Böyük qardaş Həsən deyirdi:

- Ay qardaş, bu bizim ata-baba əkin yerimizdir, Allah verib neft xəzinəsi çıxır. Gəl bu yeri satıb kasıblığın daşını ataq!

Qulu, Həştərxan xoruzu kimi boynunu dik tutaraq, qardaşının fikri ilə razılaşmırdı.

-   Yox, fələk də ayağını yerə dirəsə, mən bu yeri satmayacağam!

-   Sən bu adamlardan ağıllısan? Hamı satır, sən niyə satmırsan? Nəyi gözləyirsən? Hay, hay, özün qazdırıb milyonçu olacaqsan? De görüm hansı pulla?

-   Mən bu yeri  satmağa qoymaram, şərikli qazmağa müştəri çıxsa, razıyam.

-   Ay bədbəxt oğlu, bədbəxt, sən müştəri tapınca qırğı Bağdadı aşar. Gecə-gündüz işləməkdəın ilan kimi qabıq qoyuram. Sən özün məndən pis gündəsən. Hələ müştəri tapıla, quyu qazıla, nöyüt çıxa... hay, hay! Ölmə eşşəyim, yaz gələr, yonca bitər.

-   Bu qədər dayanmısan, bir az da dayan!

-   Mən dayana bilmirəm, ay adamlar, siz də əhvalatı bilirsiz. Bizim o bir parça yerin dörd yanını qonşular qazmırlar?

-   Qazırlar, hamısı da ürəyin istəyən qədər neft verir.

Araz sözə başlayaraq dedi:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info