Qonaq Kitabı
ARAZ

Axşamüstü idi. Dustaqlar öz daş kimi bərk olan yataqlarında uzanmışdılar. Bu arada qapı yavaşca açıldı. Dustaqlardan bir neçəsi başını qaldırıb qapıya tərəf baxdı. Qoca Andrey qapı arasında dayanıb içərini dumanlı baxışlarla süzürdü. Gözləri Azada sataşınca əli ilə ona işarə edib yanına çağırdı. Azad dərhal yerindən qalxıb getdi. Qapı arxasında dörd-beş dəqiqə gizli danışdılar. Oradan Dəli Xalıqın da səsi eşidilirdi. O da qoca Andrey sözünü təsdiq edirdi.

Azad qayıtdı. Onun qaşları çatılmış, üz-gözü dumanlanmışdı. Hər kəs bir maraq içində böyük hadisə üz vermiş kimi gözlərini Azad yoldaşa dikmişdi.

-         Nə var? Nə olub! – deyə dustaqlardan biri soruşdu. Azad sadəcə gülümsəyərək:

-         Heç bir şey, özü haqqında danışırdı – deyə cavab verdi. Azadın bu cavabı hamını qane etdiyindən yenə uzanıb rahatlanmağa başladılar. Azad da yerinə uzandı. O çox narahat və əsəbi idi. Iri qara gözlərini qapaqları içində gizləyərək gah sağ, gah sol böyrü üstünə uzanır, gözlərinə yuxu getmirdi. Yatan yoldaşların xorultusu, fısıltısı otağı bürümüşdü. Tavandan asılmış kiçik elektrik lampasının sönük və sarımtraq işığı onların üz-gözünə dağılmışdı. Əsəbi bir halda yerindən qalxdı. Otağın içində səssiz gəzə-gəzə yoldaşlarını bir-bir gözdən keçirdi. Onların belə sakit yatışı onun kədərlərini silib, qəlbinə bir az təsəlli verdi. Qəlbində “ey məzlum insanlar, yatın, heç olmasa gecələr bu vəhşi quruluşun acı və düşüncələrindən bir az dincəlin! – dedi. O yenə yerinə uzandı, yenə qalxdı; müntəzir adamlar kimi gözlərini bir zaman qapıya dikib qaldı. Koridorda ayaq səsi eşidincə, tez qalxıb qapı tərəfə getdi, onun kim olduğunu bilmək üçün qulağını qapıya dayayıb durdu. Artıq dayana bilmədi, qapını əli ilə döyməyə başladı. Qapı arxasından keşikçi qaba və quru bir səslə:

-         Kimsən, nə deyirsən? – deyə bağırdı.

-         Mənəm, bayıra çıxmaq istəyirəm!

Qapıçı əvvəlki səslə:

- Yox, aça bilmərəm, gecə vaxtı eşiyə çıxmaq olmaz! – dedi.

Bu zaman qapı ağzında ayaq səsləri eşidildi. Kimsə:

- Növbətçi, aç qapını, burada bir nəfərlə görüşəcəyəm, - dedi.

Keşikçi ona:

- Yox, gecə vaxtı qapı açılmaz, bilsələr mənim atamı yandırarlar, - deyə cavab verdi.

Azad diqqətlə dinləyib qapı ağzındakı adamı səsindən tanıdı. Əli ilə qapını yavaşca vurub:

- Xalıq, mən oyağam, - dedi.

Xalıq qandallı sağ ayağını qaldırıb keşikçiyə:

- Sənə aç deyirəm, yoxsa bu qandalla başını partladaram! – sonra yumşaq səslə: - Kok, Teymurbəyin dəstəsi ilə bağda kefə məşğuldur. Sən qorxma, beş dəqiqə görüşüb qayıdacağam, nədən qorxursan? – dedi.

Keşikçi tərəddüd içində durub onun üzünə baxırdı. Dəli Xalıq birdən-birə iki əli ilə onun boğazından tutub:

- Sənə aç deyirəm, köpək oğlu, yoxsa boğacağam! – dedi.

Keşikçi boğuq səslə:

-       Yaxşı, yaxşı, Xalıq, açaram, - deyə yalvarmağa başladı. qapı açıldı. Azad özünü koridora atdı. Keçikçi onu şübhəli baxışlarla süzdükdən sonra:

-       Sizi burada görsələr, axı, mənim işim xarab olar. Bunu Xalıq anlamır, siz ki bilirsiniz, - deyə gözlərini onun üzünə dikdi.

Azad buna cavab vermək istərkən, Xalıq ondan əvvəl sözə başlayıb:

-         Ay axmaq, mən buna Kokun ailəsinin bağda, Teymurbəyin dəstəsi ilə kef elədiyini göstərəcəyəm. Üç dəqiqəyə qayıdırıq. Nədən qorxursan? Bilirsən ki, Kok bizim əlimizdədir, o sənə neyliyə bilər? – deyə Azadın əlindən tutub getdi. Onu bağın qapısına qədər gətirdi. Qoca Andreyə tez yaxınlaşıb əli ilə işarə edərək:

-         Bax, bu yaxındakı stolda Teymurbəyin ailəsi, Kokun arvadı və qızları oturur. Ikinci işıq gələn stolda, Kok, sizin dostunuz Mişa və başqaları kef edir. Bu ağacların dalından get, qorxma, onlar səni görməyəcək. amma sən onları görərsən, - dedi.

Azad yoldan getmək istərkən Andrey onun qolundan tutub əlavə etdi:

- Dostunuz çulunu dəyişib, o, dünən dustaqxana məmuru formasında idi. Bu gün isə adi bir məmur qiyafəsinə girmişdir. Diqqətlə bax, tanıyırsan, - dedi.

Xalıq onun qolundan çəkərək dedi:

- Mənə də bu gün göstərdi, mən inana bilmədim. Get gör o olsa onu elə burada öl...

Azad bağçaya girdi. Gecənin qaranlığı, ağacların kölgələri onun görünməsinə mane olduğunu bildiyindən, çox sərbəst gedirdi. O, birinci stolun qarşısına çatdığı zaman durub diqqətlə baxdı. Kokun ailəsi ilə Teymurbəyin ailəsi bir yerdə yeyib-içib əylənirdilər. Azad bir az da irəli getdi. Gəlib ikinci stolun qarşısında durdu. Lampanın sarımtraq işığında onları aydın görmürdü. Doğrudanmı Kokla bir stol başında oturub kef edən onların yoldaşı Mişa idi? Gözlərinə inanmırdı. Onların söhbətini dinləmək üçün bir az da yaxın gəldi. Kok ona deyirdi:

- Biz Ordumuzun süngüləri ilə dikbaş xalqların başlarını əyib, istismar edirik. Onlar bizim pəncəmizdən xilas olmaq üçün min çarə düşünürlər. Öz qurtuluşlarını yalnız sosialist firqələrinin ortaya atdığı şüarlarda görürlər.

Arıq adam onun sözünü kəsərək gülə-gülə:

- Mənə artıq təbliğat lazım deyil, mən də bu gün hökumətimin sadiq və rəsmi bir məmuruyam – deyə qoltuğundan çıxartdığı kitabçanı Kokun qarşısına atdı; sonra məğrur bir tövrlə iki barmağı arasında tutmuş olduğu papirosu yandırdı.

Azad kibrit işığında onun sarı bənizini, tutqun sarı gözlərini, hətta üzündəki çilləri bulaşıq şəkildə zor-güc seçə bildi. Onun hərəkəti, rəftarı, hətta danışığı tamamilə dəyişmişdi. Bu üç gündə adam belə dəyişə bilərmi? – deyə Azad düşünür, bunun Mişa olduğuna şübhə edirdi.

Kok kitabçaya baxdıqdan sonra gülə-gülə:

-           Təbrik edirəm! – deyə onun əlini əlləri içində sıxdı. “Burada içmişdilər!” – deyə bakalları doldurdular. Öz bakalını arıq kişinin bakalına vuraraq:

-           Sağ ol, Semyon, hökumətimizə sədaqət göstərməklə daha böyük rütbələrə nail olmağını arzu edirəm, - deyə bakalı başına çəkdi. O birilər də:

-           Sağ ol, Semyon! – deyə onun sağlığına içdilər “Semyon” adı Azadı yenə şübhələndirdi.

-           Yox, bu Mişa ola bilməz! – deyə oradan qayıtdı.

Xalıq qapı ağzında Andreylə danışırdı. Onu görüncə gülə-gülə:

-       Dostunu tanıya bildinmi? – deyə soruşdu. Azad qəmgin bir səslə:

-       Bir az tanıdım, ancaq aydı görə bilmədim, - deyə cavab verdi.

Qoca Andrey:

- Mən onu sənə də, Xalıqa da sabah aydın göstərrəm, - dedi.

Azad o gecə dan yeri ağarıncaya qədər yata bilmədi. “Bu satqın Mişa olsa onda kim bilir, bəlkə təşkilatımıza soxulub bizimlə yan-yana çalışan belə adamlardan yenə də var” – deyə düşünürdü.

Azad səhər bir qədər gec oyandı. Gözlərini açınca Mişanı kamerada gördü. Mişa başına gələn fəlakəti yan-yana uzanmış yoldaşlarına söyləyirdi.

- Mişa, səni nə əcəb buraxdılar? – deyə Azad soruşdu:

Mişa ona əl verib salamlaşdıqdan sonra:

- Saxlamağı faydasız gördülər, - dedi, - ancaq başıma oyun gətirdilər. Bir söz də ala bilmədilər. Dünən Kok axırıncı dəfə məni danışdırdıqdan sonra ümidsiz bir halda dedi ki, “sabah bunlardan bir dəstəsini buraxın getsin, hökumətin çörəyini müftə yedirtmək olmaz!”.

Azad diqqətlə ona baxırdı. Mişanın rəngi saralmış gözlərinin altı çuxura düşmüşdü. O, üzünü Azada çevirib, iki əli  ilə belini sıxaraq:

- Dünən gecə səhərə qədər yatmamışam, - dedi. – Soyuq bədənimi tamam qurudub... hər yerim ağrıyır...

Mişa sözünü qurtarmamışdı ki, qapı açıldı. Kokun müavini içəri girdi. Siyahıya yazılmış 7 nəfər dustağın adını oxuduqdan sonra:

- Qalxın, şeylərinizi yığışdırın, sizi buraxırlar, - dedi.

Həmin siyahıda Arazın adı yox idi. Dustqalar qapıdan çıxarkən Arazla görüşüb vidalaşdılar. Araz köhnə dostu Vanya və Mişa ilə çox səmimi görüşüb, onlardan ürək ağrısı ilə ayrıldı. Azad onun əlini sıxarkən:

- Qorxma, Araz, möhkəm ol! – dedi. – Biz səni azad etmək üçün əlimizdən gələni edəcəyik. Çox çəkməz ki, səni buraxarlar.

Onların azad olması Arazı çox sevindirirdi. Araz indi özünün buradan nə zaman və necə qurtaracağını düşünürdü.

Bir ay sonra onu məhkəməyə çağırdılar. Vaxtilə göstərilən şahidlərdən bir nəfəri də məhkəməyə gəlməmişdi. Ona görə də məhkəmə Arazın işini başqa bir vaxta təxirə saldı. Ikinci dəfə də şahidlər gəlmədi. Nəhayət, üçüncü dəfə kazak zabitini öldürmək ona sübut oluna bilmədiyindən Araz bəraət qazandı.

Araz azadlıq qoxusu duyunca yoldaşları ilə görüşdü, paltarlarını dəyişib, birbaş kəndə getdi.

Həmin günlər inqilab dalğaları çar məmurlarını bərk qorxuya salmışdı. Onlar vəziyyəti nəzərə alıb, müvəqqəti olaraq fəhlələrə güzəştə getmiş, həbsə alınmış fəhlələri azad etməyə məcbur olmuşdular.

Bu müvəffəqiyyət fəhlələri daha da ürəkləndirmişdi. Araz bunların çoxundan xəbər tutmuşdu. O indi bütün bunları gözü ilə görmək, qazanılan müvəffəqiyyət münasibəti ilə yoldaşlarını təbrik etmək istəyirdi.

 

III

 

Mişa indi mədən işlərinə əvvəlki kimi can yandırmırdı. Işə çox vaxt gec gəlir, bəzən də heç gəlmirdi. Ona görə də tez-tez danlanır və qazancının çoxu cəriməyə gedirdi. O buna əsla əhəmiyyət vermirdi.

Işə belə soyuq yanaşması ucundan günlərin birində onu mədəndən qovdular. O indi işsiz qalmış, gününü mədənlərdə iş axtarmaqla keçirir, tez-tez təşkilat üzvləri ilə görüşür və arabir şəhərə gedib-gəlirdi.

Mişanın bəzi hərəkətləri, xüsusən həbsxanadakı hadisələr Azadda dərin  bir şübhə oyatmışdı. Ona görə də bu məsələ onu çox düşündürürdü. Odur ki, son vaxtlar nə Mişaya tamamilə inanır, nə də onun xain olduğuna birdəfəlik hökm verə bilirdi. O, şübhə və tərəddüd arasında qalmışdı. Bunlara birdəfəlik nəhayət vermək üçün təşkilatın sınançış və sadiq üzvlərindən biri olan Vanya ilə görüşüb, məsələni ona başa saldı. Mişanı təqib edərək nə ilə məşğul olduğunu öyrənməyi tapşırdı. Vanya işə çox ciddi yanaşdı. Bir neçə gün məharətlə Mişanı uzaqdan-uzağa təqib etdi. Bir gün yenə Sabunçu stansiyasına qədər izlədi. Qatar hərəkət etmək üzrə idi. Amalar stansiyada qaynaşırdılar. Mişa atılıb qabaq vaqona mindi. Vanya adamları yara-yara özünü ikinci vaqona saldı. Onun şəhərə nə üçün getdiyi Vanyanı çox maraqlandırırdı.

Qatar şəhər stansiyasına yaxınlaşdığı zaman qəlbindəki acı duyğudan Vanyanın bütün vücudunu isti bir tər basmışdı. Vaqonun qabaq qapısı ağzında durub düşünürdü. Qatar dayanar-dayanmaz özünü qapıdan bayıra atdı. Bir-birini basa-basa vaqondan çıxan sərnişinlərə qarışıb, xəlvət bir güşədə Mişanın çıxmasını gözlədi. Qabaq vaqondan çıxan sərnişinlər mühüm işi olan adamlar kimi yeyin addımlarla uzaqlaşıb gedirdilər. Vanya vaqondan çıxanları bir-bir diqqətlə gözdən keçirir, lakin Mişanı görmürdü. Adamlar seyrəlməyə başladı. mişa bütün sərnişinlərdən sonra çıxdı. Ətrafını şübhəli baxışlarla süzdükdən sonra işsiz, avara adamlar kimi yavaş-yavaş oradan uzaqlaşmağa başladı. Onun bu hərəkəti Vanyanın şübhəllərini daha da artırırdı. O, böyük bir məharət və maraqla uzaqdan-uzağa Mişanı izləməyə başladı. Onu izləyə-izləyə geniş bir küçədəki uca bir binanın qarşısına qədər gətirdi. Mişa arxaya baxmadan binanın dəmir darvazasından həyətə girdi. Vanya binaya yaxınlaşdı. Orada hansı idarə olduğunu bilmək üçün diqqətlə qapılara, divarlara baxdı, dəmir darvazanın ağzından boylandı. Heç bir şey anlaya bilmədi. O, divara söykənib bir az düşündü, sonra qarşıdakı kiçik saatsaz dükanına tərəf getdi. Qoca bir yəhudi saat təmir edirdi. Vanya içəri girib salam verdi. Qoca başını qaldırıb onun salamını alaraq, saymazyana yenə öz işinə məşğul oldu. Kiçik dükanın sol tərəfində iki stul qoyulmuşdu. Vanya:

- Ata, rahatlanmaq üçün bir az oturmaq olarmı? – deyə soruşdu.

Bu adamın kim olduğunu, nə üçün oturmaq istədiyini bilməyən qoca diqqətlə ona baxdı. Üzündə, gözlərində qorxu və həyəcan duyulurdu. Vanya bunu hiss edib yumşaq, nəzakətli bir səslə:

- Qorxma, ata, mən adi bir fəhləyəm. Məndən sənə ziyan dəyməz, arxayın ol! – dedi və cavab almadan stula oturdu.

Qoca cavab vermədi. O, əsəbi bir halda işləyir, arabir şübhəli nəzərlə naməlum adama baxırdı. Vanya gözünü darvazadan çəkmirdi. Qoca çox narahat idi. Vanyanın qarşıdakı binaya diqqətlə baxması onun qorxu və həyəcanını bir qat da artırdı. Nəhayət, qoca özünü saxlaya bilməyərək gözlüyünü çıxarıb, əsəbi bir səslə:

-                      Sən o binaya nə çox baxırsan? – deyə soruşdu.

-                      Dostum oraya girib, onu gözləyirəm, indi çıxacaq. Sən məndən qorxma, ata!

Qoca başını aşağı dikib işləyə-işləyə:

-                      Dostun kimdir?

-                      O da mənim kimi fəhlədir!

Qoca başını qaldırıb, istehza ilə gülümsəyərək:

- Fəhlənin bu binada nə işi? – deyə soruşdu.

Onun bu sözü Vanyada bir maraq doğurdu, sanki gözləri bir üçid qığılcımı ilə parıldadı. Vanya dərhal:

- Ata, orada hansı idarə yerləşir? – deyə soruşdu.

Qoca başını qaldırmadan yavaçca:

- Hansı idarə olduğunu bilmirsən? Bilmrisən dostun ora nə üçün gedir?

Vanya təəccüblə çiyinlərini çəkərək cavab vermədi.

Qoca diqqətlə onu süzdükdən sonra yenə başını aşağı salıb, işinə məşğul oldu. Vanyanın təəccüb və marağı daha da artdı. Onun ürəyi dərin bir həyəcan içində çırpınırdı. Içəridəki lal və mübhəm sükutu müxtəlif saatların çıxardığı zəif və ahəngdar çıqqıltı pozurdu. Bu çıqqıltı ilə müşayiət olunan hər an Vanyaya bir il qədər uzun görünürdü. Çünki o tələsirdi. O, bir dəqiq belə yubanmadan hər şeyi öyrənmək, şübhə və tərəddüdlərdən qurtulmaq istəyirdi. Bütün bunlarla birlikdə onun zehnində qocanı nə yolla və necə dilə tutub, ondan bir sirr öyrənmək fikri həll olunurdu. Nəhayət, o, stulunu qocaya bir qədər də yaxınlaşdıraraq sözə başladı:

- Ata, məsləkimə, vicdanıma and içirəm ki, mən təmiz adamam. Məndən sənə heç bir xətər gəlməz. Mən səndən yalnız bir şeyi bilmək istəyirəm və bunun üçün sənə çox minnətdar olacağam. Mənim dostum buraya tez-tez gəlib-gedir, görəsən onun burada nə işi var? Bura haradır? Bunu bilmək mənim üçün çox əhəmiyyətlidir. Sən qorxma, mənim ağzımdan söz çıxmaz. Bura haradır?

Qoca bayaqdan bəri başını qaldırıb, Vanyanı diqqətlə dinləyirdi. Vanya sözünü qurtardıqda aralığa yenə sükut çökdü. Nəhayət, qoca zəif bir səslə ona pıçıldadı:

- Hər halda onu bilməlisən ki, sənin dostun buraya yaxşı niyyətlə gəlib-getmir. Bura jandarm və gizli polis idarəsinə məxsusdur.

Vanya heyrət içində:

- Yox, ola bilməz! Jandarm idarəsini tanıyıram, o ki... O... küçəsindədir.

Qoca yavaşca:

- Sənin dediyin baş idaərdir, bura isə onun kiçik bir guşəsidir. Bu darvazadan içəri girənlər başqa qapıdan tamamilə başqa formada, başqa qiyafədə çıxırlar. Sən boşuna darvazaya baxma, o içəridə üzünə qrim yapışdırıb, formasını dəyişdirib baş qapıdan çıxacaq, birbaş gizli polis idarəsinə gedəcək. Qayıtdıqdan sonra baş qapıdan girib formasını soyunacaq, yenə öz adi paltarında darvazadan çıxacaq. Indi bildinmi bura haradır?

Vanya minnətdarlıqla:

- Bildim, ata, bildim, bura bizim haqqımızı ayaqlamaq, dilimizi bağlamaq, kirli və xoş əllərini vicdanımıza qədər uzatmaq istəyənlərin yuvasıdır, - deyərək nəzərlərini baş qapıya dikdi.

Vanyanın bu sözləri qocanın ürəyindən idi. O, əlindəki maqqaşı yerə qoydu. Gözlüyü gözündən çıxarıb, yenə nə isə demək istəyirdi ki, Vanya cəld stuldan durub qapıya tərəf getdi və:

- Odur, çıxdı, gedir! – deyə qoca ilə xudahafizləşmədən özünü cəld küçəyə atdı.

Vanya başqa geyimdə olan Mişanı izləyərək, baş jandarm idarəsinin qapısından içəri girincəyədək onu təqib etdi. Indi öz vəzifəsini bitirmiş adamlar kimi vicdanı sakit, qəlbi rahat bir halda divara söykənib durdu; elə bu zaman uca boylu, sağlam bədənli bir kişi ona yaxinlaşdi, diqqətlə üzünə baxdıqdan sonra:

- Bağışlayın, siz Vanya deyilsinizmi? – deyə soruşdu.

Vanya tanımadığı bu adamın üzünə heyrətlə baxdıqdan sonra yavaşca:

- Vanyayam, - deyə cavab verdi.

O, Vanyanın əlindən tutaraq gülə-gülə:

- Məni tanımırsanmı? Mavleyevka kəndində keçən gənclik günlərimizi nə tez unutdun? – dedi və onun dik gözlərinin içinə baxdı.

Vanya ona diqqətlə baxdıqdan sonra:

-           Aha... Vasya, Vasya! Bu sənsən! – deyərək onu qucaqladı, öpüşdülər. Vasya şəfqətlə parıldayan gözlərini bir də dostuna dikib:

-           Vanya, səni bir də görmək olarmış? Bakıya nə zaman gəlmisən? – deyə soruşdu və cavab gözləmədən onun qolundan tutub: - gəl dostum, gəl, bu yaxın restoranda oturub doyunca danışaq, - deyə onu restorana çəkdi.

Onlar uşaqlıq və gənclik illərindən uzun-uzadı danışdılar. Içilən qədəhlərin, söylənən xatirələrin nəşəsi hər ikisini məst etmişdi. Söz uzandıqca uzanırdı. Vanya Mişanı tamamilə unutmuşdu. Vasya son badələri doldurdu:

-           Bunu, dostum, gələcək səadətimizin şərəfinə içək! – deyə qədəhini Vanyanın qədəhinə vurdu. Vanya şərabı başına çəkdikdən sonra ağzını silərək:

-           Vasya hər şeydən danışdıq. Ancaq sənin harda qulluq etdiyini soruşmağı unutdum! – deyə ona baxdı.

Vasya mənalı-mənalı gülümsəyərək:

-           Soruşmasın yaxşıdır, Vanya, - dedi. - Bəs sən harda işləyirsən?

-           Mən, mədəndə, buruqda...

-           Aha, zəhmətli işdir, bilirəm. Təzə gələndə mən də bir həftə orda işlədim. Günə bir manat da vermirlər. Sonra bir təsadüf məni jandarm idarəsində işləməyə məcbur etdi.

Gözləmədiyi bu cavab Vanyanı sarsıtdı. O, heyrətlə dostunun üzünə baxdı. Lakin birdən özünü toplayaraq:

- Nə vəzifədə? – deyə soruşdu.

Heç gözlənilmədən məsələ açılmışdı. Bir-birinin dalınca içilən qədəhlər, uçaqlıq xatirələri Vasyanı elə kövrəltmişdi ki, gizli saxlamalı olduğu sirri heç özü də bilmədən açıb demişdi. Lakin iş yerin deməsindən Vasya o qədər də peşman olmamışdı. Əvvəla, Vanya, onun nəzərində adi fəhlə idi; bir fəhlənin, özü də uşaqlıq dostunun onun harada işləməsini bilməsi ona o qədər də qorxulu görünmədi. Ikinci tərəfdən jandarm idarəsində işləmək onsuz da Vasyanın ürəyindən deyildi və oradan çıxmaq üçün münasib bir fürsət axtarırdı. Odur ki, Vasya öz uşaqlıq dostu ilə çox səmimi danışır, bildiyi məsələləri gizlətməyə o qədər də səy göstərmirdi. Buna görə də o, Vanyanın “nə vəzifədə?” sualına da çətinlik çəkmədən:

-   Fotoqrafçıyam, axı bizim idarəyə düşən adamların şəkillərini məkirəm, - deyə cavab verdi. Sonra ayağa qalxaraq Vanyanın qolundan tutub:

-   Belə söhbətləri burda etmək o qədər də münasib deyil, - dedi, - qalx gedək bizə, həm şəklini çəkim, həm də Nina ilə görüş.

Vasya xörək paylayanla haqq-hesab çəkdikdən sonra Vanya ilə bərabər restorandan çıxdı. Yolda Vanya:

-     Nina kimdir? – deyə soruşdu.

-     Mənim arvadım. İndi onu da tanımazsan. Sizin yaxın qonşunuz Pavelin qızı...

-     Nə deyirsən? Onu almısan? Pavelin bizimlə qohumluğu da var. Atamın doğma xalası oğludur. Gedək, gedək! – deyə Vanya addımlarını yeyinlətdi. Birlikdə Vasyanın evinə gəldilər. Yolda gedərkən Vanya öz-özünə “Bundan çox istifadə etmək olar” – deyə düşündü. Qapıdan içəri girən kimi Vasya ucadan:

-     Nina, Nina! Gəl gör bir kimi qonaq gətirmişəm, - deyə arvadını səslədi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-23 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info