Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Tülkütək baxmaram yağlı quyruğa.

Yəni mən müharibədə aslan kimi pencə-pencəyə vuruşuram, tülkü kimi hiyləgərliklə məşğul olmuram.

 

[251]                    Boynunu çəkən çox adlı pəhləvan

Oturdu buza o soyuqqanlıdan.

Yəni bu müharibə çox igidləri məhv etdi. Buza oturmaq – burada soyumaq, ölmək deməkdir.

 

[252]                    Firuzə rəngli tağ ertəsi günü,

Dağ-daşdan ucaltdı yaqut güzgünü.

Firuzə rəngli tağ - göy, səma; yaqut güzgü - Günəş. Yəni ertəsi günü dağın arxasından Günəş doğdu.

 

[253]                    Öpüşün qapısı bununla belə,

Bağlanmış Səmərqənd çubuqlariylə.

Yəni dodaqlarım gözəl, öpüşüm çox şirinsə də, lakin onların qapısı Səmərqənd ağacı ilə bərk bağlanmışdır, oradan öpüş içəri girə bilməz.

 

[254]                    Mənimlə bir cınaq çəksə gül, çiçək,

"Apardım" sözünü unutsun gərək.

Yəni güllər də mənim gözəlliyimlə bəhsə girişə bilməz; mən öz gözəlliyimlə hər zaman güllərdən, çiçəklərdən üstünəm.

 

[255]                    Bu müşkin xalımla çinli bağrıyam,

Falca Rum qəlbinin şən çırağıyam.

Burada müşkin xal - qara, çinli bağrı - ağ vücuda, ağ sifətə yaraşıq deməkdir. Yəni fala baxdırmışam, bəxtimə Rum qəlbi, yəni İskəndər düşmüşdür. Rum qəlbinin şəm çırağıyam - yeni məhəbbətim İskəndərin ürəyindədir, İskəndərin xoşuna gəlmişəm.

 

[256]                    Əqiq möhr üstünü basmamışdı pas,

Saf üzük qaşım deşməmiş almas.

Yəni o qız hələ bakirə idi, o vaxta qədər ona kişi əli toxunmamışdı.

 

[257]                    Gecəydi o yerdə, qaranlıq diyar

Müşkü ud yerinə etdi ixtiyar.

Orijinalda "qaranlıq diyar" deyil, "yarımişıqlı diyar"dır. Yəni gecə olanda o diyar ağ udu (işığı) deyil, qara müşkü (qaranlığı) seçdi.

 

[258]                    Kinindən olmuş göy dəli, zəncirli,

Zəncinin yerinə keçdi kəşmirli.

Yəni göyün halı zəncirli dəli kimi qarışdı. Ağ sifətli kəşmirli qara bədənli zəncini əvəz etdi: hava işıqlandı.

 

[259]                    Əjdər quyruğunda gizləndi Aytək.

Dini rəvayətlərdə Ayın tutulması əjdahanın onu tutub gizlətməsi ilə izah edilir. Buna görə də Ay tutularkən əjdahanı guya qorxudub qovmaq üçün mis qablara döyüb hay-küy salarmışlar. Misranın mənası: İskəndər Zülqərneyn zülmata getdi.

 

 

[260]                    Açmış bu mədəni başqa bir şair.

Burada Nizami Firdovsini nəzərdə tutur.

 

[261]                    Heyvan tapmadısa, kədər yox bunda,

Heyvantək ölmədi heyvan yolunda.

Burada birinci və üçüncü "heyvan" - abi-həyat, dirilik suyu mənasındadır. Yəni İskəndər dirilik suyunu tapmadısa da, bundan incimədi və çox şükür etdi ki, heyvan suyu, yəni dirilik suyu yolunda heyvan kimi ölmədi.

 

[262]                    Bu incə nüktədən bildi tacidar:

Torpaqdır, onu bu torpaq doyurar.

Yəni bu mənalı hekayədən şah anladı ki, şahlığın tamahını yalnız qəbir torpağı doydurar.

 

[263]                    Birini günbəddən salır quyuya,

Birini balıqdan ucaldır Aya.

Yəni bu dünya birini göydən yerə endirir, birini yerdən göyə qaldırır - birini alçaldır, birini yüksəldir.

 

[264]                    Hər yerdə o qoca, o sənət əri,

Yanlış söyləmişdi doğru sözləri,

Yanlışa yenidən vurdum bir bəzək,

O qoca şairdən üzr istəyərək.

Qoca şair - Firdovsidir.Yəni Firdovsi İskəndər dastanını yanlış rəvayətlər üzrə bəzətmişdi. Mən bunu doğru dastan üzrə bir də bəzədim (yenidən işlədim) ki, bunun üçün də Firdovsidən üzr istəyirəm.

 

[265]                    Dünyanı yumuş bu üçüncü dəniz,

Nəsara dinindən etmiş tərtəmiz.

Mifoloji rəvayətə görə, üç dəniz - birinci asiman, göy, ikinci – dünyanı qaplayan mühit dənizi, üçüncü - havada sallanan dənizdir. Bunun suyu dünyanı yumaqdadır.

Nəsara dini - Allahı üç ünsürdən (ata, oğul, ruhül-qüds) ibarət hesab edən xristianlıq.

 

[266]                    Uca, dik başını Müştəri öpər,

Təslis və tərbiə cəvahir saçan,

Üçbucaq oturdan, dördlü koturan.

Yəni Müştəri ulduzu kimi yüksəkdə olan, baxışları gövhər saçan. Tərbi - dördləmə; burada bardaş qurub oturma; təslis - üçləmə; burada məclisdəkiləri üçbucaq şəklində oturtma; sağda, solda və qabaqda.

 

[267]                    Bitincə gövhəri aldım hüzurə,

Gövhəri hədiyyə verdim gövhərə.

Yəni "Şərəfnamə"ni yazıb qurtardıqdan sonra Nüsrətzəddinə ithaf etdim. Beytdə əvvəlki iki "gövhər" sözü "Şərəfhamə"ni, sonuncu "gövhər" isə Nüsrətəddin Atabəyi bildirir.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [121] [122] [123] [124] [125] [126] [127] [128] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info