Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Dəmirə tez təsir etsin sükahin.

Əslində sükahin deyil, segahəndir. Bu, sirkə ilə dəmirdən hazırlanan bir boyadır. Pas salmiş dəmiri sirkə yeyər.

 

[131]                    Qızıl öz vəznini versə arpaya

Qızıl qiymətiylə çıxar ortaya.

Yəni sən qızılsan, İskəndər arpadır. Əgər sən özünü İskəndərlə bərabər etsən, dəyərsiz arpaya qızıl dəyərini vermiş olarsan; belə ki, qızılın arpa kimi çəkilməsi arpanı qızıl qiymətinə qaldırır.

 

[132]                    Tox ilə ac kabab yesə bir yerdə,

Tox adam kababdan düşəcək dərdə.

Yəni ac adam kabab tikələrinin irilərini, yağlılarını yeyəcək, tox isə bu iştahdan məhrum olduğu üçün dərd çəkəcəkdir.

 

[133]                    Harada görünmüş aciz bir yunan,

Belə bir gəmini çıxarsın sudan?

Yəni bir rumluda haradan o qədər güc ola bilər ki, gəmini dənizdən çıxarıb qovsun? Burada dəniz İran məmləkətinə, gəmi də Daraya işarədir.

 

[134]                    Dilini bağla ki, əldə qalsın baş,

Dil quru olarsa, boğaz olmaz yaş.

Quru dil - susmaq, yaş boğaz isə başın kəsilib qana bulaşması deməkdir. Yəni dilini saxla ki, boğazından qan axıdılmasın.

 

[135]                    Qan ilə islanmış dilsiz bir başdan,

Şübhə yox, yaxşıdır başsız bir insan.

Yəni baş kəsilmiş olduğu üçün danışa bilməyən bir dil başı ağılsız, biliksiz olanın dilindən yaxşıdır. Demək, yersiz danışmaq lal olmaqdan pisdir.

 

[136]                    Məclis qur, ulduzlar nur verdi yerə,

Firiştə qapını açmış göylərə.

Böyüklərlə məsləhətləş, müharibə və sülh məsələsini müzakirə və həll et. Tale ulduzları göydən baxır, qədər mələkləri asimanda qapıları açıb gözləyir.

 

[137]                    Çəmşid tarixini oxu bir daha,

O ayı gör necə uddu əjdaha.

İran mifologiyasında deyilir ki, çiyinlərində iki ilan bitmiş Zöhhak Cəmşidin taxtını əlindən almışdı. Burada əjdaha - Zöhhak, ay isə - Cəmşiddir.

 

 

[138]                    Haman əjdahaya sonra Firidun,

Əjdaha gücüylə açdı nə oyun?

Yəni sonra Cəmşidin nəvəsi Firidun böyük bir qüvvətlə hücuma keçib, Zöhhakı məğlub etdi.

 

[139]                    Öz mülkümdən mənə iqta göstərmə,

Süheylə baratı Yəməndən vermə.

Burada İskəndər Daraya cavab verir ki, öz ölkəmdən mənə pay vermə. Süheyl ulduzu özü Yəməndədir, yəni Yəmənə məxsusdur, ona Yəməndən barat verilməz.    

 

[140]                    Divlərlə oturub dursa Süleyman,

Qalmaz barmağında üzüyü, inan!

Ehtiras və tamah divi ilə dostluq etmə, yoxsa Süleyman kimi padşahlıq üzüyünü itirmiş olarsan. Şərq mifologiyasından məlumdur ki, Suleyman Bilqeysə aşiq olmuşdu və ona sonsuz dövlət və sərvət verməyə hazır idi. Bilqeys də Süleymandan yalnız üzüyünü istəmiş (Süleymanın üzüyü "Möhri-Süleymani" adı ilə məşhurdur; güya o, bütün aləmə həmin üzüyün vasitəsi və gücü ilə hökm edirmiş), o da üzüyü vermiş, Bilqeys isə onu alıb yanından keçən arxın içinə atmışdı.

 

[141]                    Çıxarkən bir sənlik, mənlik ortaya,

Ah, necə doymasın cana bu dünya?!

Yəni dünyanın işləri ona görə düzəlmir, insanlar ona görə cana gəlmişdir ki, mən və sən bir zamanda yaşayırıq, heç birimiz bir-birimizi bəyənmirik, xudbinlikdən əl çəkmirik.

 

[142]                    Bilirəm, bax, budur, fikrinin canı:

Tutmaz bir tərəzi iki batmanı.

Yəni iki düşmən iki batmanlıq daş kimidir ki, hərəsi tərəzinin bir gözündə bir-birinə qarşı durmuş, biri o birisindən aşağı və ya yuxarı olmur.

 

[143]                    Məni öz daşınla gəl çəkmə daha,

Bəhməni bununçün vurdu əjdaha.

Yəni sən özünü mənimlə müqayisə etmə, sən mənə bərabər deyilsən; mən sənin nəzərində kiçiyəmsə də, sən belə imtahana girmə, çünki Bəhmən belə imtahanda əjdaha tərəfindən uduldu. Bu, ehtimal ki, Bəhmən Ərdəşir ilə yeznəsi və sərkərdəsi Mekabizin əhvalatına işarədir. Qüdrət və əzəmətinə güvənən Bəhmən ona qarşı üsyan edən Mekabizin əlində aciz qalmışdı.

 

[144]                    Cavabda daş, dəniz atsan ortaya,

Dağ kimi daşımı ataram suya.

Yəni əgər özünü dağ və dəniz kimi əzəmətli sayaraq mənə meydan oxusan, mən də daşdan olan kökümü dənizdə yerləşdirib, dağ kimi sənə qarşı duraram.

 

[145]                    Çin şahı şəhərə nəfəs verərkən,

Ulduzu Günəşə dəyişdi Ədən.

Yəni səhər açılıb Günəş çıxınca, Ədən dənizinə bənzəyən göy ulduzlarını verib, onun əvəzinə Günəşi aldı.

 

[146]                    Yollara töküldü dəmirdən tikan.

Qədim Şərqdə (hətta orta əsrlərdə Avropada da) müharibə zamanı düşmənin dəvələrini, atlarını zəif salmaq üçün onların keçdiyi yollarda ayaqları altına üçkünc dəmir tikanlar tökərdilər.

 

[147]                    Davullar gurlarkən dəhşət verərək,

Təbilin dodağından öpürdü fələk.

Yəni təbillərin gurultusu göylərə qalxmışdı, fitnəkar fələk fitnə qoparmaqda öz havadarı olan davulların, təbillərin ağzından öpürdü.

 

[148]                    O qədər toz qonmuş tərkə, yəhərə,

Yer göyə dönmüşdü, göy isə yerə.

Yəni döyüş zamanı heyvanların ayaqları altından göyə o qədər toz qalxmışdı ki, göy yer kimi tozlu idi. Atlıların parıldayan əsləhə və yaraqları isə yeri ulduzlu göyə bənzədirdi.

 

[149]                    Zənci öz tacına düzüncə gövhər,

Çin şahı taxtından düşdü dərbədər.

Bu beytdə zənci - axşam, gecə; tac - göy, səma; gövhər - ulduz; Çin şahı - Günəş; taxt (orijinalda: ağ taxt) - gündüz, yaxud gündüzün işıqlı səması; düşdü dərbədər - (Günəş) batdı deməkdir. Yəni gündüz keçdi, axşam oldu.

 

[150]                    Günəş yaqutunu oğru çalınca,

Bu dünya düşmüşdü yaqut dalınca,

Məhtabı tutaraq dedilər: "Oğru,

Günəşdən gövhəri oğurlamış bu!"

Yəni Günəş batdı, insanlar onun işığını Aydan almağa başladılar. Ayın Günəşdən gövhər oğurlaması - işığı Günəşdən almasına işarədir.

 

[151]                    Bəhmənin qoluna sarılmış ilan,

Düşmüş İsfəndiyar tunc çardağından.

Yəni Bəhmənin uzun və qüvvətli qoluna əcəl ilanı sarılmış, İsfəndiyar tunc qalasından düşüb həlak olmuşdur. İsfəndiyar - Keyler sülaləsindəndir. Güştasbın oğludur. Firdovsinin "Şahnamə"sində pəhləvan kimi təsvir olunur. Bəhmən isə Güştasbın nəvəsidir. Qədim İran şahlarındandır. Əsil adı Ərdəşirdir.

 

[152]                    Nəslimə əzəldən ölümdür qismət,

Öldürən bu əmrə verir şəhadət.

Yəni qatilim mənim Keylər nəslindən olduğumu öz sui-qəsdi ilə isbat etdi. Bu öldürülmək də mənə babalarımdan miras qalmış bir taledir.

[153]                    Könlünü çevirmə Rövşənəyimdən,

Təbii, işıqla Günəş olur şən.

Yəni qızımdan, Rövşənəkdən məhəbbətini əsirgəmə, həyat məhəbbətlə gözəlləşir.

 

[154]                    Gecənin gözünə qaranlıq axdı.

Bağdadı Kaxsız və Kərxsiz buraxdı.

Yəni çərxi-fələyin gözü kor, üzü qara oldu ki, İranın Bağdadını saraysız, qalasız və Kərxsiz qoydu. Bağdad Kərxi Bağdad hasarı xaricində sənətkarlara məxsus geniş bir yer idi.

 

[155]                    Dünyadan al günəş qanad çəkincə,

Yaqut içdi, şəvə daldı sevincə.

Yaqut - Günəş, günəşli gündüz; şəvə - qaranlıq gecə deməkdir. Yəni Günəş batdı, gecə oldu.

 

[156]                    Əbləh atlı səhər gəlib üfüqdən.

Axuru çəməndə yerləşdirirkən...

Əbləh atlı səhər - sübh vaxtı göyün iki rəngli olmasını bildirir; çəmən - göy, səma deməkdir. Yəni Günəş dan yerinin alaqaranlığından çıxıb, göyə yüksələrkən...

 

[157]                    Göy günbəz altında gəl qurma büsat,

Kəhrəba qələdə yaramaz nişat!.

Göy günbəz - səma, göy; kəhrəba qələ - yer, dünya deməkdir. Yəni bu dünyada şadlıq, sevinc məclisi qurma.

 

[158]                    Üzünü kəhrəba kimi saraldar,

Əlbəsən lacivərd bir rəngə çalar.

Yəni dünya vəfasızdır, bugünkü al yanağını sabah saraldar; bugünkü toy paltarını sabah matəm geyimi ilə əvəz edər.

 

[159]                    Etsin mey özümü unudan kimi,

İki məğz yaratsın mənə dan kimi.

Dan - dan yeri deməkdir. Dan, yaxud sübh iki olur; birincisinə yalançı sübh, ikincisinə həqiqi sübh deyərlər.

Beytin mənası: elə şərab ver ki, məni özümdən çıxartsın, iki məğzli etsin - beynimi iki qat işıq eləsin.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [121] [122] [123] [124] [125] [126] [127] [128] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info