Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

 

[160]                    Ey dövlət, hardasan, məni sevindir,

Mehdi qapısında taxtını endir.

Burada Mehdi sözü, çox güman ki, şairin mədh etdiyi Atabəy Nüsrətəddinə işarədir.

 

[161]                    "Ey qoca pəhləvan, - söylədi ona, -

Başın kölgə salmış öz ayağına.

Yəni qocalıqdan belin elə bükülmüş ki, başının kölgəsi ayağına düşmüşdür.

 

[162]                    Gözəlcə bir cavab verdi pəhləvan:

"Söylərkən dilimiz dönər çox zaman".

Yəni dil ağızda sümüksüz ətdir, hər cür mənasız və yalan söz söyləməyə qabildir.

 

[163]                    Dörd tağ altında beş növbət nə gərək?

Şeşdərsiz olurmu bu doqquz fələk?

Dörd tağ - dörd ünsür: kainatın əsasında duran su, od, torpaq, külək; beş növbət - şahların sarayı önündə gündə beş dəfə çalınan hərbi musiqi; şeşdər – nərd oyununun duşeşi; doqquz fələk - göyün xəyal edilən doqquz təbəqəsi. Yəni dünyada şahlığın beş növbətini vurma, çünki bu səmanın altında həyat nərdi duşeşsiz oynanmır, demək, səndən üstünləri də ola bilər.

 

[164]                    Diləkçin kim köynək geysə tərsinə,

Duayla avanda çevirər yenə.

Müsəlman Şərqində Allahdan ehtiyacım istəmək üçün köynəyi tərsinə geymək adət kimi olmuşdu. Yəni ehtiyacını diləmək üçün köynəyini tərsinə geyən adam məqsədinə çatdıqdan sonra onu yenə rastına çevirib geyə bilər.

 

[165]                    İran başçıları xidmətdə durdu,

Onun daşlarıyla tərəzi qurdu.

İranın böyük adamları ona tabe oldular. Tərəziyə onun daşlarını qoydular, yəni onun böyüklüyünü təsdiq etdilər.

 

[166]                    Diniylə atəşə çöküncə dehqan,

Həm atəş söndü, həm ona inanan.

Dehqan - burada Zərdüştün ruhanisi, muğ mənasindadır.

Beytin mənası: muğ atəşkədədə atəşpərəstlik dini ilə Zərdüştün ayinlərini icra ederkən həm od söndü, həm özü öldü.

 

[167]                    Novruz ilə Səddə bayramlarında...

Səddə - Novruza əlli gün qalmış iranlıların bayram etdiyi gündür; güya od bu gün tapılmışdır. Atəşpərəstlik dininin banisi Zərdüştün iradəsi ilə keçirilən bu bayramda od yaxıb şənlik edərlər.

 

[168]                    Zöhrətək Babildə parladı öncə.

Haruti kəsləri təmizləyincə.

Mifologiya üzrə, Zöhrə ulduzu sehr və cadu hamiyəsi sayılır. Haruti kəslər - Harutun ardınca gedənlərdir. Harut və Marut - Babilə göndərilmiş iki mələkdir. Onlar Zöhrəyə uyub sehrbazlığa başlamış və buna görə də cəzalandırılmış, Babil quyusunda asdırılmışlar.

 

[169]                    Hirbüdün oduna soyuq su tökdü,

Çox hirbüd belini ikiqat bükdü.

Hirbüd - atəşkədə xidmətçisidir. Beli ikiqat bükmək - məğlub olmaq deməkdir.

 

[170]                    Əjdaha görüncə gəlir Bəlinas.

Bildi ki, şüşəni qıracaq almas.

Almasın xassəsi şüşəni kəsməkdir. Yəni o əjdaha kimi görünən qız Bəlinası gördükdə bildi ki, sehrinin şüşəsinə doğru almas gəlir. Demək, Bəlinas ona qalib gələcəkdir.

 

[171] Mişku - hərəmxana.

 

[172]                    Qızıldan yazılsın gərək bu sözlər:

"Çarvadar əkəni dəvəçi biçər".

Çarvadarla dəvəçi eyni rütbədə və eyni hüquqdadırlar. Birinin əkdiyini ona bərabər və tay olan ikincisi biçə bilər.

 

[173]                    Gecə al günəşdən düyümü dəldi,

Şəfəqin əlinə bir əqiq gəldi.

Onu da uddu Busəhaq firuzə,

Busəhaqlara bax, ilişdi sozə.

Busəhaq - İranın Nişabur şəhərindəki firuzə mədənlərindən birinin adıdır ki, ondan çıxan firuzəyə Busəhaq deyirlər. Əqiq - burada qırmızı deməkdir, axşam şəfəqinə işarə olunur. Günəş qırmızı qızıldan düyümlənmiş böyük bir düyüm kimi almır; gecə bu düyümü açır, açıldıqca ondan şəfəq doğur, sonra gecə şəfəqin qırmızılığını Busəhaq Firuzənin göy rəngi ilə dəyişdirir, şəfəq də çəkilir, səmai göy olur. Burada Günəş düyümünün açılması, şəfəq əqiqinin görünməsi, sonra qırmızının göylə örtülməsi - İskəndərlə Rövşənəyin zifaf gecəsindəki vəziyyətini təsvir edir.

 

[174]                    Ondan başqa hər kəs adını çəkər,

Saçıntək başları kəmərə dəyər.

Yəni İskəndərdən başqa kim səninlə evlənmək fikrinə düşsə, o öz başını daşa vurar, boş qayıdar.

 

[175]                    Səhər çöhrəsindən pərdə atarkən,

Həbəşə bac üçün dağ çəkdi Xütən.

Xütən - burada gün, həbəş isə gecə deməkdir. Dağ çəkdi - yəni Günəşi parlatdı.

 

[176]                    Fələk dəvəsini sürətlə sürür,

Ondandır ki, gündə bir oyun doğur.

Yəni dünyanın işləri tez-tez dəyişilir, bu gün sülh ilə, sabah dava ilə keçir.

 

[177]                    Kəyan ovlağıdır əcəm torpağı,

Orda bir vəhşidir yadlar ayağı.

Yəni İran Keylərin qəbiristanıdır. Orada yabancılar gəldi-gedərdir. Onlar burada çox qala bilməzlər.

 

[178]                    Dövran gümüş teştin ağzını açdı.

Qara qarğa qızıl yumurta saçdı.

Gümüş teşt - səhər, qara qarğa - gecə, qızıl yumurta isə Günəş deməkdir. Yəni səhər oldu, gecənin qoynundan Günəş doğdu.

 

[179]                    Qoca möbidlərsə tarix boyunca

Yumurta və teştdən demiş doyunca.

Yumurta və teşt - burada astronomiyaya işarədir. İranda möbidlər, yəni Zərdüşt dini ruhaniləri, bunların köməyi ilə guya qeybdən xəbər verərdilər.

 

[180]                    Yaxşıdır hər falı xeyr işə yormaq,

"Rux"u yox, oyunda "şahrux"u vurmaq.

Yəni insan çətinliyə düşəndə ümidsiz olmamalı, əksinə, cəsarətlə mübarizəyə atılmalıdır. Şahrux - şahmat oyununda elə bir gedişdir ki, bununla eyni zamanda da şah qaçırılır və fil də vurulur. Rux - şahmatda top fiqurudur.

 

[181]                    İskəndər əmr etdi, cavab olaraq,

Məktublar müşk ilə yazılsın ancaq.

Yəni İskəndər hər ölkədən ona müraciət edənlərə müsbət cavab verdi, sülh və xeyirxahlıq bildirdi.

 

[182]                    İstədi büsatı İranda qursun,

Ərəb də bu yolda ona baş vursun.

Yəni şahlığını İranda etsin, eyni zamanda Ərəbistan da ona tabe olsun.

 

[183]                    Təvaf işlərindən azad olaraq,

Basaraq Yəmənin gönünə ayaq.

Yəni Kəbəni (bütxanəni) ziyarət şərtlərini yerinə yetirdikdən sonra, Yəmənin məşhur qiymətli dərilərini ayağı altına saldı, onlara sahib oldu.

 

[184]                    Şəbdizə vurunca gündüz qızıl nal,

O dünya günəşi atlandı dərhal.

Şəbdiz - gecə; qızıl nal - Günəş; dünya günəşi - İskəndər deməkdir. Yəni səhər olcaq İskəndər atına mindi.

 

[185]                    Örtmə öz qaşınla uca göyləri.

Göyləri qaş ilə örtmək - çox çətin, yaxud mümkün olmayan bir işə girişmək deməkdir.      

 

[186]                Mən qalib gəlsəm, kin coşduğu zaman

Ataram gizlənən şahı ortadan.

Yəni sən dünyanı tutmuş bir padşahsan, mən cuşə gəlib səni yıxsam, Yer kürəsini yıxmış olaram.

 

[187]                    Qarınca düşərsə parlaq bir tasa,

Bir çarə düşün, güc iş görməz yoxsa.

Yəni sürüşkən bir qaba qarışqa düşəndə onu bir çöp, bir samanla oradan xilas etmək lazımdır, yoxsa zor ilə onu tutmaq istəsən əzilib məhv olar.

 

[188]                    Padşah da yuxuya tez hazırlandı,

Dörd ünsür də yatdı, qapı bağlandı.

Dörd ünsür - dünya və dörd divar; qapı - burada qapının iki tayına bənzədilən iki göz qapağı. Yəni padşah dörd divar arasında gözlərini qapayıb, yuxuya daldı.

 

[189]                    Günəşin əlində bir narınc vardı,

Fələk narıncının başını yardı.

Narınc – Günəş, Günəş kürəsi. Yəni Günəş çıxdı, üfüqü qan rəngli şəfəqlə boyadı.

 



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [121] [122] [123] [124] [125] [126] [127] [128] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info