Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

 

[101]                    Aldadan yol oldu bu uzaq yollar,

Yeddinci fələkdə ancaq işıq var.

Yəni dünyanın çox uzun olan yolu azdırıcıdır və qurtuluş işığı çox uzaqda görünür.

 

[102]                    Çin şahı atına qoyarkən yəhər

Zəncinin nalına od vurdu göylər.

Yəni səhər açılmağa başlayanda gecə atını sürətlə sürüb getdi.

 

[103]                    Günəşi pusqudan fələk sıçratdı,

Ulduzlar üzüyü əlindən atdı.

Yəni Günəş çıxarkən ulduzlar söndü.

 

[104]                    Dəvəni zəngindən, fil güzgüsündən

Sədəf şəvə doğdu inci doğurkən.

Şərq mifologiyasına görə, yağış dənizə ildırımsız yağanda sədəflər dürrə, ildırımla yağanda isə şəvəyə hamilə qalır. Beytin mənası: müharibədə dəvələrin boynundan asılan zənglərin ildırım kimi səsindən, fillərin üstündə olan güzgülərin şimşək kimi parıltısından dəniz sədəfləri dürr əvəzinə şəvəyə hamilə qalırlar.

 

[105]                    Maral buynuzuna göndər zeh çəkər,

Qarışqa başını dırnağa tikər.

Maral buynuzundan qayrılmış yay və yabanı eşşək gönündən hazırlanmış kirişlə elə düzgün ox atıla bilər ki, qarışqanın başını ayağına tikər.

 

[106]                    Göylərin Harunu keşik çəkərək,

Belinə asmışdı saysız qızıl zəng.

Göy Harunu və ya hindusu - gecə qarovulçusu Zühəl ulduzudur ki, yeddinci fələkdə olur. Dinlər tarixinə görə, yəhudilərin peyğəmbəri Musa, qardaşı Haruna qarovulçuluq vəzifəsini tapşırmışdı. Harun qurşağının və paltarının dövrəsinə qızıl zınqırovlar asmışdı. Qarovulçu mənasında işlənən Harun sözü buradan alınmışdır.     

 

[107] Ordunun çəkisi elədikcə meyl,

Bu gözdən o gözə axıdırdı sel.

Nizami burada bir-birinə qarşı duran iki ordunu gözləri poladdan hazırlanmış bir tərəzinin bir-birini dartan iki gözünə bənzədir.

Beytin mənası: poladdan silahlar daşıyan iki quüvvətli ordu iki tərəzi başı kimi bir-biri ilə vuruşurdu. Bu gözdən o gözə qan sel kimi axırdı.

 

[108]                    Zəncinin qəlbinə çökmüşdü qorxu:

"Biz ipək sanırdıq, cod palazmış bu.,.".

Yəni biz əvvəl zənn edirdik ki, İskəndər yumşaq və ədalətlidir. İndi görürük ki, o, çox zalım və adamyeyəndir.

 

[109]                    Hər filin belinə taxt qoyulmuş ac,

Üstündə bir zənci, başında bir tac.

Yəni fillər üstündə ağ şirmayı yəhərlərdə zəncilər oturmuşdular. Onların başlarında qıvrım saçları müşkdən taca bənzəyirdi.

 

[110]                    Fillərin yanınca gedən piyada

Hər yerdə yüz fili salırdı bəndə.

Burada Nizami şahmat oyununun gedişlərindən istifadə edir. Şahmatda piyada filin yolunu kəsə bilir.

 

[111]                    Coşarsam atından salaram Nili,

Bu rüxüm piyada buraxar fili.

Yəni mənim nərəm Nil çayının səsini batırar. Mənim heybətim fili dəhşətə gətirər.

 

[112]                    Rəcəzi bitincə tərpəndi duman,

Xəznədə qıvrıldı sanki bir ilan.

Rəcəz - vuruşanların mübarizəyə girməzdən qabaq yüksək tonla oxuduqları şeirdir. İran mifologiyasına görə, xəzinəni ilan mühafizə edir. Yəni ilan xəzinə sövdası ilə qıvrılan kimi, o da qalibiyyət arzusu ilə qıvrıldı.

 

[113]                    Kəməndi tamğaclı qaşına bənzər,

Çaçların qurduğu yay kimi çənbər.

Tamğac - Türküstan şəhərlərindən biri, Çaç isə indiki Daşkəndin yerində bir şəhər olmuşdur. Tamğaclılarda qaşlarını kaman kimi düzəltmək adət idi. Çaçlılar da yaxşı kaman qayırmaqla məşhur olmuşlar.

 

[114]                    Mən ərəb huşlu bir Rum sərvəriyəm,

Zənci öldürən bir sübhün nuriyəm.

Ərəblər ayıqlıqları ilə seçilərdilər. Zənci qaralığından gecəyə bənzədilir. Rumlu da sübh kimi ağ olur. Yəni sübh gecənin qaranlığını boğan kimi mən də zənci öldürənəm.

 

[115]                    Fil kəskin qolumdan bir qılınc yesə,

Filban Nil küpünə atar əlbəsə.

Yəni filə bir zərbə vursam, filin sahibi matəm paltarı geyər. Nil küpü - sürməyi boyaq küpü deməkdir.

 

[116]                    Poladın açdığı dərin yaradan,

Qalmadı abinus ağacında can.

Abinus ağacı - Hindistanda bitən sərt və qara bir ağacdır; burada isə zəncinin vücudu deməkdir. Yəni bir zərbə ilə zənci məhv oldu.

 

[117]                    O qara buluda qızdı hökmüran,

Çəkdi ağ nəhəngi qara qınından.

Qara bulud - zənci, ağ nəhəng - qılınc deməkdir.

 

[118]                    Zəncilər gecəydi, rumlular çıraq,

Rumlular qarğanın gözüydü ancaq.

Yəni zəncilərin qoşunu gecə kimi qara, rumluların qoşunu isə çıraq kimi (ağ) idi; yaxud zəncilər qarğa kimi qara, rumlular qarğanın gözü kimi ağ idilər. Burada həmçinin zənci qoşunların çoxluğu və rumlu qoşunların azlığı da ifadə edilmişdir.

 

[119]                    Əqiqlər şəvədən qalamış ocaq,

Zəncilər od tutub, kül qalmış ancaq.

Əqiq - qırmızı rumlular, şəvə isə qara zəncilərdir. Yəni rumlular zənciləri qalayıb yandırdılar.

 

[120]                    Qarğalar ağ şahin əlində əsir.

Yəni İskəndər zəncilərə qalib gəldi.

 

[121]                    İnsanın yükünü çəkən hər hammal,

Ya çıraq daşıyır, yaxud ipək mal.

Həbəşlər gah qalib gəlir, gah məğlub olurdular. Lakin bu halların ikisi də, hammalın müştərisi kimi təsadüfdən asılı olurdu. Yəni hammalın daşıdığı mal özününkü olmadığı kimi, həbəşin qələbəsi də onun müvəffəqiyyəti sayılmazdı.

 

[122]                    Göy üzü geyərkən lacivərd paltar,

Hər kəsə lacivərd paltar hazırlar.

Lacivərd - tünd göy, həm də matəm rəngi sayılır. Yəni lacivərd rəngində olan göylər insanlar üçün də o rəngdə matəm paltarı biçər. Deməli, göylərin, fələyin qəza-qədərindən yaxa qurtara bilməzsən,

 

[123]                    Çox danə görərsən bu dəyirməndə,

Növbətlə üyüdür unu hər bəndə.

Yəni dünya dəyirmanında dən, sərvət çoxdur. Hər kəs öz dənini növbətlə o dəyirmanda üyüdüb faydalanır. Demək, rumlular da öz növbələrində bu dünya dəyirmanından istifadə etdilər.

 

[124]                    Həndəsi hərflər, cizgili xətlər,

Bildirir sənindir şanlı bir zəfər.

Yəni həndəsi xəttin hərfləri göstərir ki, sən qalibsən. Həndəsi xətt - Ərəstunun atasının İskəndərə vermiş olduğu qalibiyyət və məğlubiyyət cədvəlinə işarədir.

 

[125]                    Şah içdiyi camın hər damcısından,

Mühəndis əkirdi gözəl bir fidan.

Yəni şah şərab içdikcə falçı mühəndis bir ümid ağacı əkirdi, ona gözəl vədlər verirdi.

 

[126]                    Qasidə tapşırdı bir top, bir çıvkan,

Bir çuval küncüd də verdi ərməğan.

Qədimdə İnsanlar bir-birilə məktub əvəzinə əşya göndərər və öz fikirlərini onların vasitəsilə bir-birinə çatdırardılar. Buna əşya yazısı deyilir. Əlifba icad edilməmişdən qabaq bu, əsas yazı formalarından biri olmuşdur.

 

[127]                    Küncüddən çox olsa Dara qoşunu,

Mənim də quşlarım dənləyər onu.

Üzərlik doldurdu kiçik çuvala,

Qasidə verincə dedi: "Çıx yola!"

El arasında üzərliyi bədnəzərdən qorunmaq üçün yandırarlar. Lakin son dərəcə acı olduğu üçün quşlar onu yeməz. Dara İskəndərə küncüd göndərmişdi; İskəndər dedi ki, onu mənim quşlarım yeyər, yəni sənin qoşununu mənim əsgərlərim yox edər. İskəndər isə Daraya üzərlik göndərdi və bununla demək istədi ki, mənim qoşunumu düşmənin quşları yeyə bilməz.

 

[128]                    Mən onu içərsəm verər səadət,

O məni yeyərsə doğar fəlakət.

Yəni mən şərabı içsəm, o, qəlbimə hərarət və işıq saçar, o məni yesə, yəni bərk sərxoş edib məni öldürsə, qismətim torpaq olar.

 

[129]                    Keyxosrov dünyadan edərkən səfər,

Cavahir camından vermişdi xəbər.

İran mifologiyasında Keyxosrovun gövhər bir camı varmış ki, dünyanın bütün hadisələri, həm keçmiş və həm də gələcək onda əks edilirmiş. Yəni Keyxosrov ölərkən Daranın əhvalını öz camında görüb, əvvəlcədən xəbər vermişdi.

 

[130]                    Elə iş görmə ki, doğsun sənə kin,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [121] [122] [123] [124] [125] [126] [127] [128] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info