Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

[219]                    Baş vermiş arpadır müşkin buğdadan,

Deyil buğda, deyə, boz arpa satan.

Yəni o əsmər gözəlin arpa boyda xalı buğdadan bitmişdi, buğdayı rəngli gözəl üzündə idi. Bu, arpanı buğda yerinə satıb aldadanlardan deyildi. Demək, bunun zahiri buğda, əsli arpa deyil, əksinə, zahiri arpa, əsli buğda idi; saf və təbii gözəl idi.

 

[220]                    Türk simalı idi o hindli afət,

Şaha Hind elindən vermişdi cənnət.

Yəni o gözəl türk simalı, ağüzlü idisə də, özü hind qızı idi, şah üçün cənnəti Hindistanda yaratmışdı.

 

[221]                    O rumi üzüylə, hindli diliylə

Etmiş Rum şahını özünə kölə.

Yəni o Rum (ağ) üzlü və hind dilli, hindcə danışan gözəl Rum şahını özünə qulam etmişdi.

 

[222]                    Oxundan torpağa üz qoyan ceyran,

Gözündə tiryəktək görünür cahan.

Yəni onun oxu ilə yıxılan ceyranın gözündə dünya qaralırdı; yaxud, tiryəkdən məst olan kimi, gözləri süzülüb qalırdı.

 

[223]                    Atlar dırnağından ipək çöl, çəmən

"Ceyrangöz" olmuşdu ceyran gözündən.

"Ceyrangöz" - bir növ ipək parça adıdır; üstündə ceyran gözü kimi naxışlar olduğu üçün belə adlanır. Beytin mənası: o qədər ceyran ovlanmış ki, yer "ceyrangöz" parçası şəklində idi.

 

[224]                    Sübhün gözəli zər xal-xalı ilə,

Göyün xeyməsinə saçarkən şölə...

Sübh gözəli - Günəş; zər xalxal - Günəşin nuru; göyün xeyməsi – göy qübbəsi, səma deməkdir. Beytin mənası: səhər açılıb Günəş göydə görünməyə başlarkən...

 

[225]                    Qara müşk ağacı əkmişəm Hinddə,

Fikrim ağ yasəmən tikməkdir Çində.

Yəni Hindistanı fəth etmişəm, indi Çini də fəth etmək istəyirəm. Burada qara müşk - hindlilərin qaralığına, ağ yasəmən isə çinlilərin ağlığına işarədir.

 

[226]                    Xəbər ver, hesabdan qalmayım geri,

Səbətdə ilandır, ya sümükləri?

İlan kin və ədavət rəmzidir. İlanın bel sümüyünü isə qədim iranlılar dostluq üçün özlərində saxlardılar. Beytin mənası: söylə görüm, arada dostluq var, ya düşmənlik?

 

[227]                    Əfrasiyab mülkünün varisi erkən,

Başını günəştək ucaltdı Çindən.

Burada Əfrasiyab mülkünün varisi İskəndərdir. Əfrasiyab mülkü ifadəsi - bir zaman Əfrasiyabın İranı zəbt edərək ona hakim olmasına işarədir.

 

[228] Zəxirə - ərzaq, sursat.

 

[229]                    Düşünmə, lacivərd boyalı paltar,

Hər şəxsə göylərdən gəlir, ey salar!

Yəni zənn etmə ki, kişinin başına gələn bəla göydən gəlir.

 

[230]                    Sarsılmaz qolumdan qorxmadınmı sən?

Mənim tərəzimə torpaq tökürsən!

Birinin tərəzisinə torpaq tökmək - onu gücsüz saymaq, asanlıqla məğlub ediləcəyinə inanmaq deməkdir. Yəni polad kimi gücümdən qorxmadan məni ağır daşlarla deyil, yüngül torpaqla çəkmək istəyirsən.

 

[231]                    Ulduzlar o qədər qızıl səpirdi,

Yer öküzü qızıl altına girdi.

Mifoloji təsəvvürə görə, Yer kürəsi öküz üstündə durmuşdur. Beytin mənası: gecə oldu, o qədər ulduz doğdu ki, göydən yerə işıqdan sanki qızıl töküldü, yer öküzü qızılın altında duran kimi idi. (Nizamidə; yer öz öküzünü xəzinəyə sürdü).

[232]                    Təbii yaqutu yonunca zaman,

Yaqutlu tac ilə cüt oldu cahan.

Yəni göy təbii yaquta bənzəyən Günəşi xırdalayıb səmaya səpmiş, səma almazlarla bəzənmiş tac kimi yerin başına qoyulmuşdur.

 

[233]                    Neysandan nə şərəf almışsa sədəf,

Çinə də şah verdi elə bir şərəf.

Yəni İskəndər çinlilərə çoxlu dürr-cəvahir bağışladı.

 

[234] Fəğfur - qədimdə Çin imperatorlarına verilən titul.

 

[235]                    Hər yandan töküldü şahanə yarpaq,

Meyvə yarpağıtək tökdü hər budaq.

Yəni payızda ağac yarpaqlarını tökən kimi, ziyafət süfrəsinə də o bol

rəngarəng yemək boşqablaridüzüldü.

 

[236]                    Fərxarə bənzəyən istək evindən,

Tez hazır olurdu hər istənilən.

Fərxar - Çində gözəlləri ilə məşhur bir şəhər olmuşdur. Yəni o məclisdə, Fərxar şəhərində olan kimi, hər kəs öz istədiyinə o saat nail olurdu. Cənnətdə həmişə hər şey arzu edilən dəqiqədə hazır olan kimi orda da hər şey hazır idi.

 

[237]                    Xəzinə ağzını açınca xaqan,

Qarun xəznəsində yer oldu pünhan.

Yəni Çin padşahı xəzinə qapısını açıb, Qaran xəzinəsindən hər tərəfə hədiyyələr saçırdı.

 

[238]                    "Fərəsi" "rüx" ilə ayaqdan salır,

"Fərəs"lə "fil"i də cəbhədən alır.

Yəni (şahmat oyununda olan kimi) düşmənin atını topla vurur, filini də atla aradan çıxarır.

 

[239]                    Çərx kimi dolanır açarkən şəhbal,

Gəzişi cənubdu, çıxışı şimal.

Yəni o ov quşu ova getməkdə cənub küləyi kimi, ovdan gəlməkdə isə şimal küləyi kimi sürətli, iti qanadlı idi.

 

[240]                    Su kimi lətifdir o çənə, buxaq,

Atəşdə suyu kim görmüş baş-ayaq?

Atəşdə suyun baş-ayaq görünməsi ifadəsi ilə tər damcıları süzülən lətif ağ buxağın od kimi qırmızı yanaqlar altında sallanması nəzərdə tutulur.

 

[241]                    Üzü bənövşəyə qızıl gül atır,

Gül üzdə bənövşə keşikçi yatır.

Burada bənövşə - saçlar, qızıl gül - yanaq deməkdir. Yəni yanağı qara saçların bənövşəsinə qızılgül taxmış, bənövşəni qızılgülün qarovulçusu etmişdir.

 

[242]                    Müşk onun zülfünə bağlamış kəmər,

Zülfü də Günəşə köləlik edər.

Yəni müşk onun saçlarının beli bağlı qulu, saçları da Günəş kimi parlaq yanaqlarının beli bağlı qulamı idi.

 

[243]                    İki pərvanədir bağlanmış bura,

Birinin üzü ağ, birinin qara.

Ömrün ətrafında dönən iki pərvanə - gecə və gündüz deməkdir. Ağ pərvanə - gündüz, qara pərvanə - gecədir.

 

[244]                    Kimsənin şamına deyil pərvanə,

Dinləməz kimsəni, baxmaz fərmanə.

Bu pərvanələr kimsənin işığına getməz, yəni gecə-gündüz, zəmanə, dövran heç kimə tabe deyil.

 

[245]                    Dan yeri yaqutdan şəfəq saçanda,

Şəbdizin belindən təngi açanda...

Burada yaqut - Günəş, şəbdiz - gecə, təng - aman yolu, kəhkəşan deməkdir. Yəni səhər açılanda, ulduzlar göydə gözdən itəndə...

 

[246]                    Yeddi rus soyundan tərpətdi ordu.

O zaman Rusiya yeddi vilayətə bölünürdü.

 

[247]                    Tarixlə, təqvimlə hərbə gedirlər,

Hesabda bir ayı təxir edirlər.

Yəni onlar tarix və təqvim üzüylə uğurlu-uğursuz saatı təyin etməklə başlayır və bu astronomik hesablama üçün bir ay yubanırlar.

 

[248]                    Zəhər ki, vücuda salır zəlzələ,

Sağalır yenə də başqa zəhərlə.

Təbabətdə zəhərlənməni bədənə başqa bir zəhər vurmaqla da müalicə edirlər; burada həmin tibbi əməliyyata işarə olunur.

 

[249]                    Daşlarda nizə qan çeşməsi açar,

Bir orman göyərdir yay ilə oxlar.

Burada daşlar dedikdə döyüşçülərin daş kimi bərk sinələri nəzərdə tutulur. Yəni nizə, mızraq döyüşçülərin daş sinələrinden qan bulağı açmış və o bulağın ətrafında nizə, ox meşəsi bitmişdir.

 

[250]                    Aslantək alışdım sağrı yırtmağa,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [121] [122] [123] [124] [125] [126] [127] [128] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info