Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

[190]                    Lacivərdə şəncərf vurunca dövran

Samur sarı tülkü doğdu o zaman.

Yəni şəfəq keçib, havalar qatı maviyə çalanda qara gecədən sarı ay

doğuldu.

 

[191]                    Nəğməyə başladi pəriüzlülər,

Günəş mehreganda daha xoş gələr.

Mehregan - mehr iranlılarin qədim təqvimi üzrə aylardan biri, payızın birinci ayıdır. Mehregan həmin ayın on altıncı günüdür ki, farslar bu günü böyük bayram edərlər; payızda gecə və gündüzün bərabər olması.

 

[192]                    Göy soyuq, Günəşin xeyməsi ocaq,

Yer quru, Cəmşidin yastığı yumşaq.

Yəni havanın soyuqluğundan yer buz bağlamışdı, quru idi. Lakin İskəndərin səxavəti və Cəmşid kimi ucalığı ilə soyuq qışda çadır isti, yastıq yumşaq olmuşdu.

 

[193]                    Günəş Dəlv bürcündən çıxdı qırağa,

Girdi Hut bürcünə balıq tutmağa.

Ulduzşünaslıqda Dəlv bürcü Günəşin "ev"lərindən biri sayılır. Günəş bu bürcə yanvar ayında girir. Hut, yəni Balıq və ya Su bürcünə isə Günəş fevral ayında girir. Yəni bu məclis düzələn zamanda il yanvardan fevrala keçirdi.

 

[194]                    Buzlamış ceyranın kabablıq budu,

Suların bağrına hey duz vururdu.

Yəni ceyranlar qışın bərk soyuğundan donub ölmüş, buz bağlamış və suyun bağrı onların halına yanmışdı. Demək, ceyranlar odda deyil, suda kabab olmuşdu.

 

[195]                    Buludlar o qədər sıx kafur saçmış.

Çinarın qolları ağ çiçək açmış.

Burada kafur sözü qar mənasında işlənmişdir. Yəni çinarın budaqları qardan ağ çiçək açmışdı.

 

[196]                    Ya qoca insafsız, rəhmsiz məcus

Əmr etmiş həbəşi qarət etsin rus.

Yəni od yandıran qoca atəşpərəst həbəşin qaranlığını - kömürü rusun qırmızılığına - oda qarət etdirdi.

 

[197]                    Muğ arpa yerinə əkmiş ərğəvan,

Bənövşə düşürmüş biçdiyi zaman.

Yəni muğ (atəşpərəst) arpa əvəzinə ərğəvan əkmiş və bənövşə rəngində gül biçilmişdir. Ağacın yanmasına işarə olunur.

 

[198]                    Katibin dalından göyərmiş qələm,

Barmağında müşkin qələmlər möhkəm.

Burada katib manqal, onun barmaqlarında tutduğu manqalın içində olan qara kömür lülələri mənasında işlənmişdir.

 

[199]                    Reyhanla bəzənmiş saxsı güldandır,

Ancaq bu, meşədən çıxan reyhandır.

Saxsı güldan - burada saxsıdan qayrılmış manqal, onun reyhan gülləri də manqalın içindəki odlardır. Meşədən çıxan reyhan - kömürdən əmələ gələn odlar deməkdir.

 

[200]                    Ey saqi, qırmızı süddən ver ki hər

Civəyə əks etsə, ona can verər.

Ver mənə, dönmüşdur qanım civəyə,

Söz düzüm dırnaqdan keçən riştəyə.

Dırnaqdan keçən riştə - zərif keçi tükündən və ya yundan əldə əyrilmiş iplikdir ki, bu, baş barmağın uzadılmış dırnağından keçirilib əyirilir. Belə iplik cəhrə ipliyindən daha incə və saf olur.

Mətnin mənası: "Ey saqi, o qırmızı süd olan şərabdan mənə ver ki, sarılıq xəstəliyinə tutulanlar onu civə kimi içərkən rəngləri qan kimi qızarır. Mən bu saat qəmdən qana dönmüş titrəyən civəyə bənzəyirəm, dərdimi sözün dırnaqdan keçən incə və saf ipliyinə düzürəm".

 

[201]                    Elə ki İskəndər çadırı qurdu,

Quldurlar çadırı yuxarı vurdu.

Yəni quldurlar baş qaldırıb, ona itaətsizlik etdilər.

 

[202]                    Sürmədən Günəş mil çəkdi gözünə,

Batdı bir al gövhər Nil dənizinə.

Burada Günəş gözə bənzədilir. Yəni göyün gözü olan Günəş gecənin sürməsindən çəkdi, özünü onun qaranlığı ilə gizlətdi, göyün mavi dənizinə batıb getdi - Günəş batdı, gecə düşdü.

 

[203]                    Onda çöl xalqının axınlarından

Rahatlıq içində dincələr xəzran.

Xəzran - yəni xəzərlilər. Xəzər dənizinin şimal-qərbində və Volqa çayının hər iki sahilində yerləşən türk qəbilələrindən biri olmuşdur.

 

[204]                    Gündüz qarğa rəngli qara gecədən,

Çıxmış Zəngibardan kafur kimi şən.

Burada ağlıq mənasını verən kafur Zəngibarda və Həbəşistanda istehsal edilir. Yəni səhər açılmışdı.

 

[205]                    Yaşıl donlu tovuz humay quşundan

Ağ parlaq sümüyü qapdığı zaman...

Yaşıl donlu tovuz - göy, səma; humay quşu - günəş; ağ parlaq sümük - sübh, səhər deməkdir. Yəni göy Günəşdən sübhü aldı, - səhər açıldı.

 

[206]                    Nəfsinin ağacı yamyaşıl durur,

Başını burmadan, başını sən bur!

Yəni həvəs və ehtiras sənin qapında durmuşdur. O sənə qalib gəlmədən sən ona qalib gəl - nəfsini öldür.

 

[207]                    İndi ki, zəfəran yemədən şadsan,

Yemə zəfəranı, ölərsən, inan!

Zəfəran yemək, deyilənə görə, adamı gülməyə sövq edir. Burada zəfəran bu cəhətdən şərabla müqayisə edilir və zəfəran sözü altında şərab nəzərdə tutulur. Yəni əgər şərab içmədən şadsan, kefin yaxşıdırsa, onda şərab içmə, çünki sərxoşluqdan və lüzumsuz yerə çox gülməkdən məhv ola bilərsən.

 

[208]                    O ceyran otaran çobanlar belə

Çomağın yerinə ox almış ələ.

Yəni çobanlar da çobanlıq ağacını atıb, əllərinə silah almışlar, yollarından azmışlar.

 

[209]                    Kiçikdən ən böyük bir fitnə doğur,

Hər qurdun sümüyü ayağa oxdur.

Deyirlər, qurd topuğunun sümüyü zəhərli olur. Beytin mənası: xırda bir şeydən çox vaxt böyük bir ziyan baş verə bilər. Qurd topuğunun bir sümük qırıntısı ayağa batsa, bir oxun başı qədər yara salıb əzab verər.

 

[210]                    Bənzər o dastana bu tac, taxt, ordu,

"Hindudan sərvəti çalar bir hindu".

Yəni mənim bu taxt-taca malik olmağını "Bir hind oğrusunun paltarını başqa bir hind oğrusunun oğurlaması" hekayəsinə bənzər.

 

[211]                    Önünə çıxarkən bir atəşkədə

Ondan buz yaratdı atəşpərəstə.

Yəni bütün atəşkədələri dağıdıb xaraba qoydu.

 

[212]                    Orada bir bahar vardı qəlb açan,

Güllərin dimağı acıydı ondan.

Burada bahar - atəşkədə mənasındadır. Yəni orada bir atəşkədə vardı ki, qızıl gül onun rənginə paxıllıq etdiyindən acı olmuşdu. Qızılgülün dadı acı olur.

 

[213]                    Hurini cənnətdən atdı dişarı,

Qovdu cəhənnəmə dost olanları.

Yəni hurilər yaşayan cənnəti hurisiz qoyub, hurilərini dağıtdı, cəhənnəm əhli olanları da cəhənnəmdən qovdu. Burada cənnət - atəşkədə, huri - od, cəhənnəmə dost olanlar - muğlardır.

 

[214]                    Saqi, ver ərinmiş o saf qızıldan,

Qırmızı kükürdü odur doğuran.

Qırmızı kükürd - əski kimyagərlərin fikrincə, elə bir maddədir ki, hər hansı maddəyə vurulsa qızıla çevirər.

 

[215]                    Mənə ver, dərmantək tutiya edim,

Misimi onunla kimiya edim.

O iksiri mənə ver ki, mis vücudumu onunla qızıla döndərim.

 

[216]                    Ulduzu ona yar olduğu gündə.

Yəni bəxti açıldığı, xoşbəxt olduğu zaman.

 

[217]                    Uca fil başına kəmənd atım mən,

Qandan bixi-ruyən çıxarım nildən.

Bixi-ruyən - boyaqçılarm işlətdiyi qırmızı kök, nil isə Hindisanda bitən qara otdur.

Beytin mənası: Hindistanda o qədər qan töküm ki, qara ot (nil) əvəzinə qırmızı boya kökü bitsin.

 

[218]                    Örtülü sərvətə növbət gəlincə,

Hinddə Çin çinisi göründü incə.

Örtülü sərvət - Keydin qızı deməkdir. Yəni əsmər gözəllər ölkəsi olan Hindistandan Çinin ağ gözəli göründü.

 



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [121] [122] [123] [124] [125] [126] [127] [128] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info