Qonaq Kitabı
LEYLİ və MƏCNUN

Dörd min beytdən də çoxdur bu dastan,

Dörd aydan az vaxta yazmışam, inan!

Əgər başqa işlər olsaydı haram,

Bu, on dörd gecəyə olardı tamam.

Bu azad gəlini görən şad olsun,

Ona abad deyən, qoy abad olsun.

S. F. D. ili idi rəcəbin sonu[45],

Çox gözəl şəkildə bəzədim onu.

Əgər tarixini söyləsəm əyan,

Dörd il keçmiş idi beş yüz həştaddan.

Sənətin əlilə tutdum bəzəyə,

Gətirib oturtdum bu kəcavəyə.

Şahımın mübarək gözündən başqa,

Kimsənin nəzəri dəyməsin ona.

 

 

 

AXSİTANIN TƏRİFİ

 

Sən şahlıq taxtının şahsüvarısan,

Qaranın və ağın hökmdarısan.

Tac sahiblərinin başçısısan sən,

Şahlar ordusunun sərkərdəsisən.

Ey şahlar içində mütləq olan şah!

Ey dünya xaqanı, böyük padişah!

Şöhrətin tutmuşdur bütün mahalı,

Dinin və dövlətin sənsən calalı.

Şahlığın taxtını sənsən saxlayan,

Hökmünə baş əyir bu yer, bu ümman.

Şahların tacısan, Əbülmüzəffər,

Yeddi məmləkətə sən oldun zivər.

Kölgən bir günəşdir, sən alov kimi,

Keyqubad rütbəli Keyxosrov kimi.

Adın Axsitandır, özün söz bilən,

Göydəki günəşin ağasısan sən.

Sən ki, padişahsan, açıq, aşikar,

Gizli xəlifəsən, böyük hökmüdar.

Bu Bəhram nəsəbli, ülkər üzlü sən[46],

Məlik Mənuçehrin sədəf dürrüsən.

Bu tayfa şahlığı nəsildən-nəslə,

Gəlib keçə-keçə oldu silsilə.

Onun şah əcdadı aransa əgər,

Şahdan-şaha gedir Adəmə qədər,

Istərəm, bu böyük şahda daima,

Qılınc uzun olsun, qələmsə qısa.

Daimi bir taxtda o bərqərardır.

Ağıl tək nöqsansız bir hökmüdardır.

O, yeddi göylərə boyun əyməyən

Yeddi ərənlərə qiblədir, bilsən.

Ruzi verən deyil, ruzi göyüdür,

Dünyanın sərdarı, həm böyüyüdür,

Mənalar çeşməsi gözündə qaynar,

Qəlbində göylərin gizli sirri var.

On iki elmin də sirrləri bütün

Əlində mum kimi yumşalır hər gün.

Bu yeddi örtüklü, altı barmaqlı,

Bir gözlü, dörd əlli, doqquz ayaqlı[47],

Onun çəmbərindən çıxmasın deyə,

Qalıb çəmbərində dönmüş həlqəyə.

Adı şirin sulu bir kainatdır,

Varlığı aləmə abi-həyatdır.

Dağılmış mədənlər onun əliylə,

Artmış kərəmindən dənizlər belə.

Bir yandan dünyanı tutur zəfəri,

Bir yandan əfv edir kərəm əlləri.

Cövhərli qılıncdan tutaraq çapar,

Yaxından ötəni vurar, qamçılar.

Bəxtinin burnunda kövsər suyu var,

Onun toppuzundan alovlar qalxar.

O, dünya mülkünə böyük işıqdır,

Məclisə, meydana bir yaraşıqdır.

Mərrixdə bir qılınc, Zöhrədə bir cam,

Sağında, solunda durmuşlar müdam.

Zöhrə şərab verir cam ilə ona,

Mərrix silah alıb düşür ardına.

Qılıncı qaldırır bir ləl dağı,

Camından tökülür ləl bulağı.

Bu iki qan rəngli lələ baxanda,

Ləlin rəngindədir şərab da, qan da.

Sübhün saqisidir onun kərəmi,

Lütfü çox yaşasın, tutsun aləmi.

Düşməni qəhr edən zərbələri var,

Ondan uzaq olsun yaman baxışlar.

Lütfü-səhər yeli, əsər hər yerə,

Əsər, nəfəs verər ağciyərlərə.

Elə bil zərbəsi odlu şimşəkdir,

Toxunsa hər kəsə qəhr edəcəkdir.

Sabah yeli kimi lütfü can verər,

Hicran axşamı tək zərbi öldürər.

Gəlsə hərəkətə şahlıq sancağı,

Deşər polad kimi döşündən dağı.

Bayraq qotazları titrəsə əgər,

Zəlzələ görünər bir arpa qədər.

Belə bir qanun da vardır dünyada:

Od yüksəkdə durur, su aşağıda.

Atı oda bənzər, özü suya, bax,

Bulut od üstündə qərar tutaraq.

Onun qapısında mehtərdir Qeysər,

Fəğfur o qapıda gəlib dilənər[48].

Nə qədər parlasa günəşin üzü,

Şahın məclisində sönükdür, düzü.

Ay ki, bədirlənib, nura bürünər,

O da qapısında solğun görünər.

Uçarmış Arəşin oxu deyirlər,

Ad qəbiləsinin nizəsi qədər[49]

O, ox şahımızla yarışsa əgər,

Kamandan çıxmamış torpağa düşər

Deyirlər, Pərvizin hüsnü, cəmalı

Baxdıqca oxşarmış qəlbi, xəyalı,

Atının tozuyla tutuşsa Pərviz.

Qalmaz camalından zərrə qədər iz.

Kimə şah qılıncı dəydisə bir əl,

Qurtuluş yolunu bağladı əcəl.

Hansı bir zirehə dəydi nizəsi,

Parça-parça oldu bütün həlqəsi.

Atdığı zubinin hər nişanından[50]

Ikiyə bölündü bu iki cahan.

Lütfü parlaq olan bir günəş kimi,

Qəhr edər tufan tək qəzəbi, kini.

Qılığı bir səhər yelidir, gerçək,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-85 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info