Qonaq Kitabı
LEYLİ və MƏCNUN

"Olsun!", "olsun!" deyir dünyada hər kəs,

Yoxdur məsləhəti bilən bir nəfəs.

Bu sirrin nə ilki, nə sonu vardır,

Qıfıl zənn etdiyin özü açardır.

Bədbəxt yaratmışdır insanı fələk,

Onu torpaq kimi sovurar külək.

Belə bir aləmi şadlıqla yaşat,

Ömrün arzusunu torpaqlara qat!

Övlad arzusuyla yanırdı qəlbi,

Ləl üçün sıxılan bir mədən kimi.

Onun naləsini eşitdi allah,

Ona da bir oğul verdi bir sabah.

O, nar kimi gülər, çiçək kimi şən,

Min dəfə gözəldi nardan və güldən.

Onda gövhər üzlü bir sifət vardı,

Gecə, o sifətdən gündüz olardı.

Ata baxan kimi oğlun üzünə,

Açdı xəzinəni ellər üzünə.

Belindən gələni görüb dünyada,

Gül kimi xəzinə payladı o da[64].

Bir müddət dayələr göz oldu buna,

Süd verdi ərəbin bu ilk oğluna.

Zamana, mehriban dayələr kimi,

Məhəbbət südüylə onu bəslədi.

Onun dodağına hər damla süddən

Bir vəfa kəlməsi yazıldı bilsən!

Verilən mayədən körpəcik doydu,

Köksünə bir dostluq ürəyi qoydu.

Üzünə nil alıb çəkdikdə onun,

Oxundu ona bir könüldən əfsun.

Lalə tək ağzını südlə islatdı,

Səmən yarpağı tək südlə boy atdı.

O, süd içindəki bala dönürdü,

Sanasan beşikdə ay görünürdü.

Boy atıb, ikicə həftəyə doldu,

Lap on dörd gecəlik ay kimi oldu.

Bilindi ondakı hünərlə vüqar,

Adını hünərli Qeys qoydular.

Güldü bir yaşında gözəl camalı,

Camala can verdi onun kamalı.

Suvardı körpəni eşqin əlləri,

Üzündə parladı sövda gövhəri.

Şadlıqla iki-üç yaşına çatdı,

Öz könül bağında azad boy atdı.

O, yetişən kimi yeddi yaşına,

Düzüldü bənəfşə, lalə başına[65].

Böyüyüb on yaşa çatandan bəri

Oldu gözəlliyi dillər əzbəri.

Kim onun üzünü görsə uzaqdan,

Ona can sağlığı dilərdi haqdan.

Atası gördükdə, gülüb sevindi,

Məktəbə yolladı oğlunu indi.

Bilikli alimdən istədi kömək

Ona gecə-gündüz sərf etsin əmək.

Ona yoldaş oldu bir bölük uşaq,

Sən bir onlardakı səadətə bax!

Hər uşaqda qorxu və ümid vardı,

Dərsinə, elminə can yandırardı.

Xırda oğlanlarla, qızlar-yanaşı

Hamısı olmuşdu sıra yoldaşı.

Hərəsi bir yerdən, bir qəbilədən,

Bu ədəb evində, öyrənirdi fənn.

Qeysin elm işində vardı hünəri,

Dodağı saçardı söz inciləri.

Orada bakirə bir inci vardı,

Sırada Qeys ilə bir oturardı.

Hələ saf qalmışdı o gözəl dilbər,

Kamalı olmuşdu dillərdə əzbər.

Camalı ay kimi, süd işıqlıydı,

Boyu, sərv kimi, yaraşıqlıydı.

Qəmzə xəncərini çəksəydi əgər,

Min sinə deşərdi o nazlı dilbər.

Ahu gözlərini süzsəydi bir an,

Yanıb məhv olardı bütün bir cahan.

Ərəb ayı kimi sifəti vardı,

Əcəm türkü kimi könül ovlardı.

Saçları gecəydi, camalı bir bağ,

Sanki qara qarğa tutmuşdu çırağ[66].

Lələ bəzənmişdi püstəcik ağzı,

Şəkər dodaqlıydı o ellər qızı.

Nə qədər istəsən şəkər qırardı,

Yalnız şəkər deyil, ləşkər qırardı.

Qoynunda bəslərdi qızı gözəllər,

Sevərdi, oxşardı onu ağ əllər.

Dünyanın həyalı bir dilbəriydi,

Gənclik dastanının şah əsəriydi.

Onun mirvarisi-alın təriydi,

Boyun həmaili-hörükləriydi.

Ənliyi anadan gəlmə qırmızı,

Sürməni neylərdi o ellər qızı?

Öpərdi xalını qara telləri,

Zülfünə bağlıydı camal gövhəri.

Bir ona düşmüşdü hamının meyli,

Zülfü də "leyl" idi, adı da Leyli[67].

Qeys onu gördükdə heyrətdə qaldı,

Ona könül verdi, könlünü aldı.

Qeysin bu sevgisi qızı oyatdı,

Könüldən-könülə sevgi boy atdı.

Içdilər ilk eşqin piyaləsini,

Iki can bir qəlbin duydu səsini.

Birinci badənin yaman zəhmi var,

Ilk dəfə yıxılan çox bərk yıxılar.

Onları məst etdi ilk eşqin dadı,

Onları bir yerə sövda bağladı.

Bu ona can verib meylini saldı,

Qəlbini ovladı, can isə qaldı.

O bunun üzünə nəzər salaraq,

Quruca könlünü vermişdi ancaq.

Yoldaşlar elm alıb, dərs oxuyurdu,

Onlar da eşq adlı elmi duyurdu.

Yoldaşlar lüğətdən söz axtarardı,

Onların başqa bir lüğəti vardı.

Yoldaşlar deyirdi addan, sifətdən,

Onlar da eşq adlı bir sərgüzəştdən.

Yoldaşlar elm üçün kitab açardı,

Onlar da eşqdən söhbət açardı.

Hesab öyrəndikcə hər oğlan, hər qız,

Onlar özlərini sayırdı yalnız.

 

 



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-85 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info