Qonaq Kitabı
LEYLİ və MƏCNUN

O həyat suyundan mənə də göndər.

Təsəlli vermədən arpa boyda sən,

Mənə xalvar-xalvar qan içdirirsən.

Sənsiz qəm yesəm də, ey nazlı sənəm,

Səninlə şərab da içə bilərəm.

Yəqin, yadındadır, bir məsəl də var:

Dovşan yügürdüyü qədər də yatar.

Nə olar, sevgilim, şərab gətirsən.

Yenə mi qanlı su içməliyəm mən?

Şərab məclisində nuş olur cana,

Halaldır behiştdə şərab insana.

Saqi, dəryanı da əlindən içsəm

Ondan bir udum da qoymaram bu dəm.

Içsəm sağlığına, getmərəm huşdan,

O zəhər olsa da, nuş olar, inan.

Qoy sərxoşun olsun aşiqin indi,

Sən də qədəh qaldır sərxoşlar kimi.

Şərabı içməzlər xumar olmadan,

Səhər şərabı da içilməz pünhan.

Bağ tacı axtaran o sultan belə,

Gəzir xəzinəni şəbçiraq ilə.

Qaranlıq gecədə xəzinə gəzən

Əziyyət çəksə də, oğrudur, bilsək.

Çıraqsız bir evi soruşsan: nədir?

O bir bağ da olsa həbsxanədir.

Sənin qəm nərdində uduzdu könlüm

Bir əl də atıram, qurbanın olum.

Xoşdur, sərxoş olub, ey nazlı dilbər,

Qıvrım saçlarını öpsəydim əgər

Ya sərxoş halımda tutub telindən

Yavaşca məclisə gətirəydim mən

Bir nalə çəkəydim hər addım başı,

Bir təpik vuraydı mənə hər naşı

Yarəb, o dünyanı yaxan gözəllə

Mənə belə bir gün sən qismət eylə!"

Məcnun bu sözləri deyərək əlan,

Çöllərə üz qoydu ürəyində qan

Pərişan ürəyi qəmlərlə dolu

Qayıtdı çadıra o sərv boylu

 

 

 

BAĞDADLI SƏLAMIN MƏCNUNUN

QÖRÜŞÜNƏ GETMƏSİ

 

Deyir söz ustası, onu dinlə sən:

Bağdad şəhərinin əhalisindən

Vardı səxavətli, gözəl bir insan,

Camal sahibiydi o aşiq oğlan.

Bəlalər seylinə düşüb dünyada,

Eşqin silləsini dadmışdı o da.

Başından aşsa da məhəbbət dərdi,

Hər dərdə qatlaşıb qəmə dözərdi.

Dünya söyləyirdi adına Səlam,

Bəxt isə vermişdi o gəncə səlam.

O, eşq aləmində mərd dayanardı,

Şer oxumağa çox eşqi vardı.

Qeysin inci saçan o şerləri

Aləmə yayılıb düşəndən bəri

"Dərd əhli" deyirdi ona insanlar,

Onun pak təbinə heyran olanlar.

Dərdlilər eşitcək onun səsini,

Sürərdi yanına öz dəvəsini.

Ad qoydu Məcnunun eşqi dünyada,

Şəhərlər dolaşıb çatdı Bağdada.

Onun hər şerini gözəllər belə,

Deyirdi səs-səsə aşiqlər ilə.

Səlam düşündü ki, Bağdaddan getsin,

O qəmgin aşiqi ziyarət etsin.

Dəvəni yükləyib yola düzəldi,

Çaparaq bir ucsuz səhraya gəldi.

Qovdu dəvəsini bir neçə ağac,

Axtardı aşiqi o yamac-yamac.

Səlam yol uzunu soraq alaraq,

Məcnunu bir yerdə tapdı çıl-çılpaq.

Yenə dörd yanında vəhşi durmuşdu,

Boyunbağı kimi halqa vurmuşdu,

Şövq ilə inləyən o zəifbədən

Əsirlik duyurdu haman həlqədən.

Məcnun hiss etdi ki, o gözəl cavan

Yanına gəlmişdir uzaq bir yoldan,

Verdi vəhşilərə belə bir qərar:

Bütün qılıncları qına qoysunlar.

Səlam da aşiqi gördüyü zaman

Ona səlam verdi ürəkdən, candan.

Xoş gəldi səlamı onun Məcnuna,

Ürəkdən yaxınlıq göstərdi ona.

Onu cavabıyla xoşhal eylədi,

Hardan gəldiyini sual eylədi.

Gənc dedi: "Səninçin dolaşıram mən,

Çölə düşməyimin səbəbi sənsən.

Bağdad şəhərindən bura gəlmişəm,

Ta görüb üzünü şadlanım bir dəm.

Bağdadda rahətcə yaşardım, düzü,

Heç vaxt görməmişdim mən səfər üzü.

Gözəl sözlərinə çox həvəsim var,

Onunçün qürbəti etdim ixtiyar.

Dünya işıq alır camalından, ah,

Səni görməyimə yol verdi allah.

Bu qalan ömrümü, ey qərib həmdəm,

Səndən başqasıyla sürməyəcəyəm.

Ayaq torpağını öpə-öpə mən

Boyun qaçırmaram heç bir əmrindən.

Sənsiz çıxmayacaq mənim nəfəsim,

Yanından gələcək daima səsim.

Yazdığın hər şeri oxuyub müdam,

Əzbərdən öyrənib yadda saxlaram.

Gözəl sözlərini dedikcə əzbər,

Könlümün qəmləri dağılıb gedər.

Mən də çəkinmərəm heç bir bəladən,

Məni öz könlünlə tanış eylə sən,

Oxu sözlərindən, dinləyim hərdən,

Hesab et məni də bu vəhşilərdən.

Mən kimi bir gəncin qul olmağından

Sənə heç bir zərər toxunmaz, inan.

Sövda qəfəsində dustaq bir quşam,

Eşqin ağrısını mən də duymuşam".

Gülüb hilal kimi onun üzünə,

Məcnun cavab verdi onun sözünə:

"Ey nazla, nemətlə bəslənmiş insan,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [74] [75] [ 76-90 ] [ 91-85 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info