Qonaq Kitabı
LEYLİ və MƏCNUN

Sözün sərrafıyam, sən ki, bilirsən,

Təzəni köhnədən tez seçərəm mən.

Qüdrətin böyükdür ona-on yarat,

Onda beş verməyi bir dəfəlik at![42]

Kamal cövhərinin xəzinəsindən

Gör, kimin sapına inci düzürsən.

Türk dili yaramaz şah nəslimizə,

Əskiklik gətirər türk dili bizə.

Yüksək olmalıdır bizim dilimiz,

Yüksək yaranmışdır bizim nəslimiz".

Qulluq halqasına düşdü qulağım,

Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçam.

Nə də gözüm vardı, xəzinə açam.

Ömrüm viran oldu, solub saraldım,

Bu əmrin önündə cavabsız qaldım.

Sirrimi deməyə bir məhrəm hanı?

Ona söyləyəydim bu macəranı.

Qəlbimdə can kimi əzizim olan

Məhəmməd Nizami oğlum bu zaman

Bu gözəl mövzuya könül verərək,

Oturdu yanımda o bir kölgə tək.

Öpdü ayağımı xeyli mehriban.

Dedi: "Ey göylərə meydan oxuyan,

"Xosrovi-Şirini" yazıb yaratdın,

Hər duyan könüldə bir zövq oyatdın.

Leyli-Məcnundan da yarat bir əsər,

Cüt olsun yazdığın qiymətli gövhər.

Bu gözəl mövzuda böyük sənət var,

Xoşdur qoşa gəzsə cavan tovuzlar.

Bir də ki, Şirvanşah, o baş hökmüdar

Şirvana, Irana olmuş şəhriyar.

O rütbə verəndir, nemət verəndir,

Şerə, sənətə də qiymət verəndir.

O səndən bir əsər edir iltimas,

Sən də hünər göstər o əsəri yaz".

Dedim: "Aynaüzlüm, sözündə möhkəm,

Sözün yerindədir, haqlısan bu dəm.

Lakin, iki səmtə əsir bu ruzgar,

Fikir çox genişdir, könül mülkü dar.

Əfsanə dəhlizi dar olsa əgər,

Sənətin sözü də yolda ləngiyər.

Gərək söz meydanı gen olsun müdam,

Atını dörd nala səyirtsin ilham.

Bu ayə olsa da aləmə bəlli,

Qəlbə gətirməyir şadlıq, təsəlli.

Şadlıqdır, eyhamdır sözün arğacı,

Bunlarla düzəlir söz ehtiyacı.

Kədərlə, zəncirlə bağlansa dastan,

Sözlər çılpaq olar, can sıxar, inan.

Onu həddən artıq bəzəsən əgər,

Dastanın üzünə ləkələr düşər.

Yoxsa çıxış yolu bu vəziyyətdən,

Mütləq bir neçə söz deməliyəm mən.

Bu dastanda nə bağ, nə ucalıq var,

Nə çalğı, nə şərab, nə xoşbaxtlıq var.

Qumsala, daşlığa ilham gedərmi?

Getsə də, torpağa təsir edərmi?

Hər şer şadlıqla gəlsə nəfəsə,

Beyit hadisəylə başlayar rəqsə,

Odur ki, dünyada əzəl zamandan

Kədərdən, qüssədən qaçmışdır insan.

Dərd yazan şairlər qanad salmışdır,

"Leyli və Məcnun"sa sözsüz qalmışdır...

Indi şah dil tökür bu təmtəraqla,

Deyir: "Bu kitabı adıma bağla".

Mənzil dar olsa da, bu gündən belə

Mən Leyli-Məcnunu incəliyilə

Bəzəyib bir zinət vurum ki, ona,

Gövhərlər səpilsin şahın yoluna.

Oxucu pərişan olsa da bundan,

Qoy eşqə can versin onda varsa can.

Yenə də öz oğlum dinlədi məni,

O açdı üzümə bu xəzinəni,

Ömrümün ilk gülü o təkcə balam,

O ağız ləzzətim, o son piyalam

Dedi: "Ey kəlamı ekizim ata[43],

Əsəri qardaşım, əzizim ata,

Yarat bu dastanı rəngli, boyalı,

Qoyma ki, süstləşə nəzmin xəyalı.

Harda ki, eşq əli bir süfrə açar,

Bu gözəl hekayə ona duz saçar.

Bütövsə, parçasa hələ bu duzlar,

Süfrədə bişməmiş çiy kabab da var.

Sənin qüdrətinlə duz əziləcək,

Kabab da səyinlə bişə biləcək.

Bu qədər nazəndə, incə bir dilbər

Nədən çılpaq qalsın bu vaxta qədər.

Onu bəzəməmiş arif əlləri,

Odur ki, çılpaqdır o gözəl pəri.

O, candır, can üçün çalışmayanlar

Həmişə borc geyər əyninə paltar.

Can bəzənməlidir can bəzəyilə,

Canından keçməmiş bir insan hələ.

Nəfəsin can verir xalqa cahanda,

Sənin məhrəmindir bu gözəl can da.

Səndən söz yaratmaq gözlənsin gərək,

Məndən dua etmək, bəxtdən də kömək",

Danışıb qurtardı o ciyərparam,

Onun xatirinə söz aldı ilham.

Gövhər axtarmağa başladım yenə,

Kimyalar açaraq girdim mədənə.

Təbim də ən qısa bir yol axtardı,

Yol uzunluğundan qorxum da vardı.

Nə bundan qısaca yol var hələlik,

Nə də bundan qıvraq, iti bir minik.

Bəhrin suyu yüngül, özü axardır,

Canlı, nəfəs alan balığı vardır[44].

Çox bu şirinlikdə söz deyən olar,

Sanma ki, onlarda bu təzəlik var.

Hələ üzücülər qəlb dənizindən

Belə saf bir inci tapmamış, bilsən.

Hər beyti, sapdakı incilər kimi,

Parlayır eybsiz bir hünər kimi.

Mən bu inciləri gəzəndə bir-bir,

Ayağım tük qədər sürüşməmişdir.

Qəlb cavab- verirdi mənə ürəkdən,

Bulaq su verirdi yer qazdıqca mən.

Əqildən aldığım bu gəlir, dövlət

Yalnız əsərimə vururdu zinət.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-85 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info